Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DUA EDƏRKƏN YOL VERİLƏN XƏTALAR

Elə insanlar vardır ki, dua edərkən dində heç bir əsası olmayan müxtəlif xətalara yol verər və özlərinin etdikləri dualarına görə Allah yanında savab qazandıqlarını iddia edərlər. Halbuki, etdikləri əsassız dualar onların savab deyil, əksinə, günah qazanmalarına, hətta, etdikləri dualarında Allaha şərik qoşarlarsa, İslam dinindən belə çıxmalarına səbəb ola bilər. Dua edərkən yol verilən xətalardan bir neçəsi bunlardır:

Allahdan qeyrisinə - ağaca, qəbirə, pirə, daşa, övliyalara, vəfat etmiş saleh insanlara və s. dua edərək onlardan kömək istəmək
Keçən ayə və hədisdən[1] bizə məlum oldu ki, dua etmək ibadətdir. İbadəti isə Allahdan qeyrisinə etmək isə ən böyük və bağışlanmayan bir günah sayılır ki, buna şirk deyilir. Ona görə də hər şeyin yaradıcısı və hər şeyə qadir olan Allahı qoyaraq Peyğəmbərləri, övliyaları, pirləri, saleh insanları, ölüləri, daşları, ağacları və s. köməyə çağırıb, onlardan yardım istəyərək Allaha şərik qoşmaq olmaz. Çünki Allah-təala Ona şərik qoşanı heç vaxt bağışlamaz.

Allah-təala buyurmuşdur:

إِنَّ اللّهَ لاَ يَغْفِرُ أَن يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَن يَشَاء وَمَن يُشْرِكْ بِاللّهِ فَقَدْ ضَلَّ ضَلاَلاً بَعِيدًا›

“Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan aşağı olan günahları isə istədiyi şəxsə bağışlar. Allaha şərik qoşan şəxs, şübhəsiz ki, (haqq yoldan) çox azmışdır.”[2]
Bəziləri iddia edirlər ki, Allah-təalanın qadağan etdiyi dua yalnız bütlərə olan duadır. Lakin, bu heç də belə deyildir. Əksinə həmin bütlər saleh insanların timsalından başqa bir şey deyildir. Necə ki, Allah-təala buyurmuşdur:

إِنَّ الَّذِينَ تَدْعُونَ مِن دُونِ اللّهِ عِبَادٌ أَمْثَالُكُمْ فَادْعُوهُمْ فَلْيَسْتَجِيبُواْ لَكُمْ إِن كُنتُمْ صَادِقِينَ. أَلَهُمْ أَرْجُلٌ يَمْشُونَ بِهَا أَمْ لَهُمْ أَيْدٍ يَبْطِشُونَ بِهَا أَمْ لَهُمْ أَعْيُنٌ يُبْصِرُونَ بِهَا أَمْ لَهُمْ آذَانٌ يَسْمَعُونَ بِهَا قُلِ ادْعُواْ شُرَكَاءكُمْ ثُمَّ كِيدُونِ فَلاَ تُنظِرُونِ. إِنَّ وَلِيِّـيَ اللّهُ الَّذِي نَزَّلَ الْكِتَابَ وَهُوَ يَتَوَلَّى الصَّالِحِينَ. وَالَّذِينَ تَدْعُونَ مِن دُونِهِ لاَ يَسْتَطِيعُونَ نَصْرَكُمْ وَلآ أَنفُسَهُمْ يَنْصُرُونَ›

“Allahdan başqa köməyə çağırdıqlarınız da sizin kimi bəndələrdir. Əgər (onların sizə bir kömək edə biləcəyi barəsindəki iddianızda) doğrusunuzsa, haydı, onları çağırın, sizə cavab versinlər.
Məgər onların yeriyən ayaqları, ya tutan əlləri, ya görən gözləri, yaxud eşidən qulaqları var?! De: “Haydı, çağırın şəriklərinizi, mənim barəmdə istədiyiniz hiyləni qurun və mənə heç möhlət də verməyin!
(De ki,) Şübhəsiz ki, mənim hamim Kitabı (Quranı) nazil edən Allahdır. O, əməlisalehlərə himayədarlıq edər!
Sizin Ondan başqasına dua etdikləriniz isə nə sizə, nə də özlərinə bir köməklik edə bilər!” [3]
Həmçinin, buyurmuşdur:

وَالَّذِينَ يَدْعُونَ مِن دُونِ اللّهِ لاَ يَخْلُقُونَ شَيْئًا وَهُمْ يُخْلَقُونَ .أَمْواتٌ غَيْرُ أَحْيَاء وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ›

