Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sən məni Allahdan istəməyi bilmədin (9-cu bölüm)
Sən məni Allahdan istəməyi bilmədin (9-cu bölüm)

Şəfiqə xanım qızından nigaran idi. Sonanın agır xasiyyəti onları tez-tez görüşməyə qoymurdu. Aliyə çox xiffət edir, anası Şəfiqə xanım isə dözürdü. Nə zaman Aliyəsini görsə onun əyin başının, dolamının yerində oldugunu görərdi. Evinin şəraitinin yaxşı olması Şəfiqə xanımı sevindirsə də, qızının gözünün dərinliyindəki kədəri sezirdi. Onu da Aliyənin yoldaşından ayrı qaldığına yozurdu. Əslində bu həm də belə idi. Aliyə Rəhmanın ayrılıığına dözmədiyi halda, indi də Tanya məsələsi çıxmışdı ortaya. Bunu nə bağışlaya bilir, nə də Rəhmandan ayrı bir həyatı təsəvvür edə bilmirdi. Odur ki, bu qarmaqarışıq fikirlər içində nə edəcəyini bilmirdi.
Şəfiqə xanım Sonanın ağır xasiyyətini nəzərə almadan, onlara gəlmək qərarını almışdı. Rəhmanın gəlişindən xəbəri yox idi. Darvazya çatıb dayandı, qapı açıq idi. O içəri keçdi.Həyətdə rəngbərəng güllər göz oxşayırdı. Lakin səssizlik idi. O, Sona xanımı səsləyə-səsləyə pilləkənləri qalxdı. Səsə Sona xanımla Rəhman eyvana çıxdılar. Rəhman qaynanasını görüb çaşdı. Bir an duruxub irəli keçdi:
- Xoş gəlmisiniz,- deyərək əl uzatdı.
Şəfiqə xanım kürəkənini qucaqlayaraq, üzündən öpdü :
- Ay xoş gəlmisən ay bala, həmişə evində-eşiyində.
Sona xanım Şəfiqənin gəlişinin səbəbini bir an dünənki söhbətə yozdu: "Görəsən Aliyə Tanya haqqında anasına xəbərmi yolladı?” deyə narahat oldu. Lakin həmişəkindən fərqli olaraq , həm də vəziyyətdən çıxmaq məqsədilə Şəfiqə ilə mehriban görüşdü:
- Ay quda, xoş gəlifsən. Ay qız niyə gəlmirsən, bir hovur oturaq. Lap qulagı batmışa dönmüşük Aliyə qızımnan. Lap yaxşı vaxtında gəlifsən, belə xeyir xəbər üstə gəlifsən. Bax, belə Aliyə qızıma Bakıdan ev almağa gedirik. Elə Rəhmanla indijə bu hahda danışırdıx.
Sona xanım birinci dəfə idi ki, onu belə gülər üzlə qarşılayırdı. Səsə Aliyə də gəldi. Anasını görüb lap kövrəlsə də, Sona xanımın söhbəti onu da heyrətləndirdi. Şəfiqə də heyrət içində idi. Qızının üzündəki kədər dumanını görüb çox narahat oldu. Aliyə ilə qucaqlaşıb görüşdü. Qızının qoxusunu ciyərlərinə çəkdi. Sanki ana qəlbinə balasından gizli bir kədər hissi axdı. Aliyə tez özünü ələ aldı. Bütün günü xəbəri anasına demək üçün onu axtarsa da, bir an səhv etdiyini anladı. ”Yox anama deməyəcəyəm, yoxsa məni o saat aparar evimizə ,yox , mən Rəhmansız necə yaşayaram " – deyə düşündü. Özünü ələ aldı , gülümsədi :
- Nə yaxşı gəldin ay ana ,biz də elə Bakıya getməyə hazırlaşırdıq.
