beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uzunömürlülük

Uzunömürlülük problemi, daha doğrusu, insan ömrünün artırılması 2 məsələni nəzərdə tutur. I məsələ taktiki adlandırılan məsələni bu gün həll etmək lazımdır; bu insanların çoxuna təbiət tərəfindən təyin olunmuş həddə qədər yaşamağa imkan verə bilər. II məsələ - strateji məsələ, indi yox, gələcəkdə həll olunmalıdır - bu məsələ bu həddi irəli çəkmədə təbiətin özündə dəyişiklik etməkdən ibarətdir.
İnsan ömrünün həddini nə hesab etmək olar? Bəlkə diqqətimizi uzunömürlülük üzrə "çempion" 168 il yaşamış Şirəli Müslümova cəlb etməliyik? Xeyr, alimlər hesab edirlər ki, bu düzgün olmazdı. Ona görə yox ki, qocalar öz yaşlarının təyin olunmasına çalışırlar. Məsələ burasındadır ki, bu cür "uzunömürlülük" çox nadir hadisədir, çünki 130-150 yaşına çatmış insanlara milyon illər ərzində nadir hallarda rast gəlinir. Burada təsadüfi faktorların təsiri də ola bilər, yaxud bu sadəcə "təbiətin səhvi" ola bilər. Bir çox alimlər, həmçinin uzunömürlülük problemi ilə məşğul olan məşhur tədqiqatçı İ.V.Davidovski insan ömrünün həddinin 100-110 il olduğunu hesab edir. Digər xarici və vətən alimləri bu həddin 90-100 il olduğunu qeyd edirlər.
Çox heyf ki, hazırda elm bəşəriyyət üçün ayrılıqda insan üçün ömrün müddətinin təyin olunması üsullarına bələd deyil. Şərti olaraq bu həddi 100 il hesab edək və eyni zamanda xatırlayaq ki, qabaqcıl inkişaf etmiş ölkələrdə bu hədd 73-77 il, bizim respublikamızda, Ukraynada, Orta Asiya respublikalarında olduğu kimi 70 ildir.
Afrika, Cənubi-Şərqi, Latın Amerikasının bir sıra ölkələrində bu hədd daha aşağı olub, 60 ildən yuxarı qalxmır. Beləliklə, taktiki məsələnin həlli - insanlara uzunömürlülüyün təbii həddinə qədər yaşamaq imkanı vermək hazırkı ömür müddətinə 20-25 il, bəzi ölkələrdə isə daha çox əlavə etmək deməkdir. Bütün cəmiyyətin sağlam həyat tərzinin formalaşması, xarici mühitin sağlamlaşdırılması, əmək və istirahətin qaydaya salınması, zərərli adətlərdən kütləvi imtina etmək, xəstəliklərlə mübarizəyə kömək edərək I taktiki məsələnin həllini həyata keçirəcəkdir.
Lakin biz bu fəsildə strateji məsələyə münasibətimiz haqqında danışmaq qərarına gəldik, yəni insan ömrünün uzunluğunun təyin olunmuş limitdən (100 ildən) kütləvi olaraq kənara çıxması şəraiti haqqında danışmalıyıq.
Ən əvvəl təyin etmək lazımdır ki, insan orqanizminin hansı üzvü tez qocalaraq ömrün müddətini təyin edir. Hələ 2-3 il əvvəl qocalığın tezləşməsində ürək qan-damar sistemində gedən dəyişikliklərin əsas rol oynadığı hesab olunurdu.
Sonralar qocalığın tezləşməsində sinir sisteminin əsas rol oynadığı qeyd olundu; belə ki, sinir sistemi bütün üzvlərin fəaliyyətinə rəhbərlik edir, onların birgə fəaliyyətini təmin edir. Qocalığın əsas təzahürlərindən biri orqanların birgə işləməsi koordinasiyasının pozulmasıdır, hansı ki, buna sinir sistemi cavabdehdir. Alim-fizioloq İvan Petroviç Pavlovun orqanizmdə baş verən bütün patoloji proseslərin sinir sistemi ilə bağlı olması haqqında Nevrizm nəzəriyyəsi uzun zaman tədqiqatçıların beyninə hakim kəsilmişdi.
Lakin getdikcə həyat fəaliyyəti proseslərinin tənzimlənməsində, bütün orqanların və onların sistemlərinin birgə işləməsində, daxili sekresiya və ya endokrin vəzilərinin - böyrəküstü, qalxanabənzər, hipofiz və digər vəzilərin rolu üzə çıxmaqda idi. Qana bioloji aktiv maddələri və ya hormonları ifraz edən endokrin vəzilərinin ya güclü və ya zəif funksiyası zamanı orqanizmdə baş verən həyati proseslərdə ciddi dəyişikliklər baş verir. Bu proseslər sinir və endokrin sistemlərlə tənzim olunur.

