beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Möminlərin Dərəcələri

Güclü mömin zəif mömindən Allah üçün daha xeyirli və daha sevimlidir

Əbu Hüreyrə (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu demişdir: “Güclü mömin zəif mömindən Allah üçün daha xeyirli və daha sevimlidir. Onların hər ikisində xeyir var. Sənə faydası olan işləri görməyə çalış. Allahdan kömək dilə və acizlik göstərmə. Başına bir iş gəlsə: “Əgər belə etsəydim, belə olardı.” – demə. Lakin de: “Allahın qədəri idi. O istədiyini etdi.” Çünki “əgər” demək şeytanın əməlinə qapı açır. ” Müslim rəvayət etmişdir.
(Müslim: Qədər ? 2664. İbn Macə: Müqəddimə ? 79. Əhməd: 2/370.)

ŞƏRH

Bu hədis böyük bir üsulu və geniş mənalı kəlmələri özündə cəm etmişdir.
Onlardan biri də Allahın sevən sifətinin təsdiqidir. Allahın sevgisi, sevdiyi işlər və onu edənlərlə bağlıdır. Hədisdə həmçinin bu sevginin Allahın iradəsi və istəyindən asılı olması, fərdlərə görə fərqlənməsi bildirilir. Allahın güclü möminə olan sevgisi zəif möminə olan sevgidən daha böyükdür.
Bu hədis, sözlərin, əməllərin və qəlbdəki etiqadların imana aid olduğunu bildirir. Əhli Sünnə və camaatın etiqadı belədir. İman yetmiş və bir neçə şöbədən ibarətdir. Onun ən yüksəyi, “Lə iləhə illəllah” kəlməsinin deyilməsi, ən aşağı mərtəbəsi isə, yoldan əziyyət verən maneəni qaldırmaqdır. Həya da imanın şöbələrindəndir. Gizlidə və aşkarda edilən əməlləri ehtiva edən bu şöbələrin hamısı imandan sayılır. Kim bunları layiqli şəkildə yerinə yetirərək nəfsini faydalı elm və saleh əməllərlə zənginləşdirərsə, həmçinin başqalarına da haqqı və səbirli olmağı tövsiyə edərək onları da mükəmməlliyə çağırarsa, o, imanın ən yüksək mərtəbəsinə nail olan güclü mömin sayılar. Bu mərtəbəyə yüksələ bilməyən isə, zəif mömin hesab edilər.
Bu hədis, imanın artıb-azalması məsələsində sələflər tərəfindən sübut kimi istifadə edilən dəlillərdən biridir. İmanın artıb azalması imanla bağlı bilgilərdən və əməllərdən asılıdır.
Bu əsasa Quran və Sünnədən çoxsaylı dəlillər vardır.
Peyğəmbər (s.a.v) möminlərin bir-birindən qüvvət və zəiflik baxımından üstün olduqlarını bildirdikdən sonra dərəcə etibarı ilə onlardan aşağı olanlara eyib tutulmasın deyə belə buyurdu: “Onların hər ikisində xeyir var.” Burada çox dəyərli qayda qoyulub. Deməli, insanlar, növlər və ya əməllər arasında üstünlük fərqi qoyan şəxs onların nədə və nə cür üstün olduqlarını zikr etməlidir. O, tərəflərin müştərək üstünlüklərini də vurğulamalıdır ki, aşağı olana eyib tutulmasın. Eyni ilə şərin və şər daşıyıcılarının mərtəbələrini sadaladıqdan sonra onlar arasındakı fərqləri də bildirməlisən. Bundan sonra isə, onların xeyir və ya şər cəhətdən müştərək xüsusiyyətlərini də qeyd etməlisən. Bu kimi məsələlər Quranda və Sünnədə çoxdur.
Bu hədisdən bəlli olur ki, möminlər xeyir işlərdə, Allah sevgisində və dini vəzifələri yerinə yetirməkdə bir-birlərindən fərqlənirlər. Onların bu işlərdə özlərinə məxsus dərəcələri vardır. Uca Allah bu haqda buyurur: “Hamının etdiyi əməllərə görə dərəcələri vardır ki, Allah onlara əməllərinin əvəzini (layiqincə) versin. Onlara əsla haqsızlıq edilməz.” (Əhqaf, 19)

Möminlərin dərəcələri üç qisimdir:

Birinci: Xeyir işlərdə yarışanlar. Belə şəxslər vacibləri və müstəhəbləri yerinə yetirənlər, haram və məkruhlardan çəkinənlər, mübah işlərə çox meyl etməyənlər, işi kamil şəkildə edənlər və hər bir kamillik sifətinə yiyələnənlərdir.

İkinci: Qənaətcillər. Vacibləri yerinə yetirmək və qadağalardan çəkinməklə kifayətlənənlərdir.

