Həyatı
Elşad Bayramov 1971-ci ilin 29 aprelində anadan olmuşdur. 1988-ci ildə kənd orta məktəbini bitirmiş, bir müddət Sabir adına sovxozda fəhlə işləmişdir. 1989-1992-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmiş və 1992-ci iin iyul ayında Milli orduya yazılmışdır. Elşad şərəfli döyüş yolu keçmişdir. Torpaqlarımızın erməni qəsbkarlarından qorunmasında fədakarlıq göstərmişdir. Amma, onun bu döyüş yolu çox qısa olmuşdur. 1992-ci ilin sentyabrın 17-də Ağdərə rayonunun Çaldıran kəndi uğrunda gedən ağır döyüşdə şəhid olmuşdur. Cəbhə yoldaşlarından, Xucbala kənd sakini Sərvər Bağırov Elşadın şəhid olduğu anı xatırlayarkən deyir: “Heç ölməli oğul deyildi. O hamıya ürək dirək verirdi. Sentyabrın 17-də səhər saat 5 radələrində gördük ki, Çaldıran kəndi tərəfdən üstümüzə bir dəstə adam gəlir. Elşad onlardan parolu soruşdu, cavab gəlmədi və onlar istiqamətlərini dəyişdilər. Elşad onların erməni kəşfiyyatı olduğunu bilib yerini dəyişdi. Elə bu an qumbara partladı və atəş səsləri gəldi. Mən ona tərəf qaçanda artıq gec idi. O, əli ilə qarnını tutmuşdu. Al qana qərq olmuşdu. Qeyri-ixtiyari qışqırdım: – Sənə nə olub? -Ölürəm…-dedi və gözlərini əbədi yumdu ”. Elşad evli idi. Dünyaya gələcək körpəsini görmədən əbədi yumdu gözlərini. Amma o vəsiyyət edibmiş ki, dünyaya gələcək körpəsi oğlan olsa adını Elşad qoysunlar. Onun vəsiyyətinə əməl olundu. Oğluna onun adını qoydular. Hal-hazırda Alpan kənd orta məktəbi Elşad Bayramovun adını daşıyır. Onun qəbri kəndin “Su Baba” qəbiristanlığındadır.
Tarix: 24.01.2015 / 17:25 Müəllif: Feriska Baxılıb: 186 Bölmə: Azərbaycanın müharibələri