Cennifer Lopez — ABŞ kino ulduzu və pop-estrada müğənnisi. İspan dilli amerikan aktrisası hesab olunur, həmçinin müğənni və maneken kimi də fəaliyyət göstərir.Mündəricat
1 Həyatı
1.1 Maraqlı faktlar
2 Albomlar
3 Diskoqrafiya
4 İstinadlar
5 Mənbə
6 Xarici keçidlər
Həyatı
Cennifer Lopez 1969-cu il iyulun 24-də Cənubi Bronksda doğulub. Valideynləri Qvadelupa Rodriqes və David Lopes Puerto-Rikodan gəlmiş mühacirlər olublar. Cenniferin özündən böyük Linda və Lesli adlı iki bacısı var. Ailə kasıb yaşasa da, valideynləri qızlarını təmin etməyə və küçənin təsirindən qorumağa çalışıblar. Bu məqsədlə də Qvadelupa və Devid pul yığaraq Ceniferi katolik məktəbinə göndəriblər. Bundan başqa onlar 5 yaşı tamam olan kimi onu rəqs məktəbinə də yazdırıblar. Cenni orada bal rəqsləri və flamenko dərsləri keçib. Bu sahədə qazandığı uğurlar artıq iki ildən sonra onun şəhər konsertlərində iştirak etməsinə imkan verib.
Zaman keçdikcə Lopesin rəqslərə və musiqiyə olan həvəsi daha da güclənir. Cennifer 14 yaşından etibarən nəğmə dərsləri almağa başlayır və məmnuniyyətlə məktəb səhnəciklərində iştirak edir. Lakin anası bu meyli ancaq hobbi sayır. Qvadelupa qızının kollecə daxil olaraq vəkil karyerası qurmasını istəyir. Cenifer də müğənni karyerası barədə arzularını bir kənara ataraq, valideynlərinin iradəsini yerinə yetirir. O, 17 yaşı olanda hüquq kontoruna işə düzəlir. Amma günlərin birində işdəki qəzetlərdə Manhetten rəqs məktəbinə tələbə qəbulu barədə elan oxuyur və dərhal həmin məktəbə daxil olur. Beləliklə, "gündüz – iş, gecə – rəqs" həyatı başlayır. Bunun ardınca o, kollecə daxil olur. Amma Cenni rəqs məktəbindəki dərslərinə ara vermir. Cəmi bir semestr oxuyandan sonra gələcək ulduz kolleci atır və rəqqasə karyerası qurmaq barədə qəti qərar qəbul edir. Onun bu qərarı ailədə ciddi narazılığa səbəb olur. Valideynləri qızlarının istəyini anlamayaraq onun vəkil karyerasını seçməsində israr edirlər. Cenifer evdən getmək məcburiyyətində qalır...
Cenni "böyük dünya"da ilk sınaqla üzləşir – onun qalmağa evi olmur. Bütün bu müddət ərzində rəqs studiyasının zalı ona evi əvəz edir. Həmin dövrdə Cennifer ucuz kliplərdə çəkilərək, hər rəqsinə görə 20 dollar pul alır və hər gün uğursuz sınaqlara gedir. Puerto-Riko əsilli olması səbəbindən Ceniferi heç bir yerdə işə götürmürlər. Səkkiz ay davam edən uğursuz cəhdlərdən sonra gələcək ulduz depressiyaya düşür. Sonralar etiraf edirdi ki, o vaxtlar gələcək həyatının necə bitəcəyi barədə düşünməyə başlayıbmış...
Amma ümidlərin itdiyi bir vaxtda tale onun üzünə gülməyə başlayır. Həmişə aktrisa olmaq arzusu ilə yaşayan Cennifer 19 yaşı tamam olanda müzikldə rəqqasə kimi işə düzəlir. Cenini "Brodveyin qızıl müziklləri" turuna götürürlər. Üstündən daha doqquz ay keçəndən sonra isə o, ilk Yaponiya turnesinə çıxır. Ceni sonralar deyirdi ki, bu, onun həyatında ən xoşbəxt anlardan biri olub.
Cennifer Lopezin musiqi olimpinə yürüşü davam etdiyi bir vaxtda – üstündən iki il keçəndən sonra "Canlı rəng" şousunun menecerlərindən biri ona rəqqasə roluna sınaqdan keçməyi təklif edir. Cennifer müsabiqədə iştirak edən 2 min rəqqasəni qabaqlayaraq, rolu alır. Amma bütün bu müddət ərzində Cennifer şəxsi həyatını qura bilmir: onun nə dostu, nə də yaxın adamı olur. Rəqslər onun bütün şəxsi həyatını əvəz edir.
