Azərbaycanda neft sənayesi — Azərbaycanda XX əsrin əvvəllərindən başlayaraq inkişaf edən və Azərbaycan Respublikasının iqtisadiyyatında əhəmiyyətli rolu olan sahə. Neft sənayesi əsas etibarilə Bakı ətrafında cəmləşib.Mündəricat
1 Tarixi
2 Mərhələləri
2.1 I mərhələ
2.2 II mərhələ
2.3 III mərhələ
2.4 IV mərhələ
2.5 Vmərhələ
3 Neft sənayesinin inkişafı bu gün
4 ARDNF
5 Azərbaycanda neft sənayesinin daxili və xarici siyasətdə rolu
6 Həmçinin bax
7 Xarici keçidlər
Tarixi
Azərbaycan qədim zamanlardan bəri öz nefti ilə məşhurdur. Hələ eramızdan əvvəl yerdən qalxan təbii qaza və neftə görə bu torpağı "odlar diyarı" adlandırırdılar. Lakin ölkədə əsil neft bumu XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Rotşild və Nobel qardaşları, eləcə də Rusiya imperiyasının neft sənayeçiləri Bakı nefti sayəsində inkişaf edirdi. Sonra isə "qara qızıl" yataqlarının işlənməsi və hasilatı məsələlərinə Moskvada oturan Partiya funksionerləri rəhbərlik edirdilər. Yalnız 1990-cı illərin əvvəllərində ölkə müstəqillik qazandıqdan sonra azәrbaycanlılar öz təbii ehtiyatlarına sahib çıxa bildilər.
Mərhələləri
Azərbaycan neftinin tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. Ərəb tarixçiləri, coğrafiyaşünasları və səyyahlarından Əhməd Əl-Bəlaruri (IX əsr) Abşerondakı iqtisadi həyatın qədimdən neftlə bağlı olduğunu göstərmiş, Əbu-İshaq İstəxri (XI-X əsrlər), Əbu-d-Həsən Əli Məsudi (X əsr) Bakının neftli torpağı, Abşeronun "ağ" və "qara" nefti haqqında məlumat vermişdir. İtalyan səyyəhı Marko Polo (XIII-XIV əsrlər) Bakı neftinin yaxın Şərq ölkələrinə aparılması, alman diplomatı və səyyahı Adam Oleari (XVII əsr) Bakıdakı neft quyuları, türk səyyahı Övliya Çələbi (XVII əsr) neft mədənləri, neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və neftin gətirdiyi illik gəlir haqqında məlumat vermişdir. Balaxanıdakı neft quyularından birində aşkar edilmiş daş üzərindəki yazı quyunun (35 m dərinliyində) hələ 1594-cü ildə usta Allahyar Məmmədnur oğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir. Əmin Əhməd Razinin (İran, 1601) məlumatına görə XVI əsrin əvvəllərində Bakı ətrafında 500-ə qədər belə neft çalaları və quyusu mövcud idi ki, bunlardan da həm "qara", həm də "ağ" neft çıxarılırdı. Alman səyyahı, həkim və təbiətşünası Engelbert Kempfer İsveç səfirliyinin katibi kimi 1683-cü ildə Abşeron yarımadasında Balaxanı, Binəqədi, Suraxanı yataqlarında olmuş, neftin Abşeron yarımadasından İrana, Orta Asiyaya və Şimali Qafqaza aparılmasını təsvir etmişdir. 1803-cü (1798) ildə Bakı sakini Qasımbəy Mənsurbəyov Bibiheybət yaxınlığında, dənizdə, sahildən 18 m və 30 m aralı iki neft quyusu qazdırmışdır.Azərbaycan neft sənayesinin inkişaf tarixində bir neçə mərhələlər ayrılır ki, bunların da hər birinin özünəməxsus nailiyyətləri olmuşdur. XVI əsrdə neft artıq 30 m dərinlikdən çıxarılırdı. İstehsal Balaxanı sahəsində cəmlənmişdi. Tələbatın artması ilə əlaqədar olaraq neft istehsalı Binəqədi, Suraxanı, Bibiheybət sahələrinə qayıtmalı olur. 1735-ci ildə 122 min t artımla 220 min t neft çıxarılmışdı. 1798-ci ildə Bibiheybət yaxınlığında dənizdə iki neft quyusu qazıldı. Bu fakt dəniz qazımasının əsası, dəniz neft istehsalının özülü idi.
