Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maslounun tələbatlar piramidası və Azərbaycan cəmiyyəti

"İnsan kim olmağı bacararsa, elə o da olmalıdır. Əks halda o, özünə xəyanət edir". Bu sözlər humanistik psixologiyanın «ata»sı Abraham Maslouya məxsusdur.

Bu kəlmələri onu müasiri Sartrla yaxınlaşdırır. Sartr kimi, Maslou da təkrarlayırdı ki, insan seçdiyi yola və kim olduğuna görə özünə cavabdehdir. Bir dəfə Maslou auditoriyasına söyləmişdi: "Əgər siz qabiliyyətinizin imkan verdiyindən daha az əhəmiyyətli adam olmağa razılaşırsınızsa, xəbərdarlıq edirəm — sizi həyatınızda böyük bədbəxtliklər gözləyir". Digər mütəfəkkir — Erix Fromm kimi, Maslou da əmindi: Xoşbəxtlik — düzgün seçilmiş yolun "əlavə məhsulu«dur, seçimin doğruluğunun göstəricisidir. Maslou əksər filosof və psixoloqlardan fərqli olaraq, fikirlərini sadə dillə ifadə etməyi bacarırdı. Ona görə də əsərləri 100 minlərlə tirajla yayılırdı. Odur ki, 62 yaşında 1970-ci ildə vəfat etmiş alim peşəkar diqqətin çərçivəsindən kənara çıxaraq həm də qeyri-peşəkarların maraq obyektinə çevrildi. Bir sözlə, mədəniyyət sferasına daxil oldu və bu səbəbdən də fikirləri dəfələrlə təhrifə məruz qaldı.

Tipik misal — Maslounun məşhur Tələbatlar piramidası.



Onu Maslou özü qurmayıb. Onu onun təlimini kütləviləşdirmək istəyənlər qurub və onların yüngül əli ilə də bu sxem psixologiya dərsliklərinə yol tapıb. Maslou isə əksinə, heç vaxt yazmayıb ki, bu piramidaya daxil olan tələbatlar birdəfəlik fiksə olunub və bütün adamlarda eynidir. Bununla belə, o piramidanı nəzərdən keçirməyə dəyər. Çünki, Azərbaycan toplumunun dəyərlər iyerarxiyasını anlamaqda köməkçi ola bilər. Beləliklə, Maslou piramidasında ən aşağıda fizioloji tələbatlar (yemək, içmək, oksigen) dayanır.
Növbəti tələbat — təhlükəsizlik tələbatıdır (fiziki və psixoloji təhlükəsizlik). İyerarxiyanın üçüncü pilləsində ehtiram tələbatı dayanır. Yəni, fərd özünə hörmət, kompetentlik, təşəkkür tələb edir. Sonra gəlir daha ali tələbatlar. Onlardan birincisi koqnitiv və estetik tələbatdır (nizam, ədalət, gözəllik, simmetriya tələbatı). Və piramidanın zirvəsində özünütəsdiq tələbatı dayanır. Hələ Maslou qeyd edirdi ki, bəşərin vur-tut 1 faizi sonuncu (özünütəsdiq) tələbatı əsas sayır. Onlar ya əvvəlki tələbatları ödənmiş, ya da əvvəlkiləri inkar edən (zahidlər, yaradıcı adamların müəyyən hissəsi) şəxslərdir. Qalan bəşər isə əvvəlki pillələrin gah birində, gah digərindədir. Və bu, statik deyil. Yəni, dövrlər var ki, insanların təhlükəsizlik tələbatı ödənib (Bizim uşaqlıq illərimizdə bu cür idi). Belə olanda fərd birbaşa piramidanın üçüncü pilləsində olur. Ancaq situasiyalar var ki, birbaşa indiki Azərbaycanı xarakterizə edir. Məsələn, Maslounun qənaətinə görə, daha aşağı səviyyədə narahatlıq başlayanda, insanın bütün resursları həmin tələbatın ödənməsinə yönəldilir və bu vaxt nisbətən „yuxarı“ tələbat unudulur.

Nəzərə alsaq ki, fizioloji tələbatlardan başqa bütün tələbatlar obyektiv olaraq ödənə bilməz, onda alınır ki, aktuallaşan tələblər bir-birini əvəzləyir. Buna sadə azərinin misalında baxaq. Onun bu cəmiyyətdə heç bir təhlükəsizlik qarantiyası yoxdur və bu yoxluq çoxdan xroniki hal alıb. Belə halda o, daha yüksək sayılan tələbatı (məsələn, ehtiram, yaxud gözəllik, ədalət tələbatını) qurban verərək yalnız təhlükəsizliyinin bütün mümkün fəndlərlə saxlanmasının qayğısına qalacaq. Daha eybəcər mənzərə də var: İnsan yemək tələbatını ödəyə bilmir. Qazancı ailəsini ərzaqla təmin etməyə çatmır.

Bu vaxt nəinki koqnitiv və estetik tələbatlar (azadlıq, ədalət və s.), hətta nisbətən aşağıda duran ehtiram və ondan da aşağıda olan təhlükəsizlik tələbatları da arxa plana keçəcək. İnsanın mövcudluğu heyvanın mövcudluğu ilə eyniləşəcək. O, fizioloji mövcudluqla kifayətlənəcək. Danışan heyvan, yaxud yeriyən bitki olacaq. Azəri toplumu təhlükəsizlik tələbatını reallaşdıra bilmir. Bu toplumun böyük hissəsi fizioloji tələblərin ödənməsi üçün yaşayır. Belə bir toplumda nəinki özünütəsdiq tələbatı, həm də estetika, elm, ədalət anlayışları, özünədiqqət, ehtiram kimi „instinktoidlər“ (Maslounun termini ilə desək) əlçatmaz, hətta unudulmuş anlayışlara çevrilir. Azərbaycan elminin, ədəbiyyatının, mədəniyyətinin, səhiyyəsinin, təhsilinin… indiki biabırçı vəziyyətinin bir səbəbi də bundadır. Fizioloji və təhlükəsizlik tələbatlarının ön plana keçdiyi cəmiyyətdə ali tələblər əhəmiyyətsiz dəbdəbəyə çevrilir. Masloudan daha bir sitat: »İnsanabənzər meymunlarla sivilizasiyalı insanlar arasında çatışmayan təkamül həlqəsini axtaran bioloq haqlı idi: O həlqə bizik!"


Tarix: 05.12.2014 / 15:43 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Ümumi Psixologiya
loading...