Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aleksandr Zasepin

Aleksandr Sergeyeviç Zasepin (rus. Александр Сергеевич Зацепин) — tanınmış rus kino bəstəkarı.

Həyatı

Aleksandr Sergeyeviç Zasepin 10 mart 1926-cı ildə Novosibirskdə dünyaya gəlmişdir. Atası Sergey Dmitriyeviç Zasepin, anası isə Valentina Oksentoviç Boleslavovna olmuşdur. O, məktəbi bitirdikdən sonra Novosibirsk dəmiryol nəqliyyatı mühəndisliyi institutuna daxil olur. 1945-ci ilin martında onu ali məktəbdən çıxarıb ordu sıralarına aparırlar. Hərbi xidmətdə olarkən Zasepin təkbaşına bir neçə musiqi alətində ifa etməyi öyrənir və buna görə də Novosibirsk qoşunlarındakı mahnı və rəqs ansamblına gedir.

1947-ci ildə Aleksandr ordudan tərxis olunandan sonra Novosibirsk filarmoniyasına dəvət alır. Hələ Alma-Atada olarkən A. Zasepin qərara alır ki, öz sənədlərini musiqi məktəbinə versin, lakin ona birbaşa konservatoriyaya daxil olması barədə zəmanət verirlər.

Aleksandr Zasepin 1956-cı ildə Alma-Ata konservatoriyasının fortepiano sinfini bitirir. Gələcək bəstəkarın diplom işi Alma-ata opera və balet teatrında səhnəyə qoyulmuş "Qoca Hottabıç" baleti olur. Daha sonra Aleksandr Zasepin "Qazaxfilm" kinostudiyasında musiqi tərtibatçısı kimi işləməyə başlayır. Elə 1956-cı ildə Zasepin özünün ilk kino musiqisini "Bizim sevimli həkimimiz" filminə yazır. Musiqinin yazılışı üçün tez-tez Moskvaya getməli olurdu. Elə bunun nəticəsi olaraq Moskva simfonik cazının rəhbəri Viktor Knuşeviski Zatsepini Rusiyaya gəlməyə dəvət edir.

Əvvəlcə Moskvada iş tapmaq çətin olur. Ona görə də Aleksandr meyxanalarda akkordeon ifa etməyə başlayır. Bu dövrlərdə olduqca məşhur kinorejissor Leonid Qayday yeni komediyası olan ""I" əməliyyatı və Şurikin başqa macəraları"nı çəkməyə hazırlaşır. L. Qayday belə qərara alır ki, Nikita Boqoslovski ilə əməkdaşlığını dayandırıb film üçün yeni bir bəstəkar axtarsın. Ona Zasepini məsləhət görürlər və beləcə onların əməkdaşlığı başlayır.

Aleksandr Zasepin kino fəaliyyəti dövründə "31 iyun", "Oxuyan qadın", ""I" əməliyyatı və Şurikin başqa macəraları", "Qafqaz əsiri", "Brilyant əl", "12 stul", "İvan Vasilyeviç peşəsini dəyişir" və s. filmlərə bir çox tanınmış musiqilər bəstələmişdir.

Aleksandr Zasepin üç dəfə ailə həyatı qurmuşdu. Bir qızı və iki nəvəsi var. 1982-ci ildə bəstəkarın ilk arvadı Svetlana 47 yaşında anavrizmdən vəfat edir. Onun ikinci arvadı fransız idi və buna görə də A. Zasepin 1982-ci ildə Fransaya gedir. 1986-cı ildə ondan da ayrılan A. Zasepin Moskvaya qayıdır. 1991-ci ildən sonra yenidən Fransaya gedir. Onun üçüncü arvadı isə Svetlana adlı musiqiçi-pedaqoq olmuşdur.

Filmoqrafiya
"I" əməliyyatı və Şurikin başqa macəraları (film, 1965)
Qafqaz əsiri və ya Şurikin yeni macəraları (film, 1966)
Brilyant əl (film, 1968)
12 stul (film, 1971)
İvan Vasilyeviç peşəsini dəyişir (film, 1973)
İdman lotosu-82 (film, 1982)
Deribasovskda hava yaxşıdır və ya Brayton-Biçdə yenə yağışlar yağır (film, 1992)


Tarix: 23.01.2013 / 21:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 376 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...