beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsmayıllı

İsmayıllı – Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi İsmayıllı şəhəridir.Mündəricat
1 Tarixi
2 Coğrafi mövqeyi
2.1 Relyefi
2.2 Geoloji quruluşu
2.3 Faydalı qazıntıları
2.4 İqlimi
2.5 Daxili suları
2.6 Landşaftı
2.7 İsmayıllı dövlət yasaqlığı
3 İri yaşayış məntəqələri
4 Əhali
4.1 Milli tərkib
4.2 Görkəmli şəxsləri
5 İqtisadi xarakteristikası
5.1 Kənd təsərrüfatı
6 Mədəniyyət, təhsil və səhiyyə müəssisələri
7 Maddi-mədəni irsi
8 Mətbəxi
9 Yerli media
10 Şəkillər
11 Mənbə
12 İstinadlar
13 Xarici keçidlər
14 Həmçinin bax


Tarixi

Rayonun ərazisi uzun müddət erazmızdan əvvəl IV əsrin sonu eramızdan əvvəl III əsrin əvvələrində yaranmış Albaniya dövlətinin tərkibində olmuşdur. Tarixi faktlar sübut edir ki, Cavanşirin mənsub olunduğu Mehranilər Girdiman knyazlığını məhz İsmayıllı ərazisində yaratmışdır. Cavanşir də bu nəsildən idi. Rayonun ərazisində Talıstan kəndində 4 km şimalda, Ağçayın sahilində Cavanşirin adı ilə bağlı qala mövcuddur. Azərbaycanın şimal-mərkəz hissəsində yerləşən İsmayıllı rayonu 1931-cü ildə təşkil olunmuşdur. İlk vaxtlar rayonun inzibati mərkəzi Basqal kəndində olmuş qısa müddətdən sonra İsmayıllı kəndinə köçürülmüşdür. Rayon təşkil edilənədək onun ərazisinin böyük bir hissəsi Göyçay qəzasının, bir hissəsi Şamaxı qəzasının, kiçik bir hissəsi isə Şəki qəzasının tərkibində olub. İsmayıllı şəhəri 1959-cu ilə qədər kənd, 1967-ci ilə qədər şəhər tipli qəsəbə olmuş, sonra şəhər adını almışdır. [3]

Coğrafi mövqeyi

İsmayıllı rayonu

Relyefi

İsmayıllı rayonu əsasən Baş Qafqaz silsiləsinin cənub yamacında, yüksək və orta dağlıq qurşaqda, Acınohur alçaq dağlığında və Alazan Həftəran vadisində yerləşir. Rayonun ərazisində ən yüksək zirvələr Baş Suayrıcı silsiləsində Babadağ zirvəsi (3629 m), Əsəddağ (3471 m), Qaraburğa (3345 m), Şahnəzərdağ (2874 m) və Qəmçə dağıdır (2139 m.). Baş Suayrıcı silsiləsinə paralel olaraq cənubda Qovdağ silsiləsi (Qovdağ zirvəsi 2437 m) və Niyaldağ silsiləsi (Yelligədik zirvəsi – 2322 m) yerləşir. Orta dağlıqda Lahıc və Müdrü dağarası çökəklikləri geniş sahə tutur. Relyef Girdimançay dərəsindən şərqə alçalaraq Şamaxı-Qobustan yaylasına keçir.

İsmayıllı dağları

Niyal silsiləsindən cənubda eni 2-10 km, mütləq hündürlüyü 200-500 m olan Qanıx-Əyriçay vadisi uzanır. Vadinin səthi əsasən cavan gətirmə konusları və qismən mezozoy çöküntülərindən təşkil olunmuşdur. Qanıx-Əyriçay vadisinə paralel cənubda Girdimançayın dərəsinə qədər Acınohur ön dağlığının şərq ətəkləri yerləşir. Daşüz-Əmirvan tirəsinin (829 m) şərq batımının bir qismi rayon ərazisinə daxil olur.