Karyera isə yüksələn xətlə davam edirdi. Cennifer Lopez daha bir böyük müsabiqəni udaraq, "Canlı işıqda" komediyasına çəkilir və Hollivudda karyerasına başlayır. Hələ o zaman onun ciddi dramatik rollar oynamaq istfəyi yaranır. "Canlı işıqda" komediyasının əsasında çəkilən kommersiya seriallarında bir neçə mövsüm iştirak edəndən sonra Lopes ilk dəfə ciddi aktrisa kimi "Cənub Sentralı" serialına dəvət alır. Serialın rejissoru və prodüseri rəfiqəsinin həyat yoldaşı idi. Şou hələ başlamamışdan əvvəl uğursuzluğa düçar olur. Amma Cenifer "İkinci şans" və "Malibuya aparan yol" adlı daha iki seriala dəvət alır.
1993-cü ildə televiziya karyerasına son qoyan Lopes özünü böyük ekrana həsr etmək qərarına gəlir. Artıq 1994-cü ildə rejissor Qreqori Navanın "Mənim ailəm" bədii filminə çəkilir. Film tənqidçilər tərəfindən ruh yüksəkliyi ilə qarşılanır və Cenniferin aktyor talantını açır. Məhz bu roldan sonra o, Frensis Koppolanın "Cek" filminə dəvət edilir. "Cek" uğurlu layihə olmasa da, Lopesin karyerasına müsbət təsir göstərir.
1997-ci ildə çəkilən "Selena" filmində baş rolu almaq üçün Cennifer əsl yarışa qoşulur: o, 20 min qadının iştirak etdiyi müsabiqədə qalib gəlir və baş rola çəkilir. Lopes həmin film üçün milyon dollar qonorar alır və aktyorluq bacarığını göstərir. Bununla da Hollivud tarixində ən böyük qonorar alan Latın Amerikası mənşəli aktrisaya çevrilir.
"Selena" təkcə karyera planında deyil, şəxsi həyatında da düşərli olur. Onun əsl şəxsi həyatı başlayır. Lopes Mayamidən olan ofisiant Ocani Noa ilə görüşür. Banketlərdən birində isə Noa mikrofonu alıb, hamının gözü qarşısında rəqs meydançasında Cenniferdən onun həyat yoldaşı olmağı xahiş edir. Cütlük 1997-ci ilin əvvəlində evlənir. O zamana kimi əsl ulduz olduğunu anlamayan Lopes tezliklə məşhurluğu "dadır". Qəzet və jurnallar evlilikdən iki ay sonra Lopes və Noanın ayrılacaqları barədə yazmağa başlayırlar. Həqiqətdə isə Lopezin ailəsi düz bir il sonra dağılır.
Xoşbəxtlikdən, populyarlıq Cenniferə təkcə xoşagəlməz sürprizlər gətirməyib. "Selena"nın ardınca Lopes bütün kassa rekordlarını qıran "Anakonda" filmində baş rollardan birinə çəkilib. Bir sözlə, 1997-ci il bütün mənalarda onun üçün düşərli olub.
Cennifer Lopez indi aktrisa, müğənni kimi karyerasının ən yüksək nöqtəsinə çatıb. Ən məşhur şirkətlər milyonlarla dollar qonorar ayraraq Cenniferin onların məhsulunun reklamında çəkilməsinə çalışırlar (məsələn, Lopes məşhur "L’Oreal" şirkətinin rəsmi siması seçilib). Özünün "J.Lo" geyim markasını təsis edib. Artıq bütün dünyada onun parfümü çıxır. O, bütün arzularının reallığa çevrildiyini bildirir. Bronksdan olan qızcığaz indi Hollivudun kraliçasıdır. Ən əsası isə Ceni bütün dünyadakı milyonlarla pərəstişkarının qəlbini fəth edə bilib. Onun qəlbi isə iki övladının atası olan məşhur müğənni Mark Antoniyə məxsusdur.
Yaşı qırxı haqlayan Cennifer həyat yoldaşı Mark Antoni ilə sakit həyat keçirir. Onlar 2004-cü ilin iyununda evləniblər. 2008-ci ilin əvvəlində onların Maks və Emmi adlı iki əkiz uşağı dünyaya gəlib. Ulduz cütlük uşaqlarının ilk şəklini "People" jurnalına satıb. Bu razılaşma "People"a nə az, nə çox – düz 3 milyon dollara başa gəlib.
