Adının anlamı
"Arşaq" sözünün etimologiyasına gəlincə bir çox tədqiqatçılar onun Çində Tanrı dağın ətəyində yaşamış türk Ağhun tayfalarından bir qolunun adı olduğunu qeyd edirlər və həmin tədqiqatçılara görə, "Arşaq" sözü – şak, sak tayfalarının yaşadığı ərazi mənasını bildirir. Şəki şəhərinin adı da bu tayfa ilə bağlıdır. Tədqiqatçı alimlər, xüsusilə tanınmış türkoloq Mirəli Seyidov Arsağın və Arşaqın türk xalqlarına mənsub olmasını bildirmişdir. Türk xalqlarının fəxri sayılan Arşağın tarixi şəxsiyyət, həm də dövlət başçısı, sərkərdə olması barədə çox az məlumat gəlib dövrümüzə çatmışdır. Roma tarixçisi Pompey Troq Makedoniyalı İskəndərin ölümündən sonrakı hadisələri şərh edərkən Arşaq barədə də bəzi mülahizələr söyləmişdir. O, 44 kitabdan ibarət olan "Filippin tarixi" əsərində yazmışdır: "O zaman naməlum mənşəli, lakin böyük şöhrətə malik Arşaq yaşamışdır". Arşaq Makedoniyalı İskəndərin ölümündən sonra, yəni eradan əvvəl 323-cü ildən sonra siyasət aləminə çıxmış və tarixi mənbələrin verdiyi məlumata görə, böyük imperiya yaratmışdır. Bu gün Arşağın yer, şəxs adı kimi işlənməsi ətrafında müxtəlif mülahizələr irəli sürülür. Araşdırmalar zamanı məlum olur ki, türkdilli xalqlarda Arşaq ən əvvəl şəxs adı kimi işlənmiş, müəyyən vaxtdan sonra isə onun mənsub olduğu sülalə və yaşadığı ərazi bu şəxsin, hökmdarın adını daşımışdır. "Arşaq" sözünün araşdırılması aydın göstərir ki, ar və saq tərkib hissələri türk sözüdür. "Arsaq" sözünün birinci hissəsi olan Ar – ər komponenti bütün türk dillərində igid, kişi mənasını daşıyır. Türkdilli xalqların söz ehtiyatında şəxs, yer, qəbilə, çay adı bildirən Ar — ər tərkibli sözlər çoxdur. Bütün araşdırmalar bu sözün yalnız türkdilli xalqların doğma sözü olduğunu göstərir. "Arşaq" sözünün ikinci tərkib hissəsi "şaq" komponenti isə tarixin bir sıra ictimai-siyasi hadisələrində böyük rol oynayan, nəhəng imperiyası olan şaq, şak qəbilə birləşməsinin adıdır. Bu söz "ar-ər"lə birləşərək "şaq igidi", "şaq insanı", "şaq kişisi" mənasını bildirir. "Arşaq" sözünü araşdıran türkoloq alim Mirəli Seyidov belə bir məntiqi nəticəyə gəlir ki, Arsaq-Arçaq-Arşaq nə vaxtsa türkdilli saq-şak qəbilə birləşməsinin üzvü olmuş, sonra öz adını sülaləsinə vermişdir.
Tarix: 13.01.2015 / 14:00 Müəllif: Feriska Baxılıb: 63 Bölmə: Azərbaycan xanlıqları