I mərhələ
Şəkil:102 329 nobel oilwells.jpg
Bakıda Nobel qardaşlarına məxsus neft quyuları
I mərhələ 1847-ci ildən neftin mexaniki üsulla qazılmış quyulardan hasil edilməsi ilə başlanır və 1920-ci ilə kimi davam edir. 1847-1848-ci illərdə ilk dəfə Bibiheybət və sonra Balaxanı yataqlarında mexaniki üsulla qazılmış quyulardan sənaye əhəmiyyətli neft alınmış və həmin ildən də Azərbaycanın neft sənayesinin inkişafı başlanır. XIX əsrin əvvəllərində dünyada ilk dəfə olaraq Bibiheybətdə sahildən 30 m aralı dənizdə qazılmış əl quyusundan neft hasil edilmişdir. 1859-cu ildə Bakıda ilk neftayırma zavodu (qurğusu) tikilir. 1863-cü ildə Cavad Məlikov Bakıda kerosin zavodu tikdirdi və dünyada ilk dəfə neftayırma prosesində soyuduculardan istifadə etdi. 1867-ci ildə 15 neftayırma qurğusu fəaliyyət göstərirdi. Mexaniki üsulla quyuların qazılmasının texnika-texnologiyası inkişaf etdikcə bir sıra yeni neft yataqları aşkar edilir (Binəqədi, Pirallahı a., Suraxanı və s.), neft hasilatı artır, neft sənayesinin infrastrukturu və neftin emalı inkişaf etməyə başlayır, neftin hasilatı, emalı və satışı üzrə yüzlərlə firmalar yaradılır. Azərbaycanda milli burjuaziya formalaşır, Bakı şəhəri dünyanın sənaye mərkəzlərindən birinə çevrilir. İlk dəfə Abşeron yarımadasında 1871-ci ildə Balaxanı-Sabunçu-Ramanı yatağı sənaye üsulu ilə işlənilməyə başlandı. 1872-ci ildə neft sənayesində münasibətləri tənzimləmək məqsədilə iki qanun qəbul edilir: "Neft mədənləri və neft məhsullarından aksiz vergisi haqqında" və "İcarədarların əlində olan neftli səhələrin hərracla fiziki şəxslərə satılması". 31 dekabr 1872-ci ildə neftli sahələrin ilk satışında Balaxanıda 15 sahə, Bibiheybətdə 2 sahə hərraca qoyulur. O dövrdə dövlətə mənsub olan istifadəsiz torpaqlar neft axtarışı və aşkar edilmiş neftli sahələrin istismarı üçün 24 il müddətinə icarəyə verilirdi. İcarədar hasil etdiyi nefti ixrac etmək və onun satış qiymətini təyin etmək hüququna malik idi. İcarədarın satılan neftdən əldə etdiyi təmiz gəlir 14-15% təşkil edirdi. XIX əsrin 70-ci illərində neft sənayesinə təmiz milli kapital qoyuluşi cəmi 4% təşkil edirdi. Milli kapitalın iştirakı ilə qarışıq kapitalın həcmi isə 10%-ə yaxın idi. XIX əsrin sonunda neft sənayesində fəaliyyət göstərən 167 sahibkarın 49-u (24,8%) azərbaycanlı olmuşdur. O dövrdə neft sənayesinin inkişafında milli "neft milyonçuları"nın (Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Murtuz Muxtarov, Şəmsi Əsədullayev, Seyid Mirbabayev və b.) böyük fəaliyyətləri olmuşdur. 1874-cü ildə Bakıda ilk səhmdar neft şirkəti – "Bakı neft cəmiyyəti" yaradılır. 1873-cü ildə milliyətcə isveçli olan Robert Nobel Bakıya gəlir, neftlə əlaqədar iqtisadi yüksəlişin şahidi olur. 1876-cı ildə Nobel qardaşları Bakıda neft hasilatı və emalı üzrə neft şirkəti yaradırlar. O vaxtlar Azərbaycanda bir sıra neft mədənləri, neft emalı zavodları, ilk dəfə Xəzər dənizində quraşdırılmış neftdaşıyan tanker, barjlar, dəmir yolları, mehmanxanalar və s. Nobel qardaşlarına məxsus idi. 1876-cı ildə neft məhsullarına aksiz verqisi ləğv edildikdən sonra yeni neftayırma zavodları tikilib istismara verildi. 1878-ci ildə Balaxanı yatağı ilə Bakı neftayırma zavodunu birləşdirən 12 km uzunluğunda Rusiyada ilk neft kəməri inşa edilir. 