Müxtəlif türk xalqlarının boy-soy (tayfa-nəsil) bölgüsü kimi diqqəti çəkən və tərkibində az//as komponentini yaşadan etnonimlər böyük maraq kəsb edir. Məsələn, başqort-katay boyundakı as, assı soyları, balkarların as adlanması, özbəklərin 32 əsas boyu sırasında A. Vamberinin as boyunu qeyd etməsi , qırğızlarda azıq boyu, nəhayət, qədim Azərbaycan əhalisinin az adlanan bir qisminin sonralar azər boyu kimi tanınması azların türklüyünə şübhə yeri qoymur. Lakin az boyunun geniş coğrafi ərazilərdə görünməsi onların etnik mənşəyi haqqında bəzi tədqiqatçıların yanlış fikir söyləməsinə səbəb olmuşdur.
Belə ki, V. V. Bartold türkeşləri az və tuxsi boylarının birləşməsi hesab etmiş. Gültigin abidəsindəki azları (az budun) isə Yenisey ostyakları ilə eyniləşdirmişdir. Z. V. Toğan bir yerdə asları saqaların tərkibində türk boyu kimi verirsə də, digər yerdə onları qədimdən türklərə qarışmış bir İran qövmü, yaxud saqa və hunların içində əriyən bir irani tayfa adlandırır.
Az//as boyu təkcə azər türklərinin deyil, bir sıra digər türk boyları sistemində də mühüm yer tutur. Bundan başqa, soyadı qədim türk antroponimikasının xüsusiyəti kimi şəxs adlarına da qoşulur, onun hansı soydan olduğunu bildirir. Məsələn, XVII əsrdə farsca yazılmış "Dastur al-mulk" əsərində sadalanan bir sıra şəxsin adında as boyadı vardır:
Qaib Nazar bəy atalık as,
Xurrəm bəy hacı pərvanəçi as,
Məhəmməd hakim bəy mirzə as,
Mahmud bəy katağan as
Buradakı ad-titul-soyadı düzümü qanunauyğun haldır. B.X.Karmışeva göstərir ki, "Şaybani-namə" (XVI əsr) abidəsində as soyadı nayman, durman, kuşçu boyları ilə yanaşı xatırlanır və Orta Asiya türklərində as-nayman, as-saray, caman-as soybirləşmələri forması da tarixi faktdır . Sadalanan onomastik vahidlərin türklərə aid olmasını izah etməyə ehtiyac yoxdur. Bu sıraya Klavdi Ptolemeyin (II əsr) Quzey Qafqazda göstərdiyi asturikan (as-turikan) boyunu, Təbərinin (VIII əsr) qeyd etdiyi Astarxan (as-tarkan) adını, "Kartlis-Tsxovreba" gürcü abidəsində Baqatur Asparux (as-paruk) adını, M. Kaşqarinin oğuz bəylərindən birinin adı kimi verdiyi Azaq adını və vaxtilə indiki Qaraçay-Çərkəz ölkəsində Əmir Teymura qarşı döyüşən Buri-berdi adlı şəxsin başçısı olduğu as boyunu da tarixi faktlar kimi əlavə etmək olar. Bu da bəllidir ki, soyadı çox vaxt həmin soyun yaşadığı bölgədə toponim kimi də yayılır; Orta Asiyada As, Assa, Sırdərya ətrafında Asa, Asnas, Asar, Ural və Volqa – Kama bölgələrində Assı, Asılı, Ası, Aşa, Krımda Ass, Böyük-Ass, Temes-Ass, Assı-Corakçı, Kiçik-As və s. Əski və yeni erməni mənbələri türk boyları yaşayan Anadolu-İran-Qafqaz bölgələrində az//as soyadını əks etdirən xeyli dağ, çay, kənd, oba adı – toponim qeyd etmişdir; Bəzi tarixi mənbələrdə az//as etnonimi yaz//haz formaları ilə də işlənmişdir. Həmin formaları y, h səsartımı kimi düşünmək olardı, lakin bu etnonimin k, x ilə işlənən (kaz, kas, xaz) formaları da var. Məsələn, Azaq dənizi az boyadını əks etdirdiyi kimi, Orxon çayının quzey-batısında Kasoqol (Kas gölü) və Xəzər dənizinin adı da Kas//Xəz-ər boylarının adını bildirir. Bu halda nə səsartımından, nə də səsdüşümündən söhbət gedə bilməz. Burada bütün mövcud formaların yaranmasını izah edə biləcək yozuma yalnız larinqal nəzəriyə kömək edə bilər. Yəni proto-türk dialektləri formalaşan çağlarda as soyadında boğaz tutulması ilə tələffüz olunan larinqal ’a saitinin tutulma hissəsi bir dialektdə təmizlənmiş, digər dialektdə k, x, h samitinə çevrilmişdir.
