Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Toto Kutunyo

Toto Kutunyo (it. Toto Cutugno) — İtaliya müğənnisi.

Həyatı

Toto Kutunyo 7 iyul 1943-cü ildə Fosdinovo şəhərində anadan olmuşdur. Bir neçə ay sonra onun ailəsi Spesiyaya köçür. Orada onun atası hərbi dənizçi işləyirdi. Hələ uşaqlıqdan Toto musiqiyə böyük həvəs göstərirdi. Toto gözəl boru çalan atasının yolu ilə gedərək bu aləti mənimsəyir. Sonra isə müstəqil şəkildə zərb alətlərində və akkordeonda çalmağı öyrənir. 13 yaşında Toto yerli musiqi müsabiqəsində üçüncü yeri tutmuşdu.

19 yaşına qədər Kutunyo yerli musiqi qruplarında zərb alətlərində ifa edir. Sonra Toto "Toto e Tati" adlı şəxsi qrupunu təşkil edir. Bu qrup çox böyük uğurla qastrollarda iştirak edir. Elə bu vaxt o özü də musiqi yaratmağa başlayır.

1975-ci ilin əvvəlində Kutunyo "Albatros" qrupu ilə çıxış etməyə başlayır. O, şair Vito Pallaviçini ilə birlikdə "Oazis" mahnısını yazır. Həmin il məşhur fransız müğənnisi Co Dassenin bədii rəhbəri Jak Ple Kutunyo-Pallaviçini əməkdaşlığına öz münasibətini bildirir. Co Dassenin mahnılarının daimi mətn müəllifləri Klod Lömyel və Pyer Delanoye Toto Kutunyonun melodiyalarına fransız sözləri yazırlar. Beləliklə də, gözəl "Et si tu n`éxistais pas", "Salut" və 1975-ci ildə fransız pop musiqisinin hiti olmuş "L`été Indien" mahnıları yaranır.

1976-cı ildə Toto "Volo AZ 504" mahnısı ilə birinci dəfə San-Remo festivalında iştirak etdi. O, ümumi hesabda üçüncü yeri tutmuşdu. Elə həmin ildə Kutunyo "Nel cuore, nei sensi" mahnısı ilə böyük müvəffəqiyyətlə "Festivalbar"da çıxış edir.

Bir il sonra "Albatros" yenidən "Ariston" teatrının səhnəsində növbəti San-Remo festivalında çıxış edir. "Gran Premio" mahnısı beşinci yeri tutur. Festivaldan sonra qrup dağılır.

1980-ci ildə Toto Kutunyo "Solo noi" mahnısı ilə San-Remo festivalının qalibi olur. Bu qələbədən bir neçə həftə sonra Toto "Francesca non sa" mahnısı ilə Tokio beynəlxalq musiqi festivalında birinci yeri tutur.

Toto Kutunyo 1983-cü ildə San-Remo festivalında "L’italiano" mahnısı ilə iştirak edir. Bu mahnı bu günə qədər müğənninin ən çox tanınan mahnısıdır. Mahnı rəsmən beşinci yeri tutur. Lakin xalq səsverməsində mahnı müsabiqənin qlibi olmuşdu. 1984-cü ildə Toto San-Remo festivalında "Serenata" mahnısını oxuyur və ikinci yerə layiq görülür.

1986-cı ildə Toto San-Remoda "Azzurra malinconia" mahnısı ilə dördüncü, 1987-ci ildə isə "Figli" mahnısı ilə ikinci yerin sahibi olur. Həmin ildə Toto italyan televiziyasının tanınmış verilişlərindən birinin aparıcısı olur.

Sonrakı üç ildə də Toto Kutunyo yenidən böyük müvəffəqiyyətlə San-Remo festivalında: "Emozioni" (1988), "Le mamme" (1989) və "Gli amori" (1990) mahnıları ilə çıxış edir.

1990-cı ildə Toto Kutunyo "Insieme: 1992" mahnısı ilə Avroviziya Mahnı Müsabiqəsində iştirak edir və bu müsabiqənin qalibi olur. Nəticədə İtaliya Avroviziyanın 1991-ci ildə keçirilməsi hüququ qazanmışdı. Roma şəhərində keçirilən "Avroviziya-1991" müsabiqəsinin aparıcıları İtaliyanın iki ən layiqli təmsilçisi: Toto Kutunyo və 1964-cü il müsabiqəsinin qalibi Cilyola Çinkvetti olmuşdu.

5 illik fasilədən sonra Kutunyo San-Remo festivalına qayıdır. 1995-ci ildə bu festivalda "Voglio andare a vivere in campagna", 1997-ci ildə isə "Faccia pulita" mahnısı ilə çıxış edir.

1998-ci ildən 2000-ci ilə qədər Toto Kutunyo İtaliya televiziyasında "Sizin faktlar" ("I fatti vostri") proqramının aparıcı olur və öz musiqi fəaliyyətini davam etdirərək müxtəlif ölkələrdə qastrollarda olur.

2009-cu ilin yazında Rusiyaya konsertə dəvət olunan Kutunyo bu təklifdən imtina edir. Səbəb isə müğənninin xəstəliyinin ağırlaşması və ximioterapiya müalicəsi alması idi. Lakin buna baxmayaraq o, həmin ilin (2009) noyabrında Moskvaya gəlir.

2010-cu ilin noyabrında Kiyev şəhərinə gələn Kutunyo orada Adriano Çelentanonun oğlu Cakamo ilə konsert verir.

Toto Kutunyo hal-hazırda da dünyanın bir çox yerlərində konsertlər verir, yeni mahnılar yazdırır.

Diskoqrafiya
Volo AZ 504 (1976)
Voglio l`anima (1979)
Innamorata, innamorato, innamorati (1980)
La mia musica (1981)
L`italiano (1983)
Per amore o per gioco (1985)
Azzurra malinconia — Italia (1986)
Absurda melancolia — Argentina (1986)
Mediterraneo (1987)
Insieme 1992 (1990)
Non e` facile essere uomini (1991)
Voglio andare a vivere in campagna (1995)
Canzoni nascoste (1997)
Il treno va (2002)
Cantando (2005)
Come noi nessuno al mondo (2005)
Un falco chiuso in gabbia (2008)
I miei Sanremo (2010)


Tarix: 28.01.2013 / 20:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 419 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...