Baş alıb yol gedir bu ömür hara,
İllərin ardınca illər nəhs gəlir.
Qarlı qış üz tutub gedir bahara,
Sazağın ardınca xoş nəfəs gəlir.
Vədəsiz qar yağdı mənim ömrümə,
Nə qala ucaltdım, nə yuva tikdim.
Qaş-qabaq, kin gördüm, üz tutdum kimə,
Haraya tələsdim, ora gecikdim.
Yurdlar var xaraba, ev var tamaşa,
İnsan da rəng kimi, löyün-löyündü.
“Baş üstə”, “bəli” lər çəkilir başa,
Hər yerdə yaltağın bəxti yeyindi.
Kim deyir qoç olmaz yetim quzudan,
Kim deyir çaqqalar gödən dağıtmır.
Yaxşılar uduzan, yamanlar udan,
Nədəndir, bu bölgü könlümə yatmır.
Qan-qada havayı, ölüm havayı,
Əl edib ayrılır bu ötən illər.
Ayazda, şaxtada yaşadıq yayı,
Nələri görmədi bizim nəsillər.
Dərd əkdim-Üyütdüm dəyirman kimi,
Nələri yazmadım daş yaddaşıma.
Bir ömür yaşadım pərişan kimi,
Ağlıma gəlməyən gəldi başıma.
Güllərim xəzandı, çiçəyim həşəm,
Vətənin dərdini igid, mərd çəkər.
Bu miskin dünyadan elə bezmişəm,
Ölmürəm, qorxuram anam dərd çəkər.
Tarix: 26.12.2014 / 15:48 Müəllif: Aziza Baxılıb: 157 Bölmə: ANA ŞEİRLƏRİ