beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alban əlifbası

Alban əlifbası ilə bağlı tədqiqatlar
Qafqaz Albaniyası tarixçisi Moisey Kalankatuklu yazısı olan xalqlar içərisində midiyalıları və albanları xüsusi qeyd etmişdir: "Yazıya malik olan xalqlar budur: yəhudilər, romalılar (bunların yazısından bizanslar da istifadə edirlər), ispanlar, yunanlar, midiyalılar, ermənilər və albanlar". Tədqiqatçılar müəyyənləşdirmişlər ki, uzun müddət elmi, bədii, publisistik əsərlər, kargüzarlıq sənədləri alban dilində yazılmışdır: "X əsr də daxil olmaqla alban mənbələri başlanğıcdan alban dilində tərtib olunmuşdur. Bura alban dini rəvayət ədəbiyyatı (aqioqrafiya), məktub şəklində yazışmalar, kanon ədəbiyyatı, qərarlar, salnamələr daxildir. Musa Kalankatlının "Alban tarixi" kitabı əvvəl alban dilində yazılmışdır". (48;236) Lakin alban əlifbasının nə zaman və kim tərəfindən yaradıldığı mübahisəlidir. Alban əlifbası haqqında fikrin təşəkkül tarixini T.M.Məmmədov daha ətraflı araşdırmışdır. Uzun müddət alban dilinə tərcümələr və alban yazısı haqqında Matenadarandakı beş müxtəlif əlyazmasında olan məlumata əsaslanmışlar. 1937-ci ildə filologiya elmləri doktoru, professor İ.V.Abuladze XV əsr əlyazmalarını öyrənərkən 1717 nömrəli əlyazmada alban əlifbasını əldə etmişdir. Sonra Matenadarandakı bu əlyazmanın iki başqa surəti üzərində T.İ.Ter-Qriqoryan da tədqiqat aparmışdır. Bunlar XV əsrdə ruhani Mkrtıçın göstərişi ilə monastrın şagirdləri üçün dərslik kimi monax Foma Metsopski tərəfindən tərtib edilmişdir. Əlyazmada ərəb, suriya, erməni, gürcü əlifbaları ilə yanaşı, 52 hərflik alban əlifbası da vardı. 1938 və 1957-ci illərdə ciddi araşdırmalardan sonra akademik A.Q.Şanidzenin alban əlifbası haqqında yazıları çap olunmuşdur. T.M.Məmmədov göstərir ki, bu tapıntı akademik R.Acaryanı da maraqlandırmış, o bu əlifbanın həqiqətən alban əlifbası olması barədə məqalə ilə çıxış etmişdir. (16; 101) Alban yazısının, alban dilində tərcümə əsərlərinin olduğunu tarixi mənbələr də təsdiq edir. Erməni, gürcü və alban əlifbalarının yaradıcısı ənənəvi olaraq Mesrop Maştots sayılır. Lakin burada da şübhəli məsələlər çoxdur.

V əsr erməni tarixçisi Koryun göstərir ki, Maştots hələ Albaniyada olmadığı zaman Benyamin adlı alban onun yanına gəlmiş, Maştots ondan alban dilinin yadelli (əcnəbi) bir şivəsi haqqında məlumat alıb əlifba düzəltmişdir. T.M.Məmmədovun dediyi kimi, buradan aydın olur ki, Mesrop alban dilini bilmirmiş, alban dili haqqında alban Beniaminin köməyi ilə məlumat almışdır: (Maştots) "...Albaniyaya yollandı və bu ölkəyə gəldi. Çar iqamətgahına gəlib, Yeremiya adlı müqəddəs yepiskopla və onların Arsvaq adlı çarı və bütün əyanları ilə görüşdü... (Maştots) onların sorğusuna əsasən nə üçün gəldiyini bildirdi və onlar hər ikisi, yepiskop və çar yazının hazırlanmasına itaətlə razılaşdılar".


Tarix: 30.01.2015 / 19:07 Müəllif: Feriska Baxılıb: 226 Bölmə: Qafqaz Albaniyası