Duanın şərtləri olduğu kimi, eləcə də ədəbləri vardır. Duanın kamil olması üçün bu ədəbləri yerinə yetirmək bəyənilir.
1. Dua edərkən dəstəmazlı olmaq
Əbu Musa əl-Əşari (radiyallahu anhu) belə rəvayət edir:
“Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) Hüneyn döyüşü qurtardıqdan sonra su gətizdirdi, dəstəmaz aldı və sonra əllərini qaldıraraq dedi: “Allahım, Ubeyd Əbu Amiri bağışla” və mən onun qoltuğunun altını gördüm.” [1]
2. Dişləri sivakla təmizləmək
Çünki dua dil ilə edilən ibadətdir və ağızın dua edərkən təmizlənməsi gözəl ədəblərdəndir. Necə ki, sünnədə namaz üçün ağızı misvak ilə təmizləmək varid olmuşdur. Bundan məqsəd namazda zikr edən yerin təmizlənməsidir ki, o da ağızdır.[2]
3. Qibləyə yönəlmək
Ömər ibn əl-Xəttab (radiyallahu anhu) deyir:
“Bədr döyüşü günü Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) müşriklərə baxdı və gördü ki, onlar min nəfər, səhabələri isə üç yüz on doqquz nəfərdirlər. Allahın Peyğəmbəri qibləyə yönələrək əllərini qaldırdı və Rəbbini çağırmağa başladı...” [3]
Həmçinin, Abdullah ibn Məsuddan rəvayət olunur ki:
“Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) Kəbəyə yönəldi və Qureyşdən olan bir neçə nəfərə bəd dua etməyə başladı.” [4]
Dua edərkən qibləyə yönəlmək vacib deyil, lakin duanın ədəblərindəndir. Çünki bir neçə hədislərdə varid olmuşdur ki, Peyğəmbərimiz (sallallahu aleyhi va əlihi va səlləm) qibləyə yönəlmədən də dua etmişdir.
Ənəs (radiyallahu anhu) belə söyləyir:
“Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) Cümə günü xütbə verdiyi zaman bir kişi qalxaraq dedi: “Ey Allahın Rəsulu! Allaha dua et yağış yağdırsın.” Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) dua edir, göy buludlanır və yağış yağmağa başlayır...” [5]
Aydındır ki, xütbə verən zaman arxa qibləyə tərəf olur. Hədisdən məlum olur ki, dua edərkən qibləyə yönəlmək şərt deyildir, lakin bəyənilən bir əməldir.
4. Əlləri qaldırmaq
Duanın ən böyük ədəblərindən biri də, dua edərkən əlləri qaldırmaqdır.Çünki qul əllərini Rəbbinə tərəf qaldırmaqla özünün Ona olan acizliyini bildirir.
Syuti (rahiməhullah) demişdir: “Artıq Peyğəmbərdən (sallallahu aleyhi va əlihi va səlləm) yüzə yaxın hədisdə dua edərkən əllərini qaldırdığı varid olmuşdur” [6].
Əbu Musa əl-Əşaridən (radiyallahu anhu) rəvayət olunur ki:
“Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) əllərini qaldıraraq dua etdi və mən onun qoltuğunun altını gördüm.” [7]
Salman əı-Farsidən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Həqiqətən Rəbbiniz utanan və səxavətlidir. Qulu əllərini Ona uzadarsa, boş qaytarmasına utanar.” [8]
Dua edərkən əlləri qaldırmağın ədəbləri
Dua edərkən əlləri qaldırmaq üç cür olur:
Abdullah ibn Abbasdan (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“İstəmək [dua] - odur ki, əllərini çiyinlərinə bərabər, yaxud yaxın tutaraq qaldırasan. İstiğfar [bağışlanma diləmək] - odur ki, bir barmağınla [şəhadət barmağınla] işarə edəsən. İbtihəl [yalvarmaq] - odur ki, əllərini [qollarınla] birlikdə qaldırasan.”[9]
Adı çəkilən bu üç növ əl qaldırmağın qaydası açıq şəkildə Peyğəmbərimizin (sallallahu aleyhi va əlihi va səlləm) əməli ilə bizə məlum olmuşdur. Bunları üç məqama da ayırmaq olar:
a) . Ümumi duanın məqamı - buna istəmək, yaxud da, dua deyilir.