Üçüncü: Özlərinə zülm edənlər. Bu kimsələr həm saleh, həm də pis əməllər edənlərdir.

Peyğəmbərin (s.a.v) “Sənə faydası olan işləri görməyə çalış və Allahdan kömək istə!” kəlamı geniş məna və fayda daşıyan ifadələrdəndir. Bu söz özündə dünya və axirət səadətini cəm etmişdir.

Faydalı işlər iki növdür: Dini və dünyəvi işlər.

İnsan dünyəvi işlərə ehtiyac duyduğu kimi dini işlərə də ehtiyac duyur. Onun xoşbəxtliyi və uğuru hər iki sahədə Allahdan kömək diləyib faydası olacaq işlərə səy göstərməsində və çalışmasındadır. Xeyirli işlərə səy göstərib çalışan insan müvafiq səbəblərdən və üsullardan istifadə etməklə işinin alınması və kamilləşməsi üçün Rəbbindən kömək diləyərsə, bu onun uğuru, kamilliyinin ünvanı olar. Kim bu üç məsələdən birinə xələl gətirsə, o qədər də xeyir itirər. Əgər bir insan faydalı işlərə səy göstərməyib tənbəllik edərsə, heç nəyə nail olmaz. Tənbəllik ümidsizliyin və uğursuzluğun əsasıdır. Tənbəl insan xeyrə yetişməz, hörmət qazanmaz, nə din, nə də dünya uğuru əldə etməz.
Əgər insan zərərli və ya kamilliyi itirən faydasız işlərə səy göstərərsə, onun bu səyi uğursuzluqla nəticələnər, xeyri əldən verər, şər və ziyan qazanar. Faydasız istiqamətdə səy göstərənlər, sonda yorğunluq, məşəqqət və bədbəxtçilik əldə edərlər.
Faydalı işlərə həvəs göstərən və onlara nail olmaq üçün çalışan insan, bu istəyinə yalnız Allaha düzgün şəkildə sığınmaqla və əməlini tamamlamaq üçün Ondan kömək diləməklə çata bilər. O, bu işində ancaq öz gücünə və qüvvəsinə güvənməməlidir. Əksinə daxilən və zahirən tam şəkildə Rəbbinə etimad etməlidir. Məhz bu yolla çətinliklər onun üçün asanlaşar, (ağır) vəziyyətlərdən çıxa bilər. Yalnız bundan sonra dini və dünyəvi işlərdə gözəl nəticələr və səmərələr əldə edər. Lakin bütün hallarda o, hansı işlərə səy göstərməli olduğunu mütləq bilməlidir.

Faydalı işlər dini cəhətdən iki hissəyə bölünür: Faydalı elm və saleh əməl.

Birinci: Faydalı elm: Qəlbi və ruhu təmizləyən, hər iki dünyada bəhrəsi xoşbəxtlik olan bir elmdir. Bura Peyğəmbərdən (s.a.v) varid olan hədislər, açıqlamalar, hökmlər və tələbata uyğun köməkçi ərəb dili elmləri daxildir. Onların təyin edilməsi vəziyyətdən asılı olaraq dəyişə bilər. Nümunəvi vəziyyət belə ola bilər: Demək tələbə məşğul olduğu fənn ilə bağlı qısa mətnlərdən birini əzbərləməlidir. Əgər söz-söz əzbərləyə bilməzsə, mətnin mənalarını düşünə-düşünə çoxlu təkrarlamalıdır ki, qəlbində həkk olsun. Sonra həmin fənn ilə bağlı daha ətraflı kitabları oxumalıdır. Bununla da əsas mətni izahlı və təfsilatlı şəkildə öyrənmiş olar. Əgər insan elmin əsasını əzbərləyər və onu tam şəkildə anlayarsa, həmin fənnin bütün müxtəsər və geniş kitabları ona asanlaşar. Elmin əsasını öyrənməyən, onu əldə edə bilməz.
Kim bu dediklərimizi əldə etmək üçün Allahdan kömək diləyərək çalışarsa, Allah ona yardım edər, elminə və tutduğu yola bərəkət verər.
Təcrübəyə və reallığa əsasən demək olar ki, elmin əldə edilməsində bu cür faydalı yolla getməyən, vaxtını fövtə verər, yalnız cəfa çəkmiş olar.
Əgər Allah insanın qarşısına gözəl təlim keçən və qavrama qabiliyyətlərini öyrədən bir müəllim çıxararsa, onun üçün elmə aparan səbəblər tamamlanmış olar.

