Şübhəsiz həmd ALLAH`adır! Ona həmd edir, Ondan yardım və bağışlanma diləyirik! Nəfslərimizin şərindən və pis əməllərimizdən ALLAH`a sığınırıq! ALLAH kimə hidayət verərsə, onu heç kim azdıra bilməz. Kimi də azdırsa, ona heç kim hidayət verə bilməz. Şəhadət edirəm ki, ALLAH`dan başqa haqq ilah yoxdur. O, Təkdir və şəriki yoxdur. Şəhadət edirəm ki, Muhəmməd (sav) Onun qulu və Rəsuludur. UCA ALLAH Ona, əhli-beytinə və əshabına xeyir-dua və çoxlu salam etsin!
ALLAH`dan layiqincə qorxun, ey ALLAH`ın qulları! Kim RƏBB`indən layiqincə qorxarsa dərəcələrlə yüksələr və ölümündən sonra gedəcəyi yer gözəl olar.
Ey müsəlmanlar! İnsanlar, dinlərinin və dünyalarının nizama salınmasında faydalar əldə etmə və zərərləri uzaqlaşdırmaqda RƏBB`lərinə möhtacdırlar. İnsanın kamilliyi, ALLAH`a qulluğu layiqincə etməsi ilə gerçəkləşir. Qulun, qulluğu layiqincə yerinə yetirməsi artdıqca kamilliyi də artar və dərəcəsi yüksələr. ALLAH , qullarını Ondan yardım diləyəcəkləri bir qapıya yönəltmək üçün bəzi müsibətlərlə imtahan edir. Bu, bəla içində gizlənmiş nemətlərdəndir. ALLAH`a möhtac olduğunu göstərmək zənginlik və ibadətin əsasıdır. İbadətin ən uca məqsədi¬dir. ALLAH`ın önündə əyilmək böyük bir izzətdir. Dua, qulluğun işarəsidir. UCA ALLAH qulların Ondan bütün ehtiyaclarını qarşılamağı diləmələrini istəyir.
Qudsi bir hədisdə UCA ALLAH :
“Ey qullarım! Mənim hidayət verdiyim qullardan başqa hamınız zəlalət içindəsiniz. Məndən hidayət istəyin ki, sizi hidayətə çatdırım. Ey qullarım! Mənim doyurduğum qullardan başqa hamınız acsınız. Məndən, doyurmağımı istəyin ki, sizi doyurum!” buyurur.
(Muslim)
UCA ALLAH , qulların Ona yalvarmaqları olmasa ibadətə əhəmiyyət verməz.
UCA ALLAH belə buyurur:
“(Ya Rəsulum!) De: “Əgər duanız (ibadətiniz) olmasa, RƏBB`imin yanında nə qədir-qiymətiniz olar? Siz (Quranı və öz Peyğəmbərinizi) təkzib etdiniz. Buna görə də (nə dünyada, nə də axirətdə əzab) yaxanızdan əl çəkməyəcəkdir!”
(əl-Furqan surəsi, 25/77.)
Dua etmək, ALLAH`ın elçilərinin və fəzilətli qullarının sifətlərindəndir.
ALLAH belə buyurur:
“Biz (Zəkəriyyənin) duasını qəbul buyurduq, ona Yəhyanı bəxş etdik və zövcəsini (doğmağa) qabil bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsər (yaxşı əməllər etməkdə bir-birini ötməyə çalışar), ümid və qorxu ilə (rəhmətimizə ümid bəsləyib əzabımızdan qorxaraq) Bizə ibadət edirdilər. Onlar Bizə müti idilər.”
(əl-Ənbiya surəsi, 21/90.)
Həniflərin imamı İbrahim belə buyurur:
“Mən sizi və sizin ALLAH`dan başqa tapındığınız bütləri tərk edib bir kənara çəkilir və öz RƏBB`imə dua (ibadət) edirəm. Ola bilsin ki, mən RƏBB`imə iba¬dət etməklə bədbəxt (Onun mərhəmətindən məhrum) olmayım.”
