Sad (r.a) rəvayət edir ki: «Allah Elçisi (s.a.v) belə buyurdu: «Zin-Nun (Yunus) balığın qarnında olarkən belə dua etmişdir: “Lə İləhə İllə Əntə, Subhənəkə, İnni Kuntu Minəz Zalimin - Səndən başqa ibadətə layiq haqq məbud yoxdur, Sən pak, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!”. Peyğəmbər (s.a.v) davam edib dedi: «Bu duanı edən elə bir müsəlman kimsə olmaz ki, Allah onun duasını qəbul edib, cavab verməsin»
(Tirmizi 3505, 3845, əl-Albani “Səhih”. )
Muaz İbn Rifəi atasından rəvayət edir ki, Əbu Bəkr əs-Sıddıq (r.a) minbər üzərində ayağa qalxaraq ağladı və: “Peyğəmbər (s.a.v) bir il bundan öncə bu minbər üzərində ayağa qalxaraq ağlamış və buyurmuşdu: “Allahdan əff və afiyət diləyin. Çünki heç kimsəyə (imanda) yəqinlikdən sonra afiyətdən (salamatlıq) daha xeyirli bir şey verilməmişdir.
(Tirmizi 3558, əl-Albani “Həsən Səhih”. )
Ənəs (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: «Yə Zəl Cələli Vəl İkram!» - Ey əzəmət və ehtiram sahibi! - duasını tez-tez təkrar edin» .
(Tirmizi 3525, 3868, əl-Albani “Səhih”. )
Şəhr İbn Həuşəb deyir ki: «Ummu Sələmədən (r.anha) soruşdum: «Ey möminlərin anası! Allah Elçisi (s.a.v) sənin yanında olduqda ən çox hansı duanı edərdi?». O dedi: «Onun ən çox etdiyi dua: «Yə Muqallibəl Qulub, Səbbit Qalbi Alə Diynik - Ey qəlbləri çevirən! Qəlbimi dinin üzərində sabit et! - Mən ondan: «Ey Allahın Elçisi! Nəyə görə ən çox bu duanı edirsən?» - deyə soruşdum. O buyurdu: «Ey Ummu Sələmə! Elə bir Adəm oğlu yoxdur ki, onun qəlbi Allahın barmaqlarından iki barmağı arasında olmasın. O, istədiyini düz saxlayır, istədiyini də döndərir». Sonra o, bu ayəni oxudu: «Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma!» (Ali-İmran 8) .
(Tirmizi 2140, 3522, 3864, 3587, İbn Hibban 943, Buxari “Ədəbul Mufrad” 683, İbn Məcə 3834, Əhməd 26562, 26721, əl-Albani “Səhih”. )
Abbas İbn AbdulMuttalib (r.a) rəvayət edərək deyir: «(Bir gün) mən: «Ey Allahın Elçisi! Mənə bir şey öyrət ki, onu Uca Allahdan istəyim!?» - dedim. Allah Elçisi (s.a.v) belə buyurdu: «Allahdan salamatlıq dilə». Bir neçə gün keçdikdən sonra yenə gəlib soruşdum: «Ey Allahın Elçisi! Mənə bir şey öyrət ki, onu Allahdan istəyim!?» Bundan sonra Allah Elçisi mənə belə dedi: «Ey Abbas! Ey Allah Elçisinin əmisi! Allahummə İnni Əs'əlukəl Afiyətə Fid Dunyə Vəl Əxirati - Allahım! Səndən həm bu dünyada, həm də axirətdə salamatlıq diləyirəm!”
(Tirmizi 3514, 3856, Əhməd 1687, əl-Albani “Səhih”. )
Bir kişi Peyğəmbərin (s.a.v) yanına gəlib dedi: «Ey Allahın Elçisi! Hansı dua daha fəzilətlidir?» O dedi: «Allahummə İnni Əs'əlukəl Affvə Vəl Afiyətə Fid Dunyə Vəl Əxirati - Allahdan dünyada və axirətdə bağışlanma və salamatlıq dilə». Kişi ertəsi gün yenə gəlib soruşdu: «Ey Allahın Elçisi! Hansı dua daha fəzilətlidir?» O dedi: « Allahummə İnni Əs'əlukəl Affvə Vəl Afiyətə Fid Dunyə Vəl Əxirati - Allahdan dünyada və axirətdə bağışlanma və salamatlıq dilə. Əgər dünyada və axirətdə sənə salamatlıq nəsib olsa, nicat tapmış olarsan» .