İkinci: Saleh əməl: Mahiyyətinə görə o, Allah üçün ixlaslı olmağı və Peyğəmbərə (s.a.v) tabeçiliyi özündə cəm etmişdir. Saleh əməl, Allahın kamil sifətləri, Onun qulları üzərində haqqı olan übudiyyəti və layiq olmadığı vəsflərdən uzaqlaşdırılması kimi vacib sayılan etiqadla Allaha yaxınlaşmaqdır. Həmçinin Onun və Peyğəmbərinin keçmişdə və gələcəkdə olanlar, elçilər, kitablar, mələklər, axirət həyatı, Cənnət, Cəhənnəm, savab, cəza və digər hadisələr barədə verdikləri xəbərləri təsdiqləmək də buraya daxildir. Allahın bəndələrə vacib etdiyi işləri yerinə yetirməli: Allahın və bəndələrin haqlarını ödəməli, bu haqları nafilə və könüllü işlərlə tamamlamalıdır. Bu işdə, müəyyən vaxtlarda edilməsi tələb olunan işlərə xüsusi önəm verməlidir. İbadətin gerçəkləşməsi, kamilləşmə¬si, nəfsi istəklərin qarışmaması, ixlasla icra olunması üçün Allahdan kömək istəməlidir. Bəndə haramları, xüsusən də nəfsə xoş gələnləri tərk etməklə Allaha yaxınlaşmalıdır. Əmr olunanları yerinə yetirməklə Allaha yaxınlaşdığı kimi, haramları da Allah üçün tərk etməklə Rəbbinə yaxınlaşmalıdır. İnsan əməlində bu yola müvəffəq olarsa və bu işində Allahdan kömək diləyərsə, nicat tapar. Onun kamilliyi yerinə yetirdiyi, naqisliyi isə fövtə verdiyi işlərlə ölçülər.
Dünya işləri haqqında isə bunları demək olar: İnsanın ruzi tələb etməsi zəruri sayıldığı üçün o, layiq olduğu ən xeyirli dünyəvi səbəbdən istifadə edib istəyinə çatmalıdır. Səbəblər insanlara görə fərqlənir. İnsanın qazanc və çalışqanlığının əsas məqsədi, özünün və ailəsinin tələbatlarını yerinə yetirmək, insanlara möhtac olmamaqdır. Çalışqanlığının və qazancının digər məramı mal-dövlətlə yerinə yetirilən: zəkat, sədəqə, ümumi və xüsusi xeyriyyə yardımları kimi ibadətləri etmək olmalıdır. Bəndə haram qazancdan çəkinib, halal qazanc axtarmalıdır. İnsanın dünyadakı istək və çalışmaları bu cür ali məqsədlər üçün olarsa və o, bu işdə öz vəziyyətini nəzərə alaraq ən münasib yolu tutarsa, onun hərəkətləri və səyləri Allaha yaxınlıq sayılar.
Allaha yaxınlıq sayılan bu işin kamilliyi, insanın təkcə öz gücünə, qüvvəsinə, ağlına, bilgisinə, səbəbləri yaxşı tanımasına və şəxsi təcrübəsinə arxalanmamağındadır. O, Rəbbinə təvəkkül edərək Ondan kömək istəməli, məqsədinə aparan yüngül, uğurlu və daha bəhrəli işə yönəltməsini, ruzisinə bərəkət verməsini diləməlidir. Ruzinin bərəkətli olması üçün ilk növbədə işi təqva və düzgün niyyət üzərində qurmaq lazımdır. Ruzinin vacib və müstəhəb işlərə sərfi, davranışlarda maddi yardımın unudulmaması onun bərəkətli olmasının əlamətlərindəndir. Uca Allah buyurur: “...Bir-birinizə yaxşılıq etməyi unutmayın! Şübhəsiz ki, Allah sizin etdiklərinizi görəndir.” (Bəqərə, 237). Çətinə düşənlərə əl tutmaq, borcluları sıxışdırmamaq, alış-verişdə qərəzsiz olmaq, ümumiyyətlə əməlin kiçik və ya böyük olmasından asılı olmayaraq, insan yaxşı iş görməklə çoxlu xeyir əldə etmiş olar.
Əgər sual verilsə ki, hansı qazanc daha yaxşı və üstündür?
Cavab belədir: Alimlər bu barədə müxtəlif fikirlər söyləmişlər. Onlardan bəziləri əkinçiliyi, digərləri alış-verişi, ya da əl işlərini üstün hesab etmiş, hər biri öz dəlillərini irəli sürmüşlər. Lakin bu hədislə məsələ həll edilir. Belə ki, Peyğəmbər (s.a.v) buyurmuşdur: “Sənə faydası olan işləri görməyə çalış. Allahdan kömək dilə...”
(Muslim: ? 2664.)
Məlumdur ki, faydalı iş məsələsində insanlar və onların durumları fərqlənir. Bəziləri üçün əkinçilik daha məqsədəuyğun hesab edilirsə, başqaları üçün alış-veriş, yaxud gözəl bacardıqları əl işləri daha münasib sayılır. Deməli, ən üstün iş, ən faydalı olanıdır.