(Məryəm surəsi, 19/48)
Dua qəlbin baxçasıdır və dünyanın cənnətidir. Dua, zamana və məkana bağlı olmayan asan və mütləq bir ibadətdir. Gecə və gündüz, quruda və dənizdə, yaşadığın yerdə və səfərdə dua etmək lazımdır. Faydası dünyada dirilərə və qəbirlərində ölülərə çatar.
Dua, ALLAH`ınQ iznilə bəlaları və müsibətləri ortadan qaldırır. Əzabın və həlakın gerçəkləşməsinə mane olur. Dua möminin silahıdır. İstənilənin gerçəkləşməsi üçün duadan daha faydalı və daha təsirli heç bir şey yoxdur. O, bəlanın düşmənidir. Onu uzaqlaşdırır və yox edir. Həyata keçməsinə mane olur və ya gerçəkləşsə təsirini azaldır. Ömər ibn əl-Xattab (r.a) belə deyir: “Mən duanın qəbul edilib edilməməsi haqda düşünmürəm. Fəqət dua edə bilməməkdən ehtiyatlanıram. Mənə dua nəsib olunarsa, qəbulu da mütləq onunla birlikdə olar.” Dua, nemətləri əldə etməkdə və bəlaları uzaqlaşdırmaqda ən gözəl vasitədir. Dua ilə qəm və kədər yox olar. Dua anında ALLAH`ın qula yaxın olması, şərəf olaraq duaya kifayətdir.
İnsanların ən acizi dua etməkdən aciz olandır. İnsanların ən zəif düşüncəlisi və ən az ümidi olanı dua etməyəndir. Dua, yalnız xeyirdir. Çünki müsəlman, istəniləni tez və ya geç verən Səxavətli və Kərəm sahibi ALLAH`ın önündə yalvarır. İbn Hacər belə deyir: “Hər dua edənin duasına cavab verilir. Fəqət cavablar müxtəlifdir. Bəzən istənilən verilir. Bəzən də onun yerinə ona uyğun bir şey verilir.”
Dua ilə nəfslər ucalır, ümidlər böyüyür və insanların əlinə baxmaqdan uzaqlaşır. Dua edən dəyərli və hörmətli insandır. Dua edənin ixlası və istəyi artdıqca, dua da qəbul edilməyə o dərəcədə layiq olar. Yəhya ibn Muaz (r.a) belə deyir: “Duada qəlbini tamamən ALLAH`a verənin duası rədd edilməz.” Yediyini və içdiyini təmiz tut, şübhələrdən çəkin. Dua etmədən əvvəl saleh əməl işlə. RƏBB`inə, qəlbində hiss edərək və yavaş bir səslə dua et. Zəkəriyya (aleyhissələm) RƏBB`inə yavaş bir səslə səslənərək belə dedi:
“(O zaman) Zəkəriyyə RƏBB`inə dua edərək dedi: “Ey RƏBB`im! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!”
(Ali İmran surəsi, 3/38.)
UCA ALLAH da onu Yəhya ilə ruziləndirdi. Dua və RƏBB`inə tərif edərkən ən gözəl sözləri seç. Fəzilətli vaxtların və saleh əməllərin işləndiyi halların ən dəyərlisindən istifadə et. Dua etdiyində, duanda RƏBB`indən israrla istə.
Rəsulullah (sav) belə buyurur:
“Sizdən biriniz dua etdiyində israrla istəsin!”
Səcdədə olan, RƏBB`inə daha yaxındır və istədiyi verilməyə daha layiqdir. Ailən, nəfsin, malın və ruzi qaynağın əleyhinə dua etməkdən çəkin!
Rəsulullah (sav) belə buyurur:
“Nəfsləriniz əleyhinə dua etməyin! Uşaqlarınız əleyhinə dua etməyin! Mallarınız əleyhinə dua etməyin!”
(Muslim.)