İsmayıllı dağları

Göyçay-Dəvəbatan çayları arasında İvanovka yaylası (500-800 m), şərqdə Quşencə yaylası (600-1100 m) yerləşir. Dəvəbatan və Girdiman çayları arasında isə zona daralıb alçalaraq demək olar ki, tamamilə itir. Ondan cənubda isə paralel olaraq Qaraməryəm tirəsi (437 m) uzanır. Tirə Dəvəbatan və Girdimançay dərələri ilə bir neçə hissəyə bölünür. Mollaisaqlı, Külüllü dərələri və Girdimançayın məşhur gətirmə konusları burada geniş ərazi tutur. Qaraməryəm tirəsinin cənub-şərqə davamı olan Ləngəbiz silsiləsinin (929 m) şimal-şərq ətəkləri rayonun sərhədləri hüdudları daxilindədir. Rayonun cənub hissəsi Şirvan düzünə qədər uzanır.

Geoloji quruluşu

Ərazi Kaynozoyda baş verən Alp qırışıqlığı zonasına aid olduğu üçün seysmik cəhətdən çox fəaldır. Belə ki ərazidə 8-9 ball gücündə zəlzələlər müşahidə olunmuşdur. 1981-ci ilin oktyabrında baş vermiş zəlzələ ərazidə çox böyük dağıntıya səbəb olmuş və təsərrüfata külli miqdarda ziyan vurmuşdur. Bu səbəbdən regionda baş verən zəlzələləri müşahidə və tədqiq etmək üçün rayon mərkəzi yaxınlığındakı Talıstan kəndində seysmoloji stansiya tikilmişdir. Baş Suayrıcı silsiləsi əsasən mezozoyun yura və təbaşir yaşlı qalın çöküntülərindən təşkil olunmuşdur.

İsmayıllıdakı dağ süxurları

Ərazinin yura yaşlı çöküntüləri Kiçik Qafqazdan fərqli olaraq yalnız çökmə mənşəli suxurlardır (Kiçik Qafqazda isə vulkanogen çökmə mənşəli suxurlar daha çox üstünlük təşkil edir). Bu suxurlar Qanıx-Əyriçay vadisində IV dövrün çöküntüləri ilə təmasa gəlir. Niyaldağ silsiləsində isə təbaşir yaşlı şistli çöküntülərlə əvəz olunur. Yura dövrünün çöküntüləri əsasən alt və orta yuranın qalın qara rəngli şist və qismən qumdaşı laylarından ibarətdir. Cənub-şərq hissədə isə şistlər və şist-qumdaşı layları argillitlərlə əvəz olunur. Yuranın əhəngdaşı və dolomit qatlarının klippen adlanan böyük "koksüz" (əsas yayılma yerlərindən qopmuş və aralanmış) qayaları və bəzən örtük halında sahələri, iri "qəlpələri" Baş Suayrıcının bəzi yerlərində üzə çıxır. Çay dərələrində (Girdiman, Göyçay və Ağsuçay) bu qatları kəsərək dərin və dar dərələr-kanyonlar əmələ gətirir. Qovdağ hissəsi əsasən təbaşir dövrünün gilli və gilli-qumdaşılırından ibarət çöküntülərindən, qalan hissələr isə kaynazoyun çökmə mənşəli suxurlarından ibarətdir. Dağlıq hissədə, xüsusilə Lahıc və Müdrü dağarası çökəkliklərində kaynozoy yaşlı cavan çöküntülər mezozoy dövrünün suxurları üzərində transqressiv formada yataraq qalın laylar əmələ gətirir. Paleogenin oliqosen dövrünün gilli və qumlu-gilli çöküntüləri Girdimançay dərəsində geniş sahələr tutur. Neogen mənşəli çökmə suxurlar isə əsasən depres sahələrdə və ləngəbiz tirəsində terrigen qatlardan və gillərdən ibarətdir. Sarmat dövrünün dəniz çöküntülərinə Diyallı kəndi yaxınlığında 1200 m yüksəkliklərdə daha çox rast gəlinir. Bir sıra əyilmə zonalarında pleystosen (IV dövr) çöküntülərinin çox qalın (200-400 m) qatları müşahidə olunur. Buna səbəb ərazidə axan çayların eroziya və nəqletmə qabliyyətinin sürətli olmasıdır. Yüksək dağlıqda (2800-3000 m) isə ara-sıra buzlaq çöküntülərinə – moren tirələrinə rast gəlmək olur.

