beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kabalaka

Kabalaka – Azərbaycanın ən qədim şəhər yerlərindən biri olan Kabalaka (Qəbələ) Qafqaz Albaniyasının paytaxtı olmuşdur.

Qəbələ bir arxeoloji abidə kimi,hələ XIX əsrin I yarısından tədqiqatçıların diqqətini cəlb etmişdir. Onların bir neçəsi Qəbələ şəhər xarabalığında olmuş,onu qeydə almış, hətta bəziləri kiçik miqyaslı arxeoloji kəşfiyyat qazıntıları da aparmışdılar. 1940-cı illərdən başlayaraq,burada ardıcıl arxeoloji tədqiqat işləri görülmüşdür. Bu tədqiqatlar indi də davam etdirilir.

Qəbələ şəhərinin adı antik dövr müəlliflərinin əsərlərində Kabalaka və Xabala kimi qeyd edilmişdir. Bu adlar sonrakı yazılarda Kapalak, Kəvələk, Qabala-Savar və nəhayət Qəbələ şəklində qeyd edilmişdir.

Qəbələ şəhər xarabalığı Azərbaycanın Qəbələ rayonunun Çuxur-Qəbələ kəndindən 1 km Şərqdə, Qaraçay (Qəbələ çayı) ilə Covurlu çay (Qala çayı) arasındakı yüksəklikdə yerləşir. 1959-cu ildə çəkilən topoqrafik plana görə, şəhərin xarabalığı 25 hektardır. Vaxtilə süni çəkilmiş bir müdafiə xarakterli xəndək şəhər xarabalığını iki hissəyə ayırır. Yerli əhali xəndəkdən Şimal tərəfdəki hissəni "Səlbir", xəndəkdən Cənub tərəfdəki hissəni isə "Qala" adlandırır. Hər iki hissə bəzən "Səlbir", "Govur-qala", bəzən də şəhərin təkcə "Qala" hissəsi "Govur-qala" adlandırılır. 1959-cu ildən Qəbələ şəhər xarabalığından 3-4 km Şərqdə, yerli əhali tərəfindən Güllü qoruq və ya Çaqqallı talası adlandırılan yerdə qədim Qəbələnin məbəd yeri və bazar meydanının yerləşdiyi güman edilən üçüncü bir sahəsi, daha sonralar Kamaltəpə və Bayır şəhər hissələri aşkar edilmişdir. Ümumiyyətlə Qəbələ şəhər xarabalığı öz tarixi coğrafiyasına görə hələlik Səlbir, Güllü qoruq (Çaqqallı talası), Kamaltəpə və Bayır şəhər adlı arxeoloji abidələr kompleksindən ibarətdir. Səlbir
Qəbələnin Səlbir hissəsi,şəhərin e.ə. III-eramzın XII əsrinədək olan dövrünü əhatə etməklə,onun ən mühüm və qədim hissəsini təşkil etmişdir.Səlbirin ümumi sahəsi 12 hektardan bir az artıqdır.Topoqrafik quruluşuna görə Qərb-Şərq tərəfi hündür,mərkəz və Şimal-Qərb hissələri isə çökəkdir.Səlbirdə şəhərin qala divarlarıyaxşı qalmamışdır.lakin torpaq altında qalan bürc və divar qalıqları açıq-aşkar bilinir.Arxeoloji tədqiqatlara və yerüstü müşahidələrə əsasən Səlbirdə qala divarının ümumi uzunluğu Şimal tərəfdə təxminən 410 m,Qərbdə 448 m,Şərqdə 357 m,perimetri isə 1425 m-dir.Burada 10 bürc yeri müəyyənləşdirilmişdir.Səlbirdə iki böyük və bir kiçik darvaza yeri vardır.Böyük darvaza yerlərindən biri qalanın Şimal tərəfində,digəri Cənub-Qərb küncündə,kiçik darvaza yeri isə Qərb tərəfindədir.

Ərazinin Şimal ətəyi təxminən 30 m dərinlikdə geniş sahəli dərədir.Dərənin Şərq tərəfi Covurlu çayın,Qərb tərfi isə Qaraçayın yataqları ilə əlaqələnir.Onun dibi isə təbii qaynama bulaqlarla zəngindir.Bu bulaqlar bir-biri ilə əlaqələnən təbii xırda göllər əmələ gətirir.Bu da şəhərin Şimal tərəfinin hərbi mövqeyini daha da möhkəmlətmişdir.Bundan əlavə,Şimal tərəfdə qala divarı ilə dərə arasında 5 m-dən artıq endə torpaq sahəsi vardır.Həmin sahə qala divarı tikilən zaman qazılaraq hamarlanmışdır.Onun çox hissəsi sırf müdafiə xəndəyi xarakteri daşıyır.Həmin sahə əslində həm qala divarının erroziyaya uğramasının qarşısını almış,həm də əlavə maneə məqsədi daşımışdır.Belə bir hal Səlbirin Qərb qala divarı ilə Qaraçay dərəsinin arasında,ancaq kiçik darvaza yerinin sağ-sol tərəflərində də mövcuddur.Burada dərə ilə qala divarları arasında təxminən 30 m uzunluğunda süni müdafiə xəndəyi vardır.Əgər Qaraçay ümumiyyətlə Qərb qala divarlarının strateji mövqeyini möhkəmlətmişdirsə,həmin xəndək,əlavə olaraq,kiçik darvazaya qalxan yolun müdafiəsi üçün xüsusi hərbi əhəmiyyət daşımışdır.

Səlbirin Şərq tərəfinin çox hissəsini Covurlu çay yuyub dağıtmışdır.Ona görə də tədqiqatçılar onun Şərq tərəfinin əvvəlki vəziyyəti haqqında bəhs etmirlər.

