Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramiz Bayramov - Elmi və cərrahi fəaliyyəti

Elmi və cərrahi fəaliyyəti
2000-ci ildə "Düz və çənbər bağırsaq karsinoidlərinin diaqnostikası, müalicəsi və proqnozu" mövzusunda tibb elmləri namizədliyinə iddia olunan dissertasiyasını, 2011-ci ildə "Mədəaltı vəzi xərçənginin müayinə və müalicə prinsiplərinin optimallaşdırılması" mövzusunda tibb elmləri doktorluğuna iddia olunan dissertasiyasını uğurla müdafiə etmişdir. Azərbaycanın, MDB ölkələrinin və Avropanın elmi-tibbi ədəbiyyatlarında mədə bağırsaq sisteminin xoş və bədxassəli şişlərinə həsr edilmiş 90-dan çox elmi əsərləri dərc edilmişdir. Müvafiq mütəxəsisilər və Azərbaycan Tibb Universitetinin tələbələri üçün nəzərdə tutulmuş "Abdominal Onkologiya" kitabının həmmüəllifidir.

Bundan başqa, dəfələrlə ölkədaxili elmi konfranslara, MDB ölkələri onkoloqlarının və radioloqlarının IV qurultayına (Bakı, 2006), Türkdilli Ölkələr və Türk toplumlarının I Tibb Konqresinə (Bakı, 2011), Qastrointestinal Onkologiyaya dair ESMO-nun 14-cü Dünya Konqresinə (Barselona, İspanya, 2012), Qastrointestinal Onkologiyaya dair ESMO-nun 15-ci Dünya Konqresinə (Barselona, İspanya, 2013), Qastrointestinal Onkologiyaya dair ESMO-nun 16-cı Dünya Konqresinə (Barselona, İspanya, 2014) və ESSO-nun Cərrahi Onkologiyaya dair 34-cü Dünya Kongresinə (Liverpul, Böyük Britaniya, 2014) cıxış üçün dəvətlər almış və həzm sistemi üzvlərinin onkoloji xəstəliklərinin cərrahi müalicəsinə dair elmi məruzələr etmişdir. Bunlarla yanaşı, dəfələrlə MDB ölkələri onkoloq və radioloqlarının qurultaylarında, Qastrointestinal Onkologiyaya dair ESMO-nun 13-cü Dünya Konqresində (Barselona, İspanya, 2011), İntensiv Terapiyaya dair ESICM-in 25-ci Dünya Konqresində (Lissabon, Portuqaliya, 2012), İntensiv Terapiyaya dair ESICM-in 26-cı Dünya Konqresində (Paris, Fransa, 2013) iştirak etmişdir.

Cərrahi fəaliyyət sahəsinə qida borusunun, mədənin, qaraciyərin, öd yollarının, mədəaltı vəzin, onikibarmaq bağırsağın, nazik bağırsağın, yoğun və düz bağırsağın onkoloji xəstəliklərinə, peritonarxası sahə şişlərinə görə bütün radikal cərrahi əməliyyatlar daxildir. Pankreatoduodenal zona üzvlərinin şişlərinə görə aparılan radikal cərrahi əməliyyatlar olan pankreatoduodenal rezeksiya və papillosfinkterektomiya əməliyyatları respublikamızda ilk dəfə uğurlu və müntəzəm şəkildə Ramiz Bayramov tərəfindən icra edilmişdir.


Tarix: 05.02.2015 / 18:12 Müəllif: Feriska Baxılıb: 31 Bölmə: Qərbi Azərbaycan
loading...