Cennifer Lopes 2006-cı ilin sonunda həmyerlimiz, "AST" Şirkətlər Qrupunun sahibi Telman İsmayılovun 50 illik yubileyində iştirak etmək üçün 1,5 milyon dollar qonorar müqabilində Moskvaya səfər edib. "AST"-nin rəhbəri məşhur müğənniyə üzərində brilyantlar olan və qızıl suyuna tutulmuş mikrofon hədiyyə edib.
Maraqlı faktlar
Cennifer Lopezin anketi[1] :
Boyu : 165 sm[2][3][4][5]
Çəkisi : 57 kq
Sinə ətrafı : 86 sm[6]
Beli : 66 sm[6]
Omba genişliyi : 102 sm[6]
Saçlarının rəngi : Şabalıdı
Gözlərinin rəngi : Qonur
Albomlar
İlk albomu isə Cennifer Lopezin 1 iyun 1999–cu ildə işıq üzü gördü. Bu albomun adı "On the 6" adlanırdı, səbəbi isə Lopez uşaq vaxtı bu nömrəli avtobusla məktəbə gedirmiş. Albom dərhal çox böyük uğura sahib oldu və nəticədə Bilboard 200 adlanan reytinq cədvəlində 10 – cu yeri tutmağı bacardı. Albomun ilk mahnısı isə "İf you had my love" bir neçə həftə Bilboard Hot 100 – də birinci yeri tutmuşdu və gözlənilməz uğur əldə etmişdi.
İkinci albomu isə "J.Lo" adlanırdı və 23 yanvar 2001–ci ildə buraxıldı. Albom Bilboard 200 – də tam 20 həftə ard – arda birinci yeri tutdu. Növbəti albom isə "This is me..Then" 2002-ci ilin noyabrında satışa çıxdı. 2005-ci ildə çıxan 5-ci studiya albomu "Rebirth" adlanırdı, bu albom heç vaxt birinci yeri tuta bilmədi. Buna baxmayaraq satış nəticələri çox da pis deyildi. Cenniferin ilk ispan dilli albomu isə "Como Ama una Mujer" adlanırdı və bizim dilə isə "Qadın necə sevir" kimi tərcümə olunur. Həmin albom 23 mart 2007–ci ildə Avropada və 27 mart 2007–ci ildə isə ABŞ–da buraxıldı. Birinci mahnı isə "Que hiciste?" adlanırdı. Bizim dilimizdə "Sən nə etdin" kimi mənalandırılır.
9 oktyabr 2007–ci ildə Lopezin sayca altıncı və ingilis dilində olan beşinci albomu pərəstişkarlarının istəyi ilə işıqlandırıldı. Albom Brave adlandı, J.Lo üslubca ona uğur gətirən janra qayıtmağı qərara almışdı və R&B'yə qayıtmışdı. Həmçinin albomda müxtəlif lirik kompozisiyalar da yer almışdı. Albomun çıxış parçası isə "Do it well" oldu. Mahnıya klipi David LaChapelle çəkdi.
"J to the L-O!; The Remixes" remiks albomu 2002-ci ildə buraxılmışdır və Ginnesin Rekordlar kitabına düşmüşdür.
Cennifer Lopez həmçinin çox güclü biznes qadını hesab olunur. Onun paltarları J.Lo by Jennifer Lopez adlanan geyim firmasına aiddir. Bu geyim firması isə xüsusən cavan qadınlara istiqamətləndirilmişdir. 2005–ci ildə yeni marka adı altında geyimlər buraxıldı və bunlar isə Sweetface adlandırılmışdı. 12 aprel 2002–ci ildə Lopez Kaliforniya ştatında Pasadena adlanan şəhərdə Madre's adı altında yeni bir restoran açdı. Ən yaxşı nəticəni isə iş qadını olaraq parfumeriyadan əldə etməyi bacardı. Onun ilk ətiri "Glow by J.Lo" isə rekord sayda satışla nəticələndi.
Diskoqrafiya
İngilis dilində studiya albomları
1999: On the 6
2001: J.Lo
2002: This Is Me... Then
2005: Rebirth
2007: Brave
2011: Love ?
İspan dilində studiya albomları
2007: Como Ama una Mujer
Başqa albomlar
2002: J to tha L-O!: The Remixes
DVD
2000: Feelin' So Good
2003: Let's Get Loud
2003: The Reel Me
2007: Como Ama Una Mujer
Tarix: 24.01.2013 / 19:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 818 Bölmə: Bəstəkarlar Və Müğənnilər