beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Güney Azərbaycanda milli-azadlıq hərəkatı

Dünyada və Cənubi Qafqazda cərəyan edən proseslər yüz ildən artıq İran əsarətində olan Cənubi Azərbaycanda da öz əks-sədasını verdi. Rusiya İmperiyasının dağılması Cənub Azərbaycana da böyük ümidlər gətirdi. Burada da Şah irticasına və rus işğalına qarşı kütlələrin çıxışları başlandı. Bu çıxışlara hələ 1905 - 1911-ci illər demokratik və milli azadlıq hərəkatının fəal iştirakçılarından biri olan Şeyx Məhəmməd Xiyabani başçılıq edirdi.
Başlanan hərəkatın istiqamətləndirilməsində 1917-ci ilin avqustunda müstəqil təşkilat kimi formalaşan Azərbaycan Demokratik Firqəsinin (ADF) mühüm rolu olmuşdur. O, 1917-ci din yay və payızında Təbrizdə, Ərdəbildə, Xoyda, Urmiyada, Sərabda, Zəncanda və b. şəhərlərdə izdihamlı mitinqlərin təşkilatçısı olmuşdu. Həmin mitinqlər ingilispərəst hökumətin istefa verməsi, demokratik üsul-idarənin bərqərar edilməsi və s. siyasi şüarlar altında keçirilmişdi. 1919-cu ilin oktyabrından dinc çıxışlar bir sıra yerlərdə üsyan xarakteri almışdı. 1919-cu il oktyabrın sonlarında Təbrizdə baş vermiş üsyan nəticəsində Şahın şəhərdəki valisi Təbrizdən qovulmuşdu. 1920-ci ilin aprelində ADF rəhbərliyi altında Təbrizdə yeni üsyan başladı. Üsyana Şeyx Məhəmməd Xiyabani başda olmaqla ADF-nin fəal üzvlərindən təşkil olunmuş İctimai İdarə Heyəti (İİH) rəhbərlik edirdi. Aprelin 7-də qələbə qazanıldı: bütün dövlət idarələri üsyançıların əlinə keçdi. Polis dəstələri şəhəri tərk etməyə məcbur oldular. Təbrizdə başlamış üsyan tezliklə digər şəhərlərə də yayıldı.
Üsyançılar demokratik İran yaradılmasını və onun hüdudlarında Cənubi Azərbaycana muxtariyyət verilməsini tələb edirdilər. Şeyx Məhəmməd Xiyabani üsyanın qələbəsi günündəki nitqində Cənub Azərbaycanı Azadistan elan etmişdi. Hətta bu adın rəsmən tanınmasını İran hökumətindən tələb etmişdi.

Şeyx Məhəmməd XiyabaniXiyabani Şeyx Məhəmməd 1879-cu ildə Təbriz yaxınlığındakı Xamne qəsəbəsində anadan olmuşdur. Təbriz ruhani məktəbini bitirmiş və müctəhid dərəcəsinə çatmışdı. 1905-1911-ci illər İran inqilabında iştirak etmişdi.Azərbaycan milli əncüməninin və İran məclisinin deputatı olmuşdur. İnqilabın məğlubiyyətindən sonra Xorasanda, Mahaçqalada, Bakıda, Tiflisdə yaşamışdı.1914-cü ildən gizli olaraq Təbrizdə yaşamışdır. 1917-ci ilin avqustunda müstəqil təşkilat kimi formalaşan ADF-in lideri olmuşdu. 1920-ci il aprelin 7-də Təbrizdə baş vermiş üsyana rəhbərlik edən İctimai İdarə Heyətinin sədri və onun zəminində iyunun 23-də təşkil edilmiş milli hökumətin başçısı olmuşdu. 1920-ci il sentyabrın 14-də vəhşicəsinə edam edilmişdi.

Cənubi Azərbaycan əhalisini azadlığa çağıran Ş.M.Xiyabani ADF-nin orqanı olan «Təcəddüd» qəzetinin ilk nömrələrindən birində nəşr etdirdiyi «Azərbaycan» məqaləsində yazmışdı: «Sonu görünməyən qırğınlar, soyğunlar, zülm və əzablar Azərbaycanda azadlıq hərəkatını və azadlıq tələblərini məhv edə bilməz.
Ey Azərbaycan, ey demokratik Azərbaycan! Qaldır başını... sən çətinliklərdən, sınaqlardan çıxmısan və indi sənin qarşında yeni dövr açılmaqdadır...
Ey ölməz Azərbaycan... Qaldır başını yuxarı, yaşa, həmişə yaşa...!».
Üsyanın qələbəsindən sonra müvəqqəti idarə edici siyasi orqan kimi geniş fəaliyyət göstərən İctimai İdarə Heyyətinin zəminində 1920-ci il iyunun 23-də Milli hökumət yaradıldı. Onun tərkibinə başda Ş.M.Xiyabani olmaqla 20 nəfər daxil idi. Milli hökumət fəaliyyət göstərdiyi qısa müddət ərzində bir sıra çox ciddi demokratik tədbirlər həyata keçirmişdi, O, kənd təsərrüfatı, maarif, maliyyə, səhiyyə, ədliyyə və s. sahələrdə islahatlar həyata keçirməyə başlamış, yeni ordu, jandarm və polis orqanları yaratmışdı. İdarə və müəssisələrdə Azadistan adını göstərən yeni lövhələr vurulmuşdu. Üzərində İran dövlətinin gerbi (Şir-Xurşud) saxlanılmaqla Azadistan admı («Məmləkət Azadistan») əks etdirən blanklar hazırlanmışdı.
Lakin bunlar uzun çəkmədi. Beş aydan sonra 1920-ci il sentyabrın 12-14-də milli Azərbaycan hökuməti irticaçı şah qüvvələri və İran kazak briqadası tərəfindən dağıdıldı. Demokratik hərəkatın rəhbərlərinə (Badamçıya, Gəncəyiyə, Abdullazadəyə və b.) divan tutuldu. Sentyabrın 14-də Şeyx Məhəmməd Xiyabani vəhşicəsinə öldürüldü.
Bununla da, Cənubi Azərbaycan demokratik və milli azadlıq hərəkatının yeni dalğasının da qarşısı alındı. Lakin o, Cənubi Azərbaycanda milli-azadlıq ruhunu tamamilə məhv edə bilmədi.


Tarix: 26.11.2014 / 16:34 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Tariximiz ve rayonlarimiz