Geniş mənalı və dəyərli sözlər bəxş edilən Peyğəmbərə  Allahın salavatı və salamı olsun.
Peyğəmbər (s.a.v), faydaya yetişmək istəyən şəxsi göstərdiyi səylərlə yanaşı başına gələn və gələcək işlərdən (qəza-qədərdən) razı qalmağa təşviq etmişdir. İnsan, başına gələn xoşagəlməz hadisənin, faydalı hesab etdiyi bəzi səbəbləri tərk etdiyi üçün baş verdiyini deməməlidir. Əksinə Allahın qəza-qədərinə razılıq göstərərək imanını artırmalıdır. Bu yolla onun qəlbi sakitləşər və nəfsi rahatlaşar. Qeyd olunan vəziyyətdə “əgər” kəlməsini deyib təəssüf hissi keçirmək, insanın qədərə olan imanını azaltmaqla və təqdir olunana etiraz etməklə şeytanın əməlinə yol açır. Qəlbi zəiflədən qəm-qüssə və kədər qapıları da açılır. Peyğəmbərin  çıxış yolu olaraq göstərdiyi bu hal, qəlbin rahatlaşması üçün ən dəyərli üsullardan biridir. Onunla insan baş verənlərlə qane olur və gözəl həyatı əldə edir. Gözəl həyat, faydalı işlərə səy göstərmək və bu istiqamətdə həvəslə çalışmaq, Allahdan kömək istəmək, rahatlaşdırılmış işlərə görə Ona şükür etmək, əldə olunmayan işlər üçün Ona razılıq bildirməkdir.
“Əgər” kəlməsinin istifadəsi sözü deyənin niyyətindən asılıdır. Baş verən hadisənin qaytarılması mümkün olmadığı halda "Əgər" ifadəsi işlədilirsə, o, insan üçün şeytanın əməlinə qapı açır. Yuxarıdakı abzasda bu barədə məlumat vermişik. “Əgər” kəlməsinin şər və asilik arzulamaq üçün işlədilməsi məzəmmət olunur. Bu ifadənin sahibi asiliyi etməsə belə, günah arzuladığı üçün günah daşıyır.
"Əgər" sözünü xeyirxahlıq arzulamaq və ya faydalı elmi çatdırmaq üçün istifadə etmək tərifəlayiqdir. Qaydaya görə vasitələrlə məqsədlərin hökmü eynidir.
Allahdan kömək diləyərək zərərli işlərdən çəkinmək, Peyğəmbərin (s.a.v) faydalı işlərə səy göstərmək haqqında söylədiyi əmrə daxildir. Bu əmr insana aid xüsusi, ümmətə aid ümumi işləri əhatə edir. Ümmət hamılıqla cəmiyyətin ümumi rifahına xidmət edən faydalı işlər görməli, zamanın tələbatına münasib tərzdə öz düşmənlərinə qarşı həm mənəvi, həm də maddi hazır olmalı, bu yolda bacardıqları qədər çalışmalıdırlar. Onlar həmin işlərin gerçəkləşməsi, mükəmməlləşməsi və qarşıya çıxan maneələrin dəf edilməsi üçün Allahdan kömək diləməlidirlər. Bu cümlənin izahı uzun vaxt və məlum təfsilatlar tələb edir.
Peyğəmbər (s.a.v) bu hədisdə qəza və qədərə iman gətirməklə, faydalı səbəblərə əməl etməyi bir yerə cəm etmişdir. Bu iki əsasa Quran və Sünnədən çoxsaylı dəlillər vardır. Nəinki dini, hətta niyyət edilən işlərin hamısı yalnız bu iki əsasla tamamlanır. Çünki Peyğəmbərin (s.a.v) “Sənə faydası olan işləri görməyə çalış.” (Muslim: ? 2664.)
kəlamı dini və dünyəvi səbəblərdən istifadə etməyi əmr edir. O, bu işi ciddiyyət, çalışqanlıq, əzmkarlıq və tədbirlə yerinə yetirməyi əmr edir.
Peyğəmbərin (s.a.v) “Allahdan kömək dilə” kəlamı qəza və qədərə imanı bildirir. O, həm də Allaha təvəkkül etmək əmridir. Təvəkkül, xeyrə nail olmaq və pislikləri dəf etmək üçün uca Allahın güc və qüvvətinə kamil şəkildə etimad etməkdən və nicat tapmaq üçün Ona tam arxayın olmaqdan ibarətdir. Peyğəmbərə (s.a.v) tabe olan şəxs dini və dünyəvi işlərində mütləq Allaha təvəkkül etməlidir. O, bacarığı, elmi və dərrakəsi çatan qədər faydalı səbəblərdən istifadə etməlidir.


Tarix: 08.04.2013 / 19:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 513 Bölmə: Maraqlı melumatlar