Aralıq dənizi sahillərində Makedoniyalı İsgəndər tərəfindən əsası qoyulmuş qədim İsgəndəriyyə şəhəri çoxdandır alimlərin, arxeoloqların, tarixçilərin diqqətini cəlb etməkdədir.
Tarixi məlumatlara görə, məşhur sərkərdə Makedoniyalı İsgəndər burada dəfn olunmuşdur:
O, e.ə. 323-cü ilin iyun ayında Babilstanda vəfat etmişdir. Rəvayətə görə, ölməmişdən qabaq ondan soruşurlar ki, bəs əsasını qoyduğun böyük imperiyanı kimə tapşırırsan? İsgəndər pıçıltı ilə — “yaxşı adama” deyə, cavab vermişdir. “Yaxşı adam” dedikdə o, özünün ən igid sərkərdələrindən biri olan Ptolomeyi nəzərdə tutmuşdur. Lakin Ptolomey gözlənilmədən Misirə köçmüşdür.
İsgəndərin mumiyalanmış cənazəsi qızıl tabutda İsgəndəriyyəyə yola salınmışdır. Araba Suriyaya çatdıqda Ptolomeyin göndərdiyi əsgərlər cənazəni ələ keçirib Misirə aparmışlar. Ptolomey əvvəlcə tabutu Qahirənin yaxınlığında, din xadimlərinin qədim şəhəri sayılan Memfisdə basdırmağı əmr etmişdir. Lakin 2 il sonra qızıl tabut mumiyalanmış cəsədlə birlikdə İsgəndəriyyəyə aparılır. Burada müxtəlif səbəblər üzündən qızıl tabut əridilmiş və dağ büllurundan düzəldilmiş tabutla əvəz edilmişdir. Sonralar İsgəndəriyyədə gedən vuruşmalar zamanı İsgəndərin büllur tabutu yoxa çıxmışdır.
1850-ci ildə çox qəribə bir xəbər şəhərə yayılır. Guya rus konsulluğunun qapıçısı Nabi Daniyel məscidinin altındakı yeraltı yolların birində divarın içində, qızıl paltarlı, başı taclı bir sərkərdənin büllur tabutunu görmüşdür. Deyilən məscidin içərisi və yeraltı yolları alt-üst edilsə də, tabut tapılmamışdır. İsgəndərin tabutunun harda olduğu indiyədək naməlumdur. Məsələ burasındadır ki, İsgəndəriyyə şəhərində çoxlu yeraltı yollar mövcüddur. Bu yolların planı heç kəsdə yoxdur və bu yeraltı yolların çoxu təbii fəlakətər nəticəsində dağılmışdır. Bəlkə də təbii fəlakətlər nəticəsində İsgəndərin tabutu da dağılmışdır. Buna inanmayan bir çox tarixçi, tabut barəsində axtarışlarını indiyədək davam etdirirlər.
Tarix: 26.11.2014 / 18:44 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Maraqlı Melumatlar