beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ardanış - İqtisadiyyatı

1931-ci ildə Ardanış kəndində Ardanış kolxozu yaradıldı. Uzun illər boyu fərdi təsərrüfatla məşğul olan əhali öz əmlakının bir hissəsini (kotan, cüt və öküz, yem, ot və s.) guya könüllü şəkildə kolxoza verərək bu kollektiv təsərrüfata üzv yazılmaq məcburiyyətində qaldı. Kolxoz təsərrüfatının mənfi və müsbət cəhətləri var idi. Kolxoz əvvəllər kasıb və ya fərdi təsərrüfatı olmayan şəxslərə sərf edirdisə, böyük fərdi təsərrüfata malik olanlara isə sərf etmirdi. Üstün cəhətlərdən biri də o idi ki, kolxoz dövründə yeni məşğulluq sahələri yaradıldı və təsərrüfatın digər istiqamətləri (bağçılıq, arıçılıq, quşçuluq, tütünçülük və s. sahələr) inkişaf etdirildi. Tütünçülük və quşçuluq (toyuq fermaları) XX əsrin 40-cı illərindən, arıçılıq və bağçılıq isə əsrin ikinci yarısından etibarən inkişaf etməyə başladı. 1964-cü ildə Ardanış kəndində ilk dəfə olaraq 3,5 km uzunluğunda dəmir borularla su xətti, 1964-cü ildə su anbarı, 1964-65-ci illərdə 450 yerlik klub binası tikilmişdi.

1977-ci ildə Ardanış kolxozu sovxoza çevrildi. Bir məsələni xüsusi vurğulamaq lazımdır ki, kolxozun mülkiyyəti sovxoza verilərkən qanuna uyğun olaraq əhaliyə kompensasiya ödənilməli idi. Çünki kolxoz mülkiyyəti kənd əhalisinin mülkiyyəti əsasında formalaşdırılmışdı və illər keçdikcə həcmi artmışdı. Bu ermənilərin düşünülmüş siyasəti idi və təbii ki, kənddəki rəhbər işçilər, eləcə də kolxozçular etirazını bildirmək imkanından məhrum idilər.

1977-ci ildə Ardanış kolxozu sovxoza çevirilmişdir. Ardanış kəndində sovxoz yaradıldıqdan sonra, qısa müddət ərzində yeni təsərrüfat strukturları yaradıldı və infrastruktur tamamilə yeniləndi. Ardanış kənd mədəniyyət evi yüksək səviyyədə təmir edildi, yeni inzibati idarə binası, o dövr üçün müasir heyvandarlıq kompleksləri, yem sexi, heyvandarlar üçün istirahət guşəsi (Qırmızı guşə), böyük univermaq tikilib istifadəyə verildi. 200 nömrə tutumlu ATS istifadəyə verildi, Yeni içməli su xətti istismara verildi, suvarma sistemi yaradıldı.Tikintinin geniş vüsət alması əhalinin məşğulluğuna da təsir edən amillərdən biri idi. Ona görə də əhalinin bir qismi kənar yerlərdə işləmək məcburiyyətindən qurtuldu.

Ardanış sovxozu iqtisadi göstəricilərinə görə rayonun qabaqcıl təsərrüfatlarından biri olub. Bu isə son nəticədə əməkçilərin mükafat şəklində əlavə gəlir əldə etməsi demək idi. Əhalinin pul gəlirləri kolxoz dövrünə nisbətən olduqca böyük idi. Səbəb isə sadə idi: əmək məhsuldarlığının və istehsalın artması.

1986-cı ilin göstəricilərinə əsasən Ardanış sovxozunda müxtəlif markalı 15 traktor, 2 kombayn, 9 yük maşını, 2 minik maşını (UAZ, avtobus) 10 ədəd traktor qoşqusu, 24 ədəd digər kənd təsərrüfatı avadanlıqları olmuşdur.Sovxozun 15000 baş qoyun və 5000 baş iribuynuzlu mal-qarası olmuşdur.

Ardanış kəndində əhalinin sosial təbəqə baxımından bölgüsü və təsərrüfat həyatı ictimai-siyasi quruluşdan asılı olaraq, müxtəlif forma (fərdi kəndli təsərrüfatları və 1930-cu ildən sonra ictimai təsərrüfatlar – kolxoz və sovxozlar) kəsb etmişdir.


Tarix: 07.02.2015 / 13:18 Müəllif: Feriska Baxılıb: 106 Bölmə: Qərbi Azərbaycan