beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanım Fatimeyi- Zəhra (s. ə)

Xanım Zəhra (s.ə) besətin 5-ci ili, cəmadis- sani
ayının 20- də dünyaya göz açmışdır. Bu zaman
Peyğəmbərin (s) 45 yaşı var idi. İmam Sadiq (ə)
və İmam Baqirdən (ə) nəql olunan rəvayətdə
deyilir: Həzrəti-Zəhranın (s.ə) anası xanım Xədicə
olmuşdur. Peyğəmbər (s) özünün merac
gecələrinin birində ona təklif olunan cənnət
meyvələrindən olan təzə xurma və üzümdən meyl
etmişdir. Allah- Taala həmin Behişt meyvələrini
Peyğəmbərin (s) sülbündə nütfəyə çevirmişdir.
Nəticədə Həzrət (s) meracdan qayıtdıqdan sonra
xanımı Xədicə (s.ə) ilə bir yatır və beləliklə
Fatimənin (s.ə) nuru Xədicənin bətnində
cilvələnir. Buna görə də xanım Fatiməni (s.ə)
"Həvraul insiyyə"də adlandırıblar. Bunun da
mənası xanım Zəhranın (s.ə) insan ola- ola Behişt
hurilərindən sayılması deməkdir. Belə ki
Peyğəmbər (s) hər zaman cənnət ətrini
arzulasaydı, onun və tuba ağacının ətrini
Fatimədən (s)alardı.
Fatimənin (s.ə) necə doğulması
Şeyx Səduq qeyd edir: Müfəzzəl ibn Ömər yazır:
bir gün İmam Sadiqdən (ə) soruşdum: Fatimə
(s.ə) dünyaya necə gəldi?
İmam Sadiq(ə) buyurdu: "Xədicə Peyğəmbərə
ərə getdikdən sonra Məkkə qadınları (İslama
qarşı düşmənçiliklərinə görə) ondan uzaqlaşdılar.
Belə ki, qadınlar nə Xədicənin (s.ə) evinə gedir,
nə də yolda onu gördükdə salam verirdilər. Hətta
başqa qadınların belə onunla görüşməsinə mane
olurdular ki, Xədicə (s.ə) bütün bunlardan
kədərlənir və bu çirkin əməllərin Peyğəmbərə (s)
zərər yetirəcəyindən qorxurdu. Amma Fatimə
(s.ə)Xədicənin (s.ə) bətnində olduğu halda anası
ilə söhbət edib ona ürək- dirək verirdi. Xədicə
hətta bu məsələni də Peyğəmbərdən (s)
gizlədirdi. Bir gün Allahın rəsulu evə daxil
olduqda Xədicənin (s.ə) kiminləsə söhbət etdiyini
eşidir və bu barədə ondan soruşduqda o pak
qadın belə cavab verir: "bətnimdəki uşaq
mənimlə söhbət edir, o, mənim həmsöhbətimdir.
Peyğəmbər (s) buyurdu: "Cəbrail (ə) mənə xəbər
verib ki, bu uşaq qız uşağıdır və bizim mübarək,
nəslimiz də budur. Allah-Taala tezliklə mənim
nəslimi onun vasitəsi ilə dünyaya gətirəcəkdir.
İmamlar onun nəslindən dünyaya gələcəklər.
Allah- Taala mənə olunan vəhy kəsildikdən sonra
(mənim vəfatımdan sonra ) onları yer üzündə
mənim canişinim və xəlifələrim qərar
verəcəkdir". Xədicə (s.ə) Fatiməni dünyaya
gətirən zaman Məkkə qadınlarından heç biri onun
köməyinə gəlmədilər. Lakin Allah-Taala onu tək
qoymadı. Qəflətən Bəni-Haşim qadınlarına
bənzər buğdayı, hündür qamətli dörd qadın evə
daxil oldular. Xədicə (s.ə) onları gördükdə
qorxdu. Onlardan biri dedi: "Ey Xədicə,
kədərlənmə, biz Allah tərəfindən gəlmişik. Biz
sənin bacılarınıq. Mən Sarayam (İbrahim
peyğəmbərin (ə) həyat yoldaşı.) , bu Müzahimin
qızı Asiyadır. (Fironun həyat yoldaşı) O sənin
Cənnətdəki rəfiqəndir. O birisi İmranın qızı
Məryəm, digəri isə Musanın bacısı Gülsümdür.
