Həyatı
Səlimov Akif İsmayıl oğlu 7 noyabr 1950-ci ildə Azərbaycan Respublikasının Laçın rayonunun Qarıqışlaq kəndində ziyalı ailəsində anadan olmuşdur. 1966-cı ildə Laçın rayonu Qarıqışlaq kənd orta məktəbini, 1972-ci ildə isə Azərbaycan Politexnik İnstitutunu kimyaçı mühəndis-texnoloq ixtisası üzrə bitirmişdir[1].
1972-1974-cü illərdə SSRİ Silahlı qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmət illərində leytenant rütbəsi almışdır.
1974-cü ilin oktyabr ayından 1975-ci ilin avqust ayınadək Qaradağ sement zavodunda usta, 1975-ci ilin avqust ayından 1976-cı ilin avqust ayınadək Laçın rayon Qarıqışlaq daş karxanasında mühəndis, 1976-cı ilin avqust ayından 1980-ci ilin fevral ayınadək Laçın Təmir-tikinti idarəsində mühəndis, 1980-ci ilin fevral ayından 1982-ci ilin fevral ayınadək Laçın Tikinti materialları istehsalat birliyinin direktoru, 1982-ci ilin fevral ayından 1984-cü ilin oktyabr ayınadək Laçın Rayon Partiya Komitəsində təlimatçı, 1984-cü ilin oktyabr ayından 1990-cı ilin noyabr ayınadək Laçın Rayon Milis Şöbəsində siyasi hissə üzrə rəis müavini, 1990-cı ilin noyabr ayından 1994-cü ilin mart ayınadək Laçın Rayon Polis Şöbəsinin rəisi, 1994-cü ilin mart ayından 1996-cı ilin oktyabr ayınadək Goranboy Rayon Polis Şöbəsinin rəisi, 1996-cı ilin oktyabr ayından 2000-ci ilin oktyabr ayınadək Qax Rayon Polis Şöbəsinin rəisi, 2000-ci ilin oktyabr ayından 2006-cı ilin dekabr ayınadək Cəlilabad Rayon Polis şöbəsinin rəisi, 2007-ci ilin yanvar ayından 4 mart 2013-cü il tarixədək isə “Yaqub” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifələrində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 4 mart 2013-cü il tarixli Sərəncamı ilə Laçın Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir[2].
Yeni Azərbaycan Partiyasının üzvüdür, Qarabağ müharibəsi iştirakçısı, polis polkovnikidir.
Ailəsi
Ailəlidir, iki övladı var.
Anası Sona Səlimova 1 iyul 2014-cü ildə vəfat edib[3].
Qarabağ müharibəsində iştirakı
1988-ci ildə ermənilərin separatçılıq niyyəti açıq müharibəyə çevrildiyi andan onun xidməti və vətəndaşlıq fəaliyyəti erməni faşistlərinə qarşı mübarizəyə həsr olunmuşdur. Siyasətə qoşulmayan könüllü döyüşçü dəstələrinin təşkili, döyüş məqsədi üçün polis batalyonlarının yaradılması və yüksək döyüş hazırlığına çatdırılması A.Səlimovun rəhbərliyi altında həyata keçirilmişdir. Şuşa, Laçın, Kəlbəcər, Füzuli, Horadiz ərazilərində aparılan qanlı döyüşlərdə qəhrəmanlıq göstərən,əcdadlarımızın adına layiq cəsarətlə, mərdliklə, qorxmazlıqla vuruşan Laçın polis dəstəsi bütün döyüş əməliyyatlarını bilavasitə polis polkovniki A.Səlimovun təşkilatçılığı, rəhbərliyi ilə keçirilmişdir. Azərbaycanın mübariz ənənələrinə sadiq olan laçınlı polislərin 50 nəfərə yaxını döyüşlərdə həlak olmuş, 144 nəfəri döyüşlərdə yaralanmışdır. Göstərilən igidliklərə görə 3 nəfər polis əməkdaşı "Azərbaycanın Milli Qəhrəmanı" adına, 3 nəfər isə "Azərbaycan Bayrağı" ordeninə layiq görülmüşdür. Düşmənin hərtərəfli öyrənilməsi, onun tarixi, mənşəyi, dini, dili, bəşəriyyət tarixində rolu və yeri istiqamətində A.Səlimovun sərbəst şəkildə apardığı araşdırma və tədqiqatların maraqlı nəticələri vardır.
Kitabları
"Cığırlar birləşsələr...", Bakı, "Elm", 2008
"Ora Vətəndir", Bakı, "Sabah", 2009
Tarix: 26.01.2015 / 18:07 Müəllif: Feriska Baxılıb: 255 Bölmə: Azərbaycanın müharibələri