1898-ci ildə neft mədənləri ilə Bakı neftayırma zavodlarını birləşdirən neft kəmərlərinin ümumi uzunluğu 230 km idi. Bu kəmərlərdə ildə 1 mln. ton neft nəql edilirdi. 1883-cü ildə Bakı-Batumi dəmir yolu tikilib istifadəyə verilir ki, bu da neft və neft məhsullarının Avropa ölkələrinə ixrac edilməsində mühüm əhəmiyyətə malik idi. 1883-cü ildən Rotşild Bakıda maliyyə-kredit əməliyyatlarına başlayır və neftin satışı ilə məşğul olmağa başlayır. 1886-cı ildə Rotşildin Xəzər-Qara dəniz neft şirkəti yaradıldı. 1890-cı ildə Rotşildin bankı Bakı neftinin ixracının 42%-nə nəzarət edirdi. 1901-ci ildə Azərbaycanda 11 mln. t neft hasil edilmişdir ki, bu da dünya neft hasilatının 50%-dən çoxunu təşkil edirdi. 1880-ci ildə məşhur kimyaçı-alim D.İ.Mendeleyev Bakı neftinin dünya bazarlarına çıxarılmasını təmin etmək üçün Bakı-Batum neft kəmərinin çəkilməsini təklif edir. Bu kəmərin uzunluğu 833 km, diametri 200 mm olub tikintisi 1897-ci ildə başlanır və 1907-cı ildə başa çatdırılır. Azərbaycanda neft sənayesi milliləşdirilənədək 109 səhmdar cəmiyyəti fəaliyyət göstərirdi. Onlardan 72-si rus kapitalına (240 mln. rubl) və 37-si isə ingilis kapitalına (100 mln. funt-sterlinq) məxsus idi. Nobel qardaşlarının neft sənayesinə qoyduqları kapital 30 mln. rubl təşkil edirdi. O dövrün ən varlı neft sənayesi sahibkarlarından olan mesenat İsa bəy Hacınskinin "Hacı-Çeleken" neft şirkətinin neft sənayesinə kapital qoyuluşu 1,25 mln. funt-sterlinq təşkil edirdi. Neft sənayesinin milliləşdirilməsi ərəfəsində Azərbaycanda 270 neft istehsal edən müəssisə, neft quyuların qazılması ilə məşğul olan 49 orta və kiçik firmalar, neftin emalı ilə məşğul olan 25 firma, 100-dən artıq mexaniki sexlər, təmir emalatxanaları və s. fəaliyyət göstərirdilər. Bu mərhələnin sonuncu illərində neft sənayesində ağır vəziyyət yaranmışdı (müharibə, inqilabi hərəkat və s. nəticəsində) və neft hasilatı kəskin surətdə azalmışdır.
II mərhələ
II mərhələ 1920-ci ildə Azərbaycanda neft sənayesinin milliləşdirilməsindən sonra başlayır və 1949-cu ildə açıq dənizdə "Neft Daşları" yatağının kəşfi dövrünü əhatə edir. 1921-ci ildə neft hasilatı azalaraq 2,4 mln. tona enir. II mərhələdə axtarış-kəşviyyat işlərinin genişləndirilməsi ilə əlaqədar Azərbaycanda bir sıra yeni neft yataqları (xüsusilə Qala, Buzovna-Maştağa və s.) aşkar edilib istismara verilir və neft hasilatı 1941-ci ildə 23,6 mln. tona çatdırılır ki, bu da o dövrdə SSRİ-nin neft hasilatının 76%-ni təşkil edir. Bununla əlaqədar S.A.Vəzirov "Azneftkombinatın" rəisi, R.H.İsmayılov ("Azneftzavodlar" birliyinin rəisi), B.Q.Baba-zadə ("Əzizbəyovneftin" baş geoloqu), R.Rəhimov (qazma ustası) Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən ilk neftçilər olmuşlar. 1941-1945-ci illərdə müharibə dövründə neft avadanlıqlarının və neftçi mütəxəssislərin SSRİ-nin şərq rayonlarına (Tatarıstan, Türkmənistan, Başqırdıstan və s.) köçürülməsi ilə əlaqədar Azərbaycanda neft hasilatı 11,1 mln. tona düşür.7 noyabr 1949-cu ildə Neft Daşlarında 942 m dərinlikli 1№-li quyu (Qala lay dəstəsindən) gündə 100 t hasilatla istismara daxil oldu və dənizdə neftçıxarmanın əsasını qoydu. Yataq üzrə ilk geoloq Ağa Qurban Əliyev olmuşdur.
