Dünya dollar xəstəsidir
hamı ona əsir-yesir.
Dərinə işləyib kökü,
O bütün qəlblərə çöküb,
Bütün vicdanları çapıb,
O dolaşır küçə-küçə, qapı-qapı
Nə dərmanı, davası var.
Ərzdə dollar davası var.
Əl boyda kağızdır özü.
Amma hamı xəstəsidir.
Səsin çatanacan bağır,
Bütün allahları çağır,
Bütün loğmanları çağır,
Bütün fələkləri səslə,
Bütün arzuları izlə,
Bütün fikirləri sapla,
Ölünü, sağı cavabda,
İblisi, şeytanı dindir,
Rumili, firəngli, hindli,
Ağlar, qaralar, sarılar,
Onun əlində yaralı,
Onun əlində oyuncaq,
Odur haqq, ədalət ancaq.
Hamı qabağında əsir,
Dünya dollar xəstəsidir.
Beynləri silkələyib,
Yeyib bütün sikkələri,
Əskinasları öldürüb,
Bü əsrin kağız qulduru.
Zaman məhvərindən dənə
Qızıl-zər davası tələ,
Onun davası səngiməz,
Dövlətlər keçib cənginə,
Şahlar qabağında rəzil,
Dünya dollar xəstəsidir.
Uğrunda tökülür qanlar,
Ölü məhv edir dirini,
Onun üstündə insanlar,
Çapırlar bir-birini.
Ucadır haqdan, Allahdan,
Bütün tamahlar quludur,
O hər cürə silahdan,
Təcavüzdən qorxuludur.
Bir göy kağızın uğrunda
Analar keçir oğlundan,
Satqınlar keçir vətəndən,
Başlar ayrılır bədəndən.
Əllər əllərdən üzülür,
Gözəllər satır özünü,
Kasıbların baxtı çalıb,
Onlar bu dərddən uzaqdır.
Onlar bu döyüşdə qalib,
Kasıbın da varmış baxtı?!
Amerika yer üzünü
Bir göy kağızla zəbt eyləyib,
Amerika yer üzünü dollar ilə zəbt eyləyib,
Yer də, göy də bürünübdür dumanına,
Bitməyəcək onun qorxunc davaları.
O sağalmaz mərəzidir zəmanənin,
Amerika onun ilə havalıdır.
Sərkərdələr qabağında əsir-yesir,
Prezidentlər qabağında əsir-yesir,
Məmələkətlər qabağında əsir-yesir,
Dünya dollar xəstəsidir.
Köhnə dünya təzə dərdə düçar olub.
Bu ən qorxunc azar olub,
Yayılacaq dövr-dövr, nəsil-nəsil,
Amerika gecə-gündüz dollar kəsir.
Yer üzünə yayır qəsdən
Aman-aman bu mərəzdən.
Ayıq olun, ey insanlar,
Sayıq olun, ey insanlar,
Zamanın haray səsidir,
Dünya dollar xəstəsidir,
Dünya dollar xəstəsidir
Tarix: 03.06.2015 / 14:12 Müəllif: Aziza Baxılıb: 112 Bölmə: Cabir Novruz