Beləliklə, hemostaz - orqanizmin daxili mühitinin sabitliyini tənzimləyən neyroendokrin sistem haqqında təsəvvür yarandı. Hal-hazırda belə fikrə gəlmişlər ki, neyroendokrin tənzimlənmənin pozulması nəticəsində hemostazın pozulması orqanizmin qocalmasının əsasını təşkil edir. Qeyd edək ki, çox vaxt "neyroendokrin" tənzimləmə əvəzinə "neyrohumoral tənzimlənmə" anlayışı tətbiq olunur. Humor - maye deməkdir. Daxili sekresiya vəziləri hormon istehsal edərək, onu qana ifraz edir; neyrohumoral tənzimləmə dedikdə, orada bir tərəfdən sinir sistemi toxuması vasitəsilə gələn impulsların, digər tərəfdən orqanizmin maye mühitlərində, qanda, limfada olan hormonların iştirakı nəzərdə tutulur.
Belə bir sual meydana çıxır; elə ola bilərmi ki, endokrin və sinir sistemi ayrı-ayrılıqda fəaliyyət göstərə bilər? Orqan və hüceyrə sinir toxuması vasitəsilə aldığı impuls güclü fəaliyyət göstərdiyi vaxt qanda hərəkət edən hormonlar qarışığı onların fəaliyyətini zəiflədəcək. Sinir sistemindən gələn impulslar qan damarlarının, divarlarını zəiflədir, qan dövranının həcmini artıraraq, beləliklə qan təzyiqini aşağı endirir.
Böyrəküstü vəzilərin hormonu adrenalin və noradrenalinin qandakı yüksək konsentrasiyası isə qan təzyiqini qaldırır.
Orqanizm yuxarıda göstərilən bu iki tənzimləyici sistemin işindəki uyğunsuzluğun qarşısını ala bilərmi?
Belə məlum olur ki, baş beyində yerləşən hipotalamus hemostazı qaydaya salmaq mərkəzi olmaqla, orqanizmin əsas funksiyalarını idarə edir (susuzluq, aclıq, yuxu, bədən temperaturu, hormonların ifrazı və s.).
Bir çox alimlərin fikrincə orqanizmdə baş verən dəyişikliklər hipotalamusun yaranması prosesi üzərində nəzarətin itməsi ilə bağlıdır və nəticədə həyat fəaliyyəti proseslərinin neyroendokrin tənzimlənməsi pozulur. Bu, heyvanlar üzərində aparılan təcrübə zamanı təsdiq edilmişdir. Belə nəticəyə gəlmək olar ki, müasir elm səviyyəsində insanın yaşı onun hipotalamusunun yaşı ilə eynidir.

Bəs nə üçün müxtəlif insanların qocalığa qarşı münasibəti müxtəlifdir; bəziləri orqanizmin daxili həyatını 100 ilə çatdırır, bəziləri isə 50 yaşında və ya daha tez qocalmağa başlayırlar.
Alimlərin tədqiqatları nəticəsində aydın oldu ki, qocalma prosesinin tempi, sürəti hər orqanizm üçün onun irsi əlamətləri və ya genlərlə keçən irsi əlamətlərdən asılıdır.
İrsi əlamətlərin daşıyıcısı olan genlər nədir və onlar necə fəaliyyət göstərirlər?
Genlər mürəkkəb molekullu xüsusi maddələrdən - dezoksiribonuklein turşusundan (DNK) ibarətdir. Onlar çox böyük ölçülü sapvarı quruluşlu molekullarla xarakterizə olub, hər sap və ya zəncir nisbətən sadə maddələr - neyroendokrinlərin çoxlu miqdarda molekullarından ibarətdir. Onların sayı 4-dür, lakin onların DNK molekulunda yerləşmə ardıcıllığı dəyişə bilər, ona görə də öz quruluşuna görə DNK molekullarının sayı sonsuzdur. Genlərin müxtəlifliyi də sonsuzdur, onlar DNK molekulu yaradan sap kəsiyi formasındadır. Öz növbəsində, o ayrı-ayrı hissələrdən ibarət olub, onun uzunluğu boyunca düz bir xətt üzrə yerləşmişdir.
Hər gen müəyyən spesifik əlamətin daşıyıcısıdır. Lakin elə hallar olur ki, bir əlamətin yaranmasında bir gen və ya əksinə, bir gen bir neçə əlamətin yaranmasında iştirak edir.
Hüceyrə bölünərkən genlər bölünür; nəticədə mayalanmış yumurtada yaranmış genlər komplekti inkişaf edən orqanizmin hər hüceyrəsində yaranır. Gen təşkil edən, matrisa rolunu oynayan (matrisa ştamp və ya hər hansı məhsulun alınması üçün forma) zəncirinin üzərinə də bir-birinin ardınca DNK maddəsinə qohum olan molekullar ribonuklein turşusu (MK) yaranır. MK-da DNK-dakı kimi nukleotidlərin həmin yerləşmə ardıcıllığı saxlanılır. Sonra MK molekulların özləri matrisa rolu oynayır, onların üzərində hüceyrə zülallarının molekulları yaranır. Beləliklə, gen MK molekulunun köməyi ilə zülalların sintezini proqramlaşdırır, lakin özü burada iştirak etmir.