Onun bu sözləri Rəhmanı da, Sona xanımı da sakitləşdirdi. Rəhmanın ürəyi sevincindən bərk-bərk döyünməyə başladı. Demək Aliyə getməyəcək, onu qoyub getməyəcək ,onun xatasını , səhvini bagışlayacaq. Ona görə də yola çıxmaga ,Bakıdakı evi Aliyəyə göstərməyə tələsdi. Həyətə düşüb maşının yola hazır olub ,olmadığını yoxlamağa başladı.
Sona xanım da bir az sakitləşdi. Demək hər şey qaydasında idi. Şəfiqə xanım aldığı xəbərdən çox şad oldu.
Onlar Bakıya çatanda axşamtərəfi idi . Rəhman ev satan adamla zəngləşib, Bakıya çatdığını xəbər verdi. Ev yiyəsi bir azdan evin yanında olacağını dedi. Rəhman ünvanı bilirdi deyə, birbaşa evin yanına sürdü maşınını. Onlar maşından düşdülər. Yol boyu Aliyə bir kəlmə də danışmamışdı ,yorulmuşdu ,qəlbində anasından gizlətdiyi xəbər ürəyini sıxırdı.
Ev dənizə yaxın idi. Ətrafda irili –xırdalı evlər var idi. Onların qabagında dayandığı evin hündür divarları və böyük darvazası var idi. Hava bir az küləkli idi. Günəş qüruba dogru əyilmişdi. Dənizə düşən qırmızı günəş şüaları, dənizin rəngini qırmızıya boyayırdı. Gördüyü mənzərə Aliyənin çox xoşuna gəldi. Sanki yüngülləşdi bir an. Külək onun saçlarını oynadırdı. Qıvırcıq saçları gah üzünü örtür, gah da geri yellənirdi. Bütün bunları durmadan izləyən Rəhman ona nə deyəcəyini bilmir, günahkar baxışlarla onu seyr edirdi.
Ev yiyəsi gəldi. Onlar həyətə keçdilər. Ev ikimərtəbəli idi. Eyvandan baxanda dəniz görünürdü. Səliqəli həyəti, geniş otaqları var idi. Ev hamının xoşuna gəldi. Rəhmanla ev yiyəsi söhbətləşdilər və qərara gəldilər ki, sabah alqı-satqı məsələsini həll etsinlər. Rəhman ailəsi ilə çıxıb getmək istəsə də, ev yiyəsi ona dedi:
- Xalaoglu, hara gedirsən e? Ev sənin deyil, gedib harda qalacaqsan? Gedin oturun, dincəlin. Evdə hər cür şərait var. Yoldan gəlibsən, yorulubsan. Mehmanxanaya getməkdənsə , Allah xeyir versin, öz evində qal.
- Allah səndən razı olsun, a bala, nə yaxşı adamsan. Evi satan adamın belə xoşxasiyyət olması, böyük şeydi. Yaxşı ki, səninlə rastlaşmışıq – dedi Sona xanım. Ev yiyəsi sağollaşıb getdi.
Onlar bir daha otaqları gəzdilər. Rəhman da, elə Sona xanımla Aliyə də çox şad idilər. Evin birinci və ikinci mərtəbəsi də çox rahat idi. Mətbəxi vanna otağı hər şeyi yerbəyer idi. Hər mərtəbə beş otaqdan ibarət idi. Aşağıda girəcəkdə böyük oturma zalı var idi. Sona xanım bir az dincələcəyini deyib, otaqların birinə keçdi. Rəhman Aliyəyə baxdı. Aliyə özünü itirdi. Onun baxışlarında sevinc qarışıq bir qalibiyyət də görünürdi. Aliyə özünü ələ alıb gülümsədi. Rəhmanla eyvana çıxdılar, dənizə baxdılar. Rəhman onu özünə yaxın çəkdi :
- Bu evi sənin üçün alıram. Sən burada yaşayacaqsan, mənimlə, gələcək övladlarımızla. Sən çox gözəl ana olacaqsan. Sən mənim ağıllımsan. Bütün bunları əldə etməyimdə inan ki, Tanyanın rolu böyükdür, Aliyə. Amma bu o demək deyil ki, mən onu səndən çox sevirəm. Mən səni dünyalar qədər sevirəm. Sən mənim yeganəmsən.