Faydalı qazıntıları

Rayonun mineral xammal ehtiyatları içərisində əsas yeri tikinti materialları tutur. Çayların gətirmə konuslarında, alçaq dağlıq zonasında çınqıl, qum, gil, gillicə və vulkan külü yataqları vardır. Bu ehtiyatlar əsasənda rayon ərazisində dəmir-beton, kərpic, keramit, sement, keramzit və sairə tikinti materialları istehsal olunur. Bu yataqlarda ehtiyatların çox da böyük olmaması əhalinin tikinti sahəsində tələbatlarını tam ödəmir. Bundan başqa Dityallı kəndi yaxınlığında yanar şist yataqları, müxtəlif ərazilərdə müalicə əhəmiyyətli gillər, Tircan kəndi yaxınlığında (Qabandağın dərəsində) gülabi yataqları, Mədən dərəsi adlanan Təzəkənd kəndi ərazisində mişar daşı, Talıstan və Diyallı kəndləri arasında böyük həcmdə mərmər yataqları, Cülyan-Həftəsiyab kəndləri ətrafında təbii yanar qaz yataqlarının olması ehtimal olunur. Rayonda betonit gillərinin bir neçə yatağının olması aşkar olunmuşdur. Rayon ərazisində həmçinin təbii mineral su bulaqları mövcuddur. Böyük Qafqazın cənub yamaclarından süzülüb gələn bu sular, əsasən Bədo, Həftəsiyab, Diyallı, Namazgah, Lahıc, Gəndo və s. kəndlərində yerləşir. Kimyəvi tərkibinə görə hidrokarbonatlı, sulfatlı, natriumlu, kalsiumlu, maqneziumlu sular tipinə mənsubdur. Dünya şöhrətli alimlərdən M. Ə. Qaşqay və Ə. H. Əsgərov İsmayıllı rayonunun mineral sularının müalicə əhəmiyyətini yüksək qiymətləndirmişlər. Məşhur mineroloq Bertmenson 1884-cü ildə "Xaricdə və Rusiyada olan mədən müalicə suları" adlı elmi əsərində Zərgəran və Lahıc yaxınlığındakı digər mineral suların əhəmiyyətini xüsusi qeyd etmişdir. Tərkibində müxtəlif minerallar olan bu sular böyük müalicə əhəmiyyətinə malikdir. Bu suların müxtəlif çeşidlərdə qablara doldurularaq, rayonda və rayondan kənarlarda satışı təşkil edilmişdir. Hər il bu ərazilərə Azərbaycanın müxtəlif bölgələrindən və xarici ölkələrdən yüzlərlə turist istirahətə gəlir. Bu bulaqların əsasında rayonda istirahət evləri və sanatoriyalar təşkil edilməsi rekreasiya ehtiyatlarından istifadəni daha yüksək səviyyəyə qaldıra bilər.

İqlimi

İsmayıllı dağları

İsmayıllı rayonu subtropik və qismən mülayim iqlim qurşağında yerləşir. Subtropik zonanın şimal sərhədi rayonun təxminən 550-650 m hündürlüyündən keçir. Bu zonadan yüksəkliyə doğru şaquli qurşaqlıq müşahidə edilir. Düzənlik və dağətəyi hissədə mülayim isti və qismən yarımsəhra-quruçöl, yüksək dağlıqda isə soyuq və dağ tundra iqlim tirləri formalaşır. Ümumi günəş radiasiyasının miqdarı düzənliklərdə, xüsusi ilə də Qanıx-Əyriçay vadisində 125 kkal/sm2-dən yüksək dağlığa doğru 140-145 kkal/sm2 arasında tərəddüd edir. Ən böyük kəmiyyəti Babadağ yaxınlığında 148 kkal/sm2-ə çatır. Orta illik temperatur düzənliklərdə 14-14.5o, dağətəyi və alçaq dağlıqda 11-13o, orta dağlıqda 7-9o, yüksək dağlıqda isə 0o-yə qədər azalır. Baş Suayrıcının yüksək zirvələrində isə hətta mənfi 2-mənfi 5o-yə qədər enməsi müşahidə olunur. İyulun orta temperaturu düzənliklərdə 22-25o, orta dağlıqda 20-15o, yüksək dağlıqda 10-5o; Yanvar ayının orta temperatur göstəriciləri isə düzənliklərdə 0-4o, dağətəyi və alçaq dağlıqda 0-3o, orta dağlıqda mənfi 3-mənfi 6o, yüksək dağlıqda isə mənfi 14-15o-dən aşağı düşür. Bol günəş energisi alan İsmayıllı rayon ərazisində meyvəçilik və bostan-tərəvəzçilik geniş yayılmışdır. İqlim ehtiyatlarının kurort və istirahət məqsədləri üçün də istifadə edilməsi imkanları böyükdür. Son dərəcə mənzərəli olan meşəli dağ yamacları, mülayim iqlim şəraiti sərin mineral bulaqlar şəbəkəsi, olduqca səfalı yaylaqlar ilə fərqlənən rayon ərazisinin kurort-istirahət bölgəsi kimi istifadə edilməsinin böyük perspektivləri var. Orta illik yağıntıların miqdarı 500-1000 mm arasında dəyişir. 2400-2800 m yüksəkliyə qalxdıqca yağıntıların miqdarı artaraq 1400-1500 mm-ə çatır. 2800 m-dən yüksəkdə yenidən yağıntıların miqdarı 900-1000 mm-ə qədər azalır. Düzənliklərdə isə bu kəmiyyət 400-600 mm-dir. Bunun da nəticəsində dağətəyi və yüksək dağlıq ərazilərdə dəmyə əkinçilik üçün geniş şərait yaranır. Yağıntıların maksimum miqdarı may və sentyabr aylarına təsadüf edir. Qar örtüyünün ən böyük orta qalınlığı dekabrda dağətəyində 10 sm, orta dağlıqda 20-50 sm, yüksək dağlıqda isə 70 sm-dən artıq müşahidə olunur. Mümkün buxarlanma düzənlik və orta dağlıqda 600-800 mm təşkil etdiyi halda, yüksək dağlıqda bu kəmiyyət 400-300 mm, hətta 200 mm-ə qədər düşür.