Qısa müddətdə bu problemdən ayrılaq.
Bir çox onillər ərzində biz bilirdik ki, həyat - zülalların mövcud olma formasıdır. Vaxtilə Engels belə yazmışdır. Başqa sözlə, zülal həyatın əsasıdır. Bu fikir indi də öz mənasını itirməyib, lakin əlavəyə ehtiyacı var. Canlının əsas əlaməti çoxalmağa qadir olmalıdır. Lakin canlının çoxalma prosesi yalnız nuklein turşuları - MK və DNK iştirakı ilə baş verir. Nuklein turşuları olmadan zülal ölüdür, ona görə də həyatın əsasını zülal və nuklein turşularının təşkil etdiyini hesab etmək olar. Yer üzərində bütün canlılara məxsus olan həyat forması zülal-nuklein həyat forması adlanır. Digər formalar nəzəri olaraq mümkündür, lakin hələ məlum deyildir. Qayıdaq genlərə.
Gen orqanizmin daxili və xarici mühiti ilə bağlıdır. Daha doğrusu, orqanizmin mövcud olduğu şəraitdə bütün əlamətlərin - saçının, gözünün rəngi, boyu, bədən quruluşu, maddələr mübadiləsinin xüsusiyyətləri, sinir sisteminin ali tipi, orqanizmin inkişaf tempi (eləcə də qocalma tempi) genin orqanizmin daxili aləminin və xarici mühitlə qarşılıqlı münasibətindən yaranır.
Genlər dəyişmir. Bu və ya digər təsir nəticəsində gen əmələ gətirən nukleotidlər zənciri qırılır və qırılmış yerə əlavə nukleonid və ya onun zənciri daxil olur. Genin bu cür dəyişməsi (buna mutasiya deyilir) az və ya çox dəyişikliklərdə hüceyrənin irsi əlamətlərini dəyişdirir. Əgər söhbət yumurta hüceyrəsi haqqında danışılırsa - onda böyüyən orqanizmin irsi əlamətlərində baş verən mutasiya nəzərdə tutulur. Bakteriya və ya virus hissəcikləri kimi sadə, birhüceyrəli orqanizmlər haqqında danışılarsa, deməli mutasiya nəticəsində tamamilə yeni, əvvəl olmayan orqanizm haqqında danışılır.
İrsi əlamətlərin səthi məlumatı olan insanlardan çox vaxt eşitmək olar ki, insanın genlərində onun ömrünün uzunluğu "kodlaşdırılıb", "yazılıb". Başqa sözlə, necə istəyirsən yaşa: istəyirsən sağlam həyatla və yaxud qeyri-sağlam həyatla yaşa; sonu eynidir - orada nə qədər yazılıbsa o qədər ömür sürəcəksən. Lakin bu nəticə səhvdir.
İlk növbədə, insan ömrünün uzunluğu yox, onun qocalma tempi irsən ötürülür.
Qocalıq və qocalma eyni deyildir. Qocalma - vaxtla bağlı olaraq baş verir, qocalıq isə orqanizmin vəziyyəti ilə ölçülür, burada proseslər o qədər dərinə gedir ki, onlar geriyə qayıtmaz dəyişikliklər yaradır və orqanizmin uyğunlaşma qabiliyyətini xeyli aşağı salır. Qocalma anlayışı haqqında hələ ciddi elmi təyin müəyyən olunmayıb. Akademik A.A.Boqomolets qocalığı hüceyrələrin aktivliyinin tədricən azalması kimi təyin etmişdir; bu zaman hüceyrə maddəsinin biofiziki və biokimyəvi dəyişilməsi baş verir, hüceyrənin çoxalması və öz biokimyəvi elementlərinin təzələnməsi qabiliyyəti itir, hüceyrələrin öz plazmasının iri hissəcikləri ilə çirklənməsi baş verir. Lakin müxtəlif orqanların və toxumaların hüceyrələri eyni vaxtda qocalmır və ona görə Boqomoletsin təyinatı "orqanizmin qocalmasından" çox "hüceyrənin qocalması" anlayışına aiddir.
Digər alimlər (A.A.Naqornıy, V.İ.Nikitin, İ.N.Bulankin) "qocalma" və "yaş inkişafı" anlayışlarını bərabərləşdirirlər; yaş inkişafı qocalığın gəlməsindən xeyli əvvəl başlanır, orqanizmin doğulmasından əvvəl, daha doğrusu, yumurta hüceyrəsinin mayalandığı dəqiqədən başlanır. Ancaq qocalma - təkcə deqradasiya, orqanizmin uyğunlaşma imkanlarının azalması, ölümün baş vermə ehtimalının çoxalması demək deyildir; bu həm də orqanizmin həyat fəaliyyətinin pozulmasının müəyyən anlarının qarşısının alınması və orqanizmin uyğunlaşma mexanizmlərinin səfərbər olunmasıdır. Qocalıq - yaş inkişafının sonuncu dövrüdür.
