beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müqəddəs Şupxalişay

Katolikosluq dövrü
Müqəddəs Şupxalişayın katalikosluq dövrü ziddiyyətlidir. Ümumiyyətlə bəzi tədqiqatçılar onu tarixi şəxs saymırlar. S.X.Ovannesyan göstərir ki, Aluen kilsə məclisinin iştirakçısı Şupxalişay IV əsrdə katolikosluq etmişdir. Şupxalişayın müasiri alban çarı III Mömin Vaçaqan yox, II Vaçaqan olmuşdur, məclis də onun vaxtında çağırılmışdır. S.X.Ovannesyan Alban ölkəsinin tarixində və alban katolikoslarının siyahısında Şupxalişayın adı ilə bağlı ziddiyyətlərin olduğunu qeyd edir. Siyahıda Şupxalişayın adı Marifçi Qriqorinin nəvəsi Müqəddəs Qriqorisdən (IV əsr) sonra alban katolikosları sırasında verilir, kontekstdə isə o, alban çarı III Mömin Vaçaqanın müasiri (V əsr) və Aluen kilsə məclisinin iştirakçısı kimi təqdim edilir. Alban katolikoslarının siyahısına inanıb mətnin doğruluğunu inkar edən S.X.Ovannesyan Şupxalişayın IV əsrdə katolikos olduğunu qeyd edir.

Fəridə Məmmədovaya görə S.X.Ovannesyan Alban ölkəsinin tarixinə əlavə edilmiş alban katolikoslarının siyahısının doğruluğuna tam inanmış və bu siyahıdakı zidiyyətləri tuta bilməmişdir. Alban ölkəsinin tarixi əlyazmalarının birində və ona uyğun olan nəşrlərdə Şupxalişay birbaşa Qriqorisin varisi kimi qeyd olunur, digər siyahılarda və onlarla əlaqədar nəşrlərdə isə Şupxalişay daha 5 katolikoslarla birlikdə Qriqorisdən əvvəl gəlir.

Fəridə Məmmədova belə hesb edir ki, katolikosların siyahısına yox, Musa Kalankatlının mətninə inanmaq daha düzgündür. Belə ki, III Vaçaqanın müasiri kimi verilmiş Şupxalişay haqqında, III Vaçaqanın özü barədə, habelə Aluen kilsə məclisi barədəki mətnlər VII əsrin sonlarınada və VIII əsrin əvvəllərində yazılmış birinci kitaba daxildir. Lakin Musa Kalankatlının III kitabının sonundakı alban katolikoslarının siyahısı, şübhəsiz, X əsrə qədərki dövrdə yazılmışdır. Beləliklə, sonradan əlavələrə məruz qalmış siyahıda xüsusilə onun ilk alban katolikoslarına həsr olunmuş hissələrində xətalar vardır. Fəridə xanım fikrini aşağıdakı müddəalarla təsdiq edir: "Alban katolikoslarının siyahısına sonradan belə bir qeyd əlavə edilmişdir: "Patriarxların adı haqqında həqiqətləri yazmaq lazım idi. Ancaq onların əməllərindən, yaşadıqları dövrdən bəhs edən yadigar, onlardan əvvəlki patriarxların siyahısı, eləcə də vəsiyyətləri qanundan qorxmayanlar tərəfindən yandırıldığına görə, onların olduğu yerlər haqqında məlumat bizə gəlib çatmadığından biz bu siyahını bacardığımız qədər düzgün tərtib etməyə çalışmışıq ki, həmin məsələlərlə məşğul olmaq istəyənlər ondan istifadə edə bilsinlər."(Kalankatlı,III,23) "

İ.Şaxatunyants bunları belə təqdim edir: "...ancaq keşmiş katolikosların əməlləri,yaşadıqları dövr və onların adı haqqında məlumatlar şərəfsizlər tərəfindən yandırıldığından heç biri bizə məlum deyil, buna görə də biz məlumatları yarımçıq da olsa veririk ki, bu məsələlərlə maraqlananlar istifadə edə bilsinlər.

Siyahıların belə bir vəziyyətində şübhəsiz ki, dolaşıqlıqlar var, buna görə də xronoloji baxımdan özünü doğrultmur. Siyahıların dolğun olmadığını belə bir vəziyyət də sübut edir ki, İ.Şaxatunyantsın verdiyi katolikoslar siyahısı Musa Kalankatlının məlum nəşrlərindən fərqlənir. Burada Şupxalişaydan əvvəl 3 katolikos təqdim edilir:

Müqəddəs Yelisey
Qeysəriyyədən gələndə Qriqorini müşaiyət etmiş, sonradan isə alban kilsəsinə başçı təyin edilmiş bir müqəddəs sima
Müqəddəs Qriqoris
Fəridə Məmmədova göstərir ki "Müqəddəs sima" sözü sonradan əlavə olunmuşdur. Əlbəttə ki, alban katolikoslarının siyahısı Alban kilsəsinin avtokefallığı məsələsi ilə əlaqədar olaraq sonrakı redaksiyalarda külli miqdarda dəyişikliklərə məruz qalmışdır. Alban redaksiyası Alban kilsəsinin müstəqilliyini, onun patriarxlıq təməlini sübut edərək Şupxalişayı daha 5 katolikosla birlikdə Maarifçi Qriqorinin oğlu Müqəddəs Qriqorisdən irəli çəkdi, erməni redaksiyası isə alban katolikoslarını əlqoymanı ermənilərdən qəbuletdiklərini sübut etməyə çalışmış, bu məqsədlə də siyahıda Şupxalişayı Qriqorisdən sonraya salmışlar.

Fəridə Məmmədova göstərir ki, kontekstlərin verdiyi məlumata görə Şupxalişayın adı katolikoslar siyahısında yerləşdirilməlidir. O, alban hökmdarı Yesuagenin (IV əsr) müasir alban katolikosu İyermeyin varisi olmuş və özündən sonrakı bir neçə katolikosla bərabər alban katolikosu Ter Abbasdan (IV əsr) qabaq yaşamışdır. Axı məlumdur ki, sonrakı tarixçilər Kirakos Gəncəli, Mxitar Qoş Şupxalişayın adı ilə bağlı ziddiyyətlərə diqqət yetirmiş, bu şəxsin adının katolikoslar siyahısının əvvəlində verilməsinə şübhə edərək, onun V əsrdə yaşadığını göstərmişlər. Həmçinin məlumdur ki, Şupxalişay Aluen kilsə məclisindən başqa 506-cı ildə alban ruhanilərinin nümayəndə heyətinin tərkibində erməni katolikosu I Babken (490-515) tərəfindən Dvində (Dəbildə) çağırılmış erməni-alban-iber kilsə məclisində də iştirak etmişdir.


Tarix: 30.01.2015 / 18:29 Müəllif: Feriska Baxılıb: 102 Bölmə: Qafqaz Albaniyası