Aliyə bu sözlərdən sanki yüngülləşdi. Tanya məsələsini anasına demədiyi üçün sevindi. Sən demə, xoşbəxtliklə bədbəxtlik arasında bircə addım var imiş, deyə düşündü.
Onlar bütün yayı burada qaldılar. Rəhman da Rusiyaya getmədi. Düz üç ay Aliyəsinin yanında qaldı Aliyə hamilə idi. Rəhmanın da Aliyənin də uçmağa qanadı yox idi. Onların sevincinə Sona xanım tez-tez kölgə salırdı. Yerli-yersiz qanqaraçılıq salır, Rəhmanı Rusiyaya getməsi üçün tələsdirirdi.
Aylar ötüb keçdi. Aliyənin bir qızı oldu. Aliyə kimi gözəl idi. Rəhman yenə hədiyyələrlə gəlmişdi. Sona xanıma ayrıca, Aliyə və balaca qızına ayrıca. Tanya körpə üçün ən gözəl paltarları almışdı. Aliyə hər şeyi diqqətlə nəzərdən keçirdi. Bildi ki, bütün bunları Rəhman Tanya ilə alıb. Çünki, heç bir kişi qadına və uşağa nələrin lazım olduğunu bu qədər dəqiqliklə bilməzdi.
Beləcə illər ötdü. Aliyə Tanyanı, Tanya da Aliyəni Rəhmanı itirməmək üçün qəbul etdi. Artıq Aliyə üç uşaq anası idi. İki oğlu bir qızı var idi. Aliyə tez-tez yuxuda Ramilini görürdü. Bir gün qonşuda yaşayan Məsumə xanıma gördüyü yuxulardan danışdı. Məsumə xanım dindar bir qadın idi. Hicabda gəzər, namaz qılardı. O Aliyəyə namaz qılmağı tövsiyə etdi. Bununla da Aliyə namaz qılmağa, Allaha dualar etməyə başladı. Bu onun həyatındakı çətinliklərə sanki bir dözümlülük, bir yüngüllük gətirdi. Bu illər ərzində Aliyə çox çətinliklərə dözmüşdü. Ərinin iki həyat yoldaşı olmasına da, Sona xanımın qərəzli davalarına da. Sona xanımın ortancıl qızının həyat yoldaşı həbsxanaya düşmüşdü. Sona xanım onun evinin hər ehtiyacını Rəhmana aldırır, tez-tez pul verməsini tələb edirdi. Aliyə bunlara heç vaxt etiraz etmir, həmişə baldızının hörmətini saxlamağa çalışırdı. Amma Aliyənin heç bir yaxşılığı Sona xanımın gözünə görünmür, həmişə Aliyədən narazı qalırdı.
Yenə yay idi. Aliyə rayona getməyə hazırlaşırdı. Rəhmanın gələcəyini bilirdi. Uşaqlar da sevinirdi. Birdən küçə qapısı açıldı. Rəhman içəri keçdi. Əlində iki agır yol çantası var idi. Arxasınca həyətə Tanya ilə Ruslan daxil oldu. Sona xanım gördüyüyü mənzərəyə heyrət etsə də, oğlunun bu hərəkəti çox xoşuna gəldi. Tələsik addımlarla həyətə düşüb gələnlərə yaxınlaşdı, oğlunu bağrına basıb öpdü. Sonra da Tanyanı çox hörmətlə qucaqladı, öpdü. Sonra artıq yeddinci sinifdə oxuyan Ruslana yaxınlaşdı. Onu bağrına basıb, çoxlu-çoxlu öpdü. Rəhman anasına baxıb təəccüb etdi. Eyvana çıxan Aliyə gördüklərinə bir an mat qaldı. Sona xanımın Tanya ilə bu mehriban münasibətindən onların əvvəldən tanış olduqlarını anladı. Lakin artıq etiraza, üsyana yer yox idi. O da gəlib gələnlərlə mehribancasına görüşdü. Qonaqları evə dəvət etdi. Rəhman sanki bütün çətinlikləri arxada qoymuşdu. Artıq həyatı öz axarına düşmüşdü. Onlar evə keçdilər.