Səlbirlə Qala arasındakı xəndək barədə hələ XV əsrə aid türk mənbəsi olan "Şücaətnamə"də də məlumat verilir.Həmin xəndək Səlbirin Cənub qala divarını Qalanın Şimal qala divarı ilə sərhədləndirir.Onun uzunluğu 273 m olub,Səlbir ilə Qalanın Qərb və Şərq qurtaracaqlarında tamamlanır.Şərq tərəfdə xəndəyin indiki dərinliyi 16-20 m,eni 30 m-dək,Qərbdə dərinlik 20-24 m,eni isə təxminən 30 m-dir.Xəndəyin qurtaracaqları Qaraçay və Covurlu çayın dağıntılarına məruz qalmışdır.S.M.Qazıyev qeyd edir ki,şəhərin Səlbir hissəsi Qala hissəsinə nisbətən daha qədimdir.O,Səlbirin alt yaşayış qatından əldə edilən arxeoloji materialların- sərnic,dolça (tay qulp),sütdan,vaz və s. kimi cəhrayı və qara rəngli qabların Yaloylutəpə mədəniyyətinin səciyyəvi materialları ilə müqayisəsinə,həmçinin Səlbirdən I əsrdə Qotarsın adına kəsilmiş gümüş pulun tapılmasına əsasən,burada nəinki eramızın əvvəllərində hətta e.ə. I əsrdə də yaşayış olduğunu söyləmişdir.

1974-cü ildə Səlbirdə şəhərin Qərb qala divarının 35 m uzunluqda (eni 2,4 m) bünövrəsi və bir möhtəşəm qala bürcü torpaq altından çıxarılmışdır.Kvadrat formada tikilən (10X10 m) və hazırda qalığının hündürlüyü 14 m olan bu bürc,Azərbaycan ərazisində aşkar olunmuş ilk tapıntı kimi olduqca qiymətlidir.

1975-ci ildə içərisi təmizlənən zaman şəhər tərəfdən bürcə daxil olmaq üçün giriş yeri və bürcün ən qədim divar qalığı aşkar olunmuşdur.Onun giriş yeri və içərisindən,şəhərin qədim dövrünə aid edilən cəhrayı və saxsı rəngli qab qırıqları tapılmışdır.Bu bürc plan və quruluşuna görə,Güney Azərbaycanda Həsənli təpəsində aşkar olunan və e.ə. IX əsrə aid edilən qala divarının bürclərilə müqayisə edilə bilər.

İ.Əliyev qeyd edir ki,Səlbirdə aşkar edilən bürcün,qədim dövr qala bürcləri formasında tikilməsinə,həmçinin giriş yeri və içərisində tapılan saxsı qab qırıqlarının qədi dövr saxsı qab qırıqlarına oxşamasına əsasən demək olar ki,şəhərin Səlbir hissəsində qala divarlarının bünövrəsi təxminən e.ə. I əsrdə qoyulmuşdur.Bu arxeoloji dəlil,I əsrdə Qafqaz Albaniyasının əsas şəhəri olan Qəbələnin,möhkəmləndirilmiş şəhər (Oppidum) olması haqqında məlumat verən Roma tarixçisi Qay Plini Sekunda haqq qazandırır.

Səlbirdən tapılan kirəmitlər iki növdür : müstəvi və nov şəkilli. Müstəvi kirəmitlərin uzunluğu 67 sm,eni bir başda 45,digər başda isə 36 sm-dir.Nov şəkilli kirəmitlər yan-yana düzülən müstəvi kirəmitlərin birləşdirilməsində istifadə edilmişdir.Belə kirəmitlərin ağırlığı 12-15 kq-a qədərdir.Bu dəlil şəhərin qədim binalarının çox davamlı olmasına və Qafqaz albanlarının yüksək tikinti mədəniyyətinə yiyələnmələrinə sübutdur.

Səlbirdən şəhərin qədim dövrünə aid tapılan arxeoloji materialların əsas hissəsini saxsı qablar təşkil edir.Bunlar sərnic,dolça,qısaboğaz novçalı bardaq,köplər və s. tipli saxsı qabların hissələridir.Tapılan qabların bəzilərinin ağzının kənarında yunan və ya Roma yazılarının ayrı-ayrı hərflərinə oxşayan işarələr vardır.Qeyd edilən saxsı qabların tam oxşarları ilk dəfə Qəbələ ətrafında,yəni Yaloylutəpə abidəsindən tapılmışdır.Tədqiqatçılar onları Yaloylutəpə mədəniyyətinin ən səciyyəvi saxsı qabları hesab etməklə e.ə. III-I əsrlərə aid edilmişdir. Son vaxtlar Səlbirdə aparılan arxeoloji qazıntılar zamanı da şəhərin xüsusilə qədim dövrünə aid xeyli material əldə edilmişdir.

Səlbirdə mədəni təbəqənin qalınlığı 2,3-3 metr kimi qiymətləndirilir və bu mədəni təbəqə üç tarixi dövrə bölünür.Birinci (alt) təbəqə e.ə. III-I əsr,ikinci (orta) təbəqə IV-VIII,nəhayət üçüncü (üst) təbəqə IX-XII əsrləri əhatə edir.Bu təbəqələrdən tapılan zəngin arxeoloji materiallar,Səlbirdə 1500 ildən artıq fasiləsiz şəhər həyatının olduğunu söyləməyə imkan verir.


Tarix: 30.01.2015 / 18:44 Müəllif: Feriska Baxılıb: 303 Bölmə: Qafqaz Albaniyası