Cənublu şair dostum Söhrab Tahirin
anası Nəsibənin Bakıya qonaq gəlməsi münasibətilə
Nə gözəl aylardı, həftələr idi,
Səninçin, ay Söhrab, analı günlər,
Gözünə görüşdən sürmə çəkilən,
Barmağı öpüşdən xınalı günlər,
O tayın, bu tayın daş həsrətindən
Tamam uzaq günlər, aralı günlər,
Bütün Azərbaycan torpağı üçün
Doğma, əziz günlər, mənalı günlər.
On iki milyonlıq qardaş-bacının,
Sözüylə, adıyla gəlmişdi ana,
Azadlıq yolunda ölən ərlərin
Odlu fəryadıyla gəlmişdi ana,
Üzünə baxanda elə bilirdin
Göyün üstü ilə gəlmişdi ana,
Yerin altı ilə gəlmişdi ana,
Raketlər əsrində beş addım yolu
İyirmi altı ilə gəlmişdi ana.
Ana bala ilə olar, biz isə
Anası bu taya gəlib deyərdik,
Hələ qrür ilə, iftixar ilə
Özü də üç aya gəlib deyərdik,
Həştad yaşlı qarı, qırx yaşlı kişi
Təzədən dünyaya gəlib deyərdik.
Doğma övladını görməkçün yazıq
Bir qərinədir ki, şikayət yazıb,
Yalvara-yalvara gəlib deyrdik,
Ağlaya-ağlaya gəlib deyrdik.
Ömrünün ən rahat anları idi
Düz üç ay yuxusuz qaldığın anlar,
Ana gülüşünə, ana sözünə,
Ana söhbətinə daldığın anlar,
Bu yekə vaxtında yerini, qardaş,
Anayla yan-yana saldığın anlar,
Ən böyük dərdini, böyük yaranı
“Oğul” gəlməsiylə sarıdığın anlar…
İndi ürək sökən xatirə olub
Sükutlu, nəğməli, çalğılı anlar.
Sizə yığışardıq tez-tez, əzizim,
Şerli, gülüşlü, məclisli idik,
Biz ancaq anaya durub baxırdıq,
Yüz baxışlı idik, yüz gözlü idik,
Dili ana dilim, nə xoş, nə təmiz,
Sözləri nə şirin, nə duzlu idi.
Bakılı, Mərəndli, Xoylu, Qubalı,
Bərdəli, Ağdamlı, Təbrizli idik,
Sən bu taylı idin, mənsə o taylı,
Nə fərqi, həm sizli, həm bizli idik,
Nə xoş yerlər idi, mahallar idi,
Ananın ayağı toxunan yerlər,
Bu şirin həsrətə, şirin görüşə,
Bu şirin vüsala yığılan yerlər,
Ən uca dağlardan ucadır bu gün
Onun qədəminə yıxılan yerlər,
O gedəndən bəri dolan, boşalan,
Qovrulan, darıxan, sıxılan yerlər,
İndi xəyalının ekranlarında
Hicran lenti ilə baxılan yerlər.
Nə ağır anlardı, dəqiqələrdi,
Onun getməyinə az qalan günlər.
Açıb cəhəngini əjdaha kimi
Hər gün vüsal udan aziman günlər,
Düşüb qətrə-qətrə, damcıbadamcı,
Sızıb gilə-gilə azalan günlər,
Başının üstündən ağır daş kimi,
Qara bayraq kimi asılan günlər,
İndi bahar olub, qaranquş olub
O şirin, o əziz, o acı günlər,
İkiyə bölünmüş ürəyimizin
Həkimi, dərmanı, əlacı günlər
Tarix: 03.06.2015 / 14:12 Müəllif: Aziza Baxılıb: 86 Bölmə: Cabir Novruz