Allah bizi sənin yanına, hamiləlikdən azad
olmaqda sənə kömək etmək üçün göndərmişdir.
Onların köməyi ilə Fatimə (s.ə) pak- pakizə
dünyaya gəlir. O, dünyaya gələn zaman ondan
saçan nur bütün Məkkə evlərini işıqlandırırdı.
Behişt hurilərindən on nəfər əllərində Cənnətdən
gətirdikləri teşt və Kövsər suyundan doldurulmuş
kuzə ilə evə daxil oldular. Xədicənin qarşısında
duran qadın Fatiməni (s.ə) götürüb Kövsər suyu
ilə yudu. Ağappaq, ətirli iki parçadan biri ilə onu
bələyib, digəri ilə isə başını bağladı. Sonra
Fatiməni (s.ə) dindirdi. Fatimə (s.ə) dil açıb
Allahın birliyinə, Məhəmmədin (s) onun rəsulu
olmasına şəhadət verdi. Sonra o dörd qadının
hər birinə ayrı- ayrılıqda salam verib hər birini öz
adı ilə səsləyib dindirdi. Qadınlar böyük sevinc
və şadlıqla Fatimənin mövludu münasibəti ilə
təbrik söyləyib müjdə verirdilər. (bu hədis
ixtisarla yazılmışdır) Allah-Taala bu bərəkətli
mövludun müjdəsini Kövsər surəsini Peyğəmbərə
nazil etməklə verdi.
Fatimeyi -Zəhranın (s.ə) adları
Adətən adlar onun Sahiblərinin necəliyini bəyan
edir. Əlbəttə, əgər bu adqoyma hikməti bir şəxs
vasitəsi ilə həyata keçsə. Hədislərdən məlum
olur ki, Fatimənin adını Allah-Taala özü
qoymuşdur. Peyğəmbər (s) bu barədə buyurur: "
Ona Fatimə adı ona görə qoyulub ki, Allah-Taala
o və onun dostlarını və onu sevənləri Cəhənnəm
atəşindən saxlayır". Bu ifadədən belə başa
düşülür ki, Fatimənin Fatimə adlanması Allah
tərəfindən olmuşdur və mənası budur ki, o, onu
sevənlər və onun yolu ilə gedənlər heç vaxt
Cəhənnəmə daxil olmazlar. Yunis ibn Zəbyan
İmam Sadiqdən (ə) rəvayət edir: "Fatimənin (s.ə)
Allah dərgahında doqquz adı vardır. Fatimə,
Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyyə,
Mərziyyə, Mühəddəsə, Zəhra"- sonra buyurdu:
“Fatimə adının mənasını bilirsənmi?" Ərz etdim
ki, ey mənim ağam, onun mənasını mənə başa
sal! Buyurdu: "Futimət minəş-şər"- yəni hər cür
pislikdən ayrılmış (və ya seçilmiş, təmizlənmiş.)
Sonra buyurdu: Əgər möminlər ağası Əli (ə)
olmasaydı, Fatimə (s.ə) üçün Adəmdən tutmuş
Qiyamətə qədər yer üzündə həyat yoldaşı
tapılmazdı".
Peyğəmbərin (s) Fatiməyə (s.ə) olan
məhəbbəti
Peyğəmbər (s) buyurmuşdur: "Hər zaman behişti
arzulasam, Fatimənin (s. ə) boğazından öpürəm.
Peyğəmbərin, (s) məhbubu kişilərdən Əlidir (ə)
qadınlardan Fatimə (s. ə)
Peyğəmbər (s) buyurmuşdur: Fatimə bədənimin
parəsidir, kim onu sevindirsə məni sevindirib, kim
ona pislik etsə, mənə pislik etmişdir.
