Rəhimli və Mərhəmətli Allahın adı ilə
Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.
Bundan sonra:
İstiğfar Allahdan bağışlanma diləmək deməkdir. Uca Allah Quranda ondan istiğfarı çoxlu zikr edir. Bəzi yerlərdə istiğfar etməyi əmr edir: “Elə isə Allahdan bağışlanmağınızı diləyin!” (əl-Muzzəmmil, 20). Bəzi yerlərdə bağışlanma diləyənləri tərifləyir “(onlar) səbr edən, (əməllərində) doğru olan, itaətkar, (malından Allah yolunda) xərcləyən və sübh çağına yaxın bağışlanma diləyən kimsələrdir” (Ali İmran surəsi, 17). Uca Allah bəzi yerlərdə Ondan bağışlanma diləyəni bağışladığını bəyan edir. “Kim pis bir iş görərsə və ya özü özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın Bağışlayan, Rəhmli olduğunu görər” (ən-Nisə surəsi, 110).
Allahdan istiğfar diləmək günahların bağışlanmasının, bəlanın qarşısının alınmasının, mal və övladların çoxalmasının və nəhayət Cənnətə girməyin ən böyük səbəblərindəndir. Uca Allah buyurur: “dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır! O, sizin üzərinizə bol-bol yağış göndərər, var-dövlət və oğul-uşaqla sizin imdadınıza çatar, sizin üçün bağlar salar və çaylar yaradar” (Nuh surəsi, 10-12).
İstiğfar diləmək insanın həyatının düzəlməsinə xeyrə nail olmasına aparan bir amildir. Uca Allah buyurur:“Həm də Rəbbinizdən bağışlanma diləyəsiniz, sonra da tövbə edəsiniz ki, O sizə müəyyən olunmuş vaxtadək gözəl gün-güzəran nəsib etsin və hər fəzilət sahibinə Öz lütfündən versin. Əgər (Ondan) üz çevirsəniz, (bilin ki), mən sizə üz verəcək əzəmətli günün əzabından qorxuram” (Hud surəsi, 3). Həmçinin gücün artmasına aparan bir səbəbdir. Uca Allah buyurur: “Ey qövmüm! Rəbbinizdən bağışlanma diləyin, sonra da Ona tövbə edin ki, göydən sizə bolluca yağış yağdırsın və gücünüzü daha da artırsın. Günahkarcasına üz çevirməyin” (Hud surəsi, 52). Allahın rəhmətini qazanmaq üçün bir səbəbdir. Uca Allah buyurur: “O dedi: “Ey camaatım! Nə üçün yaxşılıqdan qabaq pisliyə tələsirsiniz? Nə üçün Allahdan bağışlanmağınızı diləmirsiniz? Ola bilsin ki, sizə rəhm oluna” (ən-Nəml surəsi, 46).
İstiğfar diləmək xətaların silinməsi üçün ən böyük amillərdəndir. Qatədə (Allah ona rəhmət eləsin) buyurmuşdur: “Quran sizə xəstəliklərinizi və onun dərmanını göstərir. Sizin xəstəlikləriniz etdikləriniz günahlar, dərmanı isə istiğfardır”. İstiğfar ilə tövbə arasındakı fərq, istiğfar, dil ilə Allahdan bağışlanma diləməkdir. Tövbə isə bədən və qəlb ilə günahlardan uzaq olmaq deməkdir. İstiğfar diləmək dua kimidir, Allah qəbul etdikdə həmin şəxsi bağışlayır. Xüsusən qəlbən, günahlardan uzaqlaşdıqdan sonra və hədislərdə bəyan edilən vaxtlarda edilən istiğfar ən əfzəl istiğfar sayılır. Ona görə müsəlman istiğfar diləməyi çoxaltmalı və Allaha daha da yaxınlaşmalıdır.
İmam Əhməd (Allah ona rəhmət eləsin) rəvayət edir ki, Davud (Allahın ona salamı olsun) çox ağladığından ətrafında gölməçə əmələ gəlmişdi. Uca Allah ona vəhy edərək buyurur: «Əgər istəyirsən sənin mal dövlətini, övladlarını daha da çoxaldım». Dəvud (Allahın ona salamı olsun) «Səndən məni bağışlamağını istəyirəm» («Zuhd» kitabı, hədis 366). Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: “Allaha and olsun ki, hər gün mən yetmiş dəfədən çox Allahdan istiğfar diləyib və Allaha tövbə edirəm” (Sunənu Əbu Davud, hədis 1503, Sunən ət-Tirmizi, hədis 3572, Mustədrək əl-Hakim 1/511). Aişə (Allah ondan razı olsun) demişdir: “Xoş o kəslərin halına ki, səhifəsi (əməl dəftəri) istiğfar ilə doludur”. (Sunən İbn Məcah, hədis 3818. Albani hədisin «Səhih» olduğunu bəyan etmişdir).
İstiğfar etməyin də müəyyən ədəbləri vardır. İstiğfarın əbədlərinə ilk olaraq Allaha səna etməklə başlamaq, sonra etdiyi günahı etiraf edib Allahdan bağışlanma diləmək aiddir.
Həsən əl-Basri (Allah ona rəhmət eləsin) demişdir: “Evinizdə, yollarınızda, bazarlarda, məclislərinizdə və harada olursanız olun istiğfar diləməyi çoxaldın. Çünki siz məğfirətin nə zaman enəcəyini bilmirsiniz”. Fudeyl ibn İyad (Allah ona rəhmət eləsin) demişdir: «Peşman olmadan istiğfar diləmək yalançıların tövbəsidir». Rabiəh əl-Ədəviyyəh (Allah ona rəhmət eləsin) demişdir: «Bizim istiğfarımızın da istiğfara ehtiyacı var».
Hazırladı: Ramil Soltanov
Yerləşdirdi; Ehli Muslim
Sonda Həmd olsun aləmlərin Rəbbi Allaha
bağışlanma
ədəb
Xeyirin səbəbkarlarından ol, dostlarınla paylaş!
Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 200 Bölmə: Maraqlı melumatlar