Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sünik - Tarixi coğrafiyası

Sünik böyük vilayət olmaqla Şərqi Ermənistanın böyük bir hissəsini əhatə etmişdir. Qərbdən və Şimal-Qərbdən Ayrarat vilayətinin tərkibindəki, mərkəzi Dvin şəhəri olan Vostan-Hayots havarı ilə, Cənubdan və Cənub-Şərqdən Vaspurakan vilayəti ilə, Şərqdən isə Qafqaz Albaniyasının Artsak vilayəti ilə həmsərhəd olmuşdur. Şərqdə Artsak və Sünik arasında sərhəddə Həkəri çayı axırdı, Cənub-Qərbdə isə Sünik, Vaspurakan vilayətinin tərkibində olan Naxçıvanla sərhədlənir, şimala doğru irəliləyən sərhəd Qeqarqunik. əyaləti ərazisindəki Qeqam gölünü və Araks çayına kimi uzanan Sotk əyalətini də əhatə edirdi. Aşxaratsuytsa görə Sünik 12 havara bölünürdü:

"“9. Ayraratdan şərqdə, Araks və Artsak arasında yerləşən Sünik on iki havara bölünürdü: 1.Erancak, 2.Çaquk, 3.Vayots-Zor, 4.Gelakuni, 5.Sotk, 6.Aqexeçk, 7.Çqak, 8.Haband, 9. Balk, 10. Zork, 11. Arevik, 12. Kusakan. Bu vilayətdə mür, hereri (?) və nar yetişir. Orada çoxlu dağlıq ərazilər var.”"
Tarixi
Antik dövr
Əsas məqalə: Sünik (sülalə)
Moisey Xorenlinin qeyd etdiyinə görə, Sünik/Sisakan adı ermənilərin əfsanəvi əcdadı sayılan Haykın nəslindən olan Sisakın adından əmələ gəlmişdir. Lakin M. Xorenlinin Haykla bağlı məlumatlarının yalnız əfsanə xarakteri daşıdığı qəbul edilmişdir. Moisey Xorenli Sünik haqqında yazır:

"“Erməni dilinin şərq sərhəddində yerli tayfalardan olan Sisaklar və Kadmeanlardan hökmdar təyin edildi.”
Moisey Xorenli – Ermənistan Tarixi, I, XII"
Akademik N. Y. Marr "Sisakan" adının sak etnonimini əks etdirdiyini yazır. Q. Qeybullayev sisakların sakların bir tayfası olduğunu qeyd edir. O yazır:

"“Sisakan toponimi “Si” və “Sakan” (Balasakan toponimində olduğu kimi) hissələrindən ibarətdir. “Sakan” komponenti “Sak” etnoniminə və “-an” şəkilçisinə ayrılır. Ümumilikdə bu ad “Si sakları” anlamnı verir. Adın birinci komponenti olan “Si” adı isə F. M. Kirgizoğlunun da yazdığı kimi, Sünikdə hakimiyyətdə olmuş sülalənin adıdır. Qədim erməni mənbələrində Sisakan adından əvvəl Siuni adı işlədilir. Bu ad da “Si” etnonimindən və urartu dilindən erməni dilinə keçmiş tayfa adlarına əlavə olunan (Etiuni adında olduğu kimi) “-uni” şəkilçisindən ibarətdir.” "
E.ə. VIII əsrdən etibarən sisaklar Urartu ilə müntəzəm əlaqədə olurdular. E.ə. 782-ci ildə I Argiştinin hakimiyyəti dövründə Göyçə gölünün Şimal-Qərbinə kimi olan ərazilər Urartu dövlətinin tərkibinə qatılmışdı. II Sardurinin dövründə isə Göyçə gölünün Qərb sahilinə kimi olan bütün ərazilər Urartu dövlətinin tərkibinə qatılmışdı. E.ə. VI – IV əsrlərdə isə Sünik Əhəmənilər imperiyasının 18-ci satraplığına daxil olmuşdu.

E.ə. 189-cu ildə I Artaşesin hakimiyyətə gəlməsindən sonra Sünik Böyük Ermənistanın tərkibinə qatılmış, əvvəlcə Artaşesidlər, sonra isə Erməni Arşakilərinin hakimiyyətinə tabe olmuşdur. Bir çox tədqiqatçılar I Artaşesin (e.ə. 189-160) Şərqə yürüşləri zamanı, Strabonun qeyd etdiyinə görə midiyalılardan (atropatenlilərdən) aldığı Favena vilayətinin Sünik vilayəti olduğunu qeyd edirlər. Əgər bu belədirsə, e.ə. II əsrdə Böyük Ermənistanın süqutu zamanı Sünik yenidən Atropatenanın tərkibinə qayıtmışdır.

B.e.-nın I əsrindən etibarən Sünikdə xristianlıq yayılmağa başlayır. Sünikdə xristianlığın yayılması həvari Müqəddəs Varfolomeyin adı ilə bağlıdır. XIII əsrdə yaşamış Sünik tarixçisi Stepannos Orbeli yazır:

"“Hər şeydən əvvəl qeyd etmək vacib və faydalıdır ki, biz süniklilər Tanrını Ermənistan əhalisindən əvvəl tanımışıq və müqəddəs həvari Varfolomey vasitəsi ilə müqəddəs İncilin təlimlərinə itaət etmişik. Varfolomey İrandan qayıdarkən Atrpatakandan keçdi, şagirdləriylə birgə Araks çayını adlayaraq, Sisakan hüdudlarına daxil oldu və Arevik vilayətinin Ordubad kəndində, Baqk və Qoxtn mülklərində moizə elədi. Bu mülklərin camaatı çəlləkdə xaç suyuna çəkilib, müqəddəs həvari Varfolomeyin vasitəsiylə xristianlığı qəbul etdilər. Müqəddəs həvari isə Qoxtnda kilsə tikdirdi...Müqəddəs həvari oradan çıxıb Ermənistanın paytaxtı Dvin şəhərinə gəldi”
Stepannos Orbeli – Sünik vilayətinin tarixi, V fəsil."
Sünik ərazisində Artaşesin sınır daşları aşkar edilmişdir. III əsrdən etibarən etibarən Sünikdə Sünik sülaləsi hakimiyyətdə olmuşdur. Sünik knyazları da, erməni zadəgan sülalələrinin başçıları ilə birgə əlqoyma üçün Qeysəriyyəyə gedən Maarifçi Qriqorini müşayət etmişdilər. Dövlət hərbi reyesteri olan Zoronamaka əsasən Sünik vilayəti müharibə zamanı 19 400 atlı (başqa bir mənbəyə görə 9400 atlı) çıxara bilirdi, Qaxanamaka görə isə Sünik knyazları hökmdar sarayında əyanlar arasında birinci yeri tuturdu.

387-ci ildə Ermənistanın Bizans və Sasanilər arasında bölünməsindən sonra Sünik Sasanilər dövlətinin tərkibinə qatılmışdır. 390-cı illərdə Mesrop Maştots şərqə səfəri zamanı Sünikdə maarifləndirmə işləri ilə məşğul olmuşdur. 406-cı ildə erməni əlifbasının yaradılmasından sonra knyazlar Vaqinak və Vasakın köməkliyi ilə Sünikdə yeni əlifbanın tədris edildiyi məktəb açılmışdır. Koryun bu haqqda yazır:

"“Bundan sonra o, [Qoltnla] sərhəd olan Sünakan vilayətinə getdi. Orada onu Tanrı sevgisinə tabe olmuş Vaqinak adlı Sünik işxanı qəbul etdi. O, (Maştots) Sünikin hər yerinə səyahət etməmiş qarşısına qoyduğu məqsədin həyata keçirilməsi üçün ondan böyük kömək aldı.”
Koryun – Maştotsun həyatı."
Bu haqqda Sünik tarixçisi Stepannos Orbeli yazır:

"“O, Sünik ölkəsində məktəblər açdı...və erməni əlifbasını insanlara öyrətməyə başladı.”
Stepannos Orbeli – Sünik vilayətinin tarixi."
428-ci ildə Sasanilərin Erməni Arşakilərini tamamilə hakimiyyətdən uzaqlaşdırmasından sonra Sünik yeni yaradılmış və Sasanilərin təyin etdiyi nümayəndə tərəfindən idarə olunan Erməni mərzbanlığının tərkibinə daxil oldu. 440-cı illərdən Sünik knyazı Vasak Süni Erməni mərzbanlığına mərzban təyin edildi. Elə həmin dövrdə, Sünik knyazlarına Dərbənd keçidinin mühafizəsi üçün yaradılmış yeni şah ordusuna rəhbərlik etmək hüququ da verildi. Bu faktlar Sünik hökmdar sülaləsinin Sasani sarayındakı nüfuzundan xəbər verir.


Tarix: 30.01.2015 / 18:49 Müəllif: Feriska Baxılıb: 121 Bölmə: Qafqaz Albaniyası
loading...