beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

II Konstantin ilə əlaqələri

Xəlifə Əlinin zamanında daxili ziddiyyətlər xilafəti ciddi şəkildə zəiflədir və bundan istifadə edən Cavanşir vergiləri ödəməkdən imtina edir. Albaniyanın müstəqilliyi üçün indi artıq birbaşa təhlükə xəzərlər və bizanslılar tərəfindən gözlənilirdi. O, Bizans imperatoru II Konstantinlə məktublaşır və bir neçə dəfə onunla görüşür.

“Sənə hökmdar Cavanşirə, Girdıman sahibinə və Albaniya knyazına, apoipata və proton patrika və Şərqin hökmdarına — Xilaskar Xaçın ilahi qüvvəsindən mərhəmət və bərəkət, bizim imperator şəxsimizdən isə salam və məhəbbətimiz. Sənin Allaha məhəbbət və itaətinlə dolu təbrik məktubunualdıq və biz şadıq ki, sən və sənin Şərq məmləkətinbizə tabe olmağa razı oldunuz. Buna görə biz və bizim oğullarımız əbədi olaraq suzə, sənə və sənin nəsildən-nəsilə gələnoğullarına sevgi, səmimiyyət və sarsılmaz məhəbbətlə münasibət bəsləyəcəyik”.
— Mxitar Qoş, “Alban Səlnaməsi”, XXIII Fəsil


Cavanşir alban xalqını öz himayəsinə götürməyi ondan xahiş edir və II Konstantin bu təklifi böyük sevinc hissi ilə qarşılayır. O, Cavanşiri Girdman hökmdarı və Albaniya knyazı adlandıraraq, ona öz xəzinəsindən qiymətli hədiyyələr göndərir. Alban tarixçisi Moisey Kalankatlının yazdığına körə, "o, Cavanşirə gözəl hədiyyələr- söykənəcəyi qızılla işlənmiş gümüş taxtlar, qızılı saplarla toxunmuş libaslar, özünün açdığı mirvari ilə bəzənmiş qılınc... göndərdi. Ona Aqvan (qrabarca Alban sözünün təhrifi) çarlığının hüdudlarındakı bütün kəndlər üzərində irsi hakimiyyət hüququ verdi". Həmin dövr üçün Bizansla yaxınlaşma siyasəti özünü doğruldurdu. Moisey Kalankatlının da yazdığı kimi, ölkənin sərhədləri indi "İberiya hüdudlarından xonların (xəzərlər) darvazalarına və Araz çayına qədər uzanırdı".

Xəzərlərlə münasibəti
Bizansla müqavilə bağlandıqdan iki il sonra Albaniya xəzərlərin hücumuna məruz qalır. Xəzərlər Kürə qədər çatır, Qafqaz albanlarının birləşmiş qüvvələrindən layiqli cavab alaraq, Albaniya hüdudlarından çıxmalı olurlar. Bir neçə il sonra xəzərlər yenidən hücuma keçir və bu dəfə Araza qədər irəliləyirlər. Cavanşir onlarla danışığa getməyə məcbur olur. Kürün sahilində onlar xəzər xaqanı ilə görüşürlər. Görüş sülh müqaviləsi ilə başa çatır. Bu sənədə görə, xəzərlər əsir götürdükləri albanları geri qaytarır, Cavanşirsə xəzər xaqanının qızı ilə evlənir.
Ərəblərlə əlaqəsi
Ərəblərlə mübarizədə Bizansın zəifləməsi Cavanşirə imkan verir ki, onun asılılığından çıxsın və alban tarixçisi Moisey Kalankatlının təbirincə, "cənub hakiminin tabeliyinə girsin".

667-ci ildə Cavanşir xilafətin paytaxtına danışıqlara yola düşür. Xəlifə onu adına layiq bir tərzdə təntənə ilə qarşılayır və rəsmən Albaniya knyazı kimi qəbul edir. Cavanşirin diplomatik bacarığı və şəxsi keyfiyyətləri onun tezliklə xəlifə ilə dostluq münasibətləri yaratması üçün səbəb olur. Üç il sonra Cavanşir xəlifədən onun Bizans imperatoru ilə danışıqlarında vasitəçisi sifətilə Dəməşqə getmək təklifi alır. Cavanşir vasitəçi kimi də öz işinin öhdəsindən uğurla gəlir. Hər iki tərəf danışıqların nəticəsindən razı qalır. Bundan sonra xəlifə Cavanşirin Albaniyaya qoyulmuş vergilərin üçdə birini ixtisar etmək təklifinə razılıq verir. Xəlifə həmçinin Sünik vilayətini Cavanşirin tabeçiliyinə verir və ondan Atropatenanın idarəsini də öz əlinə almağı xahiş edir. Cavanşir sonuncu təklifdən boyun qaçırır. Cavanşir vətənə qiymətli hədiyyələrlə qayıdır. O vaxt ənənəvi sayılan silah və geyim hədiyyələri ilə birlikdə Cavanşirə fil və dənizin o tayından gətirilmiş danışan tutuquşular da bəxşiş edilmişdi.