Daxili suları

Göyçayçay, Girdimançay, Ağsuçay, Pirsaatçay və onların saysız-hesabsız qolları (Axoxçay, Əyriçay, Lahıcçay, Müdürsəçay və s.) başlanğıcını rayonun şimalından: Baş Qafqazın Baş Suayrıcı silsiləsindən götürərək cənuba doğru dərin dərələrlə kəsərək geniş əraziləri əhatə edir. Əsasən yuxarı və orta axarlarında qar və yağış suları ilə, orta və aşağı axarlarında isə yağış və yeraltı sularla qidalanır. Çaylar Yuxarı Şirvan kanalı vasitəsi ilə Kür çayına qovuşaraq suvarmada geniş istifadə olunur. Yaz və payız aylarında daşqınlı və selli olur. Ərazini təşkil edən suxurlar yumşaq çöküntülərdən təşkil olunduğu üçün çayların orta və yuxarı axarlarında dərin kanyonlar əmələ gəlmişdir. Çayların düzənliyə qovuşduğu ərazilərdə isə gətirmə konusları kimi relyef formaları əmələ gəlmişdir. Qidalanmasında əsasən qalın və davamlı qar örtüyü, bol yağışlar və yeraltı sular iştirak edir.
Göyçayçay: uz. 113 km, sutoplayıcı sah: 1770 km2, su sərfi: 12.8 m3/san
Girdiman : uz. 88 km, sutoplayıcı sah: 727 km2, su sərfi: 8.9 m3/san
Ağsuçay: uz. 72 km, sutoplayıcı sah: 572 km2, su sərfi: 4.5 m3/san
Pirsaatçay: uz. 202 km, sutoplayıcı sah: 2280 km2

