Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bayquş

Bayquş insanların pis münasibət bəslədiyi uçan canlılardan birincisidir. Bunun əsas səbəbi onun uğursuzluq əlaməti hesab edilməsi və xarabalıqlarda yuva qurmasından irəli gəlir. Əsrlər boyu xalq inanclarında bayquşun ulaması həmişə pis tərəfə yozulub. Bəzən onu hətta ölüm quşu da adlandırırlar. Bayquşa əsasən Afrika və Asiya ölkələrində, müsəlman aləmində mənfi münasibət bəslənilir.bayquş

Bayquş mənəm, bayquş mən,
Hər quşlardan say quş mən.
Viran bağ-bağçalarda
Sızıldaram yay-qış mən.

Xalq inanclarında bədniyyətli quş kimi xarakterizə olunan bayquşun vahimə yaradan səsi (bayquş ulartısı) guya, hansı zamanda və məkandasa ölüm-itimin olacağa işarədir.
Deyirlər ki, bayquş üzünü kimin həyətinə tərəf çevirib ulayarsa, o evə ya bəla gələr, ya da ölüm.
Əksər xalqların folklorunda olduğu kimi Azərbaycanda da bayquşla bağlı bəd deyimlər var. Buna çoxlu misallar göstərmək olar. Amma əksər din xadimləri bayquşla bağlı bu cür yozumu xurafat hesab edirlər. İslam dininə görə də, hər hansı bir əşya və ya canlının uğur və uğursuzluq işarəsi kimi qəbul edilməsi düzgün deyil.

Azərbaycanda bayquşun 7 növü yaşayır. Bu quşlar respublikamızın düzən və dağ meşələrində, köhnə bağlarda yaşayırlar. Türyançay, Zaqatala dövlət qoruqlarında da çoxlu sayda bayquş yaşayır. Onlar həşəratlarla, xırda quşlarla və məməlilərlə qidalanırlar. Ekoloqların fikrincə, ziyanverici həşəratları məhv etdiyinə görə bayquşlar xeyirlidirlər.

Bayquşlar əsasən gecə vaxtı fəal olur, öz ovlarını qaranlıqda tuturlar. Bu quşların gözləri çox iridir. Əksər hallarda onlar yuvalarını ağac koğuşlarında, körpülərin altında və digər quşların yuvalarında yerləşdirirlər. Bayquşların bədəninin uzunluğu 32-40 sm, qanadları açılmış vəziyyətdə 110 sm, çəkisi isə 600-800 qram olur. Yaşayış məskənlərində yaşayan bayquşlar gündüz vaxtlarını tam qaranlıq yerlərdə, xüsusilə də damların altında, ağacların dəliklərində, çökmüş tikililər və yaxud atılmış binaların içində keçirir. Ova günün alatoran və gecə vaxtlarında çıxır, siçan, siçovul, qurbağa, kərtənkələ, ilan və s. ilə qidalanırlar.

Bayquşlar başlarına asimetrik yerləşdirilmiş qulaqlar sayəsində çox zəif səsləri belə eşitmə qabiliyyətinə malikdirlər. Onlarda eşidilən səsin mənbəyini dəqiq təyin etmək qabiliyyəti var. Bayquşlar tamamilə qaranlıq vaxtlarda kiçik məməliləri yalnız eşitmə qabiliyyətlərindən istifadə etməklə yaxalaya bilir. Bayquş mavi rəngi görə bilən tək quşdur.

Azərbaycanda aşkar olunan sonuncu bayquş növü Cənubi Amerika, Afrika, Avstraliya, Cənubi Asiya və Avropada yayılmış nadir növ olan Tuto albaya adlanır. Şirvan Milli Parkında yaşayan bu bayquş növü öz əzəmətliliyi, unikallığı və gözəlliyi ilə seçilir. Bu növ Ümumdünya Təbiəti Mühafizə İttifaqının «Qırmızı siyahı»sına daxil edilib. Xarici görünüşü, uçma tərzi, yaşama şəraiti və rəng çalarlarının müxtəlifliyinə görə onua ayrı-ayrı ölkələrdə müxtəlif adlar veriblər: meymunsifət bayquş, ruh bayquşu, kilsə bayquşu, qızıl bayquş, siçovul bayquş, daş bayquş və s.


Tarix: 09.12.2014 / 14:46 Müəllif: Aziza Baxılıb: 163 Bölmə: Heyvanlar aləmi
loading...