“Onların Allahdan qeyri dua etdikləri heç bir şey yarada bilməzlər, əksinə, onlar özləri yaradılırlar.
Onlar ölüdürlər, diri deyillər və (insanların, bütün məxluqatın) nə vaxt diriləcəklərini də bilməzlər.”[4]
Ayədən məlum olur ki, bir şey yaratmağa qadir olmayan kəs dua edilməyə layiq deyildir.
Həmçinin, buyurmuşdur:

ذَلِكُمُ اللَّهُ رَبُّكُمْ لَهُ الْمُلْكُ وَالَّذِينَ تَدْعُونَ مِن دُونِهِ مَا يَمْلِكُونَ مِن قِطْمِيرٍ. إِن تَدْعُوهُمْ لَا يَسْمَعُوا دُعَاءكُمْ وَلَوْ سَمِعُوا مَا اسْتَجَابُوا لَكُمْ وَيَوْمَ الْقِيَامَةِ يَكْفُرُونَ بِشِرْكِكُمْ وَلَا يُنَبِّئُكَ مِثْلُ خَبِيرٍ›

“Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur. Sizin Ondan qeyri köməyə çağırdıqlarınız bir çəyirdək qabığına belə sahib deyillər.
Əgər siz onları çağırsanız (dua etsəniz), onlar sizin çağırışınızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin (Onları Allaha) şərik qoşduğunuzu danacaqlar. (Ya Peyğəmbər!) Heç kəs sənə hər şeydən xəbərdar olan (Allah) kimi xəbər verə bilməz! ”[5]
Həmçinin buyurmuşdur:

فَابْتَغُوا عِندَ اللَّهِ الرِّزْقَ وَاعْبُدُوهُ وَاشْكُرُوا لَهُ إِلَيْهِ تُرْجَعُونَ›

“Ruzini yalnız Allahdan diləyin. Ona ibadət edin, Ona şükr edin. Siz qiyamət günü Onun hüzuruna qaytarılacaqsınız. ”[6]
Başqa bir ayədə isə Allah- təala Onu qoyub başqalarını özlərinə övliya seçənləri məzəmmət edərək buyurmuşdur:

مَثَلُ الَّذِينَ اتَّخَذُوا مِن دُونِ اللَّهِ أَوْلِيَاء كَمَثَلِ الْعَنكَبُوتِ اتَّخَذَتْ بَيْتًا وَإِنَّ أَوْهَنَ الْبُيُوتِ لَبَيْتُ الْعَنكَبُوتِ لَوْ كَانُوا يَعْلَمُونَ.إِنَّ اللَّهَ يَعْلَمُ مَا يَدْعُونَ مِن دُونِهِ مِن شَيْءٍ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ.وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ وَمَا يَعْقِلُهَا إِلَّا الْعَالِمُونَ›

“Allahdan başqa özlərinə övliya seçənlər özünə yuva qurmuş hörümçəyə bənzəyirlər. Evlərin ən zəifi isə, şübhəsiz ki, hörümçək yuvasıdır. Kaş biləydilər!
Şübhəsiz ki, Allah onların Allahı qoyub nəyə dua etdiklərini bilir. O, yenilməz qüvvət və hikmət sahibidir!
Biz bu məsəlləri insanlar üçün çəkirik. Onları yalnız (haqqı) bilənlər anlayarlar.”[7]
Həmçinin, Allah – təala Ondan qeyrilərinə bel bağlayaraq təvəkkül edənləri qınayaraq buyurmuşdur:

وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ لَيَقُولُنَّ اللَّهُ قُلْ أَفَرَأَيْتُم مَّا تَدْعُونَ مِن دُونِ اللَّهِ إِنْ أَرَادَنِيَ اللَّهُ بِضُرٍّ هَلْ هُنَّ كَاشِفَاتُ ضُرِّهِ أَوْ أَرَادَنِي بِرَحْمَةٍ هَلْ هُنَّ مُمْسِكَاتُ رَحْمَتِهِ قُلْ حَسْبِيَ اللَّهُ عَلَيْهِ يَتَوَكَّلُ الْمُتَوَكِّلُونَ›

“Həqiqətən, əgər onlardan: “Göyləri və yeri kim yaratmışdır?!” – deyə soruşsan, mütləq: “Allah!” – deyə cavab verəcəklər. (Ya Peyğəmbər!) De: “Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq (sıxıntı vermək) istəsə, sizin Allahdan qeyri dua etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi?! Yaxud: “Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi ?!” De: “Mənə təkcə Allah kifayət edər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edərlər! “[8]
Həmçinin, buyurmuşdur:

وَتَوَكَّلْ عَلَى الْحَيِّ الَّذِي لَا يَمُوتُ وَسَبِّحْ بِحَمْدِهِ وَكَفَى بِهِ بِذُنُوبِ عِبَادِهِ خَبِيرًا›

“Ölməz, həmişə diri olana (Allaha) bel bağla və Onu həmd-səna ilə təqdis et (və ya Onun nemətlərinə şükr edərək namaz qıl). (Allahın) Öz bəndələrinin günahlarından xəbərdar olması (onları layiqincə cəzalandırmağa) kifayət edər.” [9]
Ayədən anlaşılır ki, təvəkkül edilərək bel bağlanılan varlıq əbədiyyən diri olub ölməməlidir. Şübhəsiz ki, bu sifətə layiq yalnız Allah-təaladır.
Keçən ayələrdən məlumdur ki, insan yalnız Allahdan kömək istəyərək Ona bel bağlamalıdır.
Bir çox müsəlmanlar elə zənn edirlər ki, Allaha şərik qoşmaq deyildikdə yalnız Allahdan qeyrisinin göyləri, yeri, insanları və s. yaratmalarını etiqad etmək, yaxud da Allahdan qeyrisinə boyun əyərək namaz qılmaq deməkdir.
Bəli, şübhə yoxdur ki, yuxarıda adı çəkilənləri etiqad edən insan Rəbbinə şərik qoşmuş olur. Lakin bunlarla yanaşı Allahdan qeyrisinin yolunda sədəqə vermək, qurban kəsmək, Allahdan qeyrisinə dua edərək, ey filankəs, mənə kömək ol, mənə şəfa ver demək, yaxud Allahdan qeyrisinə təvəkkül edərək ona sığınmaq kimi ibadətlər də vardır ki, Allaha şərik qoşmaq sayılır. Əgər şərik qoşmaq yalnız Allahdan qeyrisinin yaradan olduğunu etiqad etməkdirsə, onda Allah-təala müşrikləri qınayaraq onları Cəhənnəm əzabı ilə qorxutmazdı. Çünki həmin müşriklər özləri göylərin, yerin və s. yaradanının yalnız Allah-təala olduğunu təsdiqləyirdilər.
Allah-təala buyurmuşdur:

وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ لَيَقُولُنَّ اللَّهُ فَأَنَّى يُؤْفَكُونَ›

“(Ya Rəsulum!) Həqiqətən, əgər (Məkkə müşriklərindən) “Göyləri və yeri kim yaratmış, günəşi və ayı kim ram (öz əmrinə, insanların mənafeyinə kim tabe) etmişdir?” – deyə soruşsan, onlar mütləq “Allah!” – deyə cavab verəcəklər. Elə isə onlar (tovhiddən, yalnız Allaha ibadət etməkdən) niyə döndərilirlər? ” [10]
Bəziləri, Allahdan qeyrisinə edilən, ey filankəs, mənə övlad, ruzi, yaxud sağlamlıq ver kimi duaları yozaraq deyirlər ki, bu dua, ey filankəs, mənə Allahın ruzi verməsi üçün Allah yanında şəfaətçi ol deməkdir. Lakin cümlədən aydın olduğu kimi Allahdan qeyrisinə müraciət edərək nəsə istəmək onu şəfaətçi yox, əksinə, birbaşa onun özündən istəmək sayılır.
Çünki əks məna vermək nə Azərbaycan dilinin, nə də başqa dillərin leksikasına uyğun deyildir. Ona görə də Allahdan qeyrisindən yardım istəyənlərə göz yumaraq inkar etmir, əksinə, onlara bəraət qazandırırlar. Heç düşünmürlərmi ki, bu əməllərinə görə Allah qarşısında cavab verməli olacaqlar? Məgər onlar Allah-təalanın “Fatihə” surəsində buyurduğu:

إِيَّاكَ نَعْبُدُ وإِيَّاكَ نَسْتَعِينُ›

“Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyərik.”[11] - ayəsini namazlarında dəfələrlə oxumurlarmı?
Allah-təala özlərinə Ondan qeyrilərini övliya tutaraq guya onların vasitəsi ilə Allaha yaxınlaşdıqlarını zənn edənlər barəsində buyurmuşdur:

أَلَا لِلَّهِ الدِّينُ الْخَالِصُ وَالَّذِينَ اتَّخَذُوا مِن دُونِهِ أَوْلِيَاء مَا نَعْبُدُهُمْ إِلَّا لِيُقَرِّبُونَا إِلَى اللَّهِ زُلْفَى إِنَّ اللَّهَ يَحْكُمُ بَيْنَهُمْ فِي مَا هُمْ فِيهِ يَخْتَلِفُونَ إِنَّ اللَّهَ لَا يَهْدِي مَنْ هُوَ كَاذِبٌ كَفَّارٌ›

“Bil ki, xalis din (sırf ibadət, təmiz itaət), ancaq Allaha məxsusdur. Allahı qoyub qeyrilərini özlərinə övliya tutanlar “Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” - (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (Qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz! ” [12]
Həmçinin, buyurmuşdur:

وَيَعْبُدُونَ مِن دُونِ اللّهِ مَا لاَ يَضُرُّهُمْ وَلاَ يَنفَعُهُمْ وَيَقُولُونَ هَـؤُلاء شُفَعَاؤُنَا عِندَ اللّهِ قُلْ أَتُنَبِّئُونَ اللّهَ بِمَا لاَ يَعْلَمُ فِي السَّمَاوَاتِ وَلاَ فِي الأَرْضِ سُبْحَانَهُ وَتَعَالَى عَمَّا يُشْرِكُونَ›

“Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilənlərə ibadət edir və “Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!” – deyirlər. De: “Allaha göylərdə və yerdə (Özünə şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah Özünə şərik qoşulanlardan uzaqdır və ucadır! ” [13]

Bu keçən açıq- aydın ayələrdən ağıl və bəsirət gözü açıq olanlar üçün Allahdan qeyrilərinə dua edərək onları köməyə çağırmağın qadağan olduğunda heç bir şəkk- şübhə qalmamalıdır.
Onu da qeyd etmək istəyirəm ki, övliyalara, yaxud saleh insanlara qurban kəsməyi, onlara nəzir verməyi, onlardan yardım diləməyi inkar etməklə məqsədim onları hörmətdən salmaq deyildir. Şübhə yoxdur ki, övliyaların və Allah-təalaya ibadət edən saleh insanların Allah yanında hörmətləri qat-qat üstündür. Lakin Allahın övliyası deyildikdə kimlər nəzərdə tutulur? O insanlar ki, Rəblərinə ibadət edərlər, dinin buyurduğu beş əsası (namazı, orucu, zəkatı və s.) lazımınca yerinə yetirərlər, haram yeməzlər, özlərini camaat içində “Mən Allahın övliyasıyam” deyərək büruzə verməzlər, təvazökarlıq edərlər, insanları Allah-təalaya ibadət etməyə çağırarlar və s. Bu gözəl sifətlərə malik olan insanlar Allahın həqiqi övliyalarıdırlar. Allah-təala onlar barəsində buyurmuşdur:

أَلا إِنَّ أَوْلِيَاء اللّهِ لاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُون. الَّذِينَ آمَنُواْ وَكَانُواْ يَتَّقُونَ. لَهُمُ الْبُشْرَى فِي الْحَياةِ الدُّنْيَا وَفِي الآخِرَةِ لاَ تَبْدِيلَ لِكَلِمَاتِ اللّهِ ذَلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ›

“Bilin ki, Allahın övliyalarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.
O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər, onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri (verdiyi vədlər) heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur (uğurdur)! ” [14]
O kəslər ki, Allah-təalaya lazımınca ibadət etməzlər, insanları özlərinə cəlb etmək üçün dinin bəzi buyruqlarına naqis olaraq əməl edərlər ki, guya onlar Allah bəndələridirlər, insanlar arasında “mən övliyayam” deyərək mal-dövlət əldə edərlər, hətta, Allahı yox, birbaşa onları çağıraraq yardım istəyənlərə, onların adına qurban və nəzir verənlərə və s. etiraz etməzlər. Şübhəsiz ki, bunlar Allah-təalanın yox, əksinə, Şeytanın övliyalarıdırlar. Necə ola bilər ki, insan övliya ola, lakin Allah-təalanın nazil etdiyi Qurandan xəbəri olmaya? Allaha yox, ona yalvararaq kömək istənilə və o da bunlara göz yuma?
Allah-təala buyurmuşdur:

وَإِلَى رَبِّكَ فَارْغَبْ›

“Və ancaq Rəbbinə yalvar! (Üzünü Allaha çevirib, yalnız Onun köməyinə bel bağla, Ona tərəf yönəl!) ” [15]
Həqiqi övliyaların həyatına nəzər saldıqda, onların etdikləri gözəl ibadətlərini və saleh əməllərini gördükdə doğrudan da onların Allah-təalanın həqiqi saleh bəndələri olduqlarına heç bir şəkk-şübhə qalmır. Ona görə də, Allah-təala onların etdikləri ibadətləri və saleh əməlləri sayəsində onlara hər insana verilməyən neçə-neçə kəramətlər vermişdir ki, bu qeyri-adi olan kəramətlərə, yalnız Allah-təalanın övliyaları nail ola bilərlər. İnanılasıdır ki, əgər sağ ikən Allaha yox, onlara dua edilərək yardım istənilsəydi, onlar üçün qurban və ya nəzir verilsəydi, onlar heç vaxt bu əməllərdən razı qalmazdılar. Əksinə, inkar edərdilər. Çünki bu əməllər ibadətdir və ibadət olunmağa yalnız Allah layiqdir.
Allah-təala buyurmuşdur:

وَمَنْ أَضَلُّ مِمَّن يَدْعُو مِن دُونِ اللَّهِ مَن لَّا يَسْتَجِيبُ لَهُ إِلَى يَومِ الْقِيَامَةِ وَهُمْ عَن دُعَائِهِمْ غَافِلُونَ. وَإِذَا حُشِرَ النَّاسُ كَانُوا لَهُمْ أَعْدَاء وَكَانُوا بِعِبَادَتِهِمْ كَافِرِينَ›

“Allahı qoyub Qiyamətədək özünə cavab verə bilməyənləri köməyə çağıran kimsədən daha çox (haqq yoldan) azmış kim ola bilər?! Halbuki, bunlar onların çağırışından xəbərsizdirlər!
İnsanlar məhşərə toplanacaqları zaman bunlar onlara düşmən olacaq və onların ibadətini inkar edəcəklər.” [16]
Allahın Peyğəmbərlərini və övliyalarını sevmək, onlardan yardım diləyərək qurban kəsməklə və s. yox, əksinə, onlara tabe olaraq etdikləri ibadətlərini və saleh əməllərini nümunə götürməklə bilinir.

2. Allaha bidət və dində əsası olmayan şeylərlə təvəssül etmək[17]

3. Allahdan ölüm istəmək
Elə insanlar vardır ki, başına bir müsibət gəldiyi zaman səbr etməyərək Allah-təaladan onu öldürməsini istəyərlər. Lakin belə dua edərək ölüm arzulamağı Peyğəmbərimiz (sallallahu aleyhi va əlihi va səlləm) qadağan etmişdir.
Ənəsdən (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Sizdən heç bir kəs başına gələn müsibətə görə ölüm arzulamasın. Əgər ölümü mütləq arzulamaq istəyərsə, belə desin: “Allahım, əgər yaşamaq mənim üçün daha xeyirlidirsə, məni yaşat! Əgər ölüm mənim üçün daha xeyirlidirsə, məni öldür!” [18]

4. Dünyada ikən cəzanın tezləşməsini istəmək
Buna misal: İnsanın “Ey Allahım, dünyada ikən mənim cəzamı ver ki, Qiyamət günündə Cənnətə daxil olum və Cəhənnəm əzabını görməyim” deməsidir.
Lakin belə demək düzgün deyildir. Əksinə, Allah-təaladan həm dünyada həm də axirətdə əzabdan onu uzaq etməsini istəməlidir.
Ənəsdən (radiyallahu anhu) rəvayət olunan hədisdə buyurur:
“Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) müsəlmanlardan olan bir xəstə kişini ziyarət etdi. O, artıq zəifləyərək cücə kimi olmuşdu. Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) ona dedi: “Sən Allaha dua edərək Ondan nəsə istəyirdinmi?” Dedi: “Bəli. Deyirdim Allahım, mənə axirətdə cəza verəcəksənsə, onu dünyada ikən mənim üçün tezləşdir.” Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurdu: “Subhənallah.” Ona gücün yetməz, yaxud bacarmazsan. Belə deyə bilmirdinmi ki, Allahım bizə dünyada da, axirətdə də gözəl nemətlər ver, bizi cəhənnəm əzabından qoru ?!” Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) onun üçün Allaha dua etdi və [Allah-təala da] ona şəfa verdi.” [19]

5. Baş verməsi mümkün olmayan, şəriətin, yaxud ağlın qəbul etmədiyi nəyisə istəyərək dua etmək
Məsələn: Dünyada əbədi yaşamağını, peyğəmbərlik verilməsini, Allah-təalanın Qiyamət gününü qopartmamasını, ölülərin dirilməsini, Allahı dünyada ikən görməsini, müsəlmanın Cənnətə girməməsini, yaxud kafir olaraq ölənin Cənnətə girməsini və s. istəmək. Bu cür dualar şəriətdə qadağan olunmuş dualardandır.