Qədim Azərbaycanda formalaşan az boyları Kür-Araz mədəniyyətindən sonrakı çağlarda qəribə tale yaşamışlar. Onların bir qismi Azərbaycan – Kiçik Asiya – Avropa boyunca İslandiyaya qədər gedib çıxmış, digər qismi Quzey Qafqaz və Türküstana köç etmişdir. Ata yurdda qalanlar isə Azərbaycanın müxtəlif bölgələrinə səpələnmişlər.
Urartu çarı I Arqiştinin vaxtında (m.ö.VIII əsr) urartular Van gölü hövzəsindən çıxıb Arazı keçirlər və Aza ölkəsini (İrəvan çuxurunu) zəbt edirlər. Əvvəllər Urartu yazılarında "düşmən ölkə" kimi verilən Aza ölkəsini tutandan sonra I Argişti Araz çayının sol sahilində, indiki Sərdarabad (Armavir) kəndi ərazisində Argiştixinili qalasını tikir, Aza ölkəsinə kanallar çəkir. Mütəxəsislər Aza adının Urartu yazısında etno-toponim olduğunu qeyd edirlər . Aza ölkəsinin batı sınırına aid bir məntəqənin də adı romalıların yol xəritəsində ’Aza şəklində yazılmışdır ki, bunu da Aza və Haza şəklində oxumaq olar . Lakin Strabonun vaxtında Aza ölkəsi artıq Azar (Azər) formasını almışdı. O yazır ki, Araz çayı "Azar yanından axır… Araksena düzündən keçib, Kaspi dənizinə tökülür" . Bu tarixi məlumatlardan görünür ki, Qərbi Azərbaycanın İrəvan bölgəsi qədim çağlarda Azər ölkəsi adlanmışdır və Arazboyu məntəqələrdə Azərlə yanaşı, daha qədim Aza forması da işlək olmuşdur. Naxçıvanda bu gün də Yuxarı Aza adlı kənd vardır.
İslandiyaya qədər gedib çıxan as boyları haqqında da maraqlı tarixi məlumatlar vardır. Belə mənbələrdən yalnız birinə, elə islandların öz yazılı abidəsi olan "Kiçik Edda" əsərinə baxdıqda asların tarixi haqında xeyli məlumat əldə etmək olur. İslandiyada Snorri Sturlusonun 1222-1225-ci illər arasında qədim saqalardan istifadə edərək qələmə aldığı bu əsərdə göstərilir ki, as boyu Troya (F. Cəlilova görə Tur-ova) şəhərindən çıxıb Avropanın quzeyindəki Saks ölkəsinə gəlir, sonra yerli əhali ilə qaynayıb-qarışan aslar çoxalaraq, daha quzey bölgələrə, indiki İsveç və Norveç ərazilərinə yayılırlar. Onların İslandiyaya VIII-IX əsrlərdə getməsi isə bizə Avropa tarixindən bəllidir. Yəni aslar Troyadan çıxandan min il sonra onların Quzey Avropadakı törəmələri İslandiyaya getmişlər.
Kiçik Edda əsərində yazılır ki, yerli əhali indiyədək gördüyü insanlara bənzəməyən Asiyadan gəlmiş bu gözəl görkəmli qərib asları maraqla qarşıladı, onlara ərazi verdi. As gəncləri yerli qızlarla evləndi, asların sayı get-gedə artdı. S.Sturluson qeyd edir ki, o dövrdən çox zaman keçsə də, hələ də yazılı qaynaqlar asların Asiyadan gətirdiyi adları saxlayır.
Yer adı: Asqard (As məskəni, As kəndi)
Çay adları: Göl, Orun, Qöpül, Qömül, Eykin
Şəxs adları: Anar, Torkel (Türkel), Atlı, Qamlı, Yekul, Eqil, Erp, Eyrik, Qanqleri, Buri (Börü?), Qunn, Qunlauq, Eynar, Elli, Aslauq, Asdis və s.
Həmin abidədə belə ifadə və cümlələr də var:
"Troya türk ölkəsidir" ; "türklərin ölkəsini tərk edib" ; Avropaya gələn aslar buraya türk adət-ənənəsi gətirdi və "burada türklərin vərdiş etdiyi qanunlar tətbiq olundu" .
Böyük köçlərin iştirakçısı olan as boyları qərbdə german tayfaları içində əriyib türk dilini itirmişdir, şərqdə İran, şimalda fin-uqor və qafqaz tayfaları ilə qaynayıb-qarışsa da, türk dilini saxlaya bilmişdir.
Tarix: 15.01.2015 / 17:21 Müəllif: Feriska Baxılıb: 288 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr