İlqar Hüseynov Qaradağlı müsibətini görmüş kənd sakiblərindən biridir. O, ailə üzvlərilə birlikdə 1992-ci ilin fevral ayında ermənilərə girov düşüb. İlqar Hüseynov iki ay erməni girovluğunda qalarkən olmazın müsibətlərə düçar olub. İlqar Hüseynovun dediklərindən: - Qaradağlı camaatı arasında elə bir ailə yoxdur ki, erməni vəhşiliyindən öz nəsibini almasın. Kəndimiz 1992-ci ilin fevral ayında işğal olunub. Amma hələ 1991-ci ilin sentyabrında ermənilər Qaradağlı camaatına divan tutmuşdu. Sentyabr ayının 8-də ermənilər Ağdam-Qaradağlı avtobusunu atəşə tutmuşdular. 8 nəfər yerindəcə həlak olmuş, 10-dan artıq günahsız insan ağır yaralanmışdı.
1992-ci il fevral ayının 15-də ermənilər Qaradağlını dörd bir yandan atəşə tutdular. Evlərin əksəriyyəti alova bürünmüşdü. Atışma iki gün davam etdi. Kənddə qalan 118 nəfərdən 25-i həlak olmuşdu. Dörd nəfər isə ağır yaralıydı. Gecə yaralıları da götürüb yola düzəldik. Aramızda 10 qadın və iki uşaq vardı. Ermənilər bizi təqib edirdilər. Patronumuz qurtardığı üçün onlara müqavimət göstərə bilmirdik.
Ermənilər hamını əsir götürdülər. Kişiləri qadınlardan və uşaqlardan ayırdılar və bizi ayrı-ayrı maşınlara mindirdilər. Bizi erməni qəbiristanlığına gətirdilər. Dedilər ki, 9 nəfər könüllü aşağı düşsün. Heç kim yerindən tərpənmədi. Bundan qəzəblənən erməni quldurları avtomatla maşına atəş açdılar. 10-15 nəfər yerindəcə öldü. Təxminən 20 nəfər isə ağır yaralandı. Vəziyyətin ağır olduğunu görən kənd sakinlərindən biri qaçmaq istədi. Onun bu hərəkti erməniləri daha da qəzəbləndirdi. Onlar bizi yenidən atəşə tutdular. Ölənlərin sayı 32 nəfərə yüksəldi. Sonra bizi Xankəndinə apardılar. Bizi iki ay Xankəndi həbsxanasında saxladılar.
Həbsxananın pəncərələri yox idi. Hər gün qar yağırdı. Şaxta insanın iliyinə işləyirdi. Girovların hamısını dizə qədər suyun içində saxlayırdılar. Bizə üç gündə bir dəfə əl boyda qara çörək verirdilər.
Ermənilər bizi gündə ən azı beş-altı dəfə döyür, müxtəlif işgəncələr verirdilər. Bir neçə nəfər işgəncələrə dözmədiyi üçün elə həbsxanadaca dünyasını dəyişdi. Armaturla vurub səkkiz nəfərin qabırğalarını qırmış, ayaqlarını sındırmışdılar. İki nəfəri isə divara çırpıb beynini partlatmışdılar. Onlar təkcə kişilərə deyil, qadınlara və uşaqlara da bu cür dəhşətli işgəncələr verirdilər. İki ay sonra Qızıl Xaç Cəmiyyətinin köməkliyi ilə bizi azad etdilər. Mənimlə birlikdə girovluqda olmuş bir neçə nəfər azadlığa çıxından sonra dünyasını dəyişdi. Həmin vaxtdan 19 il keçsə də, ermənilərin verdiyi işgəncələrin ağrısı hələ də canımdan çıxmayıb.
Tarix: 21.01.2015 / 17:11 Müəllif: Feriska Baxılıb: 53 Bölmə: Azərbaycanlı sülalələr