Qaydası: Əllərini çiyinlərinə bərabər, yaxud yaxın tutub ovucunu açaraq bir-birinə birləşdirirsən və əllərinin içini göyə, üstünü isə yerə, yaxud, içini üzünə üstünü isə qibləyə tərəf tutursan. Bu məqamdan Vitir namazında qunut tutarkən, istisqa [yağış] duası edərkən, həcc vaxtı əllərin qaldırılması sünnə olan altı yerdə dua edərkən, yaxud da, hər hansı bir vaxtda dua etmək istəyərkən istifadə edilir.
b) . Bu məqama İstiğfar, yaxud da, İxlas deyilir.
Qaydası: Sağ əlinin şəhadət barmağını qaldırırsan. Bu məqamdan əsasən zikr edərkən, xütbədə dua edərkən, namazda təşəhhüd oxuyarkən, namaz xaricində təhlil [lə iləhə illəllah], təsbih [Subhənallah] deyərkən istifadə edilir.
İmarə ibn Rueybədən (radiyallahu anhu) rəvayət olunur ki, o, Bişr ibn Mərvanın minbər üzərində əllərini qaldırdığını görür və Allah bu əllərin xeyirini kəssin. Peyğəmbərin (sallallahu aleyhi va əlihi va səlləm) əli ilə bundan artıq etdiyini görmədim deyərək şəhadət barmağına işarə edir[10]. Bu məqama aid bizə bir neçə hədislər varid olmuşdur.
c). Bu məqama yalvarmaq və ya qorxu duası da deyilir.
Qaydası: Əllərini qollarınla birlikdə tam olaraq qoltuğunun altı görünənədək göyə qaldırırsan. Bu məqamdan, əsasən, şiddətli qorxu anında, yəni: döyüşdə, şiddətli quraqlıq baş verərsə, yağışın yağması üçün və ya ən çətin anlarda istifadə olunur.
Ənəsdən (radiyallahu anhu) rəvayət olunur ki:
“Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) dua edərkən əllərini qaldırdı və mən onun qoltuğunun altını gördüm.” [11]
Ənəs ibn Malikdən (radiyallahu anhu) belə rəvayət olunur:
“Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) əllərinin üst hissəsini göyə tutaraq yağış duası etdi.” [12]
Bu hədisə görə bəzi qardaşlarımız zənn edirlər ki, dua edərkən əllərinin üstünü göyə, içini isə yerə tərəf tutmaq sünnədir. Lakin bütün hədisləri cəm etdikdən sonra, bu hədisin mənasını belə başa düşmək olar. Yəni Peyğəmbərimiz (sallallahu aleyhi va əlihi va səlləm) əllərini qolları ilə birlikdə o qədər göyə qaldırdı ki, hətta, əlləri arxaya əyildi və sanki əllərinin üstü göyə baxırdı.
Əksinə, Malik ibn Yəsardan (radiyallahu anhu) Peyğəmbərin (sallallahu aleyhi va əlihi va səlləm) belə dediyi rəvayət olunur:
“Allahdan istədiyiniz zaman əllərinizin içi ilə istəyin, üstü ilə istəməyin.” [13]
Dua zamanı əlləri qaldırarkən yol verilən xətalar
1. Dua zamanı əlləri qaldırarkən üstünü göyə, içini isə yerə tutmaq:
2. Əlləri göbəklə bərabər və ya daha da aşağı tutmaq;
3. Əlləri dua üçün qaldırmamışdan öncə, yaxud, sonra bir-birinə sürtmək və ya öpmək;
4. Namazdan sonra sağ əli başın üzərinə qoyaraq dua etmək;
Bu barədə bir zəif rəvayət vardır ki, Peyğəmbərdən (sallallahu aleyhi va əlihi va səlləm) olmadığı üçün ona istinad etmək mümkün deyildir.