Bəziləri tez qocalır, 50 yaşında onları qoca hesab etmək olar. Bəziləri isə 75 və daha yüksək yaşda əla iş qabiliyyətinə, cavan bədən quruluşuna, tükənməz fiziki qüvvəyə, möhkəm sağlamlığa malik olurlar.
Bunlar çoxdan məlumdur. XIX əsrin sonunda S.P.Botkin, İ.İ.Meçnikov fizioloji və ya vaxtında qocalma və vaxtından əvvəl, patoloji qocalma olduğunu qeyd etmişlər. İ.V.Davıdovski "erkən qocalıq" və "gecikmiş qocalıq" məfhumlarından istifadə etmişdir. Hər bir orqanizmin "böyük bioloji saatı" var (bu saatı "kiçik" saatla qarışıq salmaq olmaz: bu saat bəzi həyatı funksiyaların hərəkətinin gündəlik ritmini tənzim edir). Bezi şəxslərdə "böyük bioloji saat" tez işləyir və onlar tez qocalıb ölürlər; başqalarında isə - saat yavaş işləyir, onlar çox yaşayırlar, onun təqvim yaşı orqanizmin vəziyyətini əks etdirmir. Elmə "bioloji yaş" məfhumu daxil olmuşdur, bu hazırkı vaxt üçün orqanizmdə baş verən dəyişiklik üçün ölçü meyarıdır. Bioloji yaş təqvim yaşından geri qala bilər, necə ki, bu Porfiri Korneyeviç İvanovun xatırladığı kimidir, necə ki, bu Azərbaycan və digər uzunömürlülər üçün xarakterikdir və əksinə, bioloji yaş təqvim yaşını üstələyə bilər - 50 yaşında "qocalarda" olduğu kimi.
Qocalmanın tempi ətraf mühitin əlverişsiz şəraiti və qeyri-sağlam yaşayışdan asılı olaraq arta bilər. Əvvəlki fəsillərdə danışılan hər şey insana "böyük bioloji saat"ın gedişini yavaşıtmağa kömək etməlidir. İnsan onun genlərində proqramlaşdırılmış qocalma tempinə uyğun olaraq, maksimal yaşa çatmalıdır. Ölümün daha çox səbəbi olan xəstəliklərin profilaktikası insan ömrünü 10-12 il artıra bilər. Əmək və istirahət şəraitinin, əhalinin məişətinin, ətraf mühitin yaxşılaşdırılması da bir neçə il artmağa kömək edə bilər. Bütün bunlar insanların uzunömürlülük həddinə - 100 illik həddə kütləvi şəkildə yaxınlaşmasına kömək edər.
Lakin bu strateji məsələnin həlli demək deyil; burada xəstəliklərin profilaktikası ilə yanaşı qocalma tempinin ləngiməsi problemi də həll olunmalıdır.
Qocalma tempinin ləngiməsi sadəcə olaraq ömrün uzanması deməkdir. Əgər qocalmanın tempinin yavaşımasına qocalıqla əlaqədar taqətsizlik dövrünün uzanması hesabına olarsa, bu cəmiyyətə heç də xeyir verməz, əksinə, o, cəmiyyəti ağır vəziyyətə salar, belə ki, əhalinin əmək qabiliyyəti yüksək olan qisminə ağır yük düşəcəkdir. Qocalma tempinin yavaşıması yaşın inkişaf prosesinin yavaşıması deməkdir, bu da çox bəhrəli illər hesab olunsa da cəmiyyətdə çox faydalı iş əmsalı olmayacaqdır (V.V.Frolkis).
Alimlər genetik (irsi) cihaza təsir edə bilən təsir vasitələri axtarırlar ki, ilkin təyin edilmiş yaşın inkişaf proqramının əksinə olaraq insanın qocalma prosesini yavaşıda bilsinlər. "Proqramlaşdırma məhkum olmaq demək deyildir" - V.V.Frolkis yazır.
Alimlərin ilkin çalışmaları qocalan orqanizmdə tədricən sönən həyat fəaliyyəti proseslərini stimullaşdıran vasitələrin axtarışına yönəlmişdi.
XX əsrin 20-ci illərində belə təsəvvür yaranmışdı ki, qocalığın başlanması əsasən cinsi vəzilərin fəaliyyətdən qalması ilə bağlıdır; bununla əlaqədar olaraq, gəncləşdirmə təcrübələri aparılmasına başlanmışdır, bu məqsədlə qocalan kişilərə meymunlardan cinsi vəzilərin köçürülməsi təcrübələri aparıldı, əvvəlcə yaxşı nəticələr alındı: cərrahi əməliyyatdan çıxmış bir çox şəxslər cavanlaşdıqlarını və enerjinin çoxaldığını, fiziki vəziyyətlərin yaxşılaşdığını təkid edirdilər. Lakin bu uzun sürmədi; həmin şəxslərdə yuxarıda qeyd olunmuş hisslər itdi, qocalma prosesi daha da gücləndi.