6. İnsanın özünə, ailəsinə, yaxud malına bəd dua etməsi[20]

7. Günahın baş verməsi üçün dua etmək
Məsələn: Kiminsə kafir olaraq ölməsini, içkiyə qurşanmasını, zina etməsini, yaxud Allah-təalanın onun üçün oğurluğu, soyğunçuluğu, fəsadı və s. asanlaşdırmasını istəmək kimi.

8. Qohumluq əlaqələrinin kəsilməsi üçün dua etmək
Məsələn: Allahdan ər-arvadın, qohum-əqrəbanın, ata-ana ilə övladın, müsəlmanların və s. aralarının vurulmasını istəmək.

9. Günahın yayılıb çoxalması üçün dua etmək
Yer üzündə günahın və fitnə-fəsadın çoxalmasını istəmək olmaz. Çünki Allah-təala fəsadı sevmir.
Buna misal: Bəzi insanların Mehdinin tez gəlməsi üçün fitnə-fəsadın çoxalmasını arzulamalarıdır.

10. Allahın rəhmətini başqalarından əsirgəmək
Məsələn: “Allahım, yalnız mənə ruzi, şəfa, elm və s. ver” demək. [21]

11. Namazda imamın yalnız özü üçün dua etməsi
İmamın arxasında namaz qılanlar onun duasına amin deyirlərsə, imam tək özü üçün yox, əksinə arxasındakıları da nəzərə alaraq, cəm halında dua etməlidir.
Sovbandan (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Özünə xüsusi dua edərək o biriləri yaddan çıxaran kəs heç bir qövmə imamlıq etməsin. Əgər belə edərsə, artıq onlara xəyanət etmiş olar. ” [22]
Lakin imam səcdədə olarkən, yaxud namazın axırında salamdan qabaq tək özü üçün dua edə bilər. Necə ki, Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) belə edərdi.

12. Allaha qarşı ədəbsizlik etmək
Allaha layiq olmayan sözlərlə dua etmək Ona qarşı ədəbsizlikdir. Məsələn: Ey ilanların və əqrəblərin yaradanı kimi sözlər işlətmək. Xəttabi (rahiməhullah) demişdir: “Bütün məxluqatların yaradıcısı Allah olsa belə - ey itlərin, ey meymunların və donuzların Rəbbi, yaxud xoşa gəlməyən heyvanların və həşəratların Rəbbi demək, - bəyənilmir...” [23]

13. Təcrübə, yaxud Allah-təalanı imtahan etmək üçün dua etmək
Məsələn: Təcrübə üçün dua edərək duasının qəbul olub-olmayacağını imtahan etmək məqsədi ilə dua etmək.

14. Dua edənin məqsədinin pis olması
Məsələn: Allah-təalaya dua edərək insanlar arasında fəxr etməsi, yaxud günahların asanlaşması üçün mal-dövlət, elm, oğul-uşaq və s. istəmək.

15. Dua edərkən Allahı duanın mənasına uyğun olmayan ad və sifətləri ilə çağırmaq
Məsələn: Ey şiddətli əzab verən, mənə rəhm et, yaxud ey rəhmli olan Allah müsəlmanların düşmənlərinə əzab ver və s. kimi dualar etmək.

16. Allahı Quranda və ya sunnədə varid olmayan adlarla çağıraraq dua etmək
Məsələn: Ey Sultan, ey Ğufran, ey Sübhan, ey Burhan və s. kimi adlarla çağırmaq.

17. Dua edərkən səsi ucaldaraq həddi aşmaq
Allah-təala buyurmuşdur:

ادْعُواْ رَبَّكُمْ تَضَرُّعًا وَخُفْيَةً إِنَّهُ لاَ يُحِبُّ الْمُعْتَدِينَ›

“Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz. ” [24]
Bəzi təfsir alimləri dua edərkən səsi ucaldaraq qışqırıb-bağıranların ayədə keçən həddini aşanlardan olduqlarını demişlər.
Həmçinin, Allah-təala buyurmuşdur:

وَاذْكُر رَّبَّكَ فِي نَفْسِكَ تَضَرُّعاً وَخِيفَةً وَدُونَ الْجَهْرِ مِنَ الْقَوْلِ بِالْغُدُوِّ وَالآصَالِ وَلاَ تَكُن مِّنَ الْغَافِلِينَ›

“Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et və qafillərdən olma! ” [25]
Həmçinin, buyurmuşdur:

قُلِ ادْعُواْ اللّهَ أَوِ ادْعُواْ الرَّحْمَـنَ أَيًّا مَّا تَدْعُواْ فَلَهُ الأَسْمَاء الْحُسْنَى وَلاَ تَجْهَرْ بِصَلاَتِكَ وَلاَ تُخَافِتْ بِهَا وَابْتَغِ بَيْنَ ذَلِكَ سَبِيلاً›

“(Ya Rəsulum!) De: “İstər Allah, istərsə də Rəhman deyib çağırın (dua edin). Hansını desəniz, (fərqi yoxdur), çünki ən gözəl adlar (əsmayi-hüsna) yalnız Ona məxsusdur. ” (Ya Peyğəmbərim!) Dua edərkən səsini nə çox qaldır, nə də çox alçalt. Bunun (bu ikisinin) arasında orta bir yol tut. ” [26]
Keçən ayələrdən aydın olur ki, dua edərkən səsi ucaldaraq qışqırmaq Allah-təalanın sevmədiyi bir əməldir. Ona görə də əgər dua edən imamdırsa, səsini arxasındakı namaz qılanların eşidəcəyi qədər qaldırmalı, lakin təkdirsə, yalnız gizlicə dua edərək özünün eşidəcəyi qədərdən artıq qaldırmamalıdır

18. Dua edərkən cəzm etmədən Allahın istəyinə buraxmaq
Məsələn: Allahım, istəyirsən məni bağışla, yaxud Allahım, istəyirsən mənə ruzi ver, kimi dualar etmək. Belə dualar etmək Allah-təalaya səmimi qəlblə, rəğbət və həvəslə dua edilməsinə ziddir və əksinə rəğbətin və istəyin az və ya zəif olmasına dəlalət edir. [27]

19. Allaha dua edərkən, sanki özünün Ona ehtiyacsız olduğunu düşünərək dua etmək
Belə dua edənlərə çox vaxt vəzifəsinə, yaxud mal-dövlətinə arxayın olanlar arasında rast gəlmək olar. Lakin unudulmuşdur ki, verən Allah onu geri almağa da qadirdir. Şübhəsiz ki, belə etmək Allaha qarşı olan təkəbbürlükdən meydana gəlir ki, belələrini Allah-təala Qurani-Kərimdə bir neçə yerdə məzəmmət etmişdir.

20. Dua edərkən qəsdən ağlayaraq səsi ucaltmaq
Belə hallara çox vaxt Ramazan aylarında təravih namazlarında qunut tutularkən rast gəlmək olar. Belə etmək Peyğəmbərimizin yoluna xilaf, ixlasa zidd və riyaya daha yaxındır. Dua edərkən bəyənilən ağlamaq səmimi qəlbdən insanın özündən asılı olmayaraq içərisindən doğan ağlamaqdır. Əgər belə olarsa, ixlasa heç bir ziddiyyəti olmaz.

21. İnsanın daima başqalarından onun üçün dua etmələrini tələb edərək qeyrilərinə bel bağlaması
Elə insanlar vardır ki, özünü Allah yanında günahkar sanaraq alimlərdən, saleh insanlardan və s. onun üçün dua etmələrini tələb edir. Belə etmək şəriət baxımından icazəli olsa belə, aşağıda qeyd edilənlərlə nəticələnərsə tərk edilməsi daha da bəyəniləndir. Çünki başqalarından onun üçün dua etməsini tələb etmək bir neçə bəyənilməyən hallara gətirib çıxarır:
- Belə etmək başqalarından lüzumsuz yerə özünün qadir olduğu halda nəsə istəməyinə bənzəyir ki, bu da dinimizdə bəyənilməyən bir əməldir.
- Belə etmək duanın tərk edilməsinə və başqalarına bel bağlamasına səbəb olur.
- Belə etmək dua tələb olunan şəxsin özündən razı olaraq özünü Allahın övliyası və duası qəbul olunanlardan sanmasına gətirib çıxarar ki, bu da onu həlaka aparar.
Ona görə də insanın özünü günahkar və duasının qəbul olmadığını sanaraq mərhəmətli Rəbbindən ümidini üzərək başqalarına bel bağlayıb, duanı tərk etməsi düzgün deyildir. Əksinə günahlarının çoxluğuna baxmayaraq Allah-təalaya ümidlə dua etməli və bilməlidir ki, Rəbbinin rəhməti onu da əhatə etmişdir.