Məlum olduğu kimi, qulun etdiyi hər bir ibadətin “Quranda” və ya Peyğəmbərimizin (sallallahu aleyhi va əlihi va səlləm) sünnəsində səhih əsası olmalıdır. Əks təqdirdə isə edilən hər bir əməl dində qəbul olunmazdır. Aydın olduğu kimi, fərz namazlarından sonra “Quran” və sünnədə varid olan bəzi ayə, zikr və dualar vardır ki, onları hər namazdan sonra oxumaq sünnədir və bunları etməyin nə qədər savablı bir iş olduğu heç kəsə gizli deyildir. Belə olduğu təqdirdə fərz namazlarından sonra “Quran” və səhih sünnədə varid olmayan artıq əməllərə ehtiyac qalmır. Əksinə Allah-təalanın bizə “Qurani-Kərim”də İslam dinini tamamladığını vəd verdiyi halda, sanki din tamamlanmamışdır kimi dinə yeni bir əməl gətirmək sayılır.
Bu barədə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Kim (dində) əmrimiz olmayan bir əməl edərsə, o əməl ondan qəbul olunmaz” [14]
Hətta, bəziləri fərz namazlarından sonra sünnədə varid olmayan bəzi əməllərdən elə bərk yapışmışdırlar ki, sanki, bunu tərk edərlərsə namazlarının batil olduğunu sanarlar. Lakin oxunulması buyurulan ayə, zikr və duaları tərk edər və bunun mahiyyətinə belə varmazlar.Fərz namazlarından sonra edilən bu əməllərə dair səhih sünnədə varid olmayan bir neçə zəif hədislər vardır ki, onlara etimad etmək mümkün deyildir. Uzunçuluq olmasaydı, həmin hədislərin zəifliyini və qondarmalığını açıqlayardım. Lakin bir onu demək istəyirəm ki, əgər bu əməlləri Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) etmiş olsaydı, şübhəsiz ki, səhabələr bu işdə bizi qabaqlayardılar. Onu da qeyd etmək istəyirəm ki, fərz yox, nafilə namazlarından sonra camaat halında olmadan əlləri qaldıraraq dua etmək barəsində Peyğəmbərdən (sallallahu aleyhi va əlihi va səlləm) bir neçə səhih hədislər varid olmuşdur ki, bu da nafilə namazlarından sonra əlləri qaldıraraq dua etməyin icazəli olduğuna dəlalət edir.
5. Namaz daxilində dua edərkən göyə baxmaq:
Ümumiyyətlə istər namaz daxilində əlləri qaldıraraq qunut tutarkən istərsə də namaz xaricində əlləri qaldıraraq dua edərkən ovucun içinə baxılır. Namaz daxilində dua edərkən göyə baxmağa gəldikdə isə, bütün alimlər namazın daxilində olarkən Peyğəmbərdən (sallallahu aleyhi va əlihi va səlləm) varid olan səhih hədislərə istinadən göyə baxmağın qadağan olduğu barəsində ittifaq etmişdirlər. Namazın xaricində dua edərkən göyə baxmaq barəsində isə bir neçə dəlillər vardır ki, bu da namaz xaricində dua edərkən göyə baxmağın şəriətdə icazəli olduğuna dəlalət edir.
Məlum olduğu kimi müsəlmanların ilk qibləsi Qüds şəhərindəki Əqsa məscidi idi. Lakin Peyğəmbərimiz (sallallahu aleyhi va əlihi va səlləm) qiblənin Məkkə şəhərindəki Kəbə məscidinin olmasını arzulayar və bunun üçün də göyə baxaraq dua edərdi. Allah-təala bu barədə ayə nazil edərək buyurur:
قَدْ نَرَى تَقَلُّبَ وَجْهِكَ فِي السَّمَاء فَلَنُوَلِّيَنَّكَ قِبْلَةً تَرْضَاهَا فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ وَحَيْثُ مَا كُنتُمْ فَوَلُّواْ وُجُوِهَكُمْ شَطْرَهُ وَإِنَّ الَّذِينَ أُوْتُواْ الْكِتَابَ لَيَعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِن رَّبِّهِمْ وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا يَعْمَلُونَ?
“(Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir.” [15]
Həmçinin, bir neçə hədislərdə Peyğəmbərin (sallallahu aleyhi va əlihi va səlləm) dua edərkən göyə baxdığı varid olmuşdur.
