Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ailələri dağıdan virtual tanışlıqlar (ARAŞDIRMA)

Zaman dəyişdikcə meydana çıxan yeniliklər həyat tərzimizə, gündəlik yaşayışımıza da öz təsirini göstərir. Vaxtilə çətin görünənlər, mümkünsüz olanlar indi mümkün və çox asandır. Ancaq həyatımızı asanlaşdıran bu vasitələr öz mənfi təsirini göstərmədən də ötüşmür. Belə ki, insanlar arasında əlaqə, ünsiyyət vasitəsinə çevrilən internet bir çox insanlar üçün artıq aludəçiliyə, həttə xəstəliyə çevrilib. Bu da həyatımızın bir çox nöqtəsində problemlərə səbəb olur. Evli insanların internetdən əks cinsin nümayəndələri ilə tanışlıq vasitəsi kimi istifadə etməsi, istər-istəməz ailədə münaqişələrə səbəb olur və problemin həlli yolu tapılmadıqda boşanmayla sona çatır. Buna görə də, demək olar ki, internet bir çox üstün keyfiyyətləriylə yanaşı, ailələrin dağılmasında da bir səbəbə çevrilib. Bu gün bu problemin kökünü və həlli yollarını araşdırmağa çalışacağıq.

Zamanın tələbi və insanın zəifliyi...

İlk növbədə, onu qeyd edək ki, problemə səbəb artıq insanların internetdən istifadənin sərhədlərini müəyyənləşdirməkdə çətinlik çəkmələrədir. Bu çətinlik də artıq problemin daha da dərinləşməsinə gətirib çıxarır. Bu barədə psixoloq Dəyanət Rzayevin fikirlərini də diqqətinizə çatdırırıq. Onun fikrincə, artıq internet, demək olar ki, hər bir ailəyə, hər bir insanın həyatına daxil olub: "Bunun mənfi tərəfləri ilə qarşılaşsaq da, müsbət tərəfləri də çoxdur. Məsələn, insanlar internet vasitəsiylə məlumat alırlar, dost-tanışları ilə əlaqələr yaradırlar. Müxtəlif müzakirələrdə fikir mübadiləsi aparırlar. Bu, zamanın tələbi və əlaqə vasitəsidir və bunu heç cür məhdudlaşdırmaq və qadağan etmək olmaz. Bununla da bir sıra mənfi hallarla rastlaşmaq olur. Ancaq bu, insanın zəifliyindən irəli gəlir. Evli insanlar internet vasitəsilə tanışlığa can atır, bu da onun ailəsinə öz mənfi təsirini göstərir".
Psixoloqun sözlərinə görə, burada əsas insan faktorudur və Yer kürəsi mövcud olduqca bu kimi problemlər də olacaq. O bildirir ki, daha çox kişilər öz həyat yoldaşlarında axtardıqlarını tapa bilmirlər və bu yola əl atırlar: "İnternetdə hər hansı qadınla tanış olurlar, sonra da artıq öz hisslərinin öhdəsindən gələ bilmirlər və bu, bir bağlılığa, aludəçiliyə çevrilir. Bu, yenə də zəiflikdən irəli gəlir. Ümmumiyyətlə, insan zəif yaradılıb. Hər hansı işlərdən günah, qanunsuz olduğu üçün və ya başqa səbəbdən çəkinə bilərlər, ancaq yenə də insan zəif məxluqdur. Söhbət insan hisslərindən gedirsə, həmin zəiflik özünü daha çox biruzə verir".

Bünövrəsi olmayan ailəni virtual sevgi yox edə bilər...

Müsahibimiz virtual tanışlıqla sevginin yaranmasının da mümkün olduğunu bildirdi. Onun fikrincə, bu məqamda insanların düşüncəsindən çox şey asılıdır: "Hərdən kifayət edir ki, bir insanın səsini eşidəsən və onu sevəsən. Bu, hisslərdən asılıdır. Elə insan var ki, görməklə daha çox sevə bilir. Ancaq onu real həyatda da görmədən sevmək mümkündür. Çünki onunla virtual olsa belə, ünsiyyət qurur, şəklini görür, telefonla danışır. Bu da kifayət edə bilər".
Beləliklə də, qarşılıqlı sevgi, sayğı, hörmət əsasında qurulmayan və bünövrəsi möhkəm olmayan bir ailəni virtualda yaranan sevgi yox edə bilər. Qadın və ya kişi ailəsinə bağlı deyilsə, internet olmasa belə, evlilik münasibətləri uzun sürməyəcək və bu zaman internet ancaq qığılcım rolunu oynayaraq bütün problemləri qabardacaq. Bundan qaçışı isə qadın və ya kişi virtual aləmdə, yeni münasibətlər axtarmaqda görürlər.

İnsanlar bir-birindən uzaqlaşır...

Dəyanət Rzayev vurğulayır ki, internet, eləcə də tanışlıq saytları istər evli, istərsə də digər insanlar arasında canlı ünsiyyəti azaldır, onları bir-birindən uzaqlaşdırır: "Əvvəllər tez-tez görüşən insanlar indi internetdə yazışmağa üstünlük verirlər. Eyni zamanda, insanların özlərinə qapanmasına, cəmiyyətdən təcrid olunmasına gətirib çıxarır. Ən əsası isə, bu cür saytlara daxil olan insanlarda yaxınlarına qarşı soyuqluq yaranır, ailələrinə daha az vaxt ayırmağa başlayırlar".
Tanışlıq saytlarının ailələrin dağılmasına, hətta dəhşətli cinayətlərin baş verməsinə də gətirib çıxardığını deyən psixoloq qeyd edir ki, belə faktlar kifayət qədər çoxdur və sayının getdikcə artması ciddi narahatlıq doğurur.

Əvvəl internet yox idi, xəyanət halları da az idi...

Psixoloq bildirir ki, insanın daxilində müəyyən senzuralar olmalıdır və olur da: "Əgər o, bu senzuralara riayət edərsə, o, öz ailəsini üstün tutur. Bəziləri isə öz hisslərinə qapanır və o işlərin dalınca gedir. Burada insan xarakterindən çox şey asılıdır. Bu, müasir dövrün tələbidir. Ancaq eyni zamanda da, əvvəllər belə vasitələr olmadığı üçün xəyanətlər də az olurdu. Ancaq internetin üstün keyfiyyətləri ilə yanaşı, tanışlıq vasitələri xəyanətin, ailələrin dağılmasının sayının artmasına da gətirib çıxarır".

Evlilikdə monotonluğa son!

Digər bir psixoloq isə internet tanışlığından evli insanların da istifadə etməsini evliliklərin monotonluğu ilə bağlayır: "Gənclər bəzən elə düşünürlər ki, evləndiksə hər şey qurtardı. Ailə həyatındakı problemlər və monotonluq da tərəfləri virtual ünsiyyətə, dərdini başqa insanlarla bölüşməyə vadar edir. Ona görə də evlilikdə daim fantaziyaları işə salmaq, yeniliklər etmək lazımdır".

Evli insanların internetdən asılılığı təhlükəlidir...

Sosioloq Əbülfəz Süleymanovun sözlərinə görə isə, son zamanlar sosial şəbəkələrlə bağlı tədqiqatlar onu göstərir ki, bu, həqiqətən də bəzi ailələrin dağılmasına gətirib çıxarır: "Çünki sosial şəbəkələrə aludə olan gənc qadınlar, kişilər bəzi hallarda öz ailələrini unuda, oradakı müvəqqəti, hətta virtual sevginin qurbanına çevrilə bilirlər. Bir müddət sonra onlar necə böyük səhvə yol verdiklərini başa düşürlər. Bəzən görürsən ki, gənc qadındır, körpə uşağı var, amma vaxtının böyük bir hissəsini sosial şəbəkədə keçirir. Yəni bir xəstəlik kimi aludəçilik meydana gəlib. Bu tendensiya özü də təhlükəlidir".
Sosioloq onu da vurğulayır ki, ümumiyyətlə, sosial şəbəkədən insanlar informasiya almaq məqsədilə istifadə edə bilər. Yaxud uzun müddət görə bilmədiyi bir dostundan hal-əhval tutmaq üçün istifadə edə bilər, amma vaxtının böyük bir hisəsini ona ayırmaq, ailəsini bir kənara qoyub onu unutmaq, bəzi hallarda orada təsadüfi tanışlıq nəticəsində virtual bir sevgi yaşamaq, xüsusilə, evli insanlar üçün çox təhlükəli tendensiyadır.
Sosioloq, eyni zamanda, bəzi gənclərin internet vasitəsilə evlənib xoşbəxt olduğunu da bildirdi: "Yəni bunu ümumiləşdirmək doğru deyil ki, internet vasitəsilə tanışlıqların çox mənfi təsirləri var. Müsbət rəqəmlər, faktlar da var. Sadəcə, evli ailələr, cütlər üçün vaxtının böyük bir hissəsini sosial şəbəkələrdə keçirməsi məqsədəuyğun deyil və qarşısı alınmalıdır. Yoxsa problemlər daha da böyüyər".

