Şah İsmayıl hələ uşaq yaşlarından idman oyunlarına, cıdır yarışlarına böyük həvəs göstərir, tez-tez ova gedirdi. Sərkərdəliyi dövründə o bir neçə zorxana açdırmışdı ki, burada bayram şənlikləri düzənlənər və pəhləvanlar öz güclərini sınayardılar. Şah İsmayıl həm də rəssamlıq və xəttatlıq bacarığı ilə də seçilir, kitab oxumağı çox sevirdi. Uzun Həsənin Təbrizdə yaratdığı məşhur kitabxananın nəzdində o, yeni tipli geniş bir kitabxana açdırmışdı ki, buradan həm öz ölkəsinin əhalisi və alimləri, həm də qonşu ölkələrin alimləri istifadə edirdilər. Venesiyadan olan bir tacir 1518-ci ildə yol qeydlərində özünün şah İsmayılla Təbrizdəki görüşlərini belə xatırlayır: "İndi onun 31 yaşı var. Ortaboylu, olduqca gözəl və mərd bir kişidir. Saqqalını qırxır, bığ saxlayır. Ona qız kimi vurulmaq olar. Solaxay olsa da bütün əmirlərdən güclüdür. Oxatma məşqləri zamanı adətən musiqi çaldırır. Rəqsi çox sevir və rəqqasələr oynarkən ayaqlarını yerə döyərək, İsmayıla həsr olunan mahnılar da oxuyurlar. O, hər gün əmirlərlə oxatma yarışları keçirmək üçün meydana çıxır və həmişə də günün qaliblərinə mükafatlar verir. Bu yarışlar vaxtı onun şərəfinə çalıb-oxuyur, rəqs edirlər. Bu sufi öz təbəələri, xüsusilə də əskərlər tərəfindən Allah kimi sevilir və pərəstiş olunur. Onun əskərlərindən bir çoxu döyüşə yalın əllə-dəbilqə və zirehsiz girirlər, onlar əmindirlər ki, İsmayıl onları döyüşdən salamat çıxaracaq." Şah İsmayıl həm də gözəl səsə də malik idi. Bərbəd adlanan alətdə gözəl çalır və oxuyurdu. O, uşaq yaşlarından şeir yazmağa başlamışdı.
Rəvayətə görə, Şah İsmayıl dərviş paltarı geyinib məmləkəti gəzib dolaşar və xalqın dərd-səri ilə maraqlanarmış.
O, Azərbaycan türkcəsini dövlət dilinə çevirmiş, ölkənin siyasi, ictimai, iqtisadi və mədəni inkişafı üçün bölük işlər görmüşdür.
Xalq arasında indiyə qədər dildən-dilə gəzən əfsanədə də şah İsmayılın qeyri-adi fiziki qüvvəsindən danışılır. Əfsanədə deyilir ki, şah İsmayılın öz qılıncı ilə düşmən toplarının lüləsini yarması xəbəri türk sultanına çatır. Maraqlanan sultan şah İsmayıla ismarış göndərib xahiş edir ki, qılıncını ona göndərsin. Tezliklə onun bu xahişinə əməl olunur. Lakin Sultan həmin qılıncla topun lüləsini yarıb keçə bilmir və İsmayılı günahlandırır ki, guya o, həqiqi qılıncı göndərməyibmiş. Şah İsmayıl məcburiyyət qarşısında yazdığı məktubda məsələnin nə yerdə olduğunu anladığına işarə edir və yazır ki, qılınc həmən qılıncdır, vuran əl isə həmənki olmayıb.
Tarix: 21.01.2015 / 13:29 Müəllif: Feriska Baxılıb: 52 Bölmə: Azərbaycanlı sülalələr