5. Duadan əvvəl Allah-təalaya həmd-səna etmək və Peyğəmbərə (sallallahu aleyhi va əlihi va səlləm) salavat gətirmək
Əbu Hureyrədən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Allah-təala buyurmuşdur: “Mən namazı Özümlə qulum arasında iki yerə bölmüşəm. Quluma istədiyini verərəm. Əgər qul Əlhəmdu lilləhi Rabbi-l-aləmin [Həmd olsun Allaha aləmlərin Rəbbinə] deyərsə, Allah-təala deyər: Qulum Mənə həmd etdi. Əgər ər-Rahməni-r-Rahim [Mərhəmətli və Rəhimli olana] deyərsə Allah-təala deyər: Qulum Məni tərif etdi. Əgər məliki yəumiddin [haqq-hesab gününün sahibinə] deyərsə, Allah-təala buyurar: Qulum Məni öyərək uca tutdu. Əgər iyyəkə nəabudu va iyyəkə nəstəin [Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik] deyərsə, Allah-təala deyər: Bu Mənimlə qulum arasındadır və quluma istədiyini verərəm. Əgər ihdinə-s-sırata-l mustəqim [bizi doğru yola yönəlt] deyərsə, Allah-təala deyər: Bu qulumundur və quluma istədiyini verdim. ”” [16]
Hədisdən məlum olduğu kimi, Allah-təala bu əzəmətli surə ilə qullarının Ondan necə və hansı yolla dua edərək istəmələrini açıq-aydın bizə bəyan etmişdir.
İbn əl-Qayyim (rahiməhullah) demişdir: “Allahdan doğru yola yönəldərək hidayət etməsini istəmək, istənilənlərin ən üstünü və ona nail olmaq mükafatların ən qiymətlisi olduğu üçün Allah-təala öz qullarını Ondan necə dua edərək istəyəcəklərini öyrədərək duadan əvvəl Ona həmd-səna etmələrini və şəninə təriflər deyərək uca tutmalarını əmr etmişdir.”
Həmçinin, Fudala ibn Ubeyd (radiyallahu anhu) rəvayət edir:
“Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) oturmuşdu. Bir kişi daxil olaraq namaz qılmağa başladı və dedi: - Allahım, məni bağışla və mənə rəhm et. Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) dedi: “Ey namaz qılan, tələsdin. Namaz qılıb oturduqdan sonra, Allaha layiqincə həmd et, mənə salavat de, sonra Allaha dua et.” Ondan sonra başqa bir kişi namaz qılır, Allaha həmd edərək Peyğəmbərə (sallallahu aleyhi va əlihi va səlləm) salavat gətirir və Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm)ona belə deyir: “Ey namaz qılan, dua et, duan qəbul olar.”[17]
Dua əsnasında Peyğəmbərə (sallallahu aleyhi va əlihi va səlləm) salavat gətirmək üç cür olur:
1. Dua etməzdən əvvəl Allaha həmd-səna etdikdən sonra salavat demək;
2. Duanın əvvəlində, ortasında və sonunda salavat demək;
3. Duadan əvvəl və sonra salavat demək;
Dua edərkən Peyğəmbərə (sallallahu aleyhi va əlihi va səlləm) salavat demək açara bənzəyir. İbn əl-Qayyim (rahiməhullah) demişdir: “Namazın açarı dəstəmaz olduğu kimi, duanın da açarı Peyğəmbərə (sallallahu aleyhi va əlihi va səlləm) salavat deməkdir.”[18]
6. İnsanın dua edərkən günahkar olduğunu etiraf etməsi
Ona görə də, Yunis peyğəmbərin (aleyhissələm) etdiyi dua ən böyük dualardan biri sayılır.
Allah-təala Yunis (aleyhissələm) haqqında belə buyurmuşdur:
وَذَا النُّونِ إِذ ذَّهَبَ مُغَاضِبًا فَظَنَّ أَن لَّن نَّقْدِرَ عَلَيْهِ فَنَادَى فِي الظُّلُمَاتِ أَن لَّا إِلَهَ إِلَّا أَنتَ سُبْحَانَكَ إِنِّي كُنتُ مِنَ الظَّالِمِينَ.فَاسْتَجَبْنَا لَهُ وَنَجَّيْنَاهُ مِنَ الْغَمِّ وَكَذَلِكَ نُنجِي الْمُؤْمِنِينَ?