Problem ər və ya arvadın "xarablığındadır"

Məsələyə bir fərdin gözü ilə baxaq...
- Söhbət xüsusi olaraq evli insanlardan gedirsə, məncə, burada iki faktor var:
1. Ailədə ər və arvadın bir-birinin mənəvi ehtiyacını ödəyə bilməməsi (maddiyyatı bir kənara qoyaq);
2. Ər və ya arvadın ailəyə qeyri-ciddi yanaşması və yaranmış fürsətdən istifadə edib daxili "xasiyyət pozğunluğuna azadlıq verməsi".
Məncə, birinci hal daha aydındır. Ailənin imkanları yaxşı olsa da, ər və arvadın mənəvi aləmi zəif olur. Yəni onların ortaq maraqları olmur və ya ancaq iş-güc, pul barədə düşünür, birgə vaxt keçirməyə can atmırlar. Məsələn, kişi bütün günü çayxana, kafe, bar, dostlar... Qadın isə serial, mətbəx, rəfiqələr və s. Diqqətdən kənar qalan bir gün üz tutur internetə. Orada bir az diqqətlə rastlaşır. Hər şey də bundan başlanır. Yəni insan monoton və ya mənasız həyatdan bezir və özünə qiymət verilən, ona maraqlı olan "yerə" gedir.
İkinci halda isə, ər və ya arvadın "xarablığından" söhbət gedir. Burada isə vəziyyət qəlizdir. Bilirsiz, məsələn, tipik zəhmətkeş, az maaşa can qoyub halal pul qazanan və evə axşam saatlarında meyid kimi gəlib çıxan ər, ehtimal ki, yoldaşına az diqqət ayıra bilir: onunla gəzintiyə az çıxır, bəlkə kənarda yemək yeməyə imkan tapmır və hətta cinsi əlaqəyə də çox vaxt halı qalmır. Amma təbii ki, bu ona görə deyil ki, ər bardan gəlir və ailəsi onun vecinə də deyil. Əksinə, o ailəsi üçün "bu günlərə" qalır. Belə olan halda qadın heç də "sağa-sola gəzib" ərinə xəyanət etməməlidir. Təəssüf ki, belə edənlər də tapılır. İnternet, bəlkə, o səviyyədə xəyanət sayılmır bir çoxları üçün. Amma hər bir kəs məsələyə arvadı internetdə yad kişi ilə şirin-şirin söhbət edən və bundan xəbəri olmayan ərin gözləri ilə baxmalıdır (və ya əksinə). Belə olan halda ər ya da arvad sadəcə, el dili ilə desək, "pozğunluq" edir - əvvəl mənəvi, sonra bəlkə də maddi pozğunluq. Ancaq mənim dediklərim yenə də internet münasibətlərinin nə dərəcədə dərin olmasından asılıdır.

Problemin həlli yolları:

Kişini ailədən daha da uzaqlaşdırmamalı!

Dəyanət Rzayev qadının həyat yoldaşının virtual münasibətini aşkarladıqda məsələyə sakit yanaşmasını məsləhət görür: "Qadın belə halla qarşılaşdıqda nəticəsi də çox mənfi olur. Ona görə də, bu zaman qadın kişinin üstünə çox getməməlidir. Bu, kişini daha çox qıcıqlandıracaq və ailəsindən daha da uzaqlaşdıracaq. Həmçinin, qadın özünü bu formada alçaltmamalıdır. O, bunu boş buraxmalıdır. Doğrudur, həyat yoldaşını nəzarətdə saxlamalıdır, ancaq buna qışqırtı, dava-dalaş, skandalla reaksiya verməməlidir. Hadisəyə anlayış və təmkinlə yanaşaraq həlli yoluna çatmalıdır. Problemi böyütməklə heç nə həll olunmur. Əslində kişi istəsə, elə xəyanət edər ki, qadının heç ruhu da duymaz".

Bu sahədə maarifləndirmə işi gücləndirilməli!

Problemin həllinə gəlincə, D.Rzayev internetdə zərərli saytlara tam məhdudiyyət qoymağın mümkün olmadığını bildirərək maarifləndirmə işinin gücləndirilməsini vacib sayır. Onun fikrincə, evli ailələrin, cütlərin internetdən asılığı təhlükəlidir.
Əbülfəz Süleymanov bildirir ki, sosial şəbəkədən istifadə nəticəsində ailənin dağılması kimi hallar dünyanın bir çox yerlərində, o cümlədən, Rusiya, Türkiyə və digər ölkələrdə də olur: "Son zamanlar bizdə də "Facebook" istifadəçilərinin sayı çoxalıb ki, burada ev xanımları, ailəli kişilər də var. Təbii ki, bu tendensiya bizdə də özünü biruzə verəcək. Bunun qarşısını almaq isə, elmi və maarifləndirici üsullarla mümkündür".


Tarix: 19.05.2013 / 16:05 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 518 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...