Bir qədər sonra bir çox xarici ölkələrdə "hüceyrə terapiyası" aparılmağa başlandı: qocalan adamlara cavan heyvanlardan alınmış hüceyrələr vurulurdu və ya toxuma hissəcikləri köçürülürdü. Bu cür müalicənin kimə isə kömək etdiyi haqqında heç bir məlumat yox idi. Eləcə də orqanizmə yemək və ya şam vasitəsilə dezoksiribonuklein və ribonuklein turşularının yeridilməsi də heç bir nəticə vermədi (Bu artıq genlərin bu turşulardan ibarət olduğu və onların orqanizmdə zülal sintez etdiyi haqqında danışmışdıq).

Bütün hallarda orqanizmə belə təsirlərin yaxşı, heç olmasa müvəqqəti də olsa nəticə verəcəyi düşünülürdü, çünki bu nəticələr qocalan orqanizmin az miqdarda qalmış imkanlarının səfərbər olunması hesabına baş verirdi.
İrsi cihaza digər təsir perspektiv hesab olunurdu - yaş inkişafı prosesini tənzimləyən genlərin aktivliyinin müvəqqəti olaraq zəiflədilməsi. Müəyyən olundu ki, genetik cihaza belə təsir var; bunların eksperimental heyvanlara tətbiqi zamanı heyvanların ömrü 10-20% artmışdı. Bu zaman heyvanların funksional vəziyyətlərinin göstəriciləri və onların əsas həyat təminedici sistemlərinin iş qabiliyyəti uzun müddət əlverişli qalırdı.
Heyvanlar üzərində aparılan təcrübələr göstərdi ki, onların bədən temperaturunun bir neçə dərəcə endirilməsi nəticəsində ömürləri xeyli dərəcədə arta bilər. Belə müşahidələrin nəticəsi gələcəkdə insan ömrünün uzadılması üçün də istifadə edilə bilər.
Elə dərman preparatlar var ki, onlar bədən temperaturunu bir və ya bir neçə dərəcə aşağı salır. Bu nəticəyə başqa yolla da gəlmək olar. Məlumdur ki, insanlara soyuq olduqda, onda titrəmə baş verir; bu əzələlərin ritmik və ya qeyri-ritmik hərəkətidir, istiliyin xaric olması ilə bağlı olub, bədən temperaturunun enməsinin qarşısını alır. Bəzi mütəxəssis-fizioterapevtlər insanları özünü inandırmaq yolu ilə soyuğa qarşı olan reaksiyanı dayandırmağı öyrədirlər və beləliklə, titrəmənin qarşısını alırlar. Bu yolla soyuq mühitdə bədən temperaturunun enməsi baş verir. Məlumdur ki, bədən temperaturunun bir neçə dərəcə müvəqqəti olaraq aşağı enməsi, məsələn, deyək ki, cərrahi əməliyyat zamanı sağlamlığa heç bir zərər gətirmir.
Belə təsəvvür edək ki, zərərsiz dərman vasitəsindən istifadə edərək, ya bədən temperaturunun enməsinə öyrəşirik və ondan uzun müddət istifadə edə bilərik, ya da xoşagəlməz hisslər keçirmədən müəyyən vaxt bu preparatdan istifadə etməyi davam edərik, yaxud temperaturu yuxuya gedəndə endiririk. Ömrün uzanmasına nəyin səbəb olduğunu təyin etmək mümkün deyil; Amerika alimi Streller hesab edir ki, bədən temperaturunu bir dərəcə endirməklə insan ömrünü 30 il uzatmaq olar.
Gələcək zaman onun nə qədər haqlı olduğunu göstərəcək, yəqin ki, bu istiqamətdə təcrübələr aparılacaq.
Qeyd etmək lazımdır ki, elə insanlar var ki, onların bədən temperaturu normada olan 36-37°-dən fərqli olaraq, 34-35°-dir. Belə insanlar azdır, lakin belə bir hadisəni xatırlayaq; dolu avtobusda insanlar qapıya tərəf güclə gedirlər, birdən çiyinləri açıq bir qadın onların qarşısını tutur. Onun yanından keçən sərnişin deyir: "Xanım, sizi elə bil soyuducudan çıxarıblar". Mən sərnişin sözlərini doğrudan da qadının yanından keçərkən, təsadüfən onun çiyninə toxunduqda, başa düşdüm. O buz kimi soyuq idi. Qadın isə bədən temperaturunun 34,2° olduğunu dedi. Çox heyf ki, biz ədəbiyyatdan bədən temperaturunun aşağı olduğu şəxslərin uzunömürlü olduğu haqqında məlumat almamışıq. Görünür, onlar çox azdırlar.