III mərhələ
III mərhələ 1950-ci ildə "Neft Daşları" yatağının istismara verilməsi ilə Azərbaycanda dəniz neft sənayesinin inkişafı ilə başlanır və bu 1969-cu ilə kimi davam edir. Bu mərhələdə dəniz geoloji-kəşfiyyat işləri genişlənir, bir sıra neft və qaz yataqları aşkar edilib istismara verilir (Qum-dəniz, Səngəçal-Divannı-dəniz-Xərə-Zirə a.-sı, Bahar, Bulla-dəniz, Darvin küpəsi, Palçıq pilpiləsi və s.), dəniz qazma işlərinin (o cümlədən axtarış – kəşfiyyat qazmasının), hidrotexniki neft qurğularının tikilməsinin texnika və texnologiyası, dənizdə neftçıxarmanın infrastrukturu inkişaf etdirilir.
Bu mərhələdə quru sahələrində də bir sıra yeni neft və qaz-kondensat yataqları aşkar edilib istismara verilmişdir (Kürovdaq, Mişovdaq, Kürsəngə, Qarabağlı, Qalmaz, Qaradağ və s.). Bu dövrdə əsasən "Neft Daşları"nın və digər yataqların intensiv surətdə işlənilməsi və istismarı həyata keçirilmişdir. Dünya təcrübəsində ilk dəfə açıq dənizdə estakada dirəkləri üzərində dəniz mədəni tikildi. Burada kompleks mühəndis və elmi-texniki tədbirlərin tətbiqi nəticəsində külli miqdarda kapital qoyuluşuna, metala qənaət edilərək yüksək əmək məhsuldarlığına, neftin hər bir tonunun maya dəyərinin aşağı düşməsinə nail olunmuşdur.
IV mərhələ
IV mərhələ 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoyması ilə səciyyələnir və bu da ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir. Bu dövrdə Azərbaycanın neft və qaz sənayesinin xüsusilə dəniz neftinin hasilatının inkişaf tarixində yeni mərhələ başlayır. 1970-ci ildə "Xəzərdənizneft" İstehsalat Birliyi (İB) yarandı və SSRİ Neft Sənayesi Nazirliyi Xəzərdə Azərbaycan neftçilərinin dəniz şəraitində iş aparmaq təcrübəsini nəzərə alaraq Xəzərin bütün sektorlarında (həmin ildən Xəzər sektorlara bölündü) geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasını Azərbaycan neftçilərinə həvalə etdi.
Bu tarixə kimi Xəzər dənizində istifadə olunan texniki vəsait yalnız dənizin dərinlikləri 40 m-ə qədər olan sahələrdə işləməyə imkan verirdi. Həmin dövrdə Xəzərin Azərbaycan sektorunda 40 m-ədək dərinlikdəki perspektivli sahələrdə demək olar ki, bütün neft-qaz yataqlarının hamısı aşkar olunmuşdu. Dənizdə neft və qazın hasilatının artırılması daha böyük dərinliklərdə yatan neft və qaz yataqları ilə bağlı idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və səyi nəticəsində 70-80-ci illərdə Azərbaycana 75 növdə 400-dən çox ağır yük qaldıran kran gəmisi, boruçəkən gəmilər, seysmik, sərnişin və s. gəmi növləri gətirildi. Xəzərdə 2500 t gücündə "Azərbaycan" kran gəmisi işə başladı. Bundan başqa ilk vaxtlarda dənizin 70 m dərinliyində olan sahələrdə geoloji-kəşfiyyat işləri aparmaq üçün "Xəzər" tipli özüqalxan, sonralar isə dənizin 200 m dərinliyindəki sahələrdə işləməyə imkan verən "Şelf" tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yataqları kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. 1975-ci ildə neft və qazın ümumi hasilatı 27,1 mln. t-a (şərti yanacaq) çatdırıldı. 80-ci illərdə üzən qazma qurğularının sayı 11-ə çatdı və onlardan istifadə nəticəsində, indi Azərbaycan neftinin əsas hissəsini təşkil edən dənizin 80-350 m dərinlkdə yatan zəngin neft ehtiyatlarına malik olan yataqlar kəşf olundu (Günəşli, Çıraq, Azəri və b.).
Bu dövrdə dünyada analoqu olmayan Dərin Dəniz Özülləri zavodunun Azərbaycanda, Bakıda tiklməsi üçün o zaman Sovetlər məkanında 450 mln. ABŞ dollarının ayrılması, bunun üçün belə bir icazəni alınmasına nail olunması (bu zavodun Həştərxanda tikilməsi nəzərdə tutulmuşdu) cənab Heydər Əliyevin möhkəm iradəsinin və cəsarətinin nəticəsi idi.
Vmərhələ
V mərhələ SSRİ-nin dağılması, müstəqillik dövrünü və Azərbaycanın yeni tarixini əhatə etməklə "Yeni neft strategiyası"nın yaranması ilə səciyyələnir.
