Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Görməyirsən dağlar necə ağlayır
Görməyirsən dağlar necə ağlayır

Bahar günlərində dostum Əbülhəsən, sehrkar qarmonçu Aftandil, Xızı mahalının onlarla bərbad olmuş qədim yurd yerlərindən biri Xanagəh kəndini ziyarətə getdik... Gördüklərimiz uçuq evlər idi, gözəl bahar idi, ulu günəş idi, bir də bu yerləri qoyub gedən babaların nəticələri - biz idik, bir də bizimlə həsrətimiz, xəcalətimiz idi. Avtandil hündür bir çay daşı tapıb üstündə oturdu, üzünü xərabəliklərə tutub qarmonunu səsləndirməyə başladı. Ölüm sükünətinə qərq olmuş bu aləm elə bil birdən-birə cana gəldi. Elə bil əfsanələr içinə düşdüm. Axı uzun-uzadı dövrlərdən sonra ilk dəfə burada qarmon səslənirdi. Özü də səslənən adi qarmon deyil, Avtandilin qarmonu idi. Bu heyrətamiz duyğular içində mən də bu sətirləri öz içimdə oxumağa başladım:

Yenə gördüm bu xərabə yerləri,
Yenə mənim şair könlüm talandı,
Çal, qarmonun nalə çəksin dilləri,
Çal, Avtandil, çal qardaşım, amandır...
Çal, həsrətin bəlkə gözü ovula,
Bu qəflətdən yurd yerləri oyana...
İblis sükut bəlkə burdan qovula,
Çal qardaşım, hay verirəm hayına...
Görməyirsən dağlar necə ağlayır,
Uşaq kimi kövrəlirlər məzarlar...
Bu yolları kimlər belə bağladı,
Bu torpağı kimlər saldı nəzərdən?..
"Vağzalı" çal, əlli ildir, yüz ildir,
Bir yol gəlin gəlməyibdir bu kəndə...
Çal, bəlkə də Novruz babam dirildi,
Səda çıxdı bəlkə Xanım nənəmdən...
Çal, tükləri biz-biz durur adamın,
Çal, açıla bəlkə bağlı qapılar...
Çal, bəlkə də cavan ölmüş atamın,
İtib-batmış məzar yeri tapıla?..
Harda qaldı bu yerlərin ərləri,
Necə oldu bu kəndləri salanlar?
Çal, Avtandil, qəlbim qübar eyləyir.
Ovunuram qarmonunu çalanda...
Çal, yerin də qulağı var, qulağı,
O da bizi eşidəcək axırda...
Əcdadların ruhu qalxıb ayağa,
Sanki bizə küskün-küskün baxırlar...
Xəcalətik soyumuzun yanında,
Tək qoymuşuq bu yerlərdə onları...
Babaların qanı axır qanında,
Görmürsən ki, necə çəkir qan qanı?
Görmürsən ki, məzarıstan qaynayır,
Qəbirlərin bizə baxır gözləri?..
Xərabələr yallı gedir, oynayır,
Göyə qalxır nalələri, tozları...
Görmürsən ki, kövrəlibdir sal qaya,
Həsrətindən nə iz qalıb, nə əsər...
Sən o qara qarğaya bax, qarğaya,
Necə durub qulaq asır bu səsə?..
İtib-batmış cığırlar da dirildi,
Bulaqlar da birdən qalxdı lap zilə...
Canavarlar yuvasına giribdir,
Tülkülüyün unudublar tülkülər...
Çal, qardaşım, bir də, bir də çal onu,
Elə bil ki, möcüzə var dilində...
Mənim şerim, sənin də ki, qarmonun,
Bəlkə ölmüş bu yerləri dirildə...


Tarix: 03.06.2015 / 14:16 Müəllif: Aziza Baxılıb: 102 Bölmə: Cabir Novruz
loading...