Heyvanlar üzərində aparılan digər təcrübə - tərkibində lazımi qida vasitələri olan, lakin aşağı kalorili qida rasionu ilə onları yemlədikdə heyvanların ömrü müəyyən qədər artmış olur. Ağ siçanların ömrü 680 gündən 971 günə, maksimal - 698 gündən 1336 günə qədər artmışdı. Bu zaman qoca heyvanlar xaricdən cavanları xatırladırdı; onlar hərəkətli olub, dəriləri elastiki, tükləri sıx idi.
Alimlər qidanın kalorisi ilə ömrün uzunluğu arasında nə əlaqə görürlər? Kalorinin aşağı olması ilə ömrü necə uzatmaq olar?
Belə bir nöqteyi-nəzəriyyə irəli sürülür ki, qocalma mexanizmlərindən biri ola bilər ki, başlıcası immunitet sisteminin pozulmasıdır, yəni orqanizmə daxil olan zərərli maddələrin və ya diri orqanizmlərin (bakteriyaların, virusların) hesabına bundan sonra immunitet sistemində törənən dəyişikliklərdir. İmmunitet sistemi, eləcə də orqanizmi hüceyrələrin dəyişilmiş xüsusiyyətlərindən qoruyur, məsələn, xərçəng hüceyrələrindən. İmmunitet sisteminin əsas elementləri sümük iliyi və ya qalxanvarı vəzidə əmələ gələn xüsusi hüceyrələrdir. Bu hüceyrələrin içində τ- və β-limfosit adlanan və zərərli maddələri və xəstəlik törədici mikroorqanizmləri udan və dağıdan hüceyrələr var.
Qocalma prosesində bəzən τ- və β-limfositlər "çaşırlar", yəni xərçəng hüceyrələr ilə mübarizə aparmaq əvəzinə, orqanizmin sağlam toxumalarını dağıdaraq, müxtəlif orqan və toxumaların zədələnməsinə səbəb olurlar. Bu hal - immun sistem tərəfindən öz toxumalarının dağıdılması "autoimmunitet" adını alıb.
Autoimmunitetin rolu, qocalmanın elementi kimi, heyvanlar üzərində təcrübələrdə sübut edilmişdir. τ-limfositlər daha çox olan dalağı çıxarılmış heyvanın ömrü 2 dəfə çox artdı. Sübut olundu ki, heyvanların aşağı kalorili yemə keçirilməsi onlarda autoimmun proseslərin qarşısını aldı.
Qeyd etmək lazımdır ki, cavan heyvanların yeminin azaldılması onların immun sisteminin aktivliyini azaldır.
Əgər belə təcrübələr insanlar üzərində aparılsaydı, aşağı kalorili qida rasionunu təyin etmək olardı, bunun köməyi ilə ömrün müəyyən qədər uzanmasına köməklik edilərdi, lakin orqanizmin funksional və immun sisteminə mənfi təsir olmasa idi. Belə müşahidəni təşkil etmək çətindir. Orqanizmin funksional vəziyyətinin göstəriciləri nəzarət altında olmalıdır və çox sayda insanlar müşahidə altında olmalıdırlar, müşahidə müddəti 10 illiklərlə ölçülməlidir.
Hipotalamusun hemostazın tənzimində və qocalma proseslərinin qaydaya salınmasında rolu təyin edildikdən sonra hipotalamusun fəaliyyəti üçün zərərsiz dərman vasitələrinin axtarışı başlandı və bununla bərabər qocalmanı ləngidən və ömrü uzadan hormonların hazırlanması problemi ortaya çıxdı. Məlumat verilirdi ki, heyvanlar üzərində təcrübədə, ayrı-ayrı preparatların təsiri təyin olunmuşdu. Preparatların axtarışı və tədqiqatı aparılır, qocalma prosesləri probleminin həll olunmasının nə qədər perspektivli olduğunu gələcək göstərəcək.
Qocalan orqanizmdə sərbəst radikallar - yüksək kimyəvi aktivliyə malik olan, oksidləşmə proseslərini gücləndirən, fermentlərlə tənzim olunmayan və peroksid (perekis) yaranmasına səbəb olan molekul qırıqları yığılır. Sərbəst radikallara qarşı həssas olan hüceyrə membranları hüceyrələrin səthi strukturlarıdır. Sərbəst radikallar hüceyrə membranlarının tamlığını pozur, nəticədə hüceyrələrin tənəffüsü pozulur və onlar məhv olurlar.
Orqanizm antioksidantlarla doydurulduqda, sərbəst radikalların təsiri zəifləyir. Antioksidant - asanlıqla oksidləşən maddələrdir. Bir çox antioksidantlar - vitamin E və K, askorbin turşusu və başqaları hər hüceyrənin tərkibində var, lakin qocalan orqanizmin hüceyrələrini sərbəst radikallardan qorumaq üçün onların orqanizmə qida və dərman vasitələri ilə daxil olmasını artırmaq lazımdır. Antioksidantlardan qocalma prosesinin qarşısının alınmasında bir faktor kimi istifadə etmək olar, lakin hələ bu barədə də konkret bir fikir yürütmək olmaz.