(Buxari «Ədəbul Mufrad» 637, Tirmizi 3512, əl-Albani “Səhih”. )
Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: “Qulun: Allahummə İnni Əs'əlukəl Muafətə Fid Dunyə Vəl Əxirati - Allahummə! Səndən dünya və axirətdə salamatlıq (afiyət) diləyirəm – duasından daha fəzilətli ediləcək heç bir dua yoxdur” .
(İbn Məcə 3851, əl-Albani “Səhih”. )
İbn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: “Allahdan afiyətdən daha üstün və sevimli bir şey istənilməmişdir” .
(Tirmizi 3515. )
Qatadə deyir ki, Ənəsdən (r.a) : “Peyğəmbər (s.a.v) ən çox hansı duanı edərdi?” deyə soruşdum. Peyğəmbərin ən çox etdiyi dua: “Allahummə Rabbənə Ətinə Fid Dunyə Həsənətən Və Fil Əxirati Həsənətən Və Qinə Azəbən Nər – Allahım! Bizə düyada da axirətdə də yaxşılıq ver və bizi Cəhənnəm atəşidən qoru”. Ənəs qısa şəkildə dua edərkən bu sözlərlə dua edərdi, uzun dua etmək istədikdə bu duanı da dualar arasında oxuyardı (Həsən deyir ki: “Dünyada – Elm və İbadət, Axirətdə - Cənnət)” .
(Müslim 7016, 2690, Tirmizi 3488, Əbu Davud 1519, 1921, əl-Albani “Səhih”. )
Ömər (r.a) belə dua edərdi: “Allahummə Təvəffəni Məal Əbrar Və Lə Tuxallifni Fil Əşrar Vəl Hiqniy Bil Əxyər - Allahım! Mənim canımı yaxşı insanlarla birlikdə al, məni pis insanların arasında buraxma və məni xeyirxah insanlara qovuşdur” .
(Buxari “Ədəbul Mufrad” 629, əl-Albani “Səhih”. )
Şəqiq rəvayət edir ki, Abdullah (r.a) çoxlu-çoxlu bu duaları edərdi: “Rabbənə Əslih Bəynənə Vəhdinə Səbiləl İsləmi Və Nəccinə Min Zuluməti İlən Nur, Vəsrif Annə Fəvəhişə Mə Zahra Minhə Və Mə Batn Və Bərakə Lənə Fi Əsməinə Və Əbsarinə Və Qulubinə Və Əzvəcinə Və Zuriyyətinə Və Tub Aleynə İnnəkə Əntət Təvvəbur Rahim, Vəcəalnə Şəkirinə Linimətikə Musniynə Bihə, Qailinə Bihə, Vətməmhə Aleyhə - Ey Rəbbimiz! Bizim aramızdakı münasibətləri düzəlt, bizi İslam yoluna yönəlt, bizi zülmətlərdən qurtarıb nura çıxart. Aşkara çıxan və gizlin qalan yaramaz əməlləri (və pis sözləri) bizdən uzaq et. Qulaqlarımıza, gözlərimizə, qəlblərimizə, zövcələrimizə və nəsillərimizə bərəkət ver. Bizim tövbələrimizi qəbul et. Həqiqətən, Sən Tövbələri Qəbul Edənsən, Rəhmlisən! Bizləri Sənin nemətlərinə şükr edən, onları tərifləyən, onlar barədə danışan kimsələrdən et və nemətlərini bizə tamamla” .
(Buxari “Ədəbul Mufrad” 630, əl-Albani “Səhih”. )
Ənəs (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) buyurdu: “Bizim yanımıza, ailəmizə gələrdi. Bir gün gəlib bizim üçün dua etdi. Ummu Suleym (r.anha) dedi: “Bu balaca xidmətçin üçün dua etməyəcəksənmi?”. O üç dəfə mənim üçün dua edib dedi: “Allahummə Əksir Mələhu Və Vələdəhu, Və Atil Həyətəhu, Vəğfirləhu - Allahım! Onun malının və övladının sayını çoxalt, onun ömrünü uzat və onu bağışla”. (Nəslimdən) yüz üç kişi basdırdım. Ağaclarım ildə iki dəfə məhsul verir. Ömrüm də o qədər uzanıbdır ki, artıq insanlardan utanıram. Bağışlanmağa ümid edirəm” .
