ADƏM PEYĞƏMBƏRİN DUASI
Adəm (aleyhissələm) İblisin hiyləsinə aldanır və Allah-təalanın ona qadağan etdiyi ağacdan dadaraq Allaha asi olur. Necə ki, Allah-təala buyurmuşdur:
فَدَلاَّهُمَا بِغُرُورٍ فَلَمَّا ذَاقَا الشَّجَرَةَ بَدَتْ لَهُمَا سَوْءَاتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِن وَرَقِ الْجَنَّةِ وَنَادَاهُمَا رَبُّهُمَا أَلَمْ أَنْهَكُمَا عَن تِلْكُمَا الشَّجَرَةِ وَأَقُل لَّكُمَا إِنَّ الشَّيْطَآنَ لَكُمَا عَدُوٌّ مُّبِينٌ›
Beləliklə, (Şeytan) onları batil sözlərlə aldatdı (onları aldadaraq uca yerlərdən, yüksək mərtəbələrdən aşağı endirdi). (Adəm və Həvva) ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: Məgər sizə bu ağacı (ağaca yaxınlaşmağı) qadağan etməmişdimmi? Şeytan sizin açıq-aşkar düşməninizdir, deməmişdimmi? ” [1]
Bundan sonra Adəm (aleyhissəlləm) Allah-təalaya dua edərək tövbə edir, Ondan bağışlanma və əfv diləyir. Allah-təala da onun tövbəsini qəbul edir.
Allah-təala buyurmuşdur:
فَتَلَقَّى آدَمُ مِن رَّبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ›
“(Nəhayət) Adəm Rəbbindən (bəzi xüsusi) kəlmələr öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O, (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir. ” [2]
İBRAHİM PEYĞƏMBƏRİN DUASI
Allah-təala buyurmuşdur:
وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ اجْعَلْ هَـذَا الْبَلَدَ آمِنًا وَاجْنُبْنِي وَبَنِيَّ أَن نَّعْبُدَ الأَصْنَامَ›
“(Ya Rəsulum!) Xatırla ki, bir zaman İbrahim belə demişdi: “Ey Rəbbim! Bu diyarı (Məkkəni) əmin-amanlıq yurdu et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq elə! ”” [3]
İbn Kəsir (rahiməhullah) demişdir ki, artıq Allah-təala onun duasını qəbul edərək buyurmuşdur:
أَوَلَمْ يَرَوْا أَنَّا جَعَلْنَا حَرَمًا آمِنًا وَيُتَخَطَّفُ النَّاسُ مِنْ حَوْلِهِمْ أَفَبِالْبَاطِلِ يُؤْمِنُونَ وَبِنِعْمَةِ اللَّهِ يَكْفُرُونَ›
“Məgər (müşriklər) ətraflarındakı (başqa şəhərlərdəki) adamlar qamarlanıb götürüldüyü (əsir alındığı, öldürüldüyü, qarət edildiyi) halda, (içərisində yaşadıqları Məkkəni) onlar üçün müqəddəs, qorxusuz-xətərsiz bir yer etdiyimizi görmürlərmi? İndi batiləmi inanırlar? Allahın nemətinimi danırlar? ” [4]
Həmçinin, buyurmuşdur:
رَّبَّنَا إِنِّي أَسْكَنتُ مِن ذُرِّيَّتِي بِوَادٍ غَيْرِ ذِي زَرْعٍ عِندَ بَيْتِكَ الْمُحَرَّمِ رَبَّنَا لِيُقِيمُواْ الصَّلاَةَ فَاجْعَلْ أَفْئِدَةً مِّنَ النَّاسِ تَهْوِي إِلَيْهِمْ وَارْزُقْهُم مِّنَ الثَّمَرَاتِ لَعَلَّهُمْ يَشْكُرُونَ›
“(İbrahim peyğəmbər dedi:) “Ey Rəbbimiz! Mən əhli-əyalımdan bəzisini (İsmaili və anası Həcəri) Sənin Beytülhəramının (Kəbənin) yaxınlığında, əkin bitməz bir vadidə (dərədə) sakin etdim. Ey Rəbbimiz! Onlar (vaxtlı-vaxtında, lazımınca) namaz qılsınlar deyə belə etdim. Elə et ki, insanların bir qisminin qəlbləri onlara (Kəbənin ziyarətinə, əhli-əyalıma mərhəmət göstərməyə) meyl etsin. Onlara (bu yerin ağaclarının) meyvələrindən ruzi ver ki, (nemətinə) şükür edə bilsinlər!” ”
