I Şah Təhməsib 1524-cü ildə şahlığa yiyələndi. Dövlət işləri üzərində əməli nəzarəti, vəkil vəzifəsini Əmir Əli bəy (Div sultan) Rumlu ələ keçirdi. Lakin Ustaclı tayfasının Mustafa bəy Hacıfəqihli (Köpək sultan) və Abdulla xan Təmişli kimi qüdrətli əmirləri onun hakimiyyətini qəbul etmədilər. Əli bəyin çağrışı ilə Təkəli, Zülqədər elləri bir yerə yığışıb, Ustaclı elinə qarşı savaş açdılar. Şamlı əmirləri də Əli bəy Rumluya dəstək verdilər. 1525-ci ildə güclənən Əli bəy Mustafa bəyə dövlət qayda-qanunlarına tabe olmağa, onun vəkilliyini tanımağa çağırdı. Mustafa bəy müsbət cavab verərək onunla görüşməyə getdi. Lakin məşvərət zamanı sözləri düz gəlmədi. Pozuluşdular. Əli bəy qiyama təhrikçi saydığı Qarınca bəy Ustaclını və Narın bəy Qacarı öldürdü. Mustafa bəy başını götürüb, Çuxur Səd əyalətinə, Irəvana və Naxçıvana çəkildi. 1526-cı ildə ətrafına xeyli adam toplayan Mustafa bəy (Köpək sultan) Xalxaldan Sultaniyyəyə gəldi. Ona qoşulmuş Ustaclı əmirləri, Qılınc xan Təmişli, qorçubaşı Bədr bəy Şərəfli, Qurd bəy Şərəfli və başqaları ilə birgə şah qərargahına doğru hərəkət etdi. Vəkil Əli bəy Rumlu barışıq üçün elçi göndərsə də, ustaclılar ona etibar etmədilər. Səksəncək adlı yerdə qarşılaşdılar. Öncə ustaclılar birləşmiş qoşuna qalib gəldilər. Onlar adlı-sanlı təkəli əmirlərindən olan Qaraca sultanı və Burun sultanı öldürdülər. Sonra şahdan və şahın qvardiyasından istifadə edən rumlular və təkəlilər üstünlük qazandılar. Ustaclı qoşunu basılıb, Gilana tərəf qaçdı. Qaçanlar Rəştə üz tutub, Müzəffər sultana sığındılar. Ustaclı elinin digər qrupu Abdulla xan Təmişlinin və Əhməd sultan Sofuoğlunun başçılığı altında rumlu və təkəli tayfalarına qarşı savaşa başladılar. Onlar da yenildilər.
1527-ci ildə özbək xanı Ubeydulla xan Qızılbaşlar məmləkətinə qoşun çəkdi. I Şah Təhmasib ordu toplayıb, istilaçılara qarşı çıxdı. Ustaclı elindən Abdulla xan 200 nəfər seçmə bahadırla toplantı yerinə gəldi. Elin digər qruplarından isə 16 mindən yuxarı atlı yığılmışdı. Yığılanlar içində Ustaclı eli birinci yeri 17 min atlıyla, ikinci yeri Avşar eli 16 min atlıyla tuturdu. Özbəklər məğlub olub, geri çəkildilər. 1527-ci ildə Mustafa bəy (Köpək sultan) Gilandan qoşun çəkərək Ərdəbilə gəldi. Ərdəbilin hakimi Badəncan sultan Rumlunu məğlub edib, öldürdü. Ordan Çuxur Səd əyalətinə, rumlu elinin yaşadıqları yerə hərəkət etdi. Vəkil Əli bəy (Div sultan) bu xəbəri eşidib, Çuxa sultan Təkəli və Məhəmməd xan Zülqədərin yaxından yardımı ilə səkkiz min qorçu ilə Qərbi Azərbaycana yollandı. Tərəflər Naxçıvanda, Araz çayının yaxasında üz-üzə gəldilər. Ustaclı qoşunu darmadağın edildi. Qoşunun komandanı Mustafa bəy öldürüldü. Sonra Rumlu və Təkəli tayfaları arasına təfriqə düşdü. Vəkil Əli bəy (Div sultan) Rumlu Çuxa sultan Təkənin təhriki ilə məhv edildi.
Tarix: 21.01.2015 / 13:06 Müəllif: Feriska Baxılıb: 77 Bölmə: Azərbaycanlı sülalələr