beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abbas Çayxorski

Abbas Çayxorski — SSRİ nüvə reaktorlarının qəbulu üzrə Dövlət Komissiyasının sədri (1969-1981), neptunium elementinin kimyası sahəsində dünya şöhrətli tədqiqatçı, kimya elmləri doktoru, professor

Həyatı
Abbas Çayxorski 1917-ci ildə indiki Ermənistanın Basarkeçər qəzasının Çaxırlı kəndində anadan olmuşdu. 1918-ci ildə Qərbi Azərbaycanda ermənilər tərəfindən öz doğma yurdlarından qovulması nəticəsində ailə əvvəlcə Ağdama, oradan da Ağdaşa köçür. Gələcək alimin uşaqlıq və yeniyetməlik illəri Ağdaşda keçir, o, burada orta məktəbi bitirir, sonra Bakıda texnikuma daxil olur, ali təhsilini isə 1939-cu ildən başlayaraq Bakı Dövlət Universitetinin kimya fakültəsində alır.

“Çayxorski” soyadının yaranmasının maraqlı tarixçəsi var. Çar Rusiyası dövründə zadəganlar özlərinə doğulduğu yerlə səsləşən soyad götürürdülər. Abbas Çayxorskinin hazırda ABŞ-da yaşayan oğlu Aleksandr müsahibələrindən birində söyləyir: ulu babası inanclı adam olduğundan soyad kimi “Çaxırlı” yox, “Çayxorlu” (“çay xoşlayan”) soyadını seçir. Onun həm də liberal baxışlı insan olduğunu xatırladan Aleksandr buna baxmayaraq, ulu babasının çar 3-cü Aleksandr tərəfindən Polşaya sürgün olunduğundan bəhs edir. Elə Polşada da həmin soyad polyak sayağı formasını alır - “Çayxorski”.

Abbas Çayxorskinin atası Abbasəli 1920-ci illərin ortalarında həbs olunmuş və məlumatlara görə, 1930-cu illərdə sürgündə vəfat etmişdir. Abbas Çayxorski Böyük Vətən Müharibəsinin başlanması ilə əlaqədar olaraq universitetdə təhsilini yarımçıq qoyaraq cəbhəyə yollandı.

Gələcək alimin müharibədə göstərdiyi qəhrəmanlıqlar barədə xeyli rəsmi sənədlər qalmaqdadır. O, 2 ay Bakı artilleriya məktəbində təhsl almış, 1941-ci ilin avqustundan Cənub, Qafqaz, Krım və Şimali Qafqaz cəbhələrində vuruşmuşdur. 1942-ci ilin avqustunda yaralanaraq hospitala götürülür. Sağaldıqdan sonra baş serjant rütbəsində ön cəbhəyə qayıdır, 48-ci atıcı alayında telefon rabitəsi bölməsinə başçılıq edir, 1945-ci ilin yanvarında Kalininqrad istiqamətində gedən döyüşlərdə 2-ci dəfə yaralanır, həmin ilin fevralında göstərdiyi qəhrəmanlığa görə 3-cü dərəcəli Şöhrət Ordeni ilə təltif olunmuşdur.

1945-ci ilin 21 aprelində Pillau (indiki Baltiysk, Kalininqrad vilayəti) şəhəri uğrunda gedən döyüşlərdə yenidən fərqlənir və iyunda Qızıl Ulduz Ordeninə layiq görülmüşdür.

Müharibədən sonra Bakıya dönən Çayxorski universitetdə təhsilini davam etdirməyə başlayır və tezliklə onu təhsil əlaçısı kimi SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə Leninqrad Universitetinin kimya fakültəsinin 4-cü kursuna, yenicə açılmış radiokimya bölməsinə keçirirlər.

1947-ci ildə o, Çelyabinskdə təşkil olunmuş Atom mərkəzinə işləməyə göndərilir və burada İqor Kurçatovla birlikdə fəaliyyət göstərir. Tələbə yoldaşı Yevgeniya Romanova (Çayxorskaya) ilə ailə qurur və 1953-cü ildə Çelyabinskdə onların övladı Aleksandr dünyaya gəlir.

O illərin ab-havasını əyani göstərən daha bir faktı Aleksandr xatırlayır: onu 1973-cü ildə Leninqrad universitetindən qovurlar, həmin vaxt rektor Abbas Çayxorskinin yaxın dostu idi. Ancaq bu dostun nə Aleksandrın oradan qovulmasından, nə də ümumiyyətlə həmin universitetdə tələbə olmasından xəbəri yoxdu. Bir sözlə, “tanışlıq”, “tapşırma” kimi imtiyazlar Abbas Çayxorskiyə (və yalnız ona yox) tamamilə yad idi ki, bu da həmin dövrün dəyərlərini əyani əks etdirir.

Yeri gəlmişkən, ali məktəbdən qovulan Aleksandr orduya xidmətə yollanır və hərbi xidmətini başa vurduqdan sonra 2 il neft mədənlərində, Bakı Şin zavodunda və s. yerlərdə baş verən yanğınların söndürülməsində iştirak edir, işinin öhdəsindən uğurla gəldiyinə görə hərbi xidmətdən sonra yenidən universitetə bərpa olunur. Aleksandr isə 1981-ci ildə Azərbaycana bir daha qayıdır - bu dəfə geoloq kimi Qarabağda və Salyanda ekspedisiyalarda çalışmışdır.

1969-cu ildə Abbas Çayxorski atom enerjisindən dinc məqsədlərlə istifadə üzrə SSRİ Dövlət Komissiyasının rəhbəri təyin olunur və bu vəzifədə SSRİ-nin süqutuna qədər - 22 il qalır. Bu 22 il ərzində daha bir hadisə baş verir - oğlu Aleksandr mühacirət edir. Aleksandrın SSRİ-dən getmək cəhdləri 10 il davam edir, sonunda o, İsveç vətəndaşı olan bir qadınla nikaha girərək 1987-ci ildə Stokholma yollanır.

Onun nəzəri elmi tədqiqatları SSRİ-də yüksək qiymətləndirilir. Abbas Çayxorski neptunium elementinin kimyası sahəsində dünya şöhrətli tədqiqatçıdır, habelə hələ 1970-ci ildə hazırladığı elementlərin dövri sistemi cədvəli (Mendeleyev cədvəlinin modifikasiyası) SSRİ-də radiokimya sahəsində müəllimlərin ixtisasını artırmaq fakültələrinin tədris proqramına salınmışdı.

SSRİ-nin süqutundan sonra Abbas Çayxorski həyat yoldaşı ilə birlikdə yaşamaq üçün ABŞ-a, oğlunun yanına yollanır. Bu, 1997-ci ildə baş verir və həmin vaxt onun artıq 80 yaşı vardı. Oğlu Aleksandr xatırlayır ki, atası hələ uşaq olarkən bir qaraçının söylədiyi fala inanırmış: falçı ona məşhur alim olacağını və 90 il yaşayacağını söyləyibmiş. O cür də olur: Abbas Çayxorski artıq 1950-ci illərdə böyük alim idi, ömrünü isə 91 yaşında - 2008-ci ildə, Nevada ştatının Rino şəhərində başa vurmuşdu.

Ömrünün son illərində Abbas Çayxorski dəfələrlə Bakıya da gəlir, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri doktoru seçilmiş, məqalələri Akademiyanın mətbu orqanında dərc olunmuşdur.


Tarix: 05.02.2015 / 16:27 Müəllif: Feriska Baxılıb: 155 Bölmə: Qərbi Azərbaycan