beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

DOSTOYEVSKİ Və İSLAM

"Dostoyevski dünyası" və "İslam dünyası". Bu iki məhfumun qarşılaşdırılması ilk baxışda çoxları üçün qəribə görünə bilər. Xüsusilə də "Mütləq qurtuluş provaslavlıqdadır" fikri ilə Dostoyevskinin də həmfikir olduğunu hesab edənlər bu iki məhfumu iki təzad kimi dəyərləndirərlər.

Amma böyük yazar və mütəfəkkirin daxili dünyasına baş vurduqda tam bir başqa mənzərə, tam başqa halətlə qarşılaşmış oluruq.

Bəli, dövrünün mütəfəkkiri olan Dostoyevski ölkəsinin bu günü və sabahı üçün narahatçılıq keçirirdi. Rusiyanın gələcək durumu onu çox düşündürürdü. Lakin bununla yanaşı, onun üçün hələ uşaq ikən oxuduğu «Min bir gecə» nağıllarından təsəvvüründə canlandırdığı qədim və zəngin Şərq, islamiyyət, müsəlmanlarla ünsiyyət fövqəl dərəcədə əhəmiyyətli idi.

F.M.Dostoyevskinin Şərqə meylliyi onun mənsub olduğu soydan irəli gəlir və bu da onun yaradıcıllığında öz izini qoymuşdur.
N.P.Çulkovun araşdırmalarına görə, Dostoyevskinin əcdadlarını "Qızıl Orda" tatarları arasında axtarmaq lazımdır. Belə ki, 1389-cu ildə Dostoyevskiyə gedib çatan şaxənin təməlini qoyan Aslan Çələbi Moskva ətrafına köç etmişdir. Bu vaxt Moskva knyazı ona Kremensk obasını hədiyyə etmişdir. Sonrakı illərdə Aslan Çələbidən törəyən qollardan biri İrtış soyadını almışdır. 1506-cı ildə Danila İvanoviç İrtış – Dostoyeva kəndinin bir hissəsinin sahibinə çevrilir və beləliklə, ondan törəyənlər sonradan Dostoyevski soyadı ilə tanınmışlar.

Barəsində söz açdığımız yazar 1821-ci ildə yoxsul təbəqəyə pulsuz xidmət göstərilən bir xəstəxanada dünyaya göz açmışdır. Həyatının ilk illərini qardaşı ilə birgə Moskva xəstəxanasında keçirmişdir. O heç bir vaxt uşaqlığından söz açmamışdır. Dostoyevskinin həyat hekayəsində bu nöqtədə böyük bir boşluq vardır. Amma yaratdığı uşaq obrazlarına diqqətlə baxsaq onun uşaqlığı haqqında müəyyən bir təsəvvürümüz yaranar. Onun Netoçka Nezvanovaya və yaxud da yüzbaşı oğlu İlyuşkaya bənzərli olduğunu onun əsərlərini oxuduqda görə bilərik.

O, hələ 13 yaşında ikən İlahi kitabları oxumağa başlamışdır. 15 yaşında yeniyetmə Dostoyevski islam filosovlarının, Hötenin, Puşkinin kitablarına xüsusi meyl göstərmişdir.

Yaşadığı dövr – Çar Birinci Nikolayın hakimiyyətinə təsadüf edirdi. Elə bir dövr ki, zülm, əziyyət, səfalət bütün Rusiyanı cənginə almışdır. Dostoyevski də digər çağdaşları kimi ölkəsinin insanının əxlaqi çöküntüsünə biganə qala bilməmiş və səsini ucaltmışdır. Elə bu səbəbdən də 1845-ci ildə 23 aprel tarixində Moskvada həbs olunmuşdur. Barəsində ölüm hökmü çıxarılan yazar bu hökümdən canını qurtara bilmişsə də, 10 illik məhbusluq və sürgünlük həyatından qurtula bilməmişdir. Gələcəyin dahi yazarı olacaq şəxs 36 illik yazarlıq həyatının 10 ilini məhbus olaraq keçirmişdir. Belə ki, o, mənfi 40 dərəcə temperaturda Sibir çöllərində işləməyə məhkum olunmuş, daş qırmış, daş daşımış, damğalanmış, qamçılanmış, mənən əzilmiş, təhqirlərə məruz qalmışdır. Amma çəkdiyi bütün bu istirablar onun əzmini qırmamışdır. O, səbr etmiş və yenə də səbr etmişdir. Taleyinə boyun əyib, Tanrıya bağlılığını, onun qulu olduğunu və ilahi mesajın ucalığını anlamışdır Dostoyevski.