Nəhayət, müzakirə olunan problemin həll olunmasında XX əsrin 70-ci illərində yaranmış və gen mühəndisliyi adlanan yeni tədqiqatlar meydana çıxmışdı. Onun məğzi belədir: bir orqanizmin bir geni və genlər qrupu götürülərək digər orqanizmin bir geni və genlər qrupu ilə kombinə edilir; bu orqanizmin xüsusiyyətlərini köklü surətdə dəyişdirməyə və hətta yer üzündə olmayan yeni orqanizmlərin yaranmasına imkan verir.
Mutasiya vaxtı genlərin qırılması və irsi əlamətlərin dəyişməsi nəzarətsiz şəraitdə baş verirsə, gen mühəndisliyi orqanizmin xüsusiyyətlərinin dəyişdirilməsi və ya yeni orqanizmin yaranması məqsədi ilə fəaliyyət göstərir.
Belə bir fikir yaranır ki, əgər orqanizmin qocalma tempi irsi əlamətlərdən biridirsə, gen mühəndisliyinin köməkliyi ilə elə bir gen kompleks sıx yaratmaq olarmı ki, insan ömrünü 10-20 il və ya daha çox uzatmaq olsun. İndi bu fantaziyaya oxşayır. Lakin yada salaq ki, vaxtilə yazıçı-fantastların sualtı gəmilər, telefon, təyyarə, radio, kosmik gəmilər haqqında yazdıqları fantaziya sayılırdı. Nüvə və termo-nüvə reaksiyalarından istifadə haqqında isə heç bir yazıçı-fantast heç fikirləşmirdi, lakin bəşəriyyət atom bombasının yaranması həddində olduqda bu fikirlər meydana çıxdı.
Alimlər, filosoflar, hüquqşünaslar gen mühəndislərinin yüksək patogenli bakteriya və virusları yaratmağa qadir olduqları haqqında və onların laboratoriyadan təsadüfi çıxaraq bəşəriyyətin mübarizəyə hazır olmadığı epidemiyalar törədə biləcəyi haqqında diskussiyalar aparırlar. Yada salaq ki, QİÇS-in yayılması zamanı bu xəstəliyin törədicisinin - VİÇ (insanın immun çatışmazlığı virusu) gen mühəndisliyi metodu ilə yaradıldığı haqqında fikirlər irəli sürüldü.
Gen mühəndisliyinin insanlar üzərində aparılan tədqiqatlarla bağlı böyük təhlükəsi var. Əgər belə tədqiqatları pis fikirli insanlarla aparılırsa, hansı nəticələr əldə oluna bilər? Yazıçı-fantastlar fiziki inkişafı tez gedən, lakin psixi inkişafı məktəbəqədər yaşlı uşaq həddində qalan insan "icad" olunması haqqında çox yazırlar. Belə insanların - fiziki inkişaf etmiş, uşaq ağıllı insanların meydana çıxması, onların cinayətkar əlində olub, silahdan istifadə etməyi öyrənməkdə böyük təhlükə yarada bilər.
Ona görə də gen mühəndisliyi xüsusi nəzarət altında, xüsusi işlənmiş qaydalar əsasında aparılır.
Bununla, qocalma prosesinin yavaşıması və insan ömrünün təbiətlə təyin olunmuş həddən - 100 ildən çox müddətə uzadılması problemləri müəyyən qədər həll olunmuş hesab ola bilər. Müəyyən vaxt keçəndən sonra, yuxarıdakı problemlərin effektivliyinin, uzun sürən yoxlamalardan sonra, bəlkə də bəşəriyyət onların daha optimal həllinə yaxınlaşacaqdır.
Akademik V.P.Kaznaçeyevin insan intellektinin ölməzliyi haqqında gözəl hipotezi var. Hipotez hələ fakt deyil və hələ ki, hər hansı problemin həlli üçün açar ola bilməz.
Bu fəsli başa vuraraq, XX əsrin 70-ci illərində, Amerika cəmiyyətinin bəzi yerlərində yaranmış və lətifə şəklini almış hadisəni yada salaq.
Hər şey belə başladı: 73-yaşlı amerikalı alim-psixoloq Bredford, xərçəng xəstəliyindən ölərkən, onun bədənini öləndən sonra - 196°-də dondurulması haqqında göstəriş verdi. Bredfordun ölümünü onun şəxsi həkimi təsdiq etdikdən sonra əməliyyat lazımi qaydada yerinə yetirildi: dondurulmuş bədən kameraya qoyulmuş və oraya - 196° temperaturu olan sıxılmış azot doldurulmuşdu. Bredfordun bədəni yerləşdirilmiş kamera elə yerə qoyulmuşdu ki, xərçəngin müalicəsi tapılana qədər orada saxlanılsın və lazım gəldikdə bədənin donu zərərsiz olaraq açılsın.