Çaylarda əsasən yazda və payızda gursulu dövrlərdə daşqın və sel hadisəsinin baş verməsi nəticəsində, təsərrüfata böyük miqdarda ziyan vurur və bir çox hallarda sürüşmə hadisələrinə səbəb olur. Çay şəbəkəsinin sıxlığı yüksəkliyə görə aşağıdakı şəkildə paylanmışdır: dağətəyində 0.1-0.2 km/km2, alçaqdağlıqda 0.50-0.75 km/km2, ortadağlıqda 1-1.5 km/km2, yüksəkdağlıqda isə 0.2-0.5 km/km2-ə bərabərdir. Pirsaat çayı bütün il boyu daşqın mümkün olan çaylar qrupuna daxildir. Qidalanmasının 75-100%-i yağış, 25-0%-i isə yeraltı suların payına düşür. Ərazinin digər çayları isə gursululuq və daşqınlı dövrü yaz və payıza düşən çaylar qrupuna aiddirlər. Bu çaylar yuxarı axarlarda qalın qar örtüyündən, orta axarlarda isə yağış suları ilə qidalanır. Bu çayların gursululuq dövrü üç fazaya ayrılır: I faza – yaz və yayın əvvəlini əhatə edir (mart-iyun). Bu fazada çayların əsas gursulu dövrü olduğu üçün illik axım həcminin 45-70 %-i keçir və qarların əriməsi zamanı düşən gur yağışlar 3-6 daşqın əmələ gətirir. II faza – yay fazasıdır (iyul-avqust). Bu fazada çayların su sərfi birinci fazada olduğundan xeyli az olsa da, az dəyişkən olur. Lakin yay leysanları bəzən çox güclü daşqınlar və sel əmələ gətirir. İllik su sərfinin 10-20%-i bu fazada keçir. III faza – payız və qış aylarını əhatə edir (sentyabr – fevral). Bu fazanın birinci yarısında ara-sıra müşahidə edilən leysan yağışlar zamanı baş verən daşqınlar yaz-yay daşqınlarından xeyli zəif olur. Çayların illik su sərfinin 20-35%-i bu fazanın payına düşür.
Çay sularının bulanıqlıq dərəcəsi 1000-2000 q/m3 arasında tərəddüd edir.
Göllər: Ərazidə göllər əsasən dağlıq hissədə yayılıb. Lakin bunların heç birinin sahəsi 1km2-dən çox deyil. Mənşəyinə görə sürüşmə, uçqun və axmaz göllər qrupuna aiddir.
Su anbarları: Rayonun düzənlik ərazilərini su ilə təmin etmək məqsədi ilə Aşıqbayram və Yekəxana su anbarı tikilmişdir. Hər ikisi Dəvəbatan çayının yatağında yerləşir.
Aşıqbayram sah: 0.5 km2, həcmi: 3,6 km3
Yekəxana sah: 3.7 km2, həcmi: 16.2 km3
Kanalları: əsasən rayondaxili ərazilərin suvarılmasında istifadə olunur. Yuxarı Şirvan kanalı rayonun cənubundan keçir.
Yeraltı suları: Qanıx – Əyriçay hövzəsində suların səviyyəsi 2.2 m-dən 100m-ə qədər dərinlikdə yatır. Yüksək dağlıqda yeraltı sular bulaqlar şəklində səthə çıxır.