O, deyirdi: "İnsan üçün sonsuzluğun gücü olan Tanrı önündə əyilməkdən daha gərəkli bir şey yoxdur. Ömrüm boyunca Allahımdan acı zəncirlərimin yumuşaltmasını istədim. Fəqət O, mənə daha çox acı verməyə davam etdi. Axı mən bu acıların müqabilində Allahımın mənə sonsuz uğurların bəxş edəcəyini haradan bilə bilərdim?". Dostoyevski çəkdiyi istirab və bəlaları, sıxıntılarını qurtuluşa gedən yol olaraq dəyərləndirmişdir.

O, ömrünün sonuna qədər mübtəla olduğu xəstəlikdən məyus olmayaraq, əksinə bu halı bu cür ifadə etmişdir: "Sizlər, sağlam insanlar xəstə bir insanın tutmaları zamanı hiss etdiyi o həzz duyğusunu heç bir vaxt anlaya bilməzsiniz . Necə ki, Muhəmməd (s) Quranda cənnətə gediləcəyini anlatmaqdadır. Bütün bu sözlərinə görə çılğınlar onu bir yalançı, bir saxtakar adlandırmışlar. Amma bu heç də belə deyildir. Muhəmməd (s) … heç şübhəsiz cənnətdədir. Bu şiddətli həzz anı saatlarca davam edə bilərmi, bilmirəm. Amma inanın mənə bu həyatın bütün sevinclərini dəyişməzdim". (Stefan Tsveyq: «Üç böyük usta»)

Dostoyevskinin bu sözlərindən göründüyü kimi, o da çağdaşı Tolstoy kimi islamiyyətə olan meylini və islam peyğəmbərinə olan rəğbətini gizlətməmişdir. O bu rəğbəti həm öz dili ilə, həm də yazdığı "Cinayət və cəza" romanının baş qəhrəmanı Raskolnikovun dili ilə də bəyan etmişdir: "Ah, mən necə də əlində qılınc, at belində olan peyğəmbəri başa düşürəm".
Sürgündə olduğu illərdə Dostoyevski müsəlmanlarla daha yaxından kontaktda olmağa müvəffəq olmuşdur. "Ölü evdən xatirələr" romanında o, cəza çəkdiyi Omsk vilayətində yerləşən kazarmalarında Əli adlı müsəlmanla münasibətini vurğulayır. O, Əliyə rus dilində oxumağı və yazmağı öyrədir, Əli isə ona İsanın Allahın oğlu deyil, bir peyğəmbər olduğunu və bütün bunların Quranda yazıldığından bəhs edir.

Omsk vilayətindən sonra Dostoyevski məhbusluğunun qalan hissəsini çəkmək üçün Qazaxstana – Semipalatinskə göndərilir. Qazaxstanda olduğu müddətdə o, şərqşünas Çokan Çingizxan oğlu Vəlixanovla dostlaşır. Məhz Vəlixanov Dostoyevskiyə İslam mədəniyyəti barəsində dəyərli bilgilər verir və bu bilgilər "Ölü evdən xatirələr", "Cinayət və cəza" əsərlərində özünü göstərməkdədir.