Neft sənayesinin inkişafı bu gün
Qanunvericiliyə görə bütün yeraltı faydalı qazıntılar dövlətə məxsusdur. Bəzi yataqlarda kəşfiyyat işləri hələ SSRİ dövründə aparılsa da, 90-cı illərin əvvəllərində lazımı maliyyə, elmi və insan resurslarının çatışmazlığı hiss olunurdu. Həmin dönəmdə karbohidrogenlərin hasilatı və kəşfiyyatı üçün xarici neft şirkətləri cəlb olunmuş və onlarla hasilatın pay bölgüsü haqqında sazişlər (HPBS) imzalanmışdı. Yerli bazarda ən nəhəng şirkət Amerika-İngiltərə alyansı olan BP şirkətidir.
Hazırda Azərbaycanda gün ərzində 24 min ton neft hasil edilir. Proqnozlara əsasən, 20 il ərzində neftin və qazın hasilatı ilə ixracından əldə olunacaq ümumi gəlir 200 milyard ABŞ dolları civarındadır. Əhalisi 8 milyon, ümumdaxili məhsulu isə 14 milyard dollar olan bir ölkə üçün bu məbləğ böyük əhəmiyyət kəsb edir. Buna görə də, bu sərvətin hara istiqamətləndiriləcəyi, hansı sərmayə şəklində qoyulacağı, harada saxlanılacağı və necə idarə olunacağı müəyyən edilməli idi.
ARDNF
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) öz fəaliyyətinə 2001-ci ildə başlamışdır. Neftdən əldə olunan bütün gəlirlər məhz burada toplanır. Fondun əsas məqsədi təbii sərvətlərin indiki və gələcək nəsillər arasında ədalətlə bölüşdürülmәsidir. Digər bir mühüm amil isə makroiqtisadi sabitliyin təmin olunması və yerli pul bazarının getdikcə artan xarici valyuta axınından qorunmasıdır. Belə bir fondun yaradılması irəli doğru addım idi. Belə ki, iqtisadi baxımdan karbohidrogenlərin satışından əldə olunan vəsaitləri ayrıca saxlamaq, bu pulları büdcənin gəlir hissəsinə aid etməkdən daha sərfəlidir. Belə təcrübə Norveç, Rusiya, Tailand, Qazaxıstan və bir sıra başqa ölkələrdə də mövcuddur.
Azərbaycanda neft sənayesinin daxili və xarici siyasətdə rolu
Ölkənin özəl ixrac boru kəmərinə sahib olması onun Rusiyadan asılılığını zəiflətmiş və onun regional enerji layihələrinə qoşulmasına şərait yaratmışdır. Nəticədə belə bir perspektiv meydana çıxmışdır ki, ölkə Orta Asiya neftinin və qazının nəqli üçün tranzit ərazisi kimi istifadə oluna bilər ("Nabukko" layihəsi). Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyona yaxın qaçqın öz ev-eşiyini tərk etmək məcburiyyətində qalmışdır. Bəzi qaçqınlar isə hələ də çadır şəhərciklərində yaşayırlar. Bu insanlara kömək məqsədi ilə görülən tədbirlər sayəsində sosial gərginlik aşağı düşmüş və işsizlik problemi qismən də olsa həll edilmişdir.
2007-ci ildə "neft dollarlarının" axını xeyli artmışdır. Öz növbəsində ARDNF-nin funksiyası da dəyişmişdir: belə ki, yeni layihələr yaranır və dövlət büdcəsinin subsidiyalaşdırılmasında Fondun oynadığı rol artır. Yuxarıda qeyd olunan proqramlara Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisinin maliyyәlәşdirilmәsi üzrə xərclərin artması (90 mln manat) və tələbələrin xaricdə oxumaları üçün dövlət təhsil proqramının maliyyələşdirilməsi əlavə olunur. Bununla yanaşı, qaçqın və məcburi köçkünlərə dəstək üçün əlavə 145 milyon manat, infrastruktur layihələri üçün isə 333 milyon manat (390 mln dollar) ayrılmışdır.
Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi Bakı-Tbilisi-Ceyhan layihəsinin davamıdır. Məqsəd budur ki, Ermənistandan yan keçməklə Türkiyə və Azərbaycan arasında dəmir yolu əlaqəsi təmin olunsun. Hazırda mövcud olan dəmir yolu marşrutu Ermənistan ərazisindən keçir və məlum siyasi səbəblərə görə qonşu ölkələr tərəfindən istifadə olunmur.
Tarix: 22.03.2013 / 16:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 945 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari