beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hacı Əliş ağa - Yaradıcılığı

Yaradıcılığı
Arzular

Şairin "Arzular" şeiri Qarabağ xatirələrindən doğulmuşdur:

Qarabağ mahalı çox abad olsun,
Çarbudaq çinarı könlüm arzular.
Heç qəmgin olmasın, daim şad olsun,
Mənə qəmküsarı könlüm arzular.
Heç çıxmaz yadımdan yolun nişanı,
Bəzirgan, Ağdivan, bir də Kolanı.
Marağanın düzü tək dağdağanı,
Getdiyim yolları könlüm arzular.
Tanımazdım nə sultanı, nə xanı,
Dolandım bir aya cümlə-cahanı.
Tutub əldə qızıl quşu, tərlanı,
Etdiyim ovları könlüm arzular.
Adıgözəl bəy Qarabağın sərdarı,
Azad ağa camaatın rəhbəri.
Ağdamı, Bərdəni, bir də Tərtəri,
Gəzdiyim yerləri könlüm arzular.
Yandırdı canımı yarın fərağı,
Könüldən çıxmayır heç ixtiyarı.
Kabinet, ispalnı, həm zal otağı,
O zal otaqları könlüm arzular.

Əlbəttə, şeirdəki Əliş ağanın Qarabağdakı həyatı, xüsusən Mirzə Adıgözəl bəyin dövründə işləməsi, Qarabağ mahalını gəzib yaxından tanıması haqqındakı təəssüratlar tarixi sənəd kimi də maraq doğurur. Göyçənin bəzi el şairləri kimi Hacı Əliş ağa da həm aşıq şeiri şəkillərində, həm də divan ədəbiyyatının müxtəlif formalarında şeirlər yazmışdır.

Hacı Əliş ağa "Molla Nəsrəddin" məcmuəsi ilə yaxından əlaqə saxlamış, jurnalın abunəçisi olmuş, Sabirsayağı satirik şeirlər yazıb göndərmişdir. "Bizlərin də dərdinə qalsan, ay molla əmi" mətləsi ilə başlayan şeiri jurnalda dərc olunmuşdur. Onun "A molla" şeri bu münasibətlə yazılmışdır. Müsəlmanlara xitabən deyilən, sünni-şiə mübahisəsini aradan götürməyə həsr olunan şeirindən yaddaşlarda qalan iki misranı nümunə göstərmək olar.

Yüz il ibadət eyləsə də,
Hacı girməz cənnətə,
Olmasa səndən bir ixtiyar, Əli!

Hacı Əliş ağanın "Dünya", "Ağaxan", "Möhlət", "Axtarıram", "Ağlar" və başqa şeirləri onun zəngin dünyagörüşünə malik olduğunu göstərir.

Vəfatı
Hacı Əliş ağa 1902-ci ildə dövlət vəzifələrindən uzaqlaşıb Göyçəyə qayıdır və buranın maarif və ədəbi mühitində iştirak edir. 1918-ci ildə daşnaqların törətdikləri qırğın Hacı Əliş ağanı da doğma yuvasından didərgin salır, Gəncəyə köçür.

Dəhşətli qırğınlara dözə bilməyən Hacı Əliş ağa 1919-cu ildə vəfat edir. O, Göyçə ədəbi mühitinin geniş dünyagörüşlü, savadlı ziyalısı kimi yaddaşlarda qalmışdır.


Tarix: 05.02.2015 / 17:33 Müəllif: Feriska Baxılıb: 139 Bölmə: Qərbi Azərbaycan