Sonuncu problem çox çətindir. Çünki dondurulma zamanı orqanizmdə geridönməz proseslər gedir: ürəyin dayanmasından 5 dəqiqə sonra beyin məhv olur, dondurulma əməliyyatı bir neçə etapdan ibarətdir və müəyyən vaxt tələb edir. Donun açılması zamanı isə daha böyük çətinliklər meydana çıxır. Birini yada salaq. Hüceyrələrdə olan su xırda, bərk kristallara çevrilərək hüceyrənin nazik membranını zədələyirlər. Donun açılması zamanı hüceyrənin tərkibi axır, hüceyrə məhv olur. Bu çətinliyi aradan götürmək hələ ki, mümkün deyil.
Bredfordun bədəninin dondurulması Amerika cəmiyyətində məlum olduqdan sonra, onun kimi ölüm faktı təsdiq edilənə kimi bədənin dondurulmaqla öz mövcudluqlarını müəyyən vaxta qədər uzatmaq istəyənlər meydana çıxdı. Lakin bu əməliyyat bahalı olduğu üçün yalnız dövlətli şəxslər edə bilərdilər, 1976-cı ildə 50 adamın dondurulması haqqında məlumat yayıldı. Lakin bu məsələlərdə səlahiyyəti olan alimlərdən heç biri haçansa bu insanların donunun açılıb, ölümə səbəb olan xəstəlikdən sağalmasının mümkün olduğu haqqında fikir yürüdə bilirlər.
Tutaq ki, qeyri-mümkün bir şey mümkün oldu və dondurulmuş şəxslərdən kimsə 20 və ya 50 ildən sonra həyata qayıtdı. Bunu ömrün uzanması hesab etmək olarmı? Əlbəttə, yox. Həyat sadəcə olaraq dayandırılmış və uzun fasilədən sonra bərpa olunmuş, lakin uzanmamışdır. Ona görə də sonda yaxşı nəticə verəcəyi mümkün olmayan belə təcrübələr ömrün uzanması probleminin çərçivəsindən kənara çıxır.
Diqqətəlayiq sonuncu məsələyə baxaq. Hazırda Yer üzünün əhalisi 7,0 milyarda yaxındır, son illər artım azalıb, amma davam etməkdədir; hər il əhalinin sayı 70-75 milyon artır. Ömrün uzadılması əhalinin artım tempinin çoxalmasına gətirib çıxaracaq. Yer üzündə insanların hamısı üçün yer olacaqmı, deyək ki, əhalinin sayının yarısı qədər artım olarsa, onları qida məhsulları ilə təmin etmək mümkündürmü? Ərzaq çatışmazlığı hazırda bir çox ölkələrdə var.
Qeyd edək ki, bəşəriyyətin təbii ehtiyatlarından düzgün istifadə edə bilmədiyi üçün ərzaq çatışmazlığı meydana çıxır. Alimlər hesablayıblar ki, təsərrüfat düzgün aparılsa idi, torpaq indikindən 2 dəfə artıq əhalini qidalandırardı. Həm də nəinki yalnız dənli bitkilərlə, eləcə də hərtərəfli qidalanma üçün lazım olan ərzaq məhsullarının assortimentləri ilə təmin etmək mümkün olardı.
Perspektivdə vəziyyətdən çıxmaq üçün digər çıxış yolları da var. Bizim planetin energetik potensialı artmaqdadır. Alimlərin hesablamalarına görə, XXI əsrin sonunda bəşəriyyətin o qədər dövlətli energetik ehtiyatları olacaq ki, hətta Günəş sistemində dəyişiklik edə biləcək - Yer planetində yer az olarsa, başqa planetin şəraitini elə qaydaya salacaq ki, orada yaşamaq mümkün olsun. Əlbəttə, bu fantaziyaya çox oxşayır, lakin alim-astronom hesablamışdır ki, gələcəkdə tamamilə soyuq, uzaq, cansız Yupiterdə də insanlar yaşamağa qadir olacaqlar. Lakin, onu dəyişdirmək lazım gələcək: bütün onun böyük kütləsini nisbətən nazik maddə qatına çevirmək və sferanın (kürənin) bütün səthinə yaymaq mümkün olsun. Bu nisbətən nazik qat bir neçə km-li material olub, Günəşi və ona yaxın olan səma cisimlərini Yer də daxil olmaqla kosmosun ənginliklərinə ayıracaq: onda bütün Günəş istisi əmələ gələn kürənin daxilinə çatacaq. İnsanlar onun daxili hissəsinə toplaşacaq, günəş şüaları və istisindən istifadə edəcək və kürənin daxilində süni surətdə yaradılmış yetişmiş hər bir məhsulu yeyəcək. Kürənin daxilində istənilən tərkib yığmaq olar, çünki elementlərin birindən digərinə çevrilməsi Yupiterin və digər səma cisminin dəyişdirilməsindən xeyli əvvəl həll olunacaq.
Yerin gələcəyi gözəl olmalıdır. Yalnız insanlar öz aralarında işləmək, yaşamaq, əməkdaşlıq etmək, təsərrüfatı düzgün təşkil etməyi öyrənməlidirlər.


Tarix: 10.01.2013 / 13:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1467 Bölmə: Saglamliq