Cücəyə görə qətl
“İmişli rayonunun Qaragüvənlikli kəndində yaşayan Emilya Hüseynova qutuda saxladığı cücələri dayısı oğlunun otağına yerləşdirib. Otağından xoşagəlməz qoxunun gəlməsindən narahat olan Vüsal Tağıyev bibisi qızına bununla bağlı irad bildirib və cücələrini otaqdan aparmasını tələb edib. Bundan sonra dayıoğlu ilə bibiqızı arasında münaqişə yaranıb. Və o, bıçaqla bibisi qızını öldürüb”.
Yuxuya görə qətl
“Aydın Məmmədov həyat yoldaşı Elnarə Məmmədovanı yuxudan oyadaraq möhkəm döyüb, saçından yapışaraq yerdə sürüyüb, daha sonra isə bıçaqla çoxsaylı zərbələr endirərək qətlə yetirib. Məhkəmədə Aydın ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib. O, ifadəsində arvadını qısqanclıq zəminində qətlə yetirdiyini etiraf edib və bu addımı atmasının səbəbini gördüyü yuxu ilə əlaqələndirib: “ Hadisədən təxminən beş-altı ay öncə Elnarənin Pirallahıda yaşayan Azər adlı şəxslə münasibətinin olmasından şübhələnmişdim. 2013-cü ilin mart ayında yuxuda Elnarənin Azərlə münasibətinin olduğunu gördüm. Fikirləşdim ki, əgər bunu yuxuda görmüşəmsə, deməli, onların arasında doğrudan nəsə var”.
İtə görə qətl
“Sahil” bağından keçərkən Həsən Həsənovun gəzdirdiyi it Elçin Çobanovun arvadına hürməyə başlayıb. Elçin buna görə əsəbiləşib və Həsəndən itini kənara çəkməyi tələb edib. Oğlan tələbin qarşılığında itin ağzının bağlı olduğunu, qızlara xəsarət yetirə bilməyəcəyini deyib. Tərəflər arasında mübahisə yaranıb və Elçin bıçaqla əvvəlcə Həsən Həsənova, sonra isə söhbətə müdaxilə edən Orxan Məmmədzadəyə zərbə endirib”.
***
Mətndə ifadə edilən absurd qətllər bir müəllifin təxəyyülü, bədii yozumu yox, adi gerçəklikdir.
Avropada sürrealistlər əsərlərində insanın altşüuruna enir, onların dilə gətirməyə cəsarət etmədiyi arzularını, xəyallarını ya söz, ya fırça ilə ifadə edir və yaxud kinoda maddiləşdirərək vizual həllini təklif edirdilər.
Düşünürəm ki, bir azərbaycanlı üçün sürreal əsər maraqlı ola bilməz. Çünki biz faktiki olaraq sürreal həyatı gerçəkdə yaşayırıq. Məsələn, saytlardakı gündəlik cinayət xronikaları tamamən sürreal məzmuna xitab edir.
Və məsələ ondadır ki, nümunə kimi gətirdiyim cinayət xronikası yalnız faktoloji olay olaraq qalmır, hadisəni törədənlər onu həm də sanki həyata bədii şəkildə keçirirlər.
Arvadını yuxuya görə qətlə yetirən kişi reallıqla yuxu arasında sərhədini itirir. Devid Linçin filmlərində, məsələn, “İtkin şosse” filmində bu cür olaylara rast gələ bilərsiz .
Bir qətlin motivinin itin hürməsinin və ya cücənin olması, yəni hadisənin absurdluğunu Rene Marqittin tabloları eyniləşdirmək olar.
Yəni qərbdə gerçəklik bədii əsərdə sürrealizmin ifadə vasitələri ilə əksini tapırdısa, bizdə sürrealizmi insanlar gündəlik gerçəkliyinə çevirib.
Ümumən, bütün axınlar, cərəyanlar təbii şəkildə dövrün tələbindən, ictimai-siyasi ehkamlara qarşı etirazdan meydana çıxırdı.
Bu mənada bizim sənətdə analoji tendensiya yoxdur.
Yəqin ona görə də ədəbiyyat da, rəssamlıq da, kino da həyatın yanında sönük və boz görünür. Onlar sanki həyata toxunmur, ondan yan ötürlər.
Əvəzində modernist düşüncəyə qapalı, keçmişini fetişləşdirən cəmiyyətin müxtəlif səbəblərdən sıxılmış enerjisi sürreal hadisələrə sublimasiya olunur. Sıravi insanlar öz altşüurunu, xaotik dünyasını maddiləşdirərək həyata keçirir, reallıqla yuxunu qarışdırır və onların təxəyyülünün ifadəsi rejissorların, yazıçıların təxəyyülündən istedadlıdır.
Sürrealistlər incəsənətin klassik formasına, qaydalarına, məhdudiyyətlərinə, ənənəvi diskursa, pafosa qarşı idilər, onlar eksperimentlərə üstünlük verirdilər.
İndi cəmiyyətimizdə də insanlar sanki mövcud durumlarına absurd, nəzarətsiz davranışları ilə etiraz edirlər.
Ədəbiyyat, sənət isə hələ də monodüşüncəylə yaşayır.
Tarix: 04.05.2015 / 11:33 Müəllif: Aziza Baxılıb: 378 Bölmə: Maraqlı Melumatlar