Hədisdə deyilir: Peyğəmbər (s) Fatiməni (s.ə) elə
istəyirdi ki, hər zaman səfərə getsəydi,
vidalaşdığı axırıncı şəxs Fatimə (s.ə) olardı, eyni
zamanda səfərdən qayıtdıqda, ilk görüşdüyü şəxs
yenə Fatimə (s.ə) olardı. Peyğəmbərin (ə)
Fatiməyə (s.ə) olan sonsuz məhəbbətini ifadə
etdirən "ey atasının sevimlisi"– kimi kəlamlarını
misal göstərmək olar.
Qeyd etməliyik ki, Allaha daha yaxın olan insanlar
öz övladlarını, yaxın qohumlarını, əqrəbalarını və
dostlarını nəfsani duyğular üzündən sevməmişlər.
Belə şəxsiyyətlərin məhəbbəti ixlas üzündən,
habelə Allaha görə olmuşdur. Allahdan
digərlərinə olan sevgiləri isə elə yenə də Allahın
özünə qayıdır və ona xatir olur.
Fatimeyi-Zəhranin (s.ə) ibadəti
İmam Həsən (ə) buyurur: Cümə gecəsində anamı
mehrabda ibadət edən gördüm. O uzun zaman
ruku və səcdə halında qaldı. Sübh çağı
yetişdikdə mömin və möminələrin adını bir- bir
çəkərək onlara dua etdi. Lakin özü üçün heç dua
etmədi. Soruşdum ki, anacan, başqaları kimi
özün üçün niyə dua etmədin? Anam: "Oğlum,
əvvəl qonşu , sonra ev!"– deyə buyurdu".
Tanınmış zahid Həsən Bəsri deyir: "İslam ümməti
arasında heç kim ibadətdə Fatimənin (s.ə) misli
ola bilməz. O xanım ayaqları qabar olana qədər
ibadət edirdi.
Həzrəti-Fatimənin (s.ə) şəhadəti
Peyğəmbərin (s) vəfatından üç ay keçər- keçməz
onun ciyərparası Həzrəti-Zəhra da (s.ə) bu fani
dünyadan gedəsi oldu. Həzrəti-Əlinin (ə) güclə
beyət etdirmək üçün evinə hücum çəkmiş dəstə
qapının bağlı olduğunu görüb evə soxulmaq
istədi. Qapının arxasında dayanıb gələnlərə
nəsihət etmək istəyən xanım Zəhranın (s.ə)
Peyğəmbər qızı olmasına məhəl qoymayan bu
inadkar dəstə qapını yandırmaq qərarına gəldi.
Az sonra isə yarıyanmış qapını vurub sındıraraq
içəri daxil olanlar qapı arxasında ölümcül
vəziyyətdə yıxılıb qalmış, bətnindəki Möhsünü
siqt olmuş Zəhranın (s.ə) ah- naləsinə də fikir
vermədilər. Beləliklə, xanım Zəhra- (s.ə) dörd
(beş) məsum körpənin anası- yanıq qapı
mismarının sinəsini dəlməsi, qabırğasının sınması
və aldığı digər ağır yaralar nəticəsində 18
yaşındaykən əziz atası Peyğəmbərə (s) qovuşdu.
Sonda sözümüzü Peyğəmbərin (s) və İmam
Həsənin (ə) Fatimə (s.ə) barədə buyurduğu iki
hədislə bitiririk: Peyğəmbər (s) buyurmuşdur:
"Məryəm öz əsrinin qadınlarının xanımı idisə,
qızım Fatimə (s.ə) əvvəldən- axıra qədər bütün
dünyanın qadınlarının xanımıdır".
İmam Həsən Müctəba (ə) buyurmuşdur: "Biz
Allahın yer üzərində insanlara olan höccətiyik,
Fatimə(s.ə) Allahin bizə olan höccətidir".


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 311 Bölmə: Maraqlı melumatlar