beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mustafa Topçubaşov - Elmi fəaliyyəti

Uzunmüddətli elmi axtarışlar, səylə aparılan tədqiqatlar nəticəsiz qalmır. Odur ki, dünya tibb elmində bir sıra yeniliklər də məhz bu Azərbaycan aliminin adı ilə bağlıdır.

M.Topçubaşov 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu - inyeksion efir-yağ narkozunu - analgeziya üsulunu kəşf etdi. Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların (dərin narkoz yuxusu, qanda narkotik maddələrin yüksək konsentrasiyada toplanması və s.) aradan qaldırılmasına imkan verdiyinə görə geniş tətbiq edilməyə başlandı. Efir-yağ qarışığı inyeksiyaları həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok, tetanus, qıcolma hallarında, müalicə və doğuş zamanı ağrısızlaşdırma vasitəsi kimi istifadə edilirdi. 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığı Elmi Tibbi Şurası tərəfindən Farmakologiya Komitəsinin iclasında efir-yağ qarışığının "Analgezin" adı altında istehsal edilməsinə icazə verildi.

Topçubaşov müharibə illərində Azərbaycan Xalq Səhiyyə Komissarlığı Hərbi Xəstəxanalar İdarəsinin baş cərrahı vəzifəsində çalışıb. Görkəmli alim SSRİ-də ilk dəfə olaraq təxliyə hospitallarının yaradılmasının təşəbbüskarı olub və bu təklif hərbi cərrahlıq işinin təşkilində uğurla istifadə edilib.

Həmin illərdə Mustafa bəy bir-birinin ardınca ağır cərrahiyyə əməliyyatları aparıb və yüzlərlə, minlərlə yaralı döyüşçünü ölümün pəncəsindən xilas edərək yenidən həyata qaytarıb. Onun başçılıq etdiyi klinikada müasir cərrahlıq problemləri - öd yolları xəstəliklərinin, xərçəngin cərrahi müalicəsi, travmatologiya məsələləri, bərpa cərrahlığı və s. xəstəliklər üzrə daimi axtarışlar aparılıb, yeni təkliflər irəli sürülüb.

Mustafa bəyin tutduğu vəzifələri və qazandığı titulları saymaqla qurtarmaz. Maraqlıdır ki, onun keçdiyi həyat yolundan bəhs edən sənədlərin özündə də təltifləri və fəxri adları sadalanarkən ardıcıllıq pozulur.

Müharibədən sonra professor M.Topçubaşov 1945-1950 illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı olmuşdur. 1945-ci ildə Azərbaycan SSR EA-nın həqiqi üzvü (akademik) seçilir. 1945-1948-ci illərdə Azərbaycan SSR EA Eksperimental Tibb İnstitutunda direktor vəzifəsində çalışır. Müxtəlif dövrlərdə iki dəfə (1951-1956 və 1969-1981) Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini daşıyır.

1954-cü ildə özü işlədiyi kafedrada operasion-auditoriya təşkil edir.

Əməkdar elm xadimi adını Mustafa bəy Topçubaşov 1940-cı ildə alır. 1960-cı ildə SSRİ Tibb Elmləri Akademiyasının akademiki seçilir. O, 1943-cü ildə Stalin mükafatı laureatı olur və 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı yüksək adına layiq görülür.

1981-ci il noyabrın 23-də Bakı şəhərində vəfat etmişdir.

Haqqında
Yazıçı Anar çıxışlarının birində deyib:

"Sovet dövründən əvvəl hörmətli adamlara müxtəlif cür xitab edirdilər, bəy, mirzə və ya əfəndi çağırırdılar. Məsələn, Əlimərdan bəy, Əbdürrəhim bəy, Üzeyir bəy, yaxud Mirzə Ələkbər Sabir, Mirzə Cəlil, Cavid əfəndi, Şaiq əfəndi və s. Sovet dövründə bu adlar get-gedə unuduldu, aradan qaldırıldı. Mənim xatirimdə yalnız iki adam qalıb ki, onlara "bəy" deyirdilər: Mustafa bəy Topçubaşov, bir də Üzeyir bəy Hacıbəyli".

Topçubaşovun musiqiyə olan sonsuz marağı onu Üzeyir bəy Hacıbəyli ilə yaxın dost etmişdi. Üzeyir bəy onu "təbabətin filosofu və bəstəkarı" adlandırırdı. Məclislərin birində dahi bəstəkar deyib:

"Əgər təbabəti musiqi kimi səsləndirmək mümkün olsaydı, bizim Mustafa bəy təbabət musiqisinin ən böyük bəstəkarlarından biri olardı".

Akademik Heydər Hüseynov ona etiraz edib:

"Təbabətin filosofu adı Mustafa bəyə daha çox yaraşır".

Xatirəsi
Azərbaycanda tibb elminin inkişafında xüsusi xidmətlərini nəzərə alaraq akademik Mustafa Topçubaşovun anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında 31 iyul 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev sərəncam vermişdir.


Tarix: 06.02.2015 / 17:36 Müəllif: Feriska Baxılıb: 263 Bölmə: Qərbi Azərbaycan