Həmçinin buyurmuşdur:
وَقَالُوا إِن نَّتَّبِعِ الْهُدَى مَعَكَ نُتَخَطَّفْ مِنْ أَرْضِنَا أَوَلَمْ نُمَكِّن لَّهُمْ حَرَمًا آمِنًا يُجْبَى إِلَيْهِ ثَمَرَاتُ كُلِّ شَيْءٍ رِزْقًا مِن لَّدُنَّا وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ›
“(Qureyşlilər) dedilər: “Əgər biz səninlə birlikdə haqq yolu (İslam dinini) tutub getsək, (əksəriyyəti təşkil edən müşriklərin əlilə) yurdumuzdan tezliklə didərgin salınarıq”. Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər yerin meyvəsinin (hər cür meyvənin) daşınıb gətirildiyi, (daxilində Kəbə yerləşən) qorxusuz-xətərsiz (müqəddəs) bir yerdə (Məkkədə) sakin etmədikmi? Lakin onların əksəriyyəti (Allahın onlara bəxş etdiyi bu nemətin qədrini) bilməz!” [5]
Bu Allah-təalanın lütfündən, səxavətindən, rəhmətindən və bərəkətindəndir ki, Məkkədə bar verən ağac olmadığı halda İbrahim peyğəmbərin duasının qəbulu olaraq ətraf yerlərdən oraya hər cür meyvələrdən daşınıb gətirilir. [6]
ƏYYUB PEYĞƏMBƏRİN DUASI
Əyyub peyğəmbərin (aleyhissələm) bol-bol miniyi, davarı, əkini, övladları və s. var idi. Lakin Allah-təala onu imtahan edərək əlində olan mal-dövlətini ondan alır. Allahı zikr etmək üçün qəlb və dilindən başqa bədəninə də xəstəlik salır. Hətta yoldaşları belə ondan çirginərək uzaq durur və şəhərin bir kənarına çəkilərək tək yaşamaq məcburiyyətində qalır. Lakin ona sadiq qalan, hətta, onun ehtiyacını ödəmək üçün başqalarına belə qulluqçuluq edən yalnız həyat yoldaşı olur. Bütün bu çətinliklərə baxmayaraq Əyyub peyğəmbər (aleyhissələm) səbr edərək Rəbbinə dua etməkdə davam edir və Allah-təala da onun duasını qəbul edir.
Allah-təala buyurmuşdur:
وَأَيُّوبَ إِذْ نَادَى رَبَّهُ أَنِّي مَسَّنِيَ الضُّرُّ وَأَنتَ أَرْحَمُ الرَّاحِمِينَ فَاسْتَجَبْنَا لَهُ فَكَشَفْنَا مَا بِهِ مِن ضُرٍّ وَآتَيْنَاهُ أَهْلَهُ وَمِثْلَهُم مَّعَهُمْ رَحْمَةً مِّنْ عِندِنَا وَذِكْرَى لِلْعَابِدِينَ›
“(Ya Rəsulum!) Əyyubu da (yada sal)! Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belə demişdi: “Mənə bəla üz verdi (Sənə pənah gətirdim). Sən rəhmlilərin rəhmlisisən!”
Biz (Əyyubun) duasını qəbul buyurduq, onu düçar olduğu bəladan (xəstəlikdən və ailəsinə üz vermiş müsibətdən) qurtardıq. Dərgahımızdan (Əyyuba) bir rəhmət və (Allaha) ibadət edənlərə ibrət dərsi (öyüd-nəsihət) olsun deyə, (həlak olmuş) övladlarını qaytarıb ona verdik, üstəlik bir o qədər də əlavə etdik. ” [7]
Tarix: 07.05.2013 / 21:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 378 Bölmə: Dualar