“Zün-nunu [balıq sahibi Yunisi] xatırla. Bir zaman o [küfr etməkdə həddi aşmış, ümmətinə qarşı] qəzəblənərək çıxıb getmiş və [Bizə xoş gəlməyən bu səbirsizliyinə görə] onu möhnətə düçar etməyəcəyimizi güman etmişdi. Amma sonra, qaranlıqlar içində [balığın qarnında, gecənin, yaxud, dənizin zülmətində] “(Allahım,) Səndən başqa ibadətə haqqı olan məbud yoxdur. Sən pak və müqəddəssən. Mən isə, həqiqətən zalimlərdən olmuşam, [Əmrinə qarşı çıxaraq özümə zülm etmişəm]!” - deyib dua etmişdi. Biz onun duasını qəbul buyurduq və (balığın qarnından çıxartmaqla) onu qəmdən qurtardıq. Biz möminlərə belə nicat verərik!”[19].
Həmçinin, “Seyyidu-l-istiğfar” adlanan dua günahların bağışlanması üçün edilən ən üstün və fəzilətli dualardandır. Çünki qul bu duada özünün günahkar və xatakar olduğunu təsdiq edir.
Şəddad ibn Ovsdan (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Seyyidu-l-istiğfar” [bağışlanma diləməyin (ağası) ən üstünü] qulun belə söyləməsidir: “Allahummə, əntə rabbi lə iləhə illə əntə, xalaqtəni va ənə abdukə va ənə alə ahdikə va vadikə mə-stətatu, əuzu bikə min şərri mə sanatu. Əbuu ləkə bi nimətikə aleyyə əbuu bi zənbi fəğfirli fəinnəhu lə yağfiru-z-zunubə illə əntə.” “Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa ibadət olunmağa haqqı olan məbud yoxdur. Məni Sən yaratdın. Mən Sənin qulunam. Gücüm yetdiyi qədər Sənə verdiyim əhd və vədə sadiqəm. Etdiklərimin şərindən Sənə sığınıram. Mənə verdiyin nemətini etiraf edir və günahımı boynuma alıram. Məni bağışla, şübhəsiz ki, Səndən başqa günahları bağışlayan yoxdur.”
Kim bunu yəqinliklə iman edərək səhər deyər və həmin gün axşamlamamışdan öncə dünyasını dəyişərsə, Cənnət əhlindən olar. (Həmçinin,) Kim bunu yəqinliklə iman edərək axşam deyərsə və sabahlamamışdan öncə dünyasını dəyişərsə, Cənnət əhlindən olar.”[20]
7. Dua edənin məqsədinin yaxşı olması
Yəni insan dua edərkən əgər Allah-təala onun duasını qəbul edərsə həmin duadan doğan səmərəni xeyirli işdə sərf edəcəyinə niyyət etməlidir.
Məsələn: “Allahım, mənə mal-dövlət ver İslam dininin güclənməsinə və kasıblara kömək edim.” Yaxud “Allahım, mənə ismətli olmaq üçün, günahlardan qorunmaq üçün əməli-saleh zövcə nəsib et” və s.
Buna dəlil Allah-təalanın Musa (aleyhissəlləm) haqqında söylədiyi ayədir:
قَالَ رَبِّ اشْرَحْ لِي صَدْرِي .وَيَسِّرْ لِي أَمْرِي .وَاحْلُلْ عُقْدَةً مِّن لِّسَانِي يَفْقَهُوا قَوْلِي. وَاجْعَل لِّي وَزِيرًا مِّنْ أَهْلِي. هَارُونَ أَخِي. اشْدُدْ بِهِ أَزْرِي. وَأَشْرِكْهُ فِي أَمْرِي.كَيْ نُسَبِّحَكَ كَثِيرًا. وَنَذْكُرَكَ كَثِيرًا .إِنَّكَ كُنتَ بِنَا بَصِيرًا?
