Nəyimiz var alt-üst oldu,
Bu boyda millət xar oldu.
Bütün yaxşılar pis oldu,
Ümidlər tarı-mar oldu.
Həyat baha, ölüm ucuz,
Qarı düşmən vəhşi, quduz.
Qeyrətimiz, namusumuz,
Tapdandı, payimal oldu...
Bu torpağı addım-addım,
Öz satqınlarımız satdı.
Çoxu da "ağ günə" çatdı,
Sahibi-ixtiyar oldu...
Xalqım yurd-yuvasız qaçaq,
Şuşam yad ellərdə dustaq,
Ondan sonra papaq qoymaq,
Hər bir erkəyə ar olsun...
Qəddim əyri, üzüm qara,
Məmləkətim para-para.
Bu davadan bizə qalan,
Min-min nakam məzar oldu...
Əqidədən döndü hamı,
Baş girləyir indi hamı,
İçəridən sındı hamı,
Bu ən qorxunc azarn oldu...
Möhtəkirlər ordu-ordu,
Alverçilər tutub yurdu,
Dükanlardan qala qurduq,
Azərbaycan bazar oldu...
Böyük Allah, dahi Allah,
Dözmək olmur daha Allah,
Şəhid oldu ideallar,
Ta dollar ideal oldu...
Nə sirdir məni qandırın,
Bakım qürbəti andırır,
Məni tonqalda yandırın,
Qoy vətən laləzar olsun...
Tarix: 03.06.2015 / 14:14 Müəllif: Aziza Baxılıb: 222 Bölmə: Cabir Novruz