Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəyanətə uğramış kişilər

“Qadınlar susaraq gedər” deyir Camal Süreyya.

Və əlavə edir: “O günə qədər danışan, mübahisə edən, dava salan qadın artıq özünün səssizliyə vermişdir. Artıq ürəyindəki çantaları yığıb, beynindəki biletləri alıb və əslində bədəni orda durmuş amma sevgiləri uçub getmişdir”

Bəs kişilər nə edir?
Qadınların susub getdiyi, getməkdən başqa etməyə bir şey tapmadıqları, “əlvida” əvəzinə qapının cırıltısının danışdığı (o qapını yağlamamışdı bəlkə kişi, buna görə də savaşmışdılar) anlar şəksiz ki, çox kədərlidir, amma bəs kişilər...

Bu getmələrin ən böyük səbəbi olan xəyanətlə qarşılaşanda nə edir kişilər?

Mənə bir adam haqda danışmışdılar, arvadının başqası ilə gəzdiyini bilirdi, mesajlarını oxumuşdu, küçədə arxasından ona ünvanlanan gülüşləri eşidirdi, kinayələrə, tənələrlə dözməli olurdu və o adam bir gün arvadının cehizlərini bir maşına yığıb məşuqunun qapısının ağzına boşaltmışdı.

Bu tragikomizmdir, həmin adamın çox da ağıllı olmadığını da mənə dedilər.

(Bu qadına ağıl dözərmi ki?)

Amma xəyanətə uğramış kişi bədbəxtlərin kralıdır.

Bir düşünün.

Qadın susaraq gedər amma anladar yaxınlarına ərinin etdiklərini.

Kişilərin xəyanətkar olduqlarına dair möhkəm bir ictimai rəy var zatən, buna görə də kimsə qadını suçlamaz, ona acıyarlar, halına yanarlar, amma heç vaxt arxasınca gülməzlər.

Bəs xəyanətə uğramış kişilər necə?
Günləri zəhər olar, gündə min tənə eşidərlər, min adam üzlərinə vurar, eşitdirər, elələri də yalandan onun xanımıyla eşq yaşadığını uydurar, beləliklə heyvan babalarından qalma erkəkliyi ilə öyünər və əri alçaltmaqla özünün yüksələcəyini sanar.

Kişiyə dünya zəhər olar.

Bir tərəfdən xanımının kürəyinə sapladığı bıçaq, digər tərəfdən ətrafındakıların o bıçaq yarasına tökdükləri duz.

Kiçik əyalət şəhərlərinin bəlkə də yeganə əyləncəsidir bu adamlar.

O adamlar alçaldıqca alçalarlar, bəziləri artıq bu halını qəbul edir və xalq “xoşqeyrət” adlandırdıqları təbəqəyə yazar onun adını.

Cəmiyyətdə və ailədə hakimiyyəti kişiyə vermiş xalq kişinin bu bacarıqsızlığını bağışlamazlar, onu məhv etmək üçün hər şeyi edərlər.

Məhz buna görə də cəmiyyət kişiyə xəyanət qarşısında iki yol qoyub: “Ya qadını öldürməli, ya da boşamalısan”.

Üçüncü yol da var, bu da “xoşqeyrətlik”dir.

Məhz bu kişimərkəzçilik ucbatından namus cinayətləri işlənilir.

Amma kişilərin hamısı belə olmazlar.

Həyata küsər, içdikcə içər, qadın dodağı əvəzinə butulkanın dibini öpərlər, unutmazlar, sevgi sözünə nifrət edər, yaşaya bilmədikləri kimi ölə də bilməzlər.

Mityanın məhəbbəti haqda (İvan Buninin hekayəsidir) eşitmisinizmi?

Katyanın xəyanətinə uğrayan Mityanı heç nə sakit etmir.

Pulla cinsi əlaqədə olan kəndli qız da əlaqə bitər-bitməz ondan soruşar: “Deyirlər, bazara ucuz çoşqalar gəlib...”

Yağışlı və darıxdırıcı kənd həyatında Mitya aldığı məktubdan sonra xəyanəti bilər.

Özünü yüz yaşında hiss edər, gənclik nəşəsi qaçar, elə pis darıxar ki...

Bu darıxmağı heç olmasa bircə dəqiqəlik sakitləşdirmək üçün əlini atar tapançasına və beyninə nəşə ilə, sevinc ilə atəş açar.

Yəni, dostum...

Qadınlar susar, amma...

Kişilər susa bilməz...

Qadınlar gedər bəlkə də başqa bir cüt qollar arasında özünü məsud hiss edər amma...

Kişiləri heç nə ovutmaz, hər şey vəfasız yarı xatırladar, cəmiyyətin onu özündən xəbərsiz təyin etdiyi “ailə başçısı”nın məsuliyyəti ilə gəmisi batmış kapitan kimi özünü vurar, dəvəsi ölmüş ərəb ki, ucsuz-bucaqsız səhrada ölümünü gözləyər.

Qadını öldürər, ömrünün uzunca bir hissəsini kişilərin arasında qadınsızlıqla xatırlayar, uşaqları başsız, özü məhbus qalar və ömrünün qalan illərini açdığı bir əl atəşi, vurduğu üç cüt, bir tək bıçağı düşünə-düşünə çərləyər, ölər...

Kişilər susaraq cəhənnəmə gedər...


Tarix: 28.11.2014 / 14:11 Müəllif: Aziza Baxılıb: 209 Bölmə: Kişiler haqqında
loading...