Cavanşirin müsəlman xilafəti ilə yaxınlaşması Azərbaycan tarixində, ölkənin islamlaşması baxımından mühüm rol oynayır. Bəlkə də xristian meylli feodalların ona qarşı sui-qəsd hazırlamaları da elə bununla şərtlənirdi.

Cavanşir həmin qəsd iştirakçılarından birinin ona vurduğu ağır yaralardan 681-cu ildə vəfat edir.

Cavanşir Azərbaycan tarixinə olduqca çətin şəraitdə ölkənin müstəqilliyini qoruyub saxlamış və möhkəmləndirmiş sərkərdə və dövlət xadimi, özünün ərəblər, xəzərlər, bizanslılarla qarşılıqlı münasibətlərində ortaya çıxan problemləri sülh və danışıqlar yolu ilə yoluna qoymuş diplomat kimi daxil olub.

Cavanşir xüsusən özünün Xilafət və Bizansla münasibətləri sayəsində Albaniyanın maddi və mənəvi mədəniyyətinin inkişafı üçün çox iş görmüşdür. Alban tarixçisi Moisey Kalankatlı onun dövründə yaşayıb-yaratmışdı. Güman ki, o, "Alban tarixi" əsərini məhz Cavanşirin göstərişi ilə yazmışdır. Moisey Kalankatlı burada özündən əvvəlki tarixçilərin əsərlərindən başqa, ixtiyarına verilmiş saray arxivinin materiallarından da bol-bol istifadə etmişdir. Sonuncu sənədlərə misal olaraq, Vaçaqanın yepiskoplara, Cavanşirin Bizans imperatoru Konstantinə, Konstantinin Cavanşirə məktublarını göstərmək mümkündür. Əsərdə həmçinin saray şairi Dəvdəkin Cavanşirin ölümünə yazdığı ağı da verilmişdir. O, burada öz mərhum hökmdarını ağlayaraq, qatilləri lənətləyir. Dəvdək mərsiyəsinin sonunda deyir: "O, bizim üçün həqiqət dünyasının işığı idi. İlhamverici, sükançı idi - coşqun dalğaları ram edərdi - cəsur Cavanşir, düşmənin qaraküruhunu zəbun edən!". Moisey Kalankatlı göstərir ki, Cavanşir Bərdədə və ölkənin çox şəhərlərində saray və məbədlər tikdirmişdi.

Cavanşirin ölümündən az sonra Qafqaz Albaniyası ərəblər tərəfindən ram olunur və onun əhalisinin əksəri İslamı qəbul edir. Dağlıq yerlərdə islamlaşma prosesi bir qədər uzun çəkir, Qarabağın dağlıq hissəsinin xristianlığı qoruyub saxlamış əhalisi isə kilsə dili kimi erməni dilini mənimsəyərək, zaman keçdikcə qismən erməniləşirlər.

Ailəsi
Cavanşir 3 dəfə evlənmişdir. Birinci evliliyi 659-cu iləcən çəkmiş, ikinci evliliyi 665-ci ildə Xəzər xaqanının qızı ilə edən Cavanşir, sonuncu dəfə Xosrovanuş adlı bir qadınla evlənib.

Cavanşirin ölümünə ağı
Böyük Hökmdar Cavanşirin ölümünə ağı şairi Dəvdəkin alban hökmdarı Cavanşir Mehraninin ölümünə həsr etdiyi qədim yunan poeziyası üslubunda yazmış olduğu akrostix elegiyadır (mərsiyyə). Dəvdəkin “Şərq ölkəsinin kədəri” adlı mərsiyyəsi onun dövrümüzə gəlib çatan yeganə əsəridir.

Dəvdəkin doğum yeri və tarixi dəqiq bəlli olmasa da, bəzi ehtimallara görə, o, Qarabağın qədim mərkəzi olan Bərdədə yaşayıb. Dəvdək Azərbaycan xalqının istiqlaliyyətini qoruyan, Sasanilərə və xəzərlilərə qarşı müqavimət göstərən alban hökmdarı Cavanşirin müasiri, dostu və məsləhətçisi olmuş, onun xəlifə Müaviyyə ilə görüşlərində iştirak etmişdir.

681-ci ildə “Cavanşir Bizanspərəst əhval-ruhiyyəli Aran knyazlarının gizli qəsdi nəticəsində öldürüldükdə” (Ziya Bünyadov) Dəvdək sərkərdənin tabutu önündə mərsiyyə-poema oxumuşdur. Bu əsərində o, böyük vətənpərvər kimi xalqın dərin kədərini ifadə etmişdir.


Tarix: 30.01.2015 / 19:11 Müəllif: Feriska Baxılıb: 205 Bölmə: Qafqaz Albaniyası