Aliyə Rəhman burda olmayanda həmişə birinci mərtəbədə yatar, Rəhman gələndə isə yuxarıdakı yataq otağında yatardı. İndi özü öz əli ilə bu yataq otağını Tanya üçün hazırladı. Ruslana isə yandakı uşaq otağını hazırladı.
Axşam idi. Ailə şam yeməyinə hazırlaşırdı. Tanya Aliyəyə kömək edir, süfrə hazırlayırdılar. Tanya bu illər ərzində Azərbaycan dilini mükəmməl öyrənsə də, rus ləhcəsi ilə danışırdı. Aliyə ilə söhbət edir, onu gördüyünə sevindiyini bildirirdi. Aliyə özünü ələ almaq üçün durmadan ürəyində Allaha dua edirdi. Bu dualar sanki, onun ürəyini sərinlədirdi. Lakin üzünün qızartısı hələ də çəkilməmişdi. Arabir Rəhman gəlib onlara baş çəkir, zarafatyana bir sözlər deyib gedirdi. Sona xanım isə özündən razı halda əyləşib uşaqlara baxırdı.
Yemək zamanı uşaqlar bir-biri ilə danışır ,sanki bir birini çoxdan tanıyırdılar. Rəhman Ruslana da Azərbaycan dilini öyrətmişdi. Sona xanım nəvələrinıə baxıb gülümsəyir, gəlinlərinə isə göz altından fikir verirdi. Aliyənin üzünün qızartısı ona çox şeydən xəbər verirdi. Buna baxmayaraq, Sona xanım Tanyaya çox qayğıkeş və mehriban davranırdı. Bu Aliyənin gözündən qaçmırdı.
Yeməkdən sonra yenə onlar birlikdə süfrəni yığışdırdılar. Tanya Aliyəni qabları yumağa qoymad. Özü yudu qabları. Aliyə namaz vaxtının çatdığını görüb namazını qılmağa getdi. Rəhman uşaqlarla oynayırdı. Ruslan çox xoşbəxt görünürdü. Aliyənin üçüncü övladı hələ bir yaşına çatmamışdı. Tanya onu qucağında gəzdirir əzizləyirdi.
Artıq gec idi. Hamı yatmaq istəyirdi, hamı həm fiziki, həm mənəvi çox yorğun idi. Uşaqları Aliyə yataqlarına yerləşdirdi. Sona xanım öz otağına getdi. Aliyə balaca Ülvini yatızdırırdı. Düşüncələrə dalmışdı. Birdən çiynində bir əl hiss etdi. Geri çevrildi. Rəhman idi. Gülümsəyərək ona baxırdı. Aliyə həyəcandan qıpqırmızı oldu. Sanki, suç işləmişdi. Özündən ixtiyarsız əli ilə qapıya işarə edərək:
- Bəs Tanya...
Rəhman onun sözünü ağzında qoyaraq :
- O Ruslanla yuxarı, öz otaqlarına getdi canım –dedi.
O gecə Rəhman onun yatağında, yanında yatsa da Aliyə çox narahat yatdı. Öz evində özünü sanki günahkarmış kimi hiss etdi.
Tanya isə əksinə çox şad idi. Ona görə ki, Aliyə onu bu evə qəbul etmişdi. Artıq Rəhmanla hər zaman bu evə gedib gələ bilərdi. Bu evin qapısı həm onun, həm də oğlu Ruslanın üzünə açıq idi. Artıq o əmin idi ki, Ruslan heç zaman tək qalmayacaq, onun bacısı və qardaşları var idi.


Tarix: 29.04.2015 / 10:47 Müəllif: Aziza Baxılıb: 333 Bölmə: Maraqli Hekayeler
loading...