Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qardaş. O qardaş ki bacısını Fahişəliyə sürükləyir. {Hekayə}

Bu günləri çox ağır keçirirəm. Sanki bir zaman mənim üçün müqəddəs, əvəzolunmaz olan hər şey mənasını itirməkdədir. Telefon zənglərinə cavab verməyə də əlim gəlmir. Çünki bilirəm ki, yenə də kimsə hansısa xırda problemini böyük dərdə çevirərək üstümə gələcək. Ya da...
Bunları fikirləşə-fikirləşə iş telefonuna zəng gəlir. Götürmək istəmirəm. Ya kimsə səhv düşüb, ya da yenə məndən nəsə soruşacaqlar...



...Telefon isə susmaq bilmir. Dəstəyi götürüb yerə qoymaq istəsəm də, fikrimdən vaz keçirəm. Daha bir zəng və yenə də dəstəyə yaxınlaşmağa ərinirəm. Deyəsən bu telefon mənim lap əsəblərimlə oynadı.
Nəhayət, dəstəyi götürüb kefsiz bir şəkildə «alo» deyirəm. Qarşı tərəfdən həzin və həzin olduğu qədər də kövrək bir səslə «Laləgilin evidir?» deyə bir xanım soruşur. Acıqlı-acıqlı «xeyr» cavabını verib dəstəyi yerə qoyuram.


