Qara xan xarici siyasətdə Rusiyaya meyl göstərirdi. Bu, bəzi İran hakimlərini, xüsusilə, gilanlı Hidayət xanı narahat edirdi. 1768-ci ildə Hidayət xan 12 min nəfərlik qoşunla Lənkərana soxuldu, Şindan qalasına çəkilən Qara xan bir müddət müqavimət göstərsə də Hidayət xan çoxlu xərac alaraq Qara xanı azad etdi. Qara xan Gilan təcavüzünə qarşı yardım almaq məqsədilə qardaşı Kərbəlayı Sultanı kiçik silahlı dəstə ilə Qubaya, Fətəli xanın hüzuruna göndərdi. 1785-ci ildə Talış xanlığı qubalı Fətəli xanın Azərbaycanın xeyli hissəsini birləşdirdiyi torpaqlara qatıldı. Fətəli xan bütün Azərbaycan xanlıqlarını birləşdirib, güclü bir dövlət yaratmaq istəyirdi. 1789-cu ildə Fətəli xanın ölümündən sonra xanlıq yenidən müstəqil siyasət yürütməyə başladı.
1786-cı ildə Qara xanın vəfatından sonra hakimiyyətə onun oğlu Mir Mustafa xan keçdi (1786-1814). Bu dövr xanlıq üçün çox ağır illər idi. Belə ki, xarici hücumlar əsasən də cənub sərhədlərindən ara vermək bilmirdi. 1794-cü ildə Azərbaycanın cənubunda hakimiyyətə gələn Ağa Məhəmməd şah Qacar İranda da öz mövqelərini möhkəmləndirdikdən sonra Cənubi Qafqaza hücüma başladı. O, bütün Azərbaycan xanlıqlarından ona tabe olmağı tələb edirdi. Lakin xanlıqların əksəriyyəti bu tələbi rədd etdi. Yaranmış vəziyyətdən istifadə edən Rusiya höküməti Qafqazda, xüsusilə Azərbaycanda öz mövqelərinin gücləndirmək işini daha da sürətləndirməyə çalışırdı. Talış xanı Mir Mustafa xan Rusiya təbəəliyini qəbul etməyə hazır olduğunu bildirmişdi. 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın hücumu ərəfəsində Mir Mustafa xan Rusiyaya meyl göstərən Azərbaycan xanlarına məktub yazaraq İrana qarşı birgə mübarizə aparmağa hazır olduğunu bildirdi. Buna baxmayaraq Qacar öz qoşunlarını 1795-ci ildə həm İrəvan, həm də Lənkəran istiqamətində Azərbaycana yeritdi. Mir Mustafa xan düşmənə müqavimət göstərmək iqtidarında olmadığından Lənkəran əhalisini Sarı adasına köçürüb müdafiə mövqeyi tutdu. İran qoşunları getdikdən sonra Lənkərana qayıdan Mir Mustafa xan 1795-ci ilin sentyabrında öz nümayəndəsi Zaman bəyi Şimali Qafqaza, rus generalı Qudoviçin yanına, oktyabrda isə Kərbəlayi Əsədulla bəyi Peterburqa göndərdi. 1796-cı il martın 12-də Kərbəlayi Əsədulla bəy Talış xanlığının Rusiyanın himayəsində qəbul edilməsi haqqında Mir Mustafa xanın məktubunu II Yekaterinaya təqdim etdi.
Mir Mustafa xanın Rusiyanın himayəçiliyini qəbul etməsi, Xəzərdə üstünlüyü ələ keçirmək istəyən Rusiya üçün çox əhəmiyyətli idi. 1796-cı ildə II Yekaterinanın vəfatından sonra hakimiyyətə gələn I Pavel rus qoşunlarını geri çağırdı. Bundan istifadə edən Qacar yenidən Azərbaycana soxuldu. 1802-ci il dekabr ayının 26-da Georgiyevsk müqaviləsinə görə Talış xanı Rusiyanın ali himayəsinə qəbul olundu.
İran şahı 1809-cu ildə Fərəculla xanın komandanlığı altında 2 min atlını Lənkərana göndərdi. Əhali Lənkəranı tərk edib Sarı adasına köçdü. Bu Rusiyanı narahat etməyə bilməzdi. 1813-cü il yanvarın 1-də günəş doğduğu zaman General Kotlyarevskinin komandanlıq etdiyi rus qoşunları hücuma başladılar və 3 saat davam edən qanlı döyüş nəticəsində 350 nəfər itki verərək Lənkərana daxil ola bildilər. Şəhərin müdafiə qüvvələrinə rəhbərlik edən Sadıq xan 4 min əsgəri ilə qəhrəmancasına savaşaraq şəhid oldu. Ruslar şəhərə daxil olduqdan sonra demək olar ki, əsl qətliam edərək şəhərin 16 min sakinini qətlə yetirdilər.
1813-cü il sentyabrın 12-də Rusiya və İran arasında Gülüstan müqaviləsi imzalandı. Bu müqavilə ilə Azərbaycanın iki hissəyə bölünməsinin əsası qoyuldu və Azərbaycan torpaqları iki işğalçı arasında bölüşdürüldü. Talış xanlığı da bir çox digər Azərbaycan xanlıqları kimi Rusiyaya birləşdirildi.
1814-cü ilin 26 iyulunda general-mayor Mir Mustafa xan vərəm xəstəliyindən vəfat etdikdən sonra onun yerinə oğlu Mirhəsən xan keçdi. Mirhəsən xan 1826-cı ildə vəfat etdikdən sonra Talış xanlığı ləğv edildi.
Talış xanlığı tarixi rol oynamış siyasi hakimiyyət idi. Bunu onun bir sıra qonşu xanlıqlarla, Rusiya ilə diplomatik əlaqəsi də göstərir.
Tarix: 13.01.2015 / 01:57 Müəllif: Feriska Baxılıb: 34 Bölmə: Azərbaycan xanlıqları