Landşaftı

Ərazinin landşaftları şaquli qurşaqlığa uyğun olaraq: Alçaqdağlığın kserofit, quruçöl və arid-meşə; Alçaqdağlığın çöl; Düzən meşə-çəmən (intrazonal Qanıx-Əyriçayda); Ortadağlığın meşə və meşədən sonra çəmən-kol; Dağ-çəmən (subalp və alp); Subnival və nival landşaftları yayılmışdır. – * Torpaqları: Düzənlikdən dağlığa doğru müvafiq olaraq boz, şabalıdı, açıq və tünd şabalıdı, dağ-boz qəhvəyi, qəhvəyi, qonur, dağ-meşə, talalarda qara, subalp və alp əmənliklərində allüvial çəmən-meşə, çimli-torflu və ibtidai dağ-çəmən torpaqları yayılmışdır. Rayonun ümumi torpaq sahəsi 217315 ha-dır. Adambaşına 3,6 ha (Azərbaycanda 0,2 ha) torpaq sahəsi düşür. Kənd təsərrüfatı üçün yararlı torpaqlar 98070 ha, onlardan əkin yerləri 36460 ha (xüsusi ilə dəmyə əkinçilik) təşkil edir.
Bitkiləri: Bitkilər aləmi landşaftlara uyğun : düzənlik və dağətəyində çoxillik otlaq, kolluqlar və düzənlik albalının 2 növü, itburnunun 14, söyüdün 8, ağcaqayının 7, qovağın 5 növü məlumdur. Orta dağlıqda palıd, qarağac və vələsin 4 növü, fıstıq, şabalıdyarpaq, qaraçöhrə, yabanı püstə (saqqız), yabanı qızılgül, lianlardan mərəfcə, mayaotu, güyəmə, cır üzüm, doqquzdon, kaprifol, qulançar və boyaqotu, dərman bitkilərinin bir neçə növü yayılmışdır. Böyük Qafqaz vilayətinə aid olan ərazilərdə, yamaclarda zəngin meşə örtüyü var. Rayon ərazisinin 67.2 min ha sahəsini əhatə edir. Meşə ərazisində əsasən palıd, fıstıq və vələs ağacları üstünlük təşkil edir. Endemik bitkilərdən ardıc, qaraçöhrə, xarı bülbül, şabalıdyarpaq palıd və s. vardır. Rayon ərazisində 500-dən artıq bitki növü yayılmışdır. Böyük su saxlayıcı qabiliyyətinə görə bu meşələr erroziya proseslərinin sürətli inkişafının qarşısını alır. Lakin, yüksək dağlıq zonanın çılpaq yerlərində sel əmələ gəlmə və sürüşmə ehtimalı çoxdur. Bu da yüksək dağətəyi ərazilərdə əhalinin məskunlaşması üçün bəzi çətinliklər yaradır. Belə ki,sürüşmələr nəticəsində kəndlərə gedən yollar kəsilir, otlaq və örüş əraziləri sıradan çıxır, əhalinin içməli suya, işığa olan tələbatnın ödənilməsində çətinliklər yaranır. Yaz aylarında təbii fəlakətlərin (sel, sürüşmə) güclənməsi müşahidə olunur. Bu məvsümdə dağlarda əriyən qar və güclü yağış sularının təsiri nəticəsində torpaq sürüşmələri baş verir. Bəzi hallarda evlərin uçma təhlükəsi olur. Bu da əhalinin həmin ərazilərdə məskunlaşması üçün böyük çətinliklər törədir, sel və sürüşmələrə qarşı müxtəlif tədbirlərin həyata keçirilməsini tələb edir.
Heyvanları: Ərazidə sürünənlər, gəmiricilər və həşəratlarla yanaşı, 5 dəstəyə aid olan 35 növ məməlidən Zaqafqaziya qonur ayısı, maral, cüyür, dağ kəli, vəhşi qaban, canavar, tülkü, porsuq, kirpi, dovşan, vaşaq, amerika yenotu; 90 növ quşdan isgəndər quşu(fır kəklik), buruqboyun ağcədələn, qırqovul, kəklik, qartal, qızılquş, ley, qırğı, quzğun, arıquşu, toğlugötürən, qaratoyuq, zığ-zığ, cüllüt, vağ, bülbül və s. məskunlaşmışdır. Rayonun füsünkar təbiətini, gözəl landşaftlarını, flora və faunasını nəzərə alaraq 1969-cu ildə sahəsi 74 min ha olan İsmayıllı yasaqlığı yaradılmışdır. 1981-ci ildə yasaqlığın tərkibində təbii kompleksi (landşaftı) qoruyub saxlamaq məqsədi ilə sahəsi 5780 ha olan İsmayıllı qoruğu təsis olundu. Qoruq iki hissədən: dağlıq (800-2250 m yüksəkliklər – 96.3%) və düzənlikdən (600-650 m yüksəkliklər – 3.7%) ibarətdir. Düzənlik hissənin 87%-ni düzənlik meşələri təşkil edir. İsmayıllı qoruğunun cəmi 4%-i Qovdağ silsiləsinin subalp və alp çəmənlikləri zonasındadır. Qoruq Göyçay, Axoxçay və qismən Girdimançay hövzələrini əhatə edir. Qoruq öz geoloji və geomorfoloji qurluşuna görə cənub yamacın qalan hissələrindən ciddi fərqlənmir. Burada yura, xüsusi ilə təbaşir çöküntüləri (gillər, qumdaşı və əhəngdaşı qatları), qismən paleogen təbəqəli gilləri yayılmışdır. Ərazi çay dərələri ilə çox parçalanmışdır. Meşələrin tərkibi əsasən fıstıq, vələs, palıd, qismən ağcaqayın, göyrüş, qaraçöhrə və şabalıdyarpaq palıddan ibarətdir. Burada həmçinin ağcaqayın və göyrüş meşəliklərinə də rast gəlinir. Qaraçöhrə və şabalıdyarpaq palıd əsl qorunma rejimindədir.

Qoruqda məməlilərin 40, sürünənlərin 17, amfiblərin 6, balıqların 4, quşların 104 növü yaşayır. Quşlardan Qafqaz tetrası, toğlugötürən, berqut, ilanyeyən, məməlilərdən qonur ayı, vaşaq, cüyür, Aralıq dənizi tısbağası, daraqlı triton və çay qızılxallı balığı "Qırmızı kitab"a daxil edilmişdir.