(Buxari “Ədəbul Mufrad” 653, əl-Albani “Səhih”. )
İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: “Allahummə Əaniy Və Lə Tuin Aleyyə Vənsurniy Və Lə Tənsur Aleyyə, Və Yəssir Hudə Li - Allahım! Mənə yardım et, əleyhimə olan şeylərdə yardım etmə. Mənə qələbə bəxş et, (heç kəsə) mənim üzərimdə qələbə qazandırma. Mənim üçün doğru yola yönəlməyi asanlaşdır” .
(Buxari “Ədəbul Mufrad” 653, əl-Albani “Səhih”. )
İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) bu sözlərlə dua edədi: “Rabbi İnni Və Lə Tuin Aleyyə Vənsurni Və Lə Tənsur Aleyyə Vəmkurli Və Lə Təmkur Aleyyə Vəhdini Vəyəssir Hudəyə İleyyə Vənsurni Alə Mən Bəğa Aleyyə, Allahumməcalni Ləkə Şəkiran Ləkə Zəkiran Ləkə Rahibən Ləkə Mitvəan İleykə Muxbitən Əu Muniybən Rabbi Təqabbəl Təvbəti Vəğsil Həvbəti Və Əcib Dəuvəti Və Səbbit Huccəti Vəhdi Qalbi Və Səddid Lisəni Vəslul Səximətə Qalbi (Sadri) - Ey Rəbbim! Mənə yardım et, əleyhimə olan şeylərdə yardım etmə. Mənə qələbə bəxş et, (heç kəsə) mənim üzərimdə qələbə qazandırma. Mənə (düşmənlərimə) hiylə qurmağa kömək ol, (onların) mənə hiylə qurmasına imkan vermə. Mənim üçün doğru yola yönəlməyi asanlaşdır. Mənə qarşı azğınlıq edənə qalib gəlməyimə yardım et. Ey Rəbbim! Məni, Sənə çoxlu-çoxlu şükür edən, Səni tez-tez yad edən, Səndən qorxan, Sənə müti olan, Sənə boyun əyən, (Sənə) çox yalvaran və (Sənə) üz tutan bir bəndə et. Mənim tövbəmi qəbul et, günahlarımı yu, duamı qəbul et, dəlilimi möhkəmləndir, qəlbimi haqqa yönəlt, dilimi doğruluğa öyrət və qəlbimin qara ləkəsini yox et” .
(Əbu Davud 1510, 1512, 1513, İbn Məcə 3830, İbn Hibban 947, 948, Buxari “Ədəbul Mufrad” 665, əl-Albani “Səhih”. )
Müaviyə İbn Əbu Süfyan (r.a) minbərdə ikən demişdir: “Lə Mənia Limə Əateytə Və Lə Mutiyə Limə Mənəallahu Və Lə Yənfəu Zəl Cəddi Minhul Cəd, Və Mən Yuridilləhu Bihi Xayran Yufəqqihhu Fiddin - Həqiqətən də Onun verdiyinə mane olacaq bir kimsə yoxdur. Allahın mane olduğunu da verəcək bir kimsə yoxdur. Heç bir hörmət sahibinə Onun yanında hörməti fayda verməz. Allah kimə xeyir nəsib etmək istəsə, onu dində alim edər. Mən bu sözləri Peyğəmbərdən (s.a.v) bu minbərin üzərində ikən eşitdim” .
( Buxari “Ədəbul Mufrad” 666, əl-Albani “Səhih”. )
Muaviyə İbn Əbu Sufyan (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) buyurdu: “Xeyir adətdir, şərr isə üzəndir. Allah kimə xeyir istəyərsə onu dində fəqih edər” .
(İbn Məcə 221, əl-Albani “Səhih”. )
Tarix: 06.05.2013 / 19:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 361 Bölmə: Dualar