Dostoyevskinin islamiyyətə çəkən İslam mütəfəkkirləri, onların əsərləri və əlbəttə ki, müqəddəs Qurani-Kərimin cazibəsi olmuşdur. Bunu Dostoyevskinin Parisdə yersiz-yurdsuz, ac-susuz qaldığı vaxt Moskvadakı bir yaxınına yazdığı məktubunda əyani olaraq görə bilərik: "Səndən rica edirəm, mənə bir miqdar pul və bir Quran göndərə bilərsənmi? " (Bayram Yılmaz. «Höte və islamiyyət», Dostoyevski bəhsi)

Dostoyevskinin həyatı ilə bağlı ən çox araşdırma aparan Stefan Tsveyq olmuşdur. O, Dostoyevskinin çəkdiklərini Həzrət Eyyubun (ə) acılarına, onun səbrini Hz. Eyyubun səbrinə bənzədərək demişdir: "Dostoyevskinin taleyi qəhrəmanlara yaraşan bir taledir. O, Hz. Eyyub kimi istirab çəkərək tanrının önündə özünü kiçik bilmişdir. Sevdiyi üçün imtahan edildiyinə inandığı Tanrının nəzərini hər zaman üzərində hiss etmişdir. Başqaları rahat bir şəkildə özlərini şəhvətin «həzlər»inə təslim edərkən, taleyi onu ümidin zirvəsinə dırmanmağa məcbur etmişdir. Başqaları sadəcə acı çəkərkən, taleyi onu ən dərin istirabların uçurumuna itələmişdir. Hz. Eyyub kimi xəstəliklərə tutulmuş, əzilmiş, xor görülmüşdür.

Bu çağımızda Dostoyevski son dərəcə böyük bir iztirabın və sevincin günümüzün dünyasında hələ var ola biləcəyini göstərən bir örnəkdir. Dostoyevski bu güclü iradəni hiss etmişdir, heç bir zaman taleyinə üsyan etməmişdir."

Uzun sürən məhbus həyatının ağırlığını üstündən atmaq üçün Dostoyevski 41 yaşında Avropa ölkələrinə səyahətə çıxmışdır. İstanbul, Berlin, Paris, London, Cenevrə, Vyananı bir-bir gəzmişdir. Rusiyaya geri dönərkən Avropanın məzarlıqdan başqa bir şey olmadığını söyləyərək, xatirələrinə aşağıdakıları yazmışdır: "Bəlkə də dəyərli məzarların olduğu, amma pis qoxulu bir çürümənin 4 bir yana yayıldığı bir məzarlıqdır Avropa. Fransızlar- özlərini bəyənmiş gülünc yaradılışlar, Almanlar- bayağı günahlardan meydana gəlmiş bir millət, İngilislər – rasionalizmin dəzgahları, yəhudilər pis – qoxulu, özlərini bəyənmiş insanlar, Katoliklər – İsa ilə alay edən – şeytani bir doktrina, Protestantlıq- rasionalist bir fitnə, Papa- başına papalıq tacını keçirmiş, həqiqətləri fərq etməyən bir şeytan, Avropa şəhərləri - o böyük əxlaqsızın – Babilin bir tayı. Bildiklərimiz boş bir aldanış.

Demokratiya- kövşək beyinlərin məhsulu. Humanizm – həqiqi bir insan qətliamı".
(«Ruh və maddə». 5.1959)

"Bir yazarın xatirə dəftəri", "Cinlər, Dəliqanlı", "Qumarbaz", "Əzilənlər", "Bəyaz gecələr", "Yoxsul insanlar", "Namuslu oğru", "Ölü edən xatirələr", "Cinayət və cəza" və s. əsərlərin müəllifi dahi Dostoyevskinin 1881-ci ildə - dünyaya gözlərini əbədi yumarkən son sözləri İlahi kitablardan oxuduğu " Nəzərini əsirgəmə" kəlmələri olmuşdur....


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 272 Bölmə: Maraqlı melumatlar