Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hacıxanlı oymağı

Hacıxanlı oymağının tarixi
Bu oymağın ilk patronu Hacı xan Səlim xan oğlu Şəkilidir. Əvvəlcə Şəki hakimi Səlim xan haqqında bilgi verək. Səlim xan Məhəmmədhüseyn xan oğlu Şəki şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. 1795-ci ildə Səlim xan hakimiyyəti ələ keçirdi. Səlim xan Ibrahimxəlil xanın qızı Tuti bəyimlə evləndiyindən Qarabağ xanlığı ilə dostluq münasibəti qurmuşdu. Bu dostluq "kəbin diplomatiyası"na əsaslanırdı. 1797-ci ildə Məhəmmədhəsən xan Şirvanlı Mustafa xanla birləşib Səlim xanın üzərinə hücum edir. Səlim xan duruş gətirə bilməyib Qarabağa qaçdı. Ağaməhəmməd şah Qovanlı-Qacar öldürüldükdən sonra Şirvan hakimi Mustafa xan xanlığının ərazisini genişləndirmək üçün ciddi fəaliyyətə başladı. O, ilk növbədə Şəki xanlığını özünə tabe etmək üçün kor edilərək xanlıqdan kənarlaşdırılmış Məhəmmədhəsən xandan istifadə etdi. Belə ki, Ağaməhəmməd şah öldürükdükdən sonra öz xanlığının bərpa etməyə çalışan Məhəmmədhəsən xan bir qədər əvvəl ona düşmən olmuş Şamaxı xanı Mustafa xana müraciət edərək qızını ona ərə vermək istədiyini bildirdi. Mustafa xan bundan istifadə etməyə tələsdi. O, böyük qoşunla Şəki xanlığı üzərinə yeridi. Ona müqavimət göstərə bilməyən Səlim xan Qarabağa, qaynatası Ibrahimxəlil xanın yanına qaçdı. (A. Bakıxanov, Gülüstani-Irəm, səh.196).

Mustafa xan Xançobanlı Səlim xanı da Qarabağdan öz yanına gətirdi. Beləliklə, Mustafa xan hər iki qardaşı-Məhəmmədhəsən xanı da, Səlim xanı da hakimiyyətdən uzaqlaşdırıb öz əmisi oğlu Şeyxəli bəyi Şəkiyə naib təyin etdi. Lakin Şəki əhalisi üsyan etdi. "Mustafa xan çarəsiz qalıb, Səlim xanı Şəkiyə hakim göndərdi və onun qızını öz üçün aldı. Məhəmmədhəsən xan Qubaya, Dərbəndə və buradan da Cara, axırda rusların yanına" getdi. (Bax: A. Bakıxanov, Gülüstani-Irəm, səh.194) Beləliklə, Səlim xan 1805-ci ildə Şəki xanlığın öz hakimiyyətini bərpa etdi. Səlim xan 1805-ci il mayın 21-də Rusiyanın təəbəliyini qəbul etdi. Şəkidə hakimiyyət uğrunda mübarizədə Rusiyanın köməyindən istifadə etmək istəyən Səlim xan Kürəkçay sahilində düşərgə salmış Sisianovun iqamətgahına gəldi, yeznəsi və qaynatası İbrahimxəlil xandan bir həftə sonra, 1805-ci il mayın 21-də Şəki xanlığı da Rusiyanın hakimiyyəti altına keçmək barədə müqavilə imzaladı. Bu müqavilənin də şərtləri Qarabağ xanlığı ilə bağlanan müqavilənin eyni idi. Şəki xanlığı da öz ərazisində Rusiya qarnizonunun saxlanması üçün xüsusi yer ayırmalı idi.

1806-cı ildə Şuşada çar zabiti Lisaneviçin İbrahimxəlil xanı, onun arvadını və ailəsini faciəli surətdə güllələməsi hadisəsi, Səlim xanın Rusiya himayəsindən imtina etməsinə səbəb oldu. Sonra isə vəziyyətin gərginliyini nəzərə alaraq, yenidən çar I Aleksandra məktub yazıb onu bağışlamasını xahiş etdi. Səlim xanın tərəddüd keçirdiyini hiss edən çarizm, onu hakimiyyətdən götürmək üçün, general Nebolsinin başçılığı ilə Şəki üzərinə qoşun göndərdi. Səlim xan gizlicə Abbas mirzə Qovanlı-Qacarla da danışıqlar aparırdı. Yaranmış şəraitdə Abbas mirzə Şəkiyə 300 sərbaz və muzdlu qoşun yığmaq üçün Səlim xana 30 min çervon pul göndərdi. Səlim xan nəyin bahasına olursa-olsun öz hakimiyyətini saxlamağa çalışırdı. Lakin çarizm Səlim xanı kənar etməyi qət etdi və general Nebolsinin başçılığı altında Şəkiyə qoşun göndərildi. Səlim xan məğlub edildikdən sonra, tutulub Tiflisə gətirilmiş və onun nəsli xanlıq hüququndan məhrum edilmişdir. Sonra isə qaçaraq Abbas mirzənin düşərgəsinə getmişdi. Səlim xanın Abbas mirzədən aldığı pul və topladığı qoşun elə bir ciddi dəyişikliyə səbəb olmadı və Səlim xanın nəsli xan olmaq hüququndan məhrum edildi.

Belə olan halda ruslar Cənubi Azərbaycanda ruslara işləyən, general-leytenant rütbəsi verilən xoylu Cəfərqulu xanı Şəkiyə hakim təyin edirlər. Səlim xan Tuti bəyim İbrahimxəlil xan qızı Cavanşirlə ailə qurmuşdu. Hüseyn xan, Hacı xan, Əbdürrəhman xan, Salman xan, Süleyman xan adlı oğlanları, Asya bəyim, Fəxrənnisə bəyim adlı qızları vardı.

Səlim xanın ikinci oğlu Hacı xan Şəki şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. Atası ilə bərabər İrana qaçmışdı. Məşədi Məhəmməd adlı şəxs Səlim xanın oğlu Hacı xanın tapşırığı ilə 1837-ci ildə Şəkiyə gəlmişdi. O, burada özünü xanın varisi kimi qələmə verərək ətrafına xeyli adam toplamış və çarizm əleyhinə təbliğata başlamışdı. 1838-ci il avqustun sonlarında üsyançılar Şəki vilayətinə daxil oldular. Əhalinin əhvali-ruhiyyəsinə güvənən Ağa bəy və Məşədi Məhəmmədin dəstəsi Şəkiyə yaxınlaşdı. Komendant idarəsinin məmurları da orada idilər. İlk həmlədən üstünlüyü ələ alan üsyançılar, qala istisna olmaqla, şəhəri ələ keçirdilər. Sentyabrın əvvəlində Şəkiyə başqa əyalətlərdən əlavə rus qoşun dəstələri gətirildi. Qüvvələr nisbəti dəyişdi. Sentyabrın 3-də üsyançılar Şəkini tərk etdilər. Rutullu Ağa bəy Dağıstana, Məşədi Məhəmməd İrana getdi. Beləliklə, Şəki üsyanı məğlubiyyətə uğradı. Hacı xan yenıdən İrana qayıtdı. Şəkidən gətirdiyi əhalini Muğanda yerləşdirdi. Bu oymaq Şahsevən elinə birləşdi. Sonralar Hacıxanlı adlandı.

Oymağın coğrafiyası
Hacıxanlı oymağı Çaldağda yaylayırdı.


Tarix: 14.01.2015 / 16:41 Müəllif: Feriska Baxılıb: 112 Bölmə: Azərbaycanla bağlı tayfa və qəbilələr‎
loading...