Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Surxay Qurbanov

Həyatı
Surxay Qurbanov 16 oktyabr 1912-ci ildə Şuşa qəzasının Seyidli kəndində dünyaya gəlib.Surxay Qurbanov soy-kök etibarilə Seyidli oymağının Molla Qurbanlı soyundandır. Molla Qurbanlı soyunun tarixi XVIII-XIX əsrlərdə Seyidli oymağında yaşamış Molla Qurban Mədət oğlunun adı ilə başlanır. O, 1930-cu ildə Ağdam şəhər 3 №-li birinci dərəcəli zəhmət məktəbində oxuyub. Həmən ilin yayında müəllimlik kursunu bitirərək əmək fəaliyyətinə başlayıb. 1930-cu ildən Ağcabədi rayonunun müxtəlif kəndlərində məktəb direktoru, savad kurslarının müdiri işləməklə bərabər, qiyabi yolla pedaqoji məktəbdə təhsilini davam etdirib. 1935-ci ildə Ağdam pedaqoji məktəbinin əyani şöbəsinə daxil olub. 1936-cı ildə oranı bitirib. Pedaqoji məktəbi bitirdikdən sonra yenidən Ağcabədiyə qayıdaraq rayonun Hindarx kəndində orta məktəbdə direktor, Ağcabədi rayon Xalq Maarif Şöbəsində inspektor, 1938-ci ildən Ağdam rayonunun Novruzlu kənd orta məktəbində dərs hissə müdiri, Ağdam şəhər 1 №-li orta məktəbində direktor, eyni zamanda, rayon qəzeti redaksiyasında məsul katib işləyib. 1941-ci ilin iyun ayından 1945-ci ilin avqust ayına kimi Böyük Vətən Müharibəsində iştirak edib, Şimali Qafqazda, 1-ci və 2-ci Ukrayna cəbhələrində döyüş yolu keçib. Üç dəfə yaralanıb. Döyüş xidmətlərinə görə "Qırmızı ulduz", "Birinci dərəcəli Vətən Müharibəsi" ordenləri, "İgidliyə görə" medalı ilə təltif olunub. Ordudan təxris edildikdən sonra Ağdama qayıdıb, rayon partiya komitəsində 1946-cı ilin fevral ayına kimi təlimatçı, həmin ilin oktyabr ayına kimi isə XDS sədrinin müavini işləyib. 1946-cı ilin noyabr ayından 1948-ci ilin iyul ayına qədər Ağdam rayon prokurorunun köməkçisi olub. 1948-ci ildə Vartaşen (Oğuz) rayon prokuroru təyin edilib. 1950-ci ildə qiyabi yolla APİ-nin tarix fakültəsini bitirib. 1952-ci ildən Gəncə Vilayət prokurorluğunda istintaq idarəsinin rəisi vəzifəsində çalışıb. 1953-cü ildə qiyabi yolla Ümumittifaq Hüquq İnstitutunu bitirib, 1953-cü ildən yenidən pedaqoji işə qayıdıb, Ağdam rayon Xalq Maarif Şöbəsində inspektor, 1954-cü ildən dünyasını dəyişənə qədər Ağdam şəhər 3 №-li orta məktəbdə direktor işləyib. Surxay Qurbanov 27 yanvar 1977-ci ildə Ağdamda vəfat etmişdir.

Hüquq elmləri doktoru, professor Habil Qurbanov Surxay Qurbanovun oğludur.


Tarix: 23.01.2015 / 18:12 Müəllif: Feriska Baxılıb: 157 Bölmə: Azərbaycanın müharibələri‎
loading...