Telefon yenə zəng çalır və artıq bu dəfə daha sərt cavab vermək istəyirəm. Amma bu səsdəki həzinlik, bəlkə də yazıqlıq məni fikrimdən daşındırır. Ondan hansı nömrəni yığdığını soruşanda duruxur. Sağollaşmaq istəsə də, kim olduğunu soruşuram. Amma dillənmir.
Onun «bəs siz kimsiniz, bilmək olar?» deyə soruşması isə məni lap təbdən çıxarır. Qıza çox kobud cavablar verirəm. Amma sanki danlanmağa öyrənibmiş kimi bir cavab vermir...
Artıq 3-4 gündür ki, o, eyni vaxtlarda heç bir səbəb olmadan zəng edir və biz danışırıq. Bu minvalla davam edən «tanışlığımız» mənə 17 yaşlı bir qızın taleyini açır.
Artıq özümə virtual dost kimi qəbul etdiyim Reyhan 11 yaşında ikən öz bibisinin həyat yoldaşı tərəfindən təcavüzə məruz qalıb. Amma bunu nə az, nə çox, düz 4 il gizlətmək qərarına gəlir. Amma günlərin birində tanışlarından birinin onun anasına «Reyhana dəymə ha, o mənim gəlinimdir» deməsi hər şeyin üstünü açır.
Bunları ondan eşidə-eşidə qızın dəli olduğunu düşünməyə başlamışam. Amma danışdıqları bir qızın özünə ata biləcəyi böhtan qədər yüngül deyil.
— Bibimin yoldaşının hətta lap kiçik yaşlarımdan mənə necə baxması yadımdadır. Amma heç ağlıma da gəlməzdi ki, nə vaxtsa o məni zorlayacaq. Günlərin birində bizə zəng elədi və atamla işi olduğunu söylədi. Dedim ki, atam evdə yoxdur. Sonra isə anamı soruşdu və mən onun da evdə olmadığını deyəndə dəstəyi yerə atdı. Təxminən bir saatdan sonra qapı döyüldü. O idi. Artıq onun nə fikirlə gəldiyini başa düşməyə başlayırdım. Amma… Gec idi.
Anama isə bu sirrimi məcburiyyətdən açdım. Çünki o, həmin tanışımızın məni oğlu üçün bəyəndəyini deyəndə, heç vaxt ərə gedə bilməyəcəyimi bildirdim. Çünki bakirəliyini itirmiş birinin hansısa oğlanın namusunu ləkələməsini istəmirdim.
...Amma zaman Reyhanı elə dəyişir ki… Ailədə ona qarşı olan sərt münasibət, xüsusən qardaşının verdiyi əzablar 15 yaşlı Reyhanı fahişəliyə sürükləyir.
O, danışa-danışa özümün bütün dərdlərimi unutmuşam və diqqətimi Reyhanın danışdıqlarına yönəltmişəm.
— Evimizdə özümü kimsəsiz hiss edirdim. Bu söhbət yayılandan sonra isə kişilərin mənə maraq göstərdiyini başa düşdüm. Bu heç xoşuma gəlmirdi. Evdə mənə olan münasibət isə getdikcə pisləşirdi. Hətta bəzən günlərlə ac qalırdım. Bəlkə də dediklərim bəhanə kimi görünə bilər. Amma məni fahişəliyə sürükləyən də doğmalarımın münasibətiydi. Beləcə, mənim araqlı, siqaretli, məşuqlu günlərim başladı. Bəzən atamdan da böyük yaşda olan kişilərlə yatmalı olurdum. Çünki bu artıq mənim həyat tərzim idi...
...Günlərin birində Reyhanın mobil telefonuna zəng vurmaq qərarına gəldim. Nömrəsinə zəng çatmırdı. Təxminən bir gündən sonra məcbur olub ev telefonlarına zəng vurdum. Amma «dostum» da mənə qardaşının zəngə görə problem yaradacağını demişdi. Dediyinə görə, Qaçay heç də onun fahişə olmağına qarşı olduğu üçün bu qədər sərt deyil. Sadəcə, bacısının ona daha yaxın ola biləcək, müdafiə edəcək insanlarla yatmasını istəyir. Yəni o istəyir ki, bacısıyla yatan insan həm də onun maddi və mənəvi müdafiəçisinə çevrilsin. Reyhan isə bununla razılaşmır.
Ev telefonuna zəng edirəm və dəstəyi qalın səsli bir oğlan qaldırır. Özümü itirmədən Reyhanı soruşuram. Bərk hirslənir. Uzun-uzadı çək-çevirdən sonra canımı qurtarıram. Amma əlim dinc dayanmır və götürüb yenidən həmin nömrəni yığıram. Telefonu götürən Reyhandır, ağlayır. Nə olduğunu soruşuram. Heç nə demir. Dəstəyi yenidən Qaçay götürür və çox sərt şəkildə «bu fahişə hamilədir, başa düşürsən, hamilə» deyərək üstümə qışqırır.
— Bir az mədəni ol, bacın haqqında danışırsan.
— Fahişədir də, bunun başqa adı var?
— Nə bilirsən?
— Özü deyir. Hələ bir de görüm, sən kimsən?
— Reyhanın dostu...
Qaçay sözlərimi dinləmədən dəstəyi yerə atır.
Səhəri gün Reyhanla telefon danışığımızda mənə hər şeyi danışır. Sən demə, qardaşının təhriki ilə onun dostuyla yatıb və hamilə qalıb. İndi isə qardaşı uşağın tələf olunmasını istəmir.
— Evdə dustaq həyatı yaşayıram. Məni bir dəqiqə də nəzarətsiz buraxmırlar. Atam rəhmətə getdiyindən, anam da qorxusundan onun sözünü deyir. Deyir ki, sən o uşağı doğmasan, özüm səni zorlayacağam. Çünki həmin insan imkanlı olduğundan Qaçay istəyir ki, mən həmin uşağı doğum.
Beləcə, Reyhanla virtual dostluğumuz davam edir. Mən vəziyyətdən çıxmaq üçün ona bir neçə yol təklif etsəm də, qardaşından qorxduğunu deyərək qəbul eləmir. Amma uşağı da dünyaya gətirmək istəmir.
Doğrusu, düşünürəm ki, danışılanlar ya yalandır, ya da mən hansısa qruplaşmanın hədəfdə olan növbəti qurbanıyam. Elə ona görə də bir müddət Reyhanla bütün əlaqələri kəsirəm. Əlaqələrimi kəssəm də, canımda bir həyəcan, bir qorxu var. Çünki hətta telefonda olsa belə, Reyhanın şəxsi həyatıyla bağlı həddən artıq açıq söhbətlərimiz olub. Beləcə, düşüncələrim məni bir neçə gün öncə yazığım gələn 17 yaşlı qadından uzaqlaşdırır.
Artıq 3 aydır ki, nə Reyhana nə zəng edirəm, nə də onun zənglərinə cavab verirəm...
...Günlərin biri, keçmiş dostumun kefini soruşmaq üçün mobil telefonuna zəng vururam. Uzun çağrılardan sonra ortayaşlı bir qadın ağlaya-ağlaya cavab verir. Telefona kənar səs-küy də gəlir. Deyəsən anasıdır. Maraqlıdır, bəs niyə ağlayır?
Qadından nə üçün ağladığını soruşuram.
— Axır ki, dincəldiniz. Köpəy uşağı, sizin hamınızın nömrənizi polisə verəcəyəm, bassınlar qoduxluğa. Gül kimi balamı yoldan çıxardınız. İndi rahat olun. Allah sizin ananıza da mənim kimi dağ çəksin.
— Ay xala, nə baş verib ki?
— Nə olacaq, 2 gün əvvəl evdə olmamışıq. Reyhanı evdə tək qoyub, qapıları da bağlayıb getmişdik. Gəlib gördük ki, damarlarını kəsib. Həkimə çatdıranda artıq keçinmişdi.
Danışılanları yuxu kimi qəbul edirəm. O vaxt Reyhanın mənə verdiyi başqa bir nömrəni də yığıram ki, bəlkə mənimlə zarafat edir. Rəfiqəsi cavab verir. Eşitdiklərimi ona danışıram və hər şeyi təsdiqləyir.
— Bilirsən, qardaş qardaşlıq etməyəndə, ana qızına belə yanaşanda başqa cür ola da bilməzdi. Reyhanı dəfələrlə mən də belə şeylərdən çəkindirmişəm. Amma Qaçay bacısını fahişəliyə sürükləyib var-dövlət qazanmaqdan ötrü onun axırına çıxdı. Bədbəxt mənə deyirdi ki, artıq hər şeyi arxada qoyub ibadət etmək istəyir. Amma nə yazıq ki, belə qardaşların əclaflığı qızlarımızı fahişəliyə sürükləyir, axırına çıxır.


Tarix: 17.05.2013 / 19:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 274 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...