Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Adam adam oğurlayır
Adam adam oğurlayır

Zamanın dönübdü üzü
Adam adam oğurlayır.
Heç vaxt görməyib yer üzü
Adam adam oğurlayır.

Hamı olub əsir-yesir,
Qorxur, evinə tələsir.
Adam adam başı kəsir,
Adam adam oğurlayır.

Hər cürə talan görmüşük,
Hər cür qan salan görmüşük,
Bəs bunu haçan görmüşük,
Adam adam oğurlayır.

Tükənib insanlıq eşqi,
Bəşər xəstə, zaman düşgün,
Bu da əsrin təzə kəşfi,
Adam adam oğurlayır.

Adam doğanlara deyim,
Doğub boğanlara deyim,
Vəhşi insanlara deyim
Adam adam oğurlayır.

Ayı qoz, fındıq aparır,
Qurd yağlı quyruq aparır,
Tülkü də toyuq aparır,
Adam adam oğurlayır.

Qara divin səsi gəlir,
Körpə mələşməsi gəlir,
Adam-madam iyisi gəlir,
Adam adam oğurlayır.

Qalxın məzarda yatanlar,
İnsanı uca tutanlar,
Ayıq olun, ey adamlar,
Adam adam oğurlayır.

Bundan o yanası yoxdur,
Ta ömrün mənası yoxdur,
Bəşərin anası yoxmu,
Adam adam oğurlayır.


Tarix: 03.06.2015 / 14:14 Müəllif: Aziza Baxılıb: 156 Bölmə: Cabir Novruz
loading...