22. Duanın qəbul olmasından ümidi üzmək
Bir çox insanlar vardır ki, sağalması mümkün olmayan ağır bir xəstəliyə tutulduğu zaman Allahın ona şəfa verəcəyindən ümidini üzərək duanı tərk edər. Hətta, ola bilsin ki, Şeytan ona vəsvəsə verərək deyər ki, artıq sənin dua etməyinin faydası yoxdur. Ona görə də insan xəstəliyinin ağırlığına (xərçəng, taun və s.) aldanaraq Allahın ona şəfa verəcəyinə inanmır. Lakin unudur ki, onun hər şeyə qadir olan əzəmətli Rəbbi vardır. Dəfələrlə müşahidə olunmuşdur ki, bizə hələ ki əlacı məlum olmayan xərçəng xəstəliyinə tutulmuş bəzi insanlar Allaha üz tutaraq şəfa diləmişlər və Allah-təala da onlara öz mərhəmətini əsirgəmədən, heç bir tibbi müalicə olunmadan şəfa verərək həkimləri şok vəziyyətinə salmışdır. Həmçinin, sonsuzluğa məruz qalan bir çox insanlar da vardır ki, artıq dünyaya uşaq gətirməkdən ümidlərini üzərək hər şeyə qadir olan Rəblərinə dua etməkdən imtina edirlər. Belə etmək heç də müsəlmana yaraşan hal deyildir. Çünki anlamaq lazımdır ki, insanı sonsuz edən, yaxud dünyaya övlad gətirməyi gecikdirən Allah, tezliklə istədiyi bəndəsinə övlad bəxş etməyə də qadirdir. Baxın, Zəkəriyyə peyğəmbər (aleyhissələm) qoca və həyat yoldaşı sonsuz olduğu halda Allah-təalaya səmimi qəlbdən dua edərək ondan övlad tələb edir.

هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُ قَالَ رَبِّ هَبْ لِي مِن لَّدُنْكَ ذُرِّيَّةً طَيِّبَةً إِنَّكَ سَمِيعُ الدُّعَاء›

“(O zaman) Zəkəriyyə Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!” [28]
Allah-təala da onun duasını qəbul edərək ona oğul bəxş edir.

فَنَادَتْهُ الْمَلآئِكَةُ وَهُوَ قَائِمٌ يُصَلِّي فِي الْمِحْرَابِ أَنَّ اللّهَ يُبَشِّرُكَ بِيَحْيَـى مُصَدِّقًا بِكَلِمَةٍ مِّنَ اللّهِ وَسَيِّدًا وَحَصُورًا وَنَبِيًّا مِّنَ الصَّالِحِينَ›

“(Zəkəriyyə) mehrabda (ibadətgahda) ayaq üstə durub namaz qılarkən mələklər ona müraciət edib dedilər: “Allah sənə Özü tərəfindən gələn kəlməni (İsanı) təsdiq edən, (tayfasına) ağa, nəfsinə hakim və əməlisalehlər zümrəsindən bir peyğəmbər olacaq Yəhyanın (dünyaya gələcəyi) xəbərini müjdə verir.” [29]

--------------------------------------------------------------------------
[1] -bax: səh, 7.
[2] -5) “ən-Nisə” - 116.
[3] -7) “əl-Əraf” - 194-197.
[4] -16) “ən-Nəhl” -20-21.
[5] -35) “Fatir” - 13-14.
[6] -29) “əl- Ankəbut” -17.
[7] -29) “əl- Ankəbut” - 41-42-43.
[8] -39) “əz-Zumər” - 38.
[9] -25) “əl-Furqan” -58.
[10] -29) “əl-Ankəbut” - 61.
[11] -1)“əl-Fatihə”-5.
[12]- 39) “əz-Zumər” - 3.
[13] -10) “Yunus” - 18.
[14] -10) “Yunus” - 62-63-64.
[15] -94) “əş-Şərh” - 8.
[16] -46) “əl-Əhqaf” - 5-6.
[17] -Bu mövzu geniş olduğu üçün təvəssül haqqında yazılan kitablara müraciət edin.
[18] - Buxari, 6351; Müslim, 2680.
[19] - Müslim, 6776; Əhməd, 3/107; Tirmizi, 3487.
[20] - Bax: səh, 66.
[21] - Bax: səh, 69.
[22] - Əhməd, 5/250; Tirmizi (hədis həsəndir demişdir), 357.
[23] - “Şənu-d-dua”, 153.
[24] - 7) “əl-Əraf” - 55.
[25] - 7) “əl-Əraf” - 205.
[26] - 17) “əl-İsra” - 110.
[27] - Bax: səh, 42.
[28] - 3) “Əli İmran” - 38.
[29] - 3) “Əli İmran” - 39.


Tarix: 07.05.2013 / 21:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 666 Bölmə: Dualar
loading...