“(Musa) dedi: “Ey Rəbbim! (Peyğəmbərliyi yerinə yetirməyə qadir olmaq, Fironla danışmağa cürət etmək və bu yolda bütün məşəqqətlərə tab gətirə bilmək üçün) köksümü açıb genişlət; İşimi yüngülləşdir; Dilimdəki düyünü aç (pəltəkliyimi götür) ki, Sözümü yaxşı anlasınlar! Və mənə öz ailəmdən bir vəzir (köməkçi) ver Qardaşım Harunu! Onunla arxamı möhkəmləndir. Onu işimə ortaq et (ona da peyğəmbərlik ver) ki, Səni çox təqdis edib şəninə təriflər deyək. Və Səni çox zikr edək (daim yada salıb şükr-səna edək). Sən, şübhəsiz ki, Bizi görürsən!”[21]
Nəticəsi nə oldu? Allah-təala buyurdu:
قَالَ قَدْ أُوتِيتَ سُؤْلَكَ يَا مُوسَى?
“(Allah) buyurdu: “Dilədiyin sənə verildi, ya Musa!”[22]
Həmçinin, Abdullah ibn Ömərdən (radiyallahu anhumə) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Bir kişi xəstə ziyarət edərkən belə desin; “Qulun filana... namaza gedə bilməsi üçün şəfa ver”[23]
8. Dua edərkən ağlamaq
Abdullah ibn Amr ibn əl-Asdan (radiyallahu anhumə) rəvayət olunur ki;
Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) Allahın İbrahim Peyğəmbər (aleyhissələm) barəsində buyurduğu bu kəlamını:
رَبِّ إِنَّهُنَّ أَضْلَلْنَ كَثِيرًا مِّنَ النَّاسِ فَمَن تَبِعَنِي فَإِنَّهُ مِنِّي وَمَنْ عَصَانِي فَإِنَّكَ غَفُورٌ رَّحِيمٌ?
“Ey Rəbbim! Onlar həqiqətən, çox insanı (haqq yoldan) azdırıblar. İndi kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, (bilsin ki, tövbə edəcəyi təqdirdə) Sən (günahları) bağışlayansan, (bəndələrinə) rəhm edənsən!”[24]
Və İsa Peyğəmbərin (aleyhissələm) bu kəlamını:
إِن تُعَذِّبْهُمْ فَإِنَّهُمْ عِبَادُكَ وَإِن تَغْفِرْ لَهُمْ فَإِنَّكَ أَنتَ الْعَزِيزُ الْحَكِيمُ?
“Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən” (İstədiyin bəndəyə əzab verməyə, istədiyini bağışlamağa və hər hansı bir məsələni həkimanə həll etməyə qadir olan ancaq Sənsən!)”[25] - oxuyaraq, əllərini qaldırıb dedi; “Allahım, ümmətim, ümmətim!” və ağlamağa başladı. Allah-təala daha yaxşı bildiyi halda dedi; “Ey Cəbrayıl, Məhəmmədin yanına get və soruş ki, səni ağladan nədir?”
Cəbrayıl onun yanına gedərək soruşur və Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) ona dediklərini - Allah-təala bildiyi halda - xəbər verir.
Allah-təala deyir; “Ey Cəbrayıl, Məhəmmədin yanına gedərək de ki, Biz səni ümmətin üçün istədiyin şeydə razı salacağıq və səni pərişan etmərik.”[26]
9. Dua edənin çətinlikdə və ehtiyaclı olmasını Allaha bildirməsi
Allah-təala Əyyub (aleyhissələm) haqqında belə buyurmuşdur:
وَأَيُّوبَ إِذْ نَادَى رَبَّهُ أَنِّي مَسَّنِيَ الضُّرُّ وَأَنتَ أَرْحَمُ الرَّاحِمِينَ?
“(Ya Rəsulum!) Əyyubu da (yada sal)! Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belə demişdi: “Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilərin rəhmlisisən!”[27]
Zəkəriyya (aleyhissələm) haqqında belə buyurmuşdur:
وَزَكَرِيَّا إِذْ نَادَى رَبَّهُ رَبِّ لَا تَذَرْنِي فَرْدًا وَأَنتَ خَيْرُ الْوَارِثِينَ.فَاسْتَجَبْنَا لَهُ وَوَهَبْنَا لَهُ يَحْيَى وَأَصْلَحْنَا لَهُ زَوْجَهُ إِنَّهُمْ كَانُوا يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَيَدْعُونَنَا رَغَبًا وَرَهَبًا وَكَانُوا لَنَا خَاشِعِينَ?
“(Ya Rəsulum!) Zəkəriyyanı da (yada sal)! Bir vaxt o: “Ey Rəbbim! Məni tək (kimsəsiz, varissiz) buraxma. Sən varislərin ən yaxşısısan! (Bütün məxluqat yox olar, ancaq Sən qalarsan!)” – deyə yalvarıb Rəbbinə dua etmişdi.
Biz (Zəkəriyyanın) duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini (dünyaya uşaq gətirməyə) qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), ümid və qorxu ilə (rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bizə ibadət edirdilər. Onlar Bizə müti idilər.”[28]
Yəqub (aleyhissələm) haqqında belə buyurmuşdur:
قَالَ إِنَّمَا أَشْكُو بَثِّي وَحُزْنِي إِلَى اللّهِ ?
“(Yəqub) belə cavab verdi: “Mən dərd-sərimi yalnız Allaha ərz edirəm”[29]
Musa (aleyhissələm) haqqında belə buyurmuşdur:
فَقَالَ رَبِّ إِنِّي لِمَا أَنزَلْتَ إِلَيَّ مِنْ خَيْرٍ فَقِيرٌ?
“(Musa) dedi: “Ey Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!” (Musa yeddi gün idi ki, çöldəki otlardan başqa yeməyə bir şey tapmırdı. Buna görə də Allahdan yemək üçün bir ruzi dilədi).”[30]
10. Duanın qısa, lakin çox mənalı və gözəl kəlmələrlə olması
Edilən dua uzunçuluqdan, lazımsız və artıq kəlmələrdən uzaq olmalıdır. Aişədən (radiyallahu anhu) rəvayət olunur ki:
“Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) qısa və çox mənalı olan duanı sevər və ondan qeyrilərini tərk edərdi.”[31]
------------------------------------------------------------------------------
[1]- Buxari, 4323-cü hədis; Müslim, 2498-ci hədis.
[2]- Şövkani, “Tuhfətu-z-zəkirin” səh.44.
[3]- Müslim, 1763-cü hədis.
[4]- Buxari,3960-cı hədis.
[5]- Buxari, 6342-ci hədis.
[6]- “Tədribu-r-ravi”, 2/180.
[7]- Buxari, 7/198.
[8]- əbu Davud, 1488-ci hədis. Albani səhihləşdirmişdir. “Sahihu-l-cəmi”, 1753-cü hədis.
[9]- əbu Davud, 1489-cu hədis, Albani səhihləşdirmişdir, “Sahihu sunəni əbi Davud”, 1321-ci hədis.
[10]- Müslim, 874-cü hədis.
[11]- Buxari, 6341-ci hədis.
[12]- Müslim, 896-cı hədis.
[13]- Əhməd; əbu Davud, Albani səhihləşdirmişdir.
[14]- Müslim, 4468-ci hədis.
[15] -2) “əl-Bəqərə” - 144.
[16] - Müslim, 876-cı hədis
[17]- Tirmizi, 3476-cı hədis. Albani səhihləşdirmişdir. “Sahihu-l-cəmi”, 3988-ci hədis.
[18]- Cələu-l-əfhəm, səh:260.
[19]-21)- “əl-Ənbiyə” - 87-88.
[20] - Buxari, 6306-cı hədis.
[21] - 20) “Taha” - 25 - 35.
[22] - 20) “Taha” - 35.
[23] - əbu Davud, 3107, Albani səhihləşdirmişdir, “Sahihu-l-cəmi”, 466.
[24] - 14) “İbrahim” - 36.
[25] - 5) “əl-Maidə” - 118.
[26] - Muslim, 202.
[27] - 21) “əl-Ənbiyə” - 83.
[28] - 21) “əl-Ənbiyə” - 89 - 90.
[29] - 12) “Yusuf” - 86.
[30] - 28) “əl-Qasas” - 24.
[31] - əbu Davud, 5/1452.
Tarix: 07.05.2013 / 21:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 967 Bölmə: Dualar