İsmayıllı dövlət yasaqlığı

İsmayıllı dövlət yasaqlığı 34,4 min hektar sahədə yaradılmışdır. Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşların qorunması və sayının artırılmasından ibarətdir. Ərazinin bitki örtüyü alp, subalp dağ-çəmən və meşə bitkilərindən ibarətdir. Meşə ilə örtülü sahə, əsasən vələs, fıstıq və palıd ağaclarından ibarətdir. Yasaqlıqda təkə, cüyür, nəcib Qafqaz maralı, köpgər, çöl donuzu, vaşaq, canavar, tülkü, dovşan, çaqqal, meşə pişiyi, yenot, porsuq, dələ və s. heyvanlar, kəklik, qırqovul, turac, alabaxta, bildirçin, boz kəklik, yaşılbaş ördək, cürə,ağ və boz vağ və s.quşlar məskunlaşmışdır.

İri yaşayış məntəqələri

İsmayıllı rayonunda 109 yaşayış məntəqəsi var. Onlardan biri şəhər (İsmayıllı), ikisi şəhər tipli qəsəbə (Lahıc, Basqal) yüz altısı isə yaşayış məntəqələridir.

Lahıc qəsəbəsi öz misgərliyi ilə dünyaya səs salıb. Qədimliyinə görə bu qəsəbə İsmayıllı rayonunun özündən belə qədimdir.

Əhali

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi məlumatına əsasən 1 yanvar 2011-ci il tarixinə İsmayıllı rayonu əhalisinin sayı 80,9 min nəfərdir.[2]

Milli tərkib
Milli tərkib[4][2]Etnik qrup1999 sa.2009 sa.
azərbaycanlı61 19068 448
ləzgi7 7228 076
rus2 5142 024
kürd382498
türk244194
ukraynalı259
tatar227
yəhudi157
erməni5...
digər2567
cəmi72 14479 330


Görkəmli şəxsləri
Mehman Cavadoğlu — siyasətçi
Musa Yaqub — şair
Pünhan İsmayıllı — bədii qiraətçi
Baba Vəziroğlu- şair

İqtisadi xarakteristikası

İsmayıllıda taxılçılıq, heyvandarlıq, üzümçülük, meyvəçilik, tütünçülük və s. sahələr inkişaf etdirilmişdir. Ərazidə xalça fabriki, şərab, şirə zavodları, ət-süd emalı kombinatları və digər müəssisələr vardır. Rayonda "Qız Qalası", "Green House", "Qaranohur" kimi məşhur istirahət mərkəzləri fəaliyyət göstərir. Rayon mərkəzində "Beynəlxalq Bank", "Kapital Bank", "Deka Bank" və "Muğan Bank"ın rayon filialları və ATM-lər həmçinin "Cred Agro" kredit təşkilatı (Kənd təsərrüfatı üçün) mövcuddur.

Kənd təsərrüfatı

Rayonda 1995-ci illə müqayisədə 2001-ci ildə kartof istehsalı 41 dəfə (3497 ton), tərəvəz 12.4 dəfə (4973 ton), taxıl 2,2 dəfə (65683 ton), meyvə və giləmeyvə məhsulları 49 dəfə (7151 ton), buğda 2,3 dəfə (46194 ton) artmışdır. Bu qeyd olunanlarla yanaşı, baxılan dövrdə rayonda üzüm bağları 2711 ha və məhsul istehsalı isə 5931 ton azalmışdır. Rayonun kənd təsərrüfatı sahəsində yuxarıda qeyd olunan əsas bitkiçilik məhsullarının istehsalında məhsuldarlıq hər hektarda müvafiq dövrdə kartof üzrə 38,6, tərəvəz 55,7, taxıl 7,9, meyvə və giləmeyvə məhsullarında 113,6, buğda istehsalında isə 11,3 sentner artmışdır. Rayonda heyvandarlıq məhsullarının istehsalında da müəyyən dəyişikliklər müşahidə olunmuşdur. Belə ki, rayonda iri buynuzlu mal-qaranın sayı 1995-ci illə müqayisədə 2001-ci ildə 10104 baş, inək və camışların sayı 6474 baş, qoyun və keçilərin sayı isə 50447 baş artmışdır. Bununla yanaşı müvafiq dövrdə ət məhsulları (kəsilmiş ət) 1599 ton, yumurta 2164 min ədəd və süd istehsalı isə 3263 ton azalmışdır.


Tarix: 17.03.2013 / 13:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1520 Bölmə: Tariximiz ve rayonlarimiz