Duana dərhal cavab verilməsini gözləmə və ALLAH`dan istədiyində israrlı ol! Rəsulullah (sav), Ri`l və Zəkvan qəbilələri əleyhində bir ay dua etdi. RƏBB`in Kərəm və Həya sahibidir. ALLAH , qulu əlini qaldırıb dua etdiyində, onu boş geri çevirməkdən həya edir. Dua et, çünki RƏBB`in səxavətlidir. Onun qarşısına çıx və bütün işləri Ona həvalə et. İstəyində qətiyyətli ol və arzunu artır! Çünki O , Ondan istəyəni rədd etməz və dua edənin diləyini geri çevirməz. Yaqub (aleyissələm) belə deyir:
“(Yaqub) belə cavab verdi: “Mən dərd-sərimi yalnız ALLAH`a ərz edirəm…”
(Yusuf surəsi, 12/86.)
O , hər şeyi eşidir, hər şikayəti duyur və hər bəlanı yox edir. Möhtac vəziyyətə düşən bir kəs ehtiyacının qarşılanmasını insanlardan gözləsə ehtiyacı qarşılanmaz. RƏBB`indən gözləyənin isə ehtiyacı qarşılanar və O nə gözəl ruzi verəndir. Ey dua edən şəxs! Şikayətini ALLAH`a bildir və Ona möhtac olduğunu göstər! Çünki O , çətin vəziyyətdə olanlara və yardım istəyənlərə kömək edər. Gecə və gündüz qullarına ruzi bəxş edər. Müsibətin uzaqlaşdırılması gözləndiyində bu ümidi boşa çıxarmaz. Fəlakətin ortadan qalxması Ondan istəndiyində, O fəlakəti ortadan qaldırar. Müsibətlərin uzaqlaşdırılması ALLAH`dan başqasından gözləmək olmaz. Xəzinələrin açarları Onun əlindədir. Dua edənə qapısı açıqdır. Düçar olduğun hər bəlanın ortadan qalxmasında ALLAH haqqında gözəl zənn et! RƏBB`i haqqında gözəl zənn edənə RƏBB`i xeyirlərini bol-bol verər. Ən gözəl fəzilətləri onun üzərinə örtər. Duanı ixlas ilə et! İstəməyə davam elə! Çünki verən Səxavətlidir. Çətinlikləri ortadan qaldırır və hər şeyə Qadirdir. Dua etdiyində duana dərhal cavab verilməsini gözləmə! Duana cavab verilməsi gecikdikdə ümidini kəsmə! Qapını çoxlu döyənə qapının açılması yaxındır. İnsanlar yataqlarında yatdığında, səhər qaranlığında RƏBB`in sənə “Mənə dua edənin duasına cavab verim” deyərkən, yalvaran əllərini Mövlaya doğru qaldır.
Azan və iqamə arasında edilən dua rədd edilməz. Atanın uşağı üçün etdiyi dua qəbul edilir. Ey atalar! Uşaqlarınızın hidayəti, səadətinin davamı və fitnələrdən qorunması üçün çoxlu dua edin! Müsəlmanın, müsəlman qardaşı üçün etdiyi dua qəbuldur və mələklər bu dua üçün “Amin!” deyirlər. Ata-anasına qarşı yaxşı davrananın duası rədd edilməz. Cümə günü duanın qəbul olduğu bir vaxt vardır. Salehlərə əziyyət və onlarla lağ-lağı etmə! Çünki onların ALLAH qatında bir dəyəri vardır, duaları qəbul edilir. ALLAH , dostlarından bəhs etdiyi bir qudsi hədisdə belə buyurur:
“Məndən istəyərsə ona istədiyini verərəm! Mənə sığınarsa onu qoruyaram!”
Zamanın musibətlərinə düçar olub, ALLAH`a yalvaranı ALLAH qoruyar.
UCA ALLAH belə buyurur:
“(Bütlər yaxşıdır) yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? ...”
(ən-Nəml surəsi, 27/62.)
Yunus (aleyhissələm) balığın qarnına atılır və dua ilə heç bir əziyyət çəkmədən oradan çıxarılır. Rəsulullah (sav) belə buyurur:
“Balıq sahibinin (Yunusun ) duası “Səndən başqa haqq ilah yoxdur. Səni bütün nöqsanlardan tənzih edirəm. Mən zalımlardan oldum!” idi. Müsəlman çətin bir vəziyyətdə bu dua ilə dua edərsə mütləq duası qəbul edilər.”
Bir başqa sözlə isə belə buyurur:
“Çətin vəziyyətdə olan bir kimsə bunu söyləsə ALLAH mütləq onu bu vəziyyətdən çıxarar.”
(ət-Tirmizi.)
Dua ilə vəziyyətlər dəyişər. Qısır olan doğar. Xəstə olan sağalar. Kasıblar zəngin və bədbəxtlər xoşbəxt olar. Bir dua ilə ALLAH`ın dilədiyindən başqa, yer üzündə yaşayanların hamısı suya qərq oldu.
UCA ALLAH belə buyurur:
“Nuh dedi: “Ey RƏBB`im! Yer üzündə bir nəfər belə kafir qoyma!”
(Nuh surəsi, 71/26.)
Firon Musanın (aleyhissələm) duası ilə həlak oldu.
Musa (aleyhissələm) belə dedi:
“Musa dedi: “Ey RƏBB`imiz! Sən Firona və əyan-əşrafına dünyada zinət və mal-dövlət ehsan etdin! Ey RƏBB`imiz! (Bu sərvəti onlara bəndələrini) Sənin (haqq) yolundan azdırmaq üçün verdin? Ey RƏBB`imiz! Onların mal-dövlətini məhv et və ürəklərini möhürlə (sərtləşdir) ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər!”
(Yunus surəsi, 10/88.)
Süleymana 9aleyhissələm) verilən hesabsız nemətlər RƏBB`inə dua etdiyi üçün verildi. Əyyub (aleyhissələm) yalvarışı sayəsində xəstəliyindən qurtuldu.
UCA ALLAH belə buyurur:
“(Ya Rəsulum!) Əyyubu da (yada sal)! Bir vaxt o, RƏBB`inə yalvarıb dua edərək belə demişdi: “Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilərin Rəhmlisisən!”
(əl-Ənbiya surəsi, 21/83.)
Peyğəmbərimiz Muhəmmədə (sav) Bədr günü imkanlarının və sayılarının azlığına baxmayaraq özünü tamamən Mövlaya həvalə etməsinə görə mələklərlə yardım edildi.
ALLAH belə buyurur:
“O zaman siz (dua edərək) RƏBB`inizdən kömək diləyirdiniz. (ALLAH:) “Mən sizin imdadınıza bir-birinin ardınca gələn min mələklə çataram!” - deyə duanızı qəbul buyurmuşdu.”
(əl-Ənfal surəsi, 8/9.)
Ey zülmə məruz qalan insan! Yollar tükənib, qapılar üzünə bağlandıqda hər şeyə qadir olan ALLAH`a yönələrək göylərin qapısını döy! Çünki O, məzlumların və gücsüzlərin sığınacağıdır.
Bir adam, Sa`d ibn Əbi Vaqqasa (rşa) zülm edir. Sa`d (rşa) belə dua edir: “ALLAH`ım! Onun gözünü kor et, ömrünü uzat və fitnələrə düçar elə!” Bunu rəvayət edən ravi belə deyir: “Mən, o adamı daha sonra gördüm. Gözü kor olmuş, qocalıqdan qaşları uzanıb gözlərinin üzərinə düşmüşdü. Belə deyirdi: “Mən, Sa`dın bəd duasına və fitnələrə düçar olan yaşlı bir adamam.” İbn Aqil belə deyir: “İxlaslı insanın və zülmə məruz qalmış məzlumun duası tez qəbul olur.” Məzlumların və gücsüzlərin bəd duasına düçar olan şəxslərə yazıqlar olsun!
Ey müsibətə düçar olan şəxs! Qədərə səbr et! Çünki zəfər səbirlədir. Müsibətlə bərabər qurtuluş, çətinliklə bərabər yüngüllük vardır. Həqiqi bəla, səni RƏBB`indən uzaqlaşdırandır. Səni, Onun önündə durmağa məcbur edən vəziyyətlərdə isə sənin kamilliyin və izzətin vardır. Yüngüllük gəlib, qurtuluş gerçəkləşdikdə və çətinliklər ortadan qalxdıqda ALLAH`a həmd et! Həmd etmək ALLAH`a şükür və nemətlərin artması deməkdir. Qovulmuş şeytandan ALLAH`a sığınıram!
UCA ALLAH belə buyurur:
“RƏBB`iniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!”
(əl-Muminun surəsi, 40/60.)
ALLAH məni və sizi Uca Quranı oxuyan və onunla əməl edənlərdən etsin! Ehsanı üçün ALLAH`a həmd olsun! Müvəffəqiyyətli etməsi və nemətləndirməsi səbəbilə Ona şükürlər olsun! Şəhadət edirəm ki, ALLAH`dan başqa haqq ilah yoxdur. O, Təkdir və şəriki yoxdur, Şanı ucadır. Şəhadət edirəm ki, Peyğəmbərimiz Muhəmməd Onun qulu və Rəsuludur. ALLAH Ona, əhli-beytinə və əshabına xeyir-dua və salam etsin!
Bundan sonra ey müsəlmanlar! ALLAH`ın mömin qulu haqqındakı qədəri, mane olma şəklində olsa belə bir hədiyyədir. Dərd şəklində olsa belə nemətdir. Bəla şəklində olsa belə Onun imtahanı afiyətdir.
Ömər ibn Abdu`l-AZİZ belə deyir: “Qədərin gerçəkləşməsini gözləməkdən başqa sevincim yoxdur. Sevindirici bir şey baş versə şükrüm var. Kədərli bir şey baş versə səbrim var!” Dua edənin duasına cavab verilər.
Rəsulullah (sav) belə buyurur:
“Yer üzündə ALLAH`a dua edən elə bir müsəlman yoxdur ki, ALLAH ona istədiyini verməsin. Ya da buna bənzər bir pisliyi ondan uzaqlaşdırmasın. Yetər ki, bir günahı və ya qohumluq bağını qoparmağı istəməsin!”
Camaatdan bir nəfər “Belə isə çoxlu istəyək” dedi.
Rəsulullah :
“ALLAH`ın ehsanı sizin dualarınızın qarşılığından daha çoxdur” buyurdu.”
(ət-Tirmizi.)
ALLAH ilə birlikdə bir başqasına da dua edənlər, dualarının qəbul olunma qapısını bağlamış insanlardır.
ALLAH belə buyurur:
“ALLAH`ı qoyub qiyamətədək özünə cavab verə bilməyənlərə ibadət edən kimsədən daha çox (haqq yoldan) azmış kim ola bilər?! Halbuki bunlar onların ibadətindən xəbərsizdirlər!”
(əl-Əhqaf surəsi, 46/5.)
Onların ölülərə dua etməsi boşa getmişdir. Ölülər istəyini yerinə yetirməz və istənməyənə mane olmaz. Bu, böyük şirkdir və bağışlanmayan bir günahdır.
UCA ALLAH belə buyurur:
“ALLAH`dan başqa, sənə nə bir xeyir, nə də zərər verə bilən şeylərə ibadət etmə! Əgər belə etsən, şübhəsiz ki, özünə zülm edənlərdən olarsan!, - deyə buyurulmuşdur.”
(Yunus surəsi, 10/106.)
Rəsulullah (sav) da belə buyurur:
“İstədiyində ALLAH`dan istə, yardım dilədiyində ALLAH`dan dilə!”
Dua etməyə çalış! İbadəti yalnız ALLAH`a et və duada ALLAH`ı təklə. Ömrünü qənimət bil. Dua ilə heç kim həlaka düçar olmayacaqdır. Xoşbəxt insan buna muvəffəq olandır. Məhrum insan isə ibadət ləzzətindən məhrum olan və ya ALLAH`ın rəhmətindən ümidini kəsəndir. Sonra bilin ki, ALLAH sizə Peyğəmbərinə xeyir-dua və salam eləməyinizi əmr etmiş və belə buyurmuşdur:
“Həqiqətən, ALLAH və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın!”
(əl-Əhzab surəsi, 33/56.)
Abdu`l-MUHSİN əl-Qasim
03.08.1422 hicri
www.islamevi.az
Bu kitab, DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN 20/06/2006 tarixli ? DK – 221d saylı razılığı ilə nəşr edilmişdir.
Tarix: 